Month: February 2025

  • Bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək

    Azərbaycanda bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək.

    Bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb.

    İl ərzində keçiriləcək tədbirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri icra edəcək.

  • İçki iyinə görə avtobusdan düşməsi tələb edildi, şüşəni sındırdı – Məhkəmə qərarı

    Abşeronda içkili halda sərnişin avtobusunun şüşəsini sındıran şəxslə bağlı məhkəmə qərar verib.

    Qaynarinfo-nun məlumatına görə, 1984-cü ildə Beyləqan rayonunda anadan olmuş Xalid H. hadisəyə görə saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, Xalid H. hadisədən bir gün əvvəl, yəni 5 fevral 2025-ci il tarixdə həddindən artıq dərəcədə spirtli içki qəbul edib. 6 fevral 2025-ci il tarixdə, təxminən saat 09.00-10.00 radələrində Xırdalan dairəsindən hərəkət edən 515 nömrəli marşrut xəttinə aid avtobusa minib. O, spirtli içki qəbul etdiyindən ətrafda narahatçılığa səbəb olub, sürücü ondan avtobusu tərk etməsini tələb edib və onların arasında mübahisə yaranıb. Xalid əsəblərini cilovlaya bilməyərək, yumruqla avtobusun sağ yan şüşəsini vuraraq sındırıb.

    O, əməlindən peşman olduğunu, baş vermiş hadisəni içkinin təsiri altında törətdiyini bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edib.

    Məhkəmənin qərarı ilə Xalid H. 75 manat cərimə edilib. O, məhkəmə zalından dərhal azad olunub.

  • Ukraynanın Kurskda yeni uğurlu hücumunun necə keçdiyi açıqlandı (VİDEO)

    Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının (DHQ) komandanlığı fevralın əvvəlində Ukrayna müdafiə qüvvələrinin Rusiyanın Kurş vilayətində həyata keçirdiyi yeni hücum əməliyyatlarının görüntülərini yayıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə DHQ Komandanlığının Kommunikasiya İdarəsi Facebook-da məlumat yayıb.

    “Dəstək Qüvvələrinin, döyüş və logistik təminat bölmələrinin sıx qarşılıqlı fəaliyyəti çərçivəsində DHQ-nin 82-ci ayrıca desant-hücum Bukovina briqadasının desantçıları Rusiya Federasiyasının Kursk vilayətində müəyyən istiqamətlərdə uğurlu hücum əməliyyatları həyata keçirib”, – Komandanlığın açıqlamasında deyilir.
    Bildirilib ki, “düşmən üçün ani və gözlənilməz olan sürətli manevr” nəticəsində Ukrayna müdafiə qüvvələri yeni mövqeləri ələ keçirib və taktiki vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

    Bundan əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) fevralın 6-da yayımlanan geolokasiya görüntülərinə əsasən, Ukrayna qüvvələrinin Kursk vilayətində yeni mexanikiləşdirilmiş hücumlar həyata keçirdiyini və Rusiyanın müdafiə xəttini yararaq cənub-şərq istiqamətində, Suca şəhərinə doğru 5 kilometr irəlilədiyini bildirmişdi.

  • Son zamanlar Azərbaycanda yayılan xəstəliklərin adları açıqlandı

    Son zamanlar Azərbaycanda uşaqlar və böyüklər arasında xəstəlik geniş vüsət alıb.

    Xəstəliyin əsas simptomları soyuqdəymə, qızdırma, öskürək və s. əlamətlərdir. Hətta xüsusən bölgələrdə bu xəstəliklərdən ölüm halları da qeydə alınıb. Lakin bu simptomların hansı xəstəliyə aid olması məlum deyil.

    Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq deyib ki, hazırda mövsümlə əlaqədar insanlar arasında fəsli qrip, digər kəskin respirator virus infeksiyaları, az da olsa yeni koronavirus infeksiyalarına rast gəlinir:

    “Bunlar klinik seyrinə görə oxşardır və xüsusi laborator tədqiqatlar olmadan törədicini müəyyən etmək mümkün deyil. Sadalanan infeksiyalardan qrip uşaqlar arasında da yayılıb. Uşaqlar xəstəliyin ağır gedişinin və fəsadlaşmasının risk qrupuna daxildir. Qripin təhlükəsi və əlverişsiz nəticələri onun fəsadları ilə əlaqədardır. Ən çox görünən fəsadlardan pnevmoniya, orta qulağın iltihabı, meningit və ensefalit və digərləridir. Qripin bu xüsusiyyətlərini nəzərə alaraq sağlamlığında müəyyən problemlər olan uşaqlar birinci növbədə qripə qarşı peyvənd olunmalıdırlar”.

