Month: September 2024

  • Azərbaycanda abortla bağlı dəhşətli statistika – Əksəriyyəti gəncdir

    Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb.

    Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb.

    Belə ki, 2010-cu ildə qeydə alınan abortların sayı 26801 olub. Yəni son 13 ildə abort edənlərin sayı 2.7 dəfə artıb.

    Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.

    Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2528 qadın abort etdirib.

  • Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi

    Oğlunun xeyrinə taxtdan imtina edən Danimarka kraliçası II Marqret Fredensborqdakı iqamətgahında yıxılaraq milli xəstəxanaya yerləşdirilib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Ritzau” qəzeti yazıb.

    “Kraliça yaxşı vəziyyətdədir, lakin hazırda həkim nəzarətindədir”, deyə sarayın sözçüsü bildirib.

    Nəşr qeyd edib ki, kral ailəsi daha sonra yeni məlumatlar əldə edildikdə kraliçanın vəziyyəti barədə məlumatı yeniləyəcək.

    Qeyd edək ki, II Marqret 52 il taxt-taca rəhbərlik edib və yanvar ayında yerini oğlu X Frederikə verib. Bu müddət krallığın bütün tarixində onun sələfləri arasında ən uzun müddətdir.

  • Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir

    Çeçenistan Respublikasının keçmiş baş naziri və Qroznı şəhərinin keçmiş meri Müslüm Xuçiyev Rusiyanın təhsil naziri Sergey Kravtsova Darvinin nəzəriyyəsini məktəb dərsliklərindən çıxarmağı təklif edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

    “Hamı bilir ki, bu yanlış bir nəzəriyyədir, dinə ziddir”, deyə keçmiş baş nazir bildirib.

    Xuçiyevin fikrincə, bu, uşaqların mənəvi tənəzzülündə ilk addımdır: “Biz sadəcə bunu aradan qaldıra bilərik”.

    Onun sözlərinə görə, Darvinin nəzəriyyəsi dini təhsilə ziddir, bütün dinlər bunu tanıyıb.

    Bu, təbii seçmə yolu ilə növlərin mənşəyi haqqında ingilis təbiətşünası Çarlz Darvinin 1859-cu ildə nəşr olunmuş təkamül biologiyasına dair əsas əsəridir. Kitab populyasiyaların təbii seçmə prosesi vasitəsilə nəsillər boyu təkamül etdiyi nəzəriyyəsini təqdim edir. Darvin yer üzündəki həyatın müxtəlifliyinin ortaq bir əcdaddan meydana gəldiyinə dair çoxlu sübutlar təqdim edib.

  • Azərbaycanda kərə yağını baha edən səbəblər… – İqtisadçı ekspert açıqladı

    “Azərbaycan özünü təmin edəcək həcmdə kərə yağı istehsal edə bilmir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycanda kərə yağının qiymətinin qalxmasının səbəblərini izah edərkən deyib.

    Onun sözlərinə görə, Azərbaycana xaricdən gətirilən yağlar monopolistlər tərəfindən həyata keçirildiyi üçün ölkə daxilində çox yüksək qiymətə satılır:

    “Onu da deyim ki, yağları Azərbaycanda qablaşdıranda tərkibinə qatqılar qatırlar. Bunun üçün də yağların keyfiyəti aşağıdır. Azərbaycanda kəskin yağ problemi var. Yağ istehsalı üçün biz bu gün kifayət qədər süd istehsal etmirik. Kərə yağı təzə süddən əldə edilir. Azərbaycanda isə süd istehsalı qaydasına qoyulmayıb. Əgər Avropa ölkələrində hər inəkdən il ərzində 9 ton məhsul ədə edirlərsə, Azərbaycanda bu 1,8 ton olur. Görün, bu neçə dəfə azdır. Azərbaycanda istehsal olunan südün maya dəyəri çox yüksəkdir. Bu, onunla bağlıdır ki, yem bazamız zəifdir, heyvanların cins tərkibini dəyişə bilmədilər. Yəni daha məhsuldar heyvanlarla əvəz edə bilmədilər. Heyvanlara qulluq bizdə olduqca aşağıdır”.

    Ekspert Avropa ölkələrində heyvanlara qulluq qaydasının yüksək səviyyədə oldğunu qeyd edib:

    “Bu bizdə aşağı olduğundan məhsulun maya dəyəri və satış qiyməti də yüksək olur. Ona görə də bizdə süd baha başa gəlir. Əslində Azərbaycan kərə yağını idxal edir. Xammal kimi ölkəyə gətirir və burada qablaşdırır. Bundan əlavə də çox yüksək qiymətə istehlakçılara təklif edir. Qonşu ölkələrlə müqayisədə biz görürük ki, kərə yağının qiyməti bizdə 30%-ə kimi yüksəkdir, bəzi hallarda bu rəqəm 50%-i keçir”.

    Vahid Məhərrəmov bu sahədə monopoliyanın olduğunu da gizlətməyib:

    “Monopolistlər çalışır ki, az mal gətirib, çox pul qazansınlar. Bu ilin 8 ayında Azərbaycana gətirilən kərə yağının idxal dəyəri də artıb”.

  • Bakıdakı “lənətlənmiş bina” – Burada nikaha girənlər xoşbəxtlik tapmır?

    Bakının gözəl memarlıq nümunələrindən olan Səadət Sarayı haqqında insanlar müxtəlif fərziyyələr söyləyir, qəribə fikirlər səsləndirirlər. Guya, bu bina lənətlənib. Ona görə də bu sarayda nikaha girənlər ailə xoşbəxtliyi tapmırlar. Hətta burada toy edənlərin bir müddət sonra boşandıqları və yaxud övladlarının olmadığı da iddia olunur.

    Bizim.Media insanlar arasında bu fərziyyələrin haradan qaynaqlandığını araşdırıb.

    Böyük sevgidən yaranan Saray

    Səadət Sarayı vaxtilə Bakı milyonçusu olmuş Murtuza Muxtarovun evi olub. Bu binanın yaranmasının əsasında maraqlı bir sevgi hekayəsi dayanır. Belə ki, Bakı milyonçusu Murtuza Muxtarov Vladiqafqaza işgüzar səfərlərinin birində osetin generalı Tuqanov və onun ailəsi ilə tanış olur. Qonaqlıqda Muxtarov generalın ağıllı, savadlı, gözəl, ortancıl qızı Liza xanımla tanış olur və ilk görüşdən ona aşiq olur.

    Cütlüyün toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçir. Toyda çərkəzi çuxa geyinib, ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirir, toy isə 7 gün, 7 gecə davam edir. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə gətirirlər.

    Milyoner həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Belə səfərlərin birində onlar gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər.

    “Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” – deyə Liza heyranlığını həyat yoldaşı ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir.

    O, Bakıya qayıdandan sonra Liza xanımın arzusunu yerinə yetirmək üçün Avropada gördükləri binanın eynisinin inşaasına başlayır. Bina bir neçə ilə hazır olur. Cütlük bu evdə 10 ilə yaxın birgə yaşayır.

    Övlad həsrəti

    Liza Murtuza Muxtarovu çox sevsə də, ona övlad verə bilmir. Ona görə də bu möhtəşəm sarayda heç zaman körpə səsi gəlmir. Bu səssizliyi pozmaq üçün Liza xanım sarayda tez-tez xeyriyyə tədbirləri keçirir. Yetim və imkansız uşaqlara yardımçı olur. Amma bütün xeyirxahlığının müqabilində Liza ana ola bilmir. Ona görə də insanlar hesab edir ki, Liza xanım bu sarayda xoşbəxtlik tapmadığı və ana ola bilmədiyi üçün bu saray uğursuzluq simvolu sayılır.

    Murtuza Muxtarovun ölümü

    1920-ci ilin aprel ayının 28-də Azərbaycanda çevriliş edən bolşeviklərin ilk ələ keçirdikləri ünvanlardan biri də Muruza Muxtarovun sarayı olub. Saraya soxulan iki bolşevik onun təcili olaraq evi tərk etməsini tələb edir. Əsəbləri pozulmuş milyonçu Muxtarov bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini (bolşevik Anosov) güllələyib öldürür, digər gülləni isə öz alnına vurur. Beləcə, gözəl günlər üçün tikilən saray Muxtarovlar ailəsinə dəhşətli ölüm gətirir.

    Səadət sarayının lənətlənməsi ilə bağlı ikinci versiya məhz budur.

    Saraydakı Mason izləri

    “Dünyanı idarə edən gizli şəbəkə” kimi təqdim edilən masonluq haqqında çoxlu əfsanələr, miflər dolaşır. Bu gün dünyada elə bir ölkə yoxdur ki, oradakı tikililərdə mason simvollarına rast gəlinməsin. Avropada, Amerikada, Asiyada, Afrikada – hər yerdə pərgar, üçbucaq, piramida təsvirli binalar görə bilərik. Bu, onların məşhur simvollarıdır.

    Azərbaycanda da belə simvollar yetərincədir. İstər tarixi, istər müasir tikililərdə mason simvollarına rast gəlmək mümkündür. Səadət Sarayı və ya Muxtarovun evinin üzərində də olan mason, illimunatı simvolları və Davud (siyonizim) ulduzu aşkar şəkildə görünür. Sarayın sütunlarından birinin yuxarı hissəsində Davud ulduzu öz əksini tapıb. Sarayın başqa bir sütununun yuxarı və aşağı hissəsində yenidən illimunati işarələrini görmək mümkündür.

    Üçüncü ehtimal da məhz bu işarələrlə bağlıdır. İnsanlar hesab edir ki, bu nişanələr insanlara ancaq bədbəxtlik gətirir. Ona görə də Səadət Sarayı haqqında miflər hələ də yayılmağa davam edir…

  • Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)

    Kosmetoloqların sayı çox, bu sahədə təhsili olanların isə sayı azdır…

    Xezerxeber.az xəbər verir ki, müvafiq tibbi təhsili olmayanlara müraciət isə çox vaxt xoşagəlməz nəticələrə səbəb ola bilir.

    Həkim-kosmetloqların sözlərinə görə, bir çox şəxslər kurslara gedərək bu işi görürlər. Bundan məlumatı olmayan vətəndaşlar isə prosedurdan sonra fəsadlarla üzləşirlər.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analtik Ekspertiza Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, bununla bağlı quruma tez-tez şikayətlər daxil olur.

    Analtik Ekspertiza Mərkəzindən o da bildirildi ki, nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlarla bağlı inzibati tənbeh tədbirləri, cərimə tətbiq edilir.

  • Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! – Ekspertlər XƏBƏRDARLIQ ETDİ

    “İnsan orqanizmin suya olan tələbatını ödəmək üçün hər gün tələb olunan miqdarda su içilməlidir. Yaşı 40-ı keçən insanlarda isə su istehlakı bir qədər də artırılmalıdır”.
     
    Bunu “Nutrients” jurnalına danışan amerikalı ekspertlər bildirib. Ekspertlərin rəyinə əsasən, insan gündəlik su istehlakı normasına əməl etmədikdə orqanizmdə sabitlik pozulur. Onların fikrincə, oynaqların yağlanmasını təmin etmək, bədən istiliyinizi tənzimləmək və tullantıları bədəndən çıxarmaq üçün su istehlakı vacibdir.
     
    “Nutrients”ın istinad etdiyi ekspertlərin rəyinə əsasən, fəaliyyət səviyyəsinə, çəkisinə və iqliminə görə kişilər gündə 15 stəkan (təxminən 3,7 litr), qadınlar 11 stəkan (2,7 litr) su istehlak etməlidir. Yaşlandıqca isə su istehlakı artırılmalıdır. Xüsusən 40 yaşından sonra böyrəklərin su tutma qabiliyyətini itirməyə başlaması bədənin maye balansını saxlamğını çətinləşdirir. Bu hal 65 yaşdan sonra bir qədər də güclənir.
     
    Bundan əlavə, yaşlı insanlar susuzluğa səbəb ola biləcək çoxlu dərman qəbul etməyə meyllidirlər. Məsələn, diabetin müalicəsində istifadə olunan dərmanlar nəmlənmə səviyyəsinə təsir edir, çünki onlar insanı daha tez-tez sidiyə çıxmağa məcbur edir.
     
    Yaşlı insanların su istehlakını artırmasını tələb edən digər dəyişiklik qığırdaqların qorunması ilə bağlıdır. İnsan yaşlandıqca oynaqları qoruyan qığırdaq təbəqəsi parçalanmağa başlayır. Bir araşdırmaya görə, qığırdağın 80%-i sudan ibarətdir və insan susuz qaldığı zaman orqanizm digər funksiyaları dəstəkləmək üçün oynaqlardakı mayeni çəkə bilər.
     
    Suyun orqanizm üçün əhəmiyyətini nəzərə alan ekspertlərə görə, yalnız susadıqda maye qəbul edilməsi düzgün deyil.
     
    Qeyd edək ki, su istehlakı norması ümumi anlayışdır və sadəcə adi suyun qəbulunu nəzərdə tutmur. İnsan müxtəlif mayeləri, tərəvəz və meyvələri istehlak etməklə də suya olan ehtiyacını ödəmiş olur. Yalnız kofein və ya spirtli içkilərdən suya olan ehtiyacı ödəmək üçün istifadə məsləhət deyil. Çünki bu qidalar insanda susuzluq yaradır və onlar bədəndə olan suyu azaldır.
    //sfera.az

  • Mobil telefon bazarında qiymətlər düşür – SƏBƏB

    Azərbaycanın mobil telefon bazarında qiymət səviyyəsinin düşməsi müşahidə olunur.
     
    2023-cü ilin avqustunda satılan bir telefonun orta qiyməti 390 manat olduğu halda, bu ilin avqustunda qiymət 357 manata geriləyib.
     
    Birillik dövrdə telefon bazarında ümumi qiymət səviyyəsi 33 manat və ya 8 faizdən çox düşüb. Mobil telefon bazarında qiymətlərin aşağı düşməsinin əsas səbəbi ucuz telefon modellərinin təklifinin artması ilə bağlıdır. Xüsusən Çinin milli mobil telefon brendlərinin Azərbaycan bazarında satış həcmininin artması müşahidə edilir. Həmin telefonların əksəriyyətinin qiyməti ABŞ və Cənubi Koreya telefon modelləri ilə müqayisədə çox aşağıdır.
     
    Buna görə də son bir ildə mobil telefon bazarında qiymət səviyyəsi aşağı düşür.
    //sfera.az

  • Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?

    Dünyaca məşhur İtalyan avtomobil markası “Lamborghini”nin loqotipindəki öküz fiquru təkcə brendin gücünü deyil, həm də onun yaradıcısı Ferruccio Lamborghininin şəxsi xüsusiyyətlərini əks etdirir.
     
    Bəs, bu öküz fiquru haradan gəlir və bu nə deməkdir?

    Sfera.az sizə bu barədə yazı təqdim edir.

    İtalyan avtomobil nəhəngi “Lamborghini” ilk dəfə traktor istehsalçısı kimi tanınıb. Lakin zaman keçdikcə brend özünü avtomobil dünyasında bir fenomen kimi təsdiqləyib.

     
    “Lamborghini”nin əsası Ferruccio Lamborghini traktor istehsalı biznesinə girdiyi zaman qoyulub.

    Ferruccio Lamborghini “Ferrari” avtomobilləri ilə kifayətlənmədiyi üçün öz lüks idman avtomobillərini istehsal etmək qərarına gəlib. Beləliklə, “Lamborghini”nin avtomobil istehsal macərası başlayıb.
     

    Gələk loqonun hekayəsinə. “Lamborghini” brendinin loqotipindəki öküz fiquru təkcə simvol deyil, həm də brendin yaradıcısı Ferruccio Lamborghininin şəxsi xüsusiyyətlərini və ehtiraslarını əks etdirir.

    Ferruccio Lamborghini 28 apreldə doğulmuş və Buğa bürcü idi. O, bu bürcün xüsusiyyətləri – qətiyyət, güclü iradə və zəngin emosional həyatı ilə tanınırdı. “Lamborghini” avtomobilləri bu xüsusiyyətləri əks etdirmək üçün hazırlanmışdır: güclü, cəsarətli və təsir edici.


     
    Loqodakı öküz fiquru Ferruccio Lamborghininin öz ruhunu əks etdirmək və özünü brendi ilə eyniləşdirmək istəyindən ilhamlanıb.

    Lamborghininin öküz fiquru təkcə brendin loqosunda deyil, istehsal etdiyi modellərin adlarında da görünür.

    Məsələn, “Gallardo” və “Murcielago” modelləri ispan korridalarına istinad edərək adlandırılıb ki, bu da brendin öküz mövzusunun çoxdan formalaşmış ənənəyə çevrildiyini göstərir.

    Ümumiyyətlə, “Lamborghini”nin loqo dizaynı avtomobil həvəskarları tərəfindən güclü şəxsiyyət kimi qəbul edilir.

  • “Stressə spirtlə qalib gəlməyin, əks halda…” – Həkimdən XƏBƏRDARLIQ

    Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.
     
    Bunu psixiatr, narkoloq, psixoterapevt Sergey Anfimov bildirib. O, söhbətində stressi spirtli içkilərlə “müalicə etməyin” nəticələrindən danışıb.
     
    Mütəxəssisin fikrincə, əvvəlcə alkoqol stresli təcrübələrin şiddətini azalda bilər, çünki aşağı dozalarda həzz və eyforiya vəziyyəti yaradan neyrotransmitter olan dopamin sistemini stimullaşdırır. Bununla belə, böyük dozalarda qamma-aminobutirik turşu sistemini, inhibitor nörotransmitteri stimullaşdırmaqla heyrətləndirici təsir göstərir.
     
    “Bu təsirlə eyni zamanda, spirt çox vaxt cazibə mərkəzinə çevrilə bilər. Spirtli içkilərə aludə olmuş beyin özü-özlüyündə stresli vəziyyətlər yaradır ki, axırda özünü töküb təzad hiss etsin: stressdən, hirs, qıcıq, qəzəb, səbirsizlik, qəzəb, nifrət, gərginlik, bəzi insanlarda isə apatiya, depressiy, göz yaşı, ümidsizlik – güc, sevinc və sakitliyin artmasına gətirib çıxarır”,-həkim bildirib.
     
    Anfimov qeyd edib ki, belə vəziyyətlərə düşməmək üçün stresli vəziyyətlərdə spirt, narkotik və digər asılılıq yaradan maddələrdən istifadə etməmək daha yaxşıdır.
     
    “Birincisi, stresdən azad olmaq fiziki fəaliyyətlə baş verir. 100 squat, 50 “push-up” etmək bu halda həqiqətən fərq edir. Hamam, sauna, hovuz, masaj da sizə yardımçı ola bilər. Gözəl pulsuz dərman isə yuxudur”,- mütəxəssis fikrini yekunlaşdırıb.
    //sfera.az