Month: February 2025

  • Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib – Fotolar

    Bəhreynin kralı Həməd bin İsa Al Xəlifə Krallıqda səfərdə olan Heydər Əliyev Fondunun nümayəndə heyətini qəbul edib.

    Median.Az xəbər verir ki, Leyla və Arzu Əliyevalar ilə görüşdə iki ölkə arasında mövcud əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri, bu əlaqələrin genişləndirilməsi üzrə layihələr, o cümlədən Heydər Əliyev Fondunun beynəlxalq layihələri müzakirə olunub.
    Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini bir daha kral Həməd bin İsa Al Xəlifəyə çatdırıb.
    Kral Həməd bin İsa Al Xəlifə Azərbaycanın və Prezident İlham Əliyevin regionda və dünyadakı nüfuzunu xüsusi qeyd edərək ölkəmizdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.
    Həməd bin İsa Al Xəlifə Bakıda keçirilən COP29 tədbirinin uğurla təşkili münasibəti ilə bir daha Azərbaycanı təbrik edib və ölkəmizin beynəlxalq tədbirlərə daim yüksək səviyyədə ev sahibliyi etdiyini, bu beynəlxalq layihələrin həyata keçirilməsinə Azərbaycanın göstərdiyi müntəzəm dəstəyi xüsusi vurğulayıb.
    Görüşdə Azərbaycan və Bəhreyn arasında davam edən siyasi dialoqun iqtisadiyyat və mədəniyyət sahələrində də əməkdaşlığa təkan olduğu bildirilib.  Qeyd edilib ki, MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin bir aya yaxın müddətdə paytaxt Manamada təqdim olunması ölkələrimiz arasında sıx mədəni əlaqələrin mövcudluğuna bariz nümunədir. 2024-cü ildə Bakıda Heydər Əliyev Mərkəzindəki təqdimatından sonra Bəhreyn bu beynəlxalq layihəyə ev sahibliyi edən ilk ölkədir. Bildirilib ki, mədəni layihələr Azərbaycan və Bəhreyn arasında dövlət səviyyəsində mövcud əlaqələrin daha da genişlənməsinə, xalqlarımız arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən beynəlxalq layihələrinin əhəmiyyəti qeyd olunub.
    Görüşdə Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi humanitar layihələr, o cümlədən Leyla Əliyeva və Arzu Əliyevanın Fondun təhsil və mədəniyyətin inkişafı üzrə layihələrdəki fəalliyyətləri xüsusi vurğulanıb.

  • Sabunçuda 15 nəfərin ölümünə görə sahibkar həbs edildi

    Hadisə yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti sahibkar Səbuhi Xanhüseynovunrəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.

    ​Sabunçuda 15 nəfərin ölümündə “Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı təqsirləndirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Araşdırma zamanı həmin şəxslərin 40-60 yaşlarında olmaqla, spirtli içki alüdəçiləri olmaları, 13-nün kişi, 2-nin qadın cinsli olmaları, 1 nəfər kişi cinsli şəxsin şəxsiyyətinin məlum olmaması təsbit edilib.
    Həmçinin, araşdırmalarla müəyyən edilib ki, hadisə yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xanhüseynov Səbuhi Ehtibar oğlunun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.
    2025-ci ilin yanvar ayında Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 200.2.2-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə təqsirli bilinərək 5 min manat cərimə cəzasına məhkum olunmuş 1988-ci il təvəllüdlü Səbuhi Xanhüseynovun istehsalat sexinə baxış keçirilməklə möhürlənib.
    Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.
    S.Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
    Bundan əlavə, apteklərdə və ticarət müəssisələrində reydlər keçirilməklə, qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə satışının dayandırılması, tüfeyli hətat tərzi keçirən və ölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polis idarəsinə tapşırıqlar verilib.
    Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir

  • Apteklər onlara spirt satmayacaq!

    Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu ərazisində 15 nəfər apteklərdə satılan etil spirtindən zəhərlənərək ölüb.

    Median.Az xəbər verir ki, bu hadisədən sonra apteklərdə və ticarət müəssisələrində reydlər keçiriləcək.
    Qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə satışının dayandırılması, tüfeyli həyat tərzi keçirən və ölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polis idarəsinə tapşırıqlar verilib. 

  • Azərbaycan XİN Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb

    33 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla ötən əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı soyqırımı törədilib. 1 gecədə 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımının 33-cü ildönümündə bu dəhşətli cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.

    Apa xəbər verir ki, bu, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.
    Bəyanatda daha sonra deyilir:

    “Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı xüsusilə azərbaycanlıların çoxluq təşkil etdiyi Bağanis Ayrım, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində törədilən kütləvi qətliamların xronologiyasına baxmaq Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu anlamaq üçün kifayətdir.

    Xocalı şəhərinin hələ 1991-ci ildən mühasirəyə alınması, avtomobil əlaqəsi və elektrikin kəsilməsi, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə kütləvi şəkildə atəşə tutularaq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliyin törədilməsi bu qətliamın məqsədyönlü və planlı şəkildə icra edilməklə, mahiyyəti etibarilə soyqırımı olduğunu təsdiqləyir. Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 68 qadın və 26 uşaq daxil olmaqla, 1275 nəfər əsir götürülüb.

    Xocalı soyqırımı zamanı mülki insanların xüsusi amansızlıqla qətlə yetirilməsi, onlara qarşı nümayiş olunan qeyri-insani rəftar, verilmiş işgəncələr, öldürülən insanların nəşinin alçaldılması kimi elementlər özlüyündə beynəlxalq humanitar hüquq, insan hüquqları hüququ, bu istiqamətdə mövcud beynəlxalq konvensiyalar, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyalara zidd olmaqla, beynəlxalq hüquqi məsuliyyət doğurur.
    Xocalı cinayətkarlarının etirafları, xüsusilə soyqırımı şahidləri tərəfindən də kimliyi təsbit edilmiş Monte Melkonyanın Xocalının “strateji məqsəd olmaqla yanaşı, revanş aktı” olduğunu bildirməsi, soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıda ermənilərin dinc azərbaycanlılara əl qaldırmayacağı streotipini qırması” və bununla bağlı “heç bir peşmanlığın duyulmaması” bəyanatları Xocalı soyqırımının məqsədyönlü şəkildə törədildiyini və soyqırımı ilə bağlı beynəlxalq hüquqi məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü sübuta yetirir.

    Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı mövcud fakt və dəlillərə etinasızlığı Ermənistanın azərbaycanlılara qarşı müharibə cinayətlərinin həm keçmiş işğal dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı xüsusilə mülki obyektlərə hücumlarla davam etməsinə səbəb oldu.
    Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində isə suverenliyimizin bərpa olunması, Xocalının azad olunması, müharibə cinayətkarlarının hüquqi məsuliyyətə cəlb olunması tarixi ədalətin təcəssümüdür.

    Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.
    Xocalı soyqırımının 33-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini bir daha dərin ehtiramla yad edirik.”

  • Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb

    İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb, digər sahələrdə – kommunikasiyaların açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi – hələ də cavabsız qalıb.

    Median.Az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

    Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib.

  • Ordumuzun hərbçisi qəfil vəfat etdi – Foto

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

    Median.Az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

    Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

  • Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edildi

    Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edilib.

    Median.Az “Unikal”a istinadən məlumat verir ki, Nurlana Məmmədzadə baş katib postundan ayrılıb.

    Onu Federasiyada layihələr üzrə menecer işləyən Fatimə Şəfizadə əvəz edib.

    Qeyd edək ki, Nurlana Məmmədzadə 2017-ci ilin dekabrından baş katib təyin olunmuşdu.

  • Mütəxəssisdən xəbərdarlıq: “Xoş qoxulara aldanmayın, ciddi problemlər yaradır”

    Sinə xəstəlikləri mütəxəssisi Dr. Büşra Yayla Yerlikaya insanların təkcə xoş bir qoxuya aldanmamalı olduğunu bildirərək bəzi kimyəvi qarışıqların şiddətli qıcıqlanmaya və iltihaba səbəb ola biləcəyini vurğulayıb. 

    Median.Az “CNN Türk”ə istinadən xəbər verir ki, o, astma xəstəliyi olmayan insanlarda belə bu cür maddələrin oxşar simptomlara yol aça biləcəyini qeyd edib.

    Süni qoxular və sağlamlıq riski

    Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən sintetik qoxuların sağlamlığa təsiri ilə bağlı müzakirələr davam edir. Laboratoriya şəraitində istehsal edilən bu ətirlər kosmetika və təmizlik məhsullarında geniş yayılıb. Lakin bu süni komponentlər uzun müddət məruz qalındıqda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
    Bu ətirlərin tərkibindəki uçucu üzvi birləşmələr, sintetik qoxu vericilər və stabilizatorlar tənəffüs yollarına daxil olaraq qıcıqlanma, iltihab və allergik reaksiyalar yarada bilər. Mövzu ilə bağlı açıqlama verən Dr. Büşra Yayla Yerlikaya deyib: 
    “Ətir və ya oxşar məhsullar istifadə edildikdən sonra nəfəs darlığı və öskürək kimi simptomlar yaranarsa, dərhal istifadəyə son verib həkimə müraciət etməyinizi tövsiyə edirik”.

    “Kimyəvi qarışıqlar endokrin sistemi pozur”

    Dr. Yerlikaya bu kimyəvi maddələrin endokrin pozucu təsirə malik olduğunu və reproduktiv sağlamlığa da mənfi təsir göstərə biləcəyini bildirib: 
    “Dünya miqyasında böyük sürətlə böyüyən sintetik ətir sənayesi, əsasən, laboratoriya mühitində kimyəvi proseslər vasitəsilə hazırlanır. Bu maddələr çiçəklərin, meyvələrin və ya bitkilərin qoxusunu təqlid edərək kosmetik məhsullardan təmizlik vasitələrinə qədər bir çox yerdə qarşımıza çıxır. Lakin onların sağlamlığa təsiri getdikcə daha çox müzakirə mövzusuna çevrilir”.
    Sintetik ətirlər uçucu üzvi birləşmələr, spirt və müxtəlif kimyəvi stabilizatorlar ehtiva edir. Bu maddələr havaya qarışaraq tənəffüs yollarına daxil ola bilir və xüsusilə həssas insanlarda qıcıqlanma, iltihab və allergik reaksiyalara səbəb ola bilər.

    “Yeni məhsulların təsirini əvvəlcədən yoxlayın”

    Dr. Yerlikaya yeni bir məhsul istifadə etməzdən əvvəl dəriyə kiçik miqdarda tətbiq edərək allergik reaksiyanın qarşısını almağın mümkün olduğunu bildirib:
    “Astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi tənəffüs xəstəlikləri olan insanlarda bu kimyəvi maddələr simptomları ağırlaşdıra və tutmaların tezliyini artıra bilər. Uzunmüddətli və intensiv məruz qalma yalnız tənəffüs yollarında qıcıqlanma yaratmır, həm də bədəndə xroniki iltihaba, hormonal pozğunluqlara və immun sistemində problemlərə səbəb ola bilər”.
    Bu kimyəvi maddələrin baş ağrısı və miqren tutmalarını sürətlədirəcəyini vurğulayan mütəxəssis məhsul etiketlərini diqqətlə oxumağın vacib olduğunu bildirib:
    “Əgər dəri və ya tənəffüs sisteminiz həssasdırsa, hipoallergen, təbii tərkibli və ya qoxusuz məhsullara üstünlük verməyiniz məsləhətdir. Bundan əlavə, sertifikatlı və etibarlı markaların məhsullarını seçmək saxta və keyfiyyətə nəzarət olunmamış məhsulların riskini azaldır. Əgər parfüm və ya bənzər məhsul istifadəsindən sonra nəfəs darlığı, öskürək və ya başqa bir narahatlıq hiss edirsinizsə, