Month: September 2024

  • “Hizbullah” liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar

    Livanın “Hizbullah” hərəkatının baş katibi Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

    Bu barədə İsrail televiziyasının 12-ci kanalı xəbər yayıb.

    Bildirilir ki, əvvəllər Zeynəb Nəsrullah öz açıq bəyanatlarında dəfələrlə “Hizbullah”ın məqsədlərinə sədaqətindən danışıb.

    “Qardaşım Hadi şəhid olanda valideynlərim bir damla da göz yaşı tökmədilər”, – deyə o, 2022-ci ildə “Al Manar” telekanalına verdiyi müsahibədə deyib.

    Qeyd edək ki, “Hizbullah” liderinin böyük oğlu Hadi hərəkatın döyüş qanadının üzvü olub və 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə öldürülüb.

    “Azad İran” “Telegram” kanalı isə İran mediasına istinadla xəbər verib ki, hücum zamanı Həsən Nəsrullahın qızı ilə yanaşı, xanımı da həlak olub.

  • Sentyabrın 29-na olan hava proqnozu AÇIQLANIB

    Azərbaycan ərazisində sentyabrın 29-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-18°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17°, gündüz 22-27°, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacaq.

  • Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: “Uşaqlara aşpaz baxırmış”

    AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə 2 yaşlı qızının Səbail rayonu ərazisində yerləşən “Candy Kids” adlı özəl uşaq bağçasında dünyasını dəyişməsindən danışıb.

    O, “Qaynarinfo”ya açıqlamasında hadisə barədə bunları deyib:

    “Özüm də tam anlaya bilmirəm ki, nə baş verib. Mənə hələ indi çatır ki, körpəm vəfat edib. Deyirlər, uşaq anadangəlmə ürək qüsurlu olub. Ekspertizanın cavablarını araşdırmağa çalışıram. Amma uşaq anadan olandan üç gün sonra çek-ap, dopler etdirmişəm. Dabandan iliyinə qədər analizlər götürtmüşəm. Üç ay əvvəl öskürürdü. Həkim müayinəsi etdirdim. Heç bir qüsur çıxmadı. Anlaya bilmirəm, nə məsələdir”.

    Həmid Əsədzadə övladının yıxılması ilə bağlı deyilənlərə də münasibət bildirib:

    “Yıxılıb, amma xəsarət yoxdur. Özündən gedərək yıxılıb. Daha sonra ağlamağa başlayıb. Uşağı ayağa qaldırıblar. Anlaya bilmirəm… Görüntülərə də baxa bilmirəm”.

    Həmid Əsədzadə bildirib ki, uşağın nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən keçirilib:

    “Anası razı deyildi, amma dedim ki, uşaq müayinə olunsun. Cavabları 15 gündən sonra çıxacaq. Övladım üç-dörd ay idi ki, sözügedən bağçaya gedirdi. Anası ilə eyni yerdə çalışdığımız üçün bağça bizim işimizə daha yaxın idi. Gün ərzində kamera ilə də izləyirdik. “Candy Kids” uşaq bağçasını ər-arvad işlədir. Onları dərindən tanımıram. Hadisə baş verəndən sonra uşağı poliklinikaya bağçanın aşpazı çatdırıb. Dünən soruşdum ki, bəs uşağın müəllimi harada olub? Dedilər, rayona gedib. Uşaqlara aşpaz baxırmış. Buna çox əsəbiləşdim. Xəstəxanaya bağçadan heç kim gəlməyib. Bu da məni çox əsəbiləşdirdi. Dedim ki, bəlkə, siz nəsə bilirsiniz, gəlin deyin. Bağça rəhbərliyi cavab olaraq dedi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına izahat verirmişlər. Onlar daha sonra məscidə gəldilər”.

  • BDU-nun tələbəsi avtoqəzada həyatını itirib

    Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Politologiya” ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev avtoqəza nəticəsində həyatını itirib.

    Bu barədə BDU-dan məlumat verilib.

    “BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.

  • Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb

    Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun qol vurduğu matçda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının V turunda qələbə qazanıb.

    Doğma meydanda “Əl-Vəhda” kollektivini qəbul edən Ər-Riyad təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
    Görüşdə hesabı 41-ci dəqiqədə Qabriel Ancelo açıb. 56-cı dəqiqədə isə Kriştianu Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirməklə matçda yekun hesabı müəyyənləşdirib.
    Qeyd alınan nəticənin ardından “Əl-Nəsr” məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdıraraq, 11 xalla 2-ci yerdə qərarlaşıb. “Əl-Vəhda” kollektivi isə 4 xalla və 11-ci pillədə yer alıb.
    //report

  • Azərbaycanda siqaret çəkən qadınların sayı açıqlandı

    Azərbaycanda siqaret çəkən 1 milyon 132,8 min kişi, 8 min 56 qadın var.
     
    Median.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, 20-44 yaşlı qadınlar arasında 4 min, 45-64 yaşlı qadınlar arasında 2 min 489, 65 yaşından yuxarı qadınlar arasında isə 1 567 siqaret çəkən qeydə alınıb.

    Kişilər arasında isə siqaret çəkmə yaşı 15-dən başlayır. 15-19 yaşlı kişilər arasında 815, 20-44 yaşlı kişilər arasında 517 min 882, 45-64 yaşlı kişilər arasında 506 min 393, 65 yaşından yuxarı kişilər arasında isə 107 min 732 siqaret çəkən var.

  • Bu ünvanda köhnə evlər sökülür – Yerində yeniləri tikiləcək

    Sumqayıtda istismar müddəti başa çatan evlər və yaşayış binalarının söküntüsünə başlanılıb.

    BAKU.WS-in əldə etdiyi məlumata görə, Sumqayıt şəhər 20-çi və 21-çi məhəllədə yerləşən köhnə, istismar müddəti bitən yaşayış binaları, eləcə də, fərdi evlərin söküntüsünə başlanılır.

    Şəhər ərazisində sökülməsi nəzərdə tutulan binalar ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binalarıdır. Plana düşüb, gəlib ölçüblər. Sakinlərlə razılaşdırılıb.

    Qeyd edək ki, köhnə evlərin söküntüsü və yeni binaların tikilməsi özəl tikinti şirkətinə tapşırılıb. Sakinlərə yeni evlərdə 20 kv metr əlavə mənzil, yaxud pul verilir.

    Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, artıq istismar müddəti keçən yaşayış binalarının söküntüsünə başlanılıb.

    “İstismar müddəti başa çatmış, yaşayış binaların sökülərək yerində müasir yayayış binalarının tikilməsi prosesinə artıq başlanılıb. Bu işlər artıq mərhələli şəkildə həyata keçiriləcək”.

  • Müstəqim Məmmədov geyim şirkətinə yol təmir etdirir

    Tərtər Rayon İcra Hakimiyyəti yolların təmir olunması ilə bağlı tenderə yekun vurub.

    Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC seçilib.

    Artıq şirkətlə icra hakimiyyəti arasında satınalma müqaviləsi imzalanıb. Müqavilənin maliyyə dəyəri 430 108,47 manatdır.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

    Şirkət dövlət satınalmalarında fəal iştirak edir və daha çox yerli icra hakimiyyətlərinin keçiridyi tenderlərin qalibi olur.

    “Koneks Construction” MMC-nin geyimlə bağlı tenderlərin qalibi seçilməsi şirkət haqqında müəyyən şübhələrə səbəb olub.

    Medianın yazdığına görə, şirkət tender əməliyyatlarında iştirak üçün yaradılıb.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur. O, 2014-cü ildən rayona rəhbərlik edir. Müstəqim Məmmədovun icra başçısı kimi karyerası isə 2012-ci ildən başlayır. O, həmin il Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Müstəqim Məmmədov mətbuatda ən çox tənqid edilən icra başçılarındadır.

  • Azərbaycan millisinin sabiq futbolçusu Bakıda qəzaya düşdü

    Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov qəzaya düşüb.

    Qaynarinfo xəbər verir ki, veteran futbolçunun idarə etdiyi “Pajero” markalı avtomobil 9-cu mikrorayon ərazisində işıqforda “Nissan” markalı maşınla toqquşub.

    Hadisə zamanı xəsarət alan olmasa da, “Nissan” markalı avtomobilə ciddi ziyan dəyib.

    Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində “Neftçi”, “Dinamo” (Bakı), “Azəri”, “Qarabağ”, “Kəpəz”, “ANS Pivani”, “Şəmkir” və “Sumqayıt”, həmçinin Rusiyanın “Baltika Kalininqrad” klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və 1 qol vurub.

  • “Qarabağ” – “Malmö” matçının biletləri satışa çıxarılır

    UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

    Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

    VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

    Satış məntəqələri: iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

    Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

    Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;