  • “turbo.az”ın sahibi “Hepsiburada”nın İdarə heyətinin sədri seçilib

    Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan qazaxıstanlı milyarder Mixail Lomtadze Türkiyənin məşhur onlayn ticarət platforması olan “Hepsiburada”nın İdarə heyətinin sədri seçilib.

    Yeniavaz.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Lomtadze ilə bərabər Qazaxıstanın “Kaspi.kz” şirkətinin bəzi rəhbərləri “Hepsiburada”nın İdarə heyətinə üzv seçiliblər. Sədr müavinləri Yuriy Didenko, Tengiz Mosidze və Pavel Mironov “Hepsiburada”nın İdarə heyətinin üzvü olublar.

    Qeyd edək ki, Didenko “Kaspi.kz” şirkətində kapital bazarlarına, Mosidze maliyyəyə, Mironov isə əməliyyat fəaliyyətlərinə cavabdehdir. Bundan əlavə, “Kaspi Pay” və “Kaspi.kz”də mobil ticarətin rəhbəri Sandro Berdzenişvili də “Hepsiburada”nın İdarə heyətinə qatılıb.

    Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir. Mətbuatın yazdığına görə Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nursultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb. “Forbes”in açıqladığı sonuncu məlumatda göstərilir ki, Mixail Lomtadzenin 5,8 milyard dollar sərvəti var.
    Qeyd edək ki, ötən ilin oktyabr ayının 18-də açıqlanan məlumatda “Kaspi.kz” şirkətinin Türkiyədə məşhur Doğan ailəsinə məxsus olan “Hepsiburada” ticarət platformasının 65%-i üçün 1,127 milyard dollar ödədiyi bildirilib.

  • “Əks halda ana canlı yayımda intihar edəcək” – Kəmalə Ağazadə hədələndi – Yenilənib

    Uşağını dayənin yanında qoyub gedən və sonradan Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən azyaşlının anası övladını qaytarmayacağı təqdirdə sığınacağı intihar edəcəyi ilə təhdid edib.  

    Bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
    “Təxminən 1 il öncə ana 2 yaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. Dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı qaynar xəttimizə müraciət etdikdən sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib.
    2024-cü ilin yay ayında sığınacağımızın sakinləri Nabranda istirahət edərkən canlı açdığımız zaman bu müraciət canlıya yazıldı, biz öz tərəfimizdən müraciəti polisə və qaynar xəttimizə yönləndirdik. Ananı dəfələrlə sığınacağa dəvət etdik, gəlmədi. Azyaşlının sığınacaqda qaldığı müddət ərzində isə naməlum şəxslər müxtəlif nömrələrdən zəng edərək özlərini uşağın dayısı, əmisi və ya digər qohumları kimi təqdim ediblər.
    Onlar təhdidedici ifadələr işlədərək uşağın təhvil verilməsini tələb edir, hədə-qorxu gəlir, bizi öldürəcəklərini bildirirdilər. Bu gün isə daha “maraqlı” təklif ediblər: “sakitcə, səssiz, səmirsiz ana gələcək və siz uşağı anaya izahatsız təhvil verəcəksiniz! Əks halda ana canlı yayım açacaq və hamının gözü qarşısında intihar edəcək! İntihar edərkən Kəmalə Ağazadənin bu intiharda günahkar olduğu bildiriləcək!”, – K. Ağazadə bildirib.
    Sığınacaq rəhbəri Daxili İşlər Nazirliyinə müraciət edərək məsələnin ciddi nəzarətə götürülməsini xahiş edib: “Ola bilsin ki, qadın özü hansısa cinayətkarların əlindədir. Bəlkə də, bu uşaq onlara hansısa məqsədlər üçün lazımdır. Ananı ciddi nəzarətdə saxlayan “əmioğlanları”, “dayıoğlanları” var. Sığınacaqlar və onun əməkdaşları hər zaman təhdid, şantaj altında olmağını anlayır. Zatən çalışdığımız uşaqların kimlərin qurbanı olduğunu çox gözəl bilirik. Amma bu yeni üsul “şantajistlər” üçün yeni alət ola bilər.
    DİN-in Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev isə problemin araşdırıldığını bildirib. 
    ***

    Azyaşlının anası Aysu Verdiyeva redaksiyamızla əlaqə saxlayaraq haqqında yazılanların yanlış olduğunu bildirib. Onun sözlərinə görə, övladı bir il deyil, 6-7 aydır sığınacağa yerləşdirilib: “Yazılanların hamısı yalandır, guya mən uşağımı atmışam, 28 gün maraqlanmamışam. Bu mənim birinci həyat yoldaşımdan olan uşağımdır. Halbuki, mən övladımı müəyyən problemlər səbəbindən dayəyə vermişəm və o uşağıma baxdığına görə də hər həftə ona 30-50 manat pul vermişəm. Dayə mənə dedi ki, uşağı sığınacağa qoyacaq. Dedim ki, qoymayın, onsuz da sizə pul verirəm. Onun sığınacağa yerləşdirilməsindən 1 həftə-10 gün sonra xəbər tutdum və o vaxtdan da əlaqə saxlayıb uşağımı istədim. Onlar mənə bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməliyəm. Nazirlikdən isə bildirdilər ki, Kəmalə xanımın sığınacağına onlar baxmırlar. Yazılıb ki, guya mənimlə əlaqə saxlanılıb, mən gəlməmişəm, bu yalandır”.

    A.Verdiyeva, həmçinin bildirib ki, bir dəfə uşağı ona verilmədiyinə görə intihara cəhd edib: “Mən öz övladımı geri götürmək istəyirəm, onu mənə vermirlər. Qolumda intihara cəhdin sübutları da var. Psixikam pozulub, antidepressant dərmanlar içmişəm, bu doğrudur. Mən kimisə hədələmirəm. Sadəcə, onu deyirəm ki, sabah uşağımın ad günüdür, 3 yaşı olur. O niyə sığınacaqda, tanımadığı adamların yanında ad günü keçirməlidir?! Mən intihar edəcəyəm, çünki övladım mənə verilmir…”

  • Yeni “Facebook” gəlir? – 30 yaşlı sahibkar 700 min dollara yaxın investisiya topladı

    30 yaşlı Nikola Qanbi sosial şəbəkə tətbiqi ilə tənha insanları bir araya gətirməyi hədəfləyir. O, indiyə qədər 646 min dollar investisiya toplayaraq, yeni nəsil “Facebook” ola biləcək bir platforma yaratmağa çalışır.

    Tənhalıq problemi və yeni sosial şəbəkə ideyası

    Qaynarifno xəbər verir ki, pandemiyadan sonra Londona köçən Nikola Qanbi burada dost çevrəsinə sahib olmağın çətin olduğunu hiss edib. İngiltərənin Nottingem şəhərindən olan və bir müddət Avstraliyada yaşayan Qanbi 2021-ci ildə ortağı Ceyson İliflə birlikdə Londona köçüb.

    Qanbi və İlif şəhərin sosial həyatına tez uyğunlaşacaqlarını düşünsələr də, insanlarla tanış olmağın çətinliyini anlayıblar. Qanbi bu vəziyyəti belə ifadə edib:

    “Milyonlarla insanın yaşadığı bir şəhərdə olmaq, amma həqiqi bir bağ qura bilməmək necə mümkündür?”

    O, müxtəlif yolları sınayıb: qadın sahibkarlar üçün təşkil olunan tədbirlərdə iştirak edib, lakin bu görüşləri çox rəsmi hesab edib. Hətta Bumble BFF kimi dostluq qurmağa kömək edən tətbiqlərə də baxıb, ancaq Facebook qruplarını “dəbdən düşmüş” və çox funksional olmayan platformalar kimi görüb.

    Daha sonra Qanbi və İlif problemin fərdi deyil, qlobal olduğunu anlayaraq insanları real həyatda bir araya gətirən sosial platforma yaratmaq ideyası üzərində işləməyə başlayıblar.

    Onlar bir tətbiq agentliyi ilə əməkdaşlıq edərək ilk versiyanı hazırlayıb universitetlərdə sınaqdan keçiriblər.

    “Cliq” – sosial medianın “əksi” olan platforma

    Fevral 2023-cü ildə təsis edilən “Cliq” ənənəvi sosial media platformalarına alternativ kimi təqdim olunur. İstifadəçilər maraq sahələrinə uyğun icmalara qoşula bilirlər. Məsələn, qaçış, oxu, pilates və ya dini mövzularda qruplar mövcuddur.

    İcma üzvləri real həyatda görüşlər təşkil edərək yeni dostluqlar qurmağı hədəfləyir.

    Qanbi tətbiqin məqsədini belə izah edir:

    “Bu, insanlarla daha orijinal şəkildə tanış olmağı asanlaşdırır və insanlara telefonlarını bir kənara qoymağı öyrədir. Hazırda ekran vaxtımızın çox yüksək olduğu bir dövrdə bu, olduqca çətindir”.

    Lansmandan bəri 528.900 funt-sterlinq (təxminən 646 min dollar) investisiya toplayan “Cliq” 100 min istifadəçiyə çatıb. Şirkətin əsas bazarları Böyük Britaniya ilə yanaşı ABŞ, Avstraliya və Balidir.

    Yalnızlıq – qlobal problem

    “Cliq”in yaradılması, dünyanın müxtəlif yerlərində “yalnızlıq pandemiyası” adlandırılan vəziyyətin yayılması ilə əlaqədardır.

    “Gallup”un 2023-cü ildə keçirdiyi qlobal yalnızlıq sorğusuna görə, respondentlərin beşdə biri günün çox hissəsində özünü tənha hiss etdiyini bildirib. Eyni zamanda, bu insanlar daha çox qəzəb və fiziki ağrı hiss etdiklərini də etiraf ediblər.

    ABŞ-ın Baş Cərrahı Vivek Murthi 2023-cü ildə dərc etdiyi “Yalnızlıq və İzolyasiya Pandemiyamız” adlı hesabatda yalnızlığın demans, insult və hətta erkən ölüm kimi sağlamlıq problemlərinə yol aça biləcəyini vurğulayıb.

    Qanbi də bu problemin sosial media tərəfindən daha da dərinləşdirildiyini düşünür:

    “Telefonlarımız sayəsində özümüzü bağlı hiss edirik, çünki dostlarımızın və ya fenomenlərin nə etdiyini daim izləyirik. Amma bu insanlarla həqiqətən görüşmürük. Bu, bizi səthi bağlılıq hissi ilə aldadır. Əslində, həqiqi sosial əlaqələrimiz yoxdur”.

    “Gerçək sosial şəbəkə” yaratmaq hədəfi

    Qanbi bildirir ki, “Cliq”in uğuru, istifadəçilərin ortaq maraq və məqsədlər ətrafında birləşməsindən qaynaqlanır. O, sosial şəbəkə tətbiqləri ilə sosial media tətbiqləri arasında fərqi belə izah edir:

    “Sosial şəbəkə – dostlarla əlaqə qurmaq, sosial media isə sadəcə məzmun istehlak etmək üçündür. Facebook-un əvvəlki versiyası buna misal ola bilər. Ancaq o dövrdən sonra bütün platformalar sosial mediaya çevrildi – Instagram, TikTok kimi. Biz sadəcə oturub məzmun istehlak edirik, telefonlarımızdan asılı vəziyyətə düşürük. Əslində heç kimlə sosiallaşmırıq və bu, real həyatda qarşılıqlı əlaqəni azaldır”.

    “Cliq” “Facebook”un yeni versiyası ola bilərmi?

    Gənc sahibkar yalnızlığı aradan qaldırmaq və insanları real dünyada bir araya gətirmək üçün “Cliq”i yaradıb. Onun fikrincə, bu platforma sosial mediadan fərqli olaraq, həqiqi dostluqlar qurmağa və ünsiyyətə kömək edəcək.

    Hələlik layihə inkişaf mərhələsində olsa da, 700 min dollara yaxın investisiya toplaması və qlobal bazarda 100 min istifadəçiyə çatması, onun uğur qazana biləcəyini göstərir.

    Bəs bu, “Facebook”un yeni versiyası ola bilərmi? Bu sualın cavabını zaman göstərəcək.

  • AZAL və İsrailin “El Al” aviaşirkəti kod-şer razılaşması imzaladı

    Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və İsrailin “El Al” aviaşirkəti kod-şer razılaşması imzalayıb.

    Median.Az bu barədə AZAL-a istinadən xəbər verir.

    Məlumata görə, əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri bir-birinin həyata keçirdiyi reyslərdən yararlana biləcəklər.

    Belə ki, “EL AL”ın kodu (LY) AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.

    Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə etmək olar.

  • Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür? – VİDEO

    Bakıda istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalarla bağlı qərar 8 ildir ki, icra olunmayıb.

    Xezerxeber.az-ın məlumatına görə, hələ 2017-ci ildə Nazirlər Kabineti Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar qərar qəbul edib. Bu qərara görə, sözügedən ərazidə yerləşən istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan beşmərtəbəli binalar sökülməli, yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikilməli idi. Lakin 8 il keçməsinə baxmayaraq, ərazidə heç bir söküntü və tikinti işi aparılmır. Bəs səbəb nədir?

    Ərazidə yaşayan sakinlər binalarının söküləcəyi, yeni binalarda yaşayacaqları günü səbirsizliklə gözləyirlər, lakin o günün nə zaman gələcəyini bilmirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlar nə əraziya baxış keçirir, nə də onlara dəqiq məlumat verirlər.

    Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, sözügedən ərazi 20 hektardır və burada sökülməli olan 40-a yaxın bina, 2000-dən çox mənzil var. Ekspert işlərin yubanmasının səbəbini inşaat normativlərinin dəyişdirilməsində görür.

    1-ci mikrorayonun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edildiyindən nazirliklə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu işin təşkili Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Komitədən isə məlumat verildi ki, ərazinin planlaşdırılma işləri Bakı şəhərinin baş planının tələblərinə uyğun razılaşdırılır.

    Təəssüf ki, heç bir qurumdan işlərin nəyə görə yubandığına və nə vaxt başlayacağına dair açıqlama ala bilmədik.

  • Dövlətin pulsuz verdiyi dərmanlar xəstələrə paylanmır? – Video

    “50 uşağın həyatı risk altındadır. Ona görə ki, kimsə TƏBİB-də işini düzgün yerinə yetirmir. 4 aydır ki, dərman almamaq nə deməkdir?!”

    Median.Az “Baku TV”yə istinadən xəbər verir ki, bunu vətəndaş Günay Əsədzadə kistoz fibroz xəstəliyindən əziyyət çəkən uşaqlara hər ay dövlət tərəfindən pulsuz təqdim olunan dərmanların aylardır, verilməməsi ilə bağlı şikayətində söyləyib.

    Valideynin iddiasına görə, aidiyyəti qurum bu dərmanlar üçün ayrılan birillik vəsaitin cəmi 9 aya bəs etdiyini deyir: “Biz dərmanlarımızı TƏBİB-dən ala bilmirik. Mən ərizə yazıram ki, dərmanları niyə vermirsiniz, onlar da xəstəxanadan izahat istəyir ki, niyə paylamırsınız? Sən göndərməmisən, o da paylamayıb. Xəstəxanadan deyirlər ki, dərman gəlməyib, gələndə verəcəyik”.

    Nərimanov Rayon Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri Səbinə Əfəndiyeva isə bildirib ki, TƏBİB dərmanları göndərən kimi dərhal xəstələrə paylanılır: “Onlar bizə deyib ki, gözləyin, dərmanlar gələcək. Nə vaxt gələcəksə, o vaxt da veriləcək. Bəzi dərmanlar verilir, bəziləri hələ də verilməyib”.

    TƏBİB-in Departament rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqların dərman vasitələri ilə təminatı üçün lazım olan mallar uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində İnnovasiya və Təchizat Mərkəzi tərəfindən satın alınıb və müvafiq tibb müəssisələri tərəfindən təminatı həyata keçirilib: “23 dekabr 2021-ci il tarixli 406 saylı Nazirlər Kabinetinin Qərarına 24 may 2024-cü il 280 nömrəli Qərarla edilmiş dəyişikliklərə əsasən, 20 adda yeni dərman preparatı daxil edilib. Əlavə edilən dərmanların, o cümlədən kistoz fibroz xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələrinin satın alınması həyata keçirilib. Podradçı şirkət ilə müqavilə bağlandıqdan sonra adıçəkilən dərman vasitələrinin təminatının yerinə yetirilməsi nəzərdə tutulub”.

    Daha ətraflı videomaterialda: