Month: January 2025

  • Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək

    Ok

    Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək.

    Apa xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

    Dövlət Proqramına əsasən, avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması istiqamətində zəruri tədbirlər görülməsi üçün Nazirlər Kabineti Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2027-ci illərdə birgə təhlillər aparılmasını, çatışmazlıqlar aradan qaldırılmasını təmin etməlidir.

  • Azərbaycanda elektrobuslar istehsal ediləcək

    Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.
     
    Median.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
     
    Dövlət Proqramında bildirilir ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobus parkının modernləşdirilməsi əsas prioritetlərdən biri olaraq qalır.
     
    Belə ki, ötən il ərzində ölkəyə 160 müasir elektrik mühərrikli avtobus idxal edilib, bu isə 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqlarla əvəzlənməsi hədəfinin icrası istiqamətində mühüm addım olub. İdxal olunmuş elektrikli avtobuslarla yanaşı, cari ildən etibarən sözügedən avtobusların ehtiyat hissələrinin yerli bazarda istehsalının təşkili də prioritet hesab olunur.

  • Bu tarixdə “Sea Breeze”dən Pirşağıya tramvay xətti çəkiləcək

    “Sea Breeze” daxilində nəqliyyat həllərinin planlaşdırılması çərçivəsində bu ərazidən Pirşağıya tramvay xəttinin çəkilməsi 2027−2029-cu illərdə nəzərdə tutulur.
     
    Median.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

    Bununla bağlı nəqliyyat planının və tramvay xəttinin layihələndirmə sənədlərinin hazırlanması, nəqliyyat planının təsdiqlənməsi, nəqliyyat planının icrası, tramvay xəttinin tikintisi və istismara verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə həyata keçirəcək.

  • “Nimesil”in xeyirdən çox ZƏRƏRİ VAR? – Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı

    Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada “Nimesil” dərman vasitəsi qadağa olunub. Səbəbi isə onunla əsaslandırırlar ki, “Nimesil”in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

    Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? “Nimesil”in zərərləri daha çox nələrdir?
    Median.Az xəbər verir ki, pediatr, infeksionist Aytən Ziyadova mövzu ilə bağlı oxu.az-a danışıb.
    O qeyd edib ki, “Nimesil”, əsasən, ağrıkəsici və iltihab əleyhinə təsir göstərən bir dərmandır və nimesulid adlı aktiv maddəni ehtiva edir:

    “Həm uşaqlarda, həm böyüklərdə istifadə olunsa da, bu dərmanın bəzi təhlükəli yan təsirləri mövcuddur.
    Böyüklərdə “Nimesil”in zərərlərindən danışarkən əvvəlcə mədə və bağırsaq problemlərini qeyd etməliyik. “Nimesil” mədə-bağırsaq traktında ciddi problemlərə səbəb ola bilər. İltihab, xora və qanama kimi hallardan söhbət gedir. Bundan əlavə, uzun müddət istifadə edildikdə ürək-damar sisteminə təsir edə və yüksək qan təzyiqi, ürək çatışmazlığı, damar problemləri riskini artıra bilər.

    “Nimesil” həm də qaraciyər və böyrək funksiyalarına təsir edir. Qaraciyər zədələnməsi və böyrək problemləri, xüsusilə uzun müddət istifadə etdikdə daha çox müşahidə olunur”.

    A.Ziyadova vurğulayıb ki, “Nimesil” allergik reaksiyalara da səbəb olur:
    “Bəzi insanlar dərmana qarşı allergik reaksiyalar göstərə bilərlər. Söhbət qaşınma və nadir hallarda anafilaktik şokdan gedir. “Nimesil” istifadə edən bəzi insanlarda nəfəs darlığı və asqırma kimi tənəffüs problemləri yaranır.

    “Nimesil” uşaqlarda ümumiyyətlə tövsiyə edilmir. Çünki bu dərmanın istifadəsi onlarda müxtəlif fəsadlar yaradır. Sözügedən preparat uşaqlarda qaraciyər funksiyalarına təsir göstərə və zədələnməsinə səbəb ola bilər. Uşaqlarda mədə ağrıları, qusma, qarın ağrısı və həzm problemini vurğulaya bilərik. Uşaqlar, xüsusilə iki yaşdan kiçik olanlarda “Nimesil”in yan təsirləri daha çox hiss olunur və təhlükəlidir”.

    Həkim əlavə edib ki, uşaqlarda baş dönməsi, yuxu asılılığı və sinir sistemində digər problemlər meydana çıxa bilər:

    “Nimesil” böyüklər üçün yalnız həkim məsləhəti ilə və qısa müddət üçün istifadə edilməlidir. Uşaqlarda “Nimesil” istifadə edilməməlidir, xüsusən də həkim tərəfindən təyin olunmadığı halda. Dərman istifadəsi zamanı hər hansı bir mənfi təsir hiss olunsa, dərhal həkimə müraciət etmək lazımdır. Xüsusilə qaraciyər və böyrək problemləri olan şəxslər bu dərmandan ehtiyatla istifadə etməlidirlər. “Nimesil”in istifadəsi haqqında hər zaman həkimə müraciət etməyiniz tövsiyə olunur, çünki dərmanların istifadəsi şəxsi sağlamlıq vəziyyətinizə görə dəyişə bilər”.

  • Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş

    Günlərdir yerli medianın gündəmini plastik əməliyyatdan bir müddət sonra dünyasını dəyişən Nəzrin Mansurlu və bu işlə əlaqəli həbs olunan plastik cərrah Sənan Mehdiyevlə bağlı xəbərlər zəbt edib.

    Median.Az “Oxu.az”a istinadən xəbər verir ki, təbii olaraq bir xanımın gənc yaşında dünyadan köçməsi hər bir kəsi məyus edir.

    Medianı da, əməliyyatı edən həkimi də, həkimin ətrafını da, oxucunu da ən çox üzən məsələ bir uşağın anasız, bir kişinin xanımsız, bir ata-ananın övladsız, bir kollektivin iş yoldaşsız qalması məsələsidir. Hamı bu məsələdə ailəyə başsağlığı vermək və səbir diləməklə onların dərdinə şərik olmağa çalışır. Bu fakt hər kəs üçün ən öndə duran məsələdir.

    Ancaq məsələ tək bununla bitmir. Ortada başqa bir fakt var. Daha doğrusu, iki mühüm fakt var: Nüfuzlu “Liv Bona Dea”, yaxud “Liv Bona Dea”nın nüfuzu və həmin günü növbədə olan həkimlər. Və bu həkimlərin fonunda plastik cərrah Sənan Mehdiyevin həbsi faktı.
    Təbii ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma, istintaq aparır. Bu, istintaqın obyektiv və ədalətli aparılmasına heç kimdə şübhə yoxdur.
    Gələk məsələnin “Liv Bona Dea” nöqtəsinə.
    Azərbaycanda hər kəsə məlumdur ki, ən etibarlı tibb ocağı deyərkən ilk ağıla adlardan biri məhz “Bona Dea”dır. Klinikanın nüfuzu, müasir avadanlığa malik olması, peşəkar həkim heyəti və inzibati binasının əlverişli şəraitdə olması və s. üstünlüklər onu ən öndə gedənlərdən biri olması faktını danılmaz edir. Bundan əlavə klinikanın həkim heyətinin daha peşəkar və adlı-sanlı olması bu tibb mərkəzinin adının brendləşməsinə səbəb olub. Təsadüfi deyildir ki, “Liv Bona Dea” nüfuzuna və etibarlığına görə hətta qonşu ölkələrin tanınmış klinikaları ilə müqayisə edilir. Ölüm faktının bu klinikada baş verməsi suallara cavabın bir hissəsinin burada axtarılmasına işarə edir. Bəs bu işarələr kimə, yaxud kimlərədir?

    ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edərkən bir məqama toxunmuşdu. Həmin məqam xəstənin “Liv Bona Dea” klinikasına daxil olan zaman növbətçi həkimlərin adları məsələsi idi. Bəs Nəzrin Mansurlu klinikaya gətirilən zaman növbədə olan həkimlər kim olub?

    Məlumata görə, həmin günü “Liv Bona Dea” klinikasında qəbul şöbəsinin növbətçi həkimi Rifah Həmidov və reanimatoloq Məhsəti Yusifova olub.


    Fotoda: Məhsəti Yusifova
    Suallardan biri də burada yaranır. Həmin həkimlər xəstəyə hansı formada və dərəcədə yardım edə biliblər? Vurulan iynələr, köçürülən sistemlər və s. Burada ortada açıq qalan suallar çoxdur.


    Fotoda: Rifah Həmidov

    Təbii ki, bütün suallara ədalətli istintaqda cavab tapılacaq.

    Və bu məsələdə “Liv Bona Dea” kimi nüfuzlu klinikanın adının hansısa əməkdaşa görə pis hallanmasının böyük ədalətsizlik olduğunu düşünmək olar. Ümid edirik ki, “Liv Bona Dea” klinikası özü bu məsələnin aydınlığa çıxmasında addımlarını atacaq.

    ***

    “Liv Bona Dea”dan səslənən ittihamlarla bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müvafiq qurumlara araşdırma məqsədilə tələb olunan məlumatlar verilib. Bu məsələ hüquq müstəvisində araşdırılır. 

  • Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq

    Bakı şəhərində mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.

    Apa xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

    Dövlət Proqramına əsasən, BŞİH və RİNN, DİN, MN, ƏƏSMN, DŞAK, AAYDA, NƏŞ birlikdə 2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətini araşdıracaq, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.

  • Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək

    Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək.

    Apa xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

    Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Dövlət orqanlarının (qurumlarının),təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək. NK və ƏƏSMN, ETN, SN, TƏBİB, NƏŞ tərəfindən müvafiq siyahılar təsdiq ediləcək və müvafiq siyahıya uyğun dəyişkən iş rejimi təşkil ediləcək.

  • Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ

    Azərbaycanlı biznesmen Moskvada vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

    Qeyd edilib ki, Mehman Cabbarov bu gün 58 yaşında qəfil dünyasını dəyişib.

    O, xeyriyyəçi kimi də tanınıb. Moskvada bir sıra obyektlərə sahib olan M.Cabbarov bir çox şəxslərin tibbi əməliyyatlarının ödənişini qarşılayıb.

    Həmçinin çox sayda insanı şəxsi hesabına Həcc ziyarətinə də göndərib.

  • Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! – XİN

    Təəssüf edirik ki, yanvarın 29-da Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib. Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhinin Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğunu bir daha diqqətə çatdırırıq.
     
    Median.Az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Senatında səsləndirilən iddialara dair şərhində yer alıb.
     
    Mətbuat katibi bildirib ki, məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb:
     
    “Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır.
     
    Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir.
     
    Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
     
    Fransa xarici işlər nazirinin antiazərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik”.

  • Pozuntularla bağlı müraciətlər var – MSK sədri

    Bələdiyyə seçkiləri ilə bağlı səsvermə keçirilən müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub.
     
    Median.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı keçirilən iclasda deyib.

    O bildirib ki, müraciətlər araşdırılacaq: “Səslərin operativ hesablanması əsas tələblərdəndir. Biz adətən çalışırıq ki, ilkin nəticələri seçkilərdən bir gün sonra açıqlayaq”.
     
    Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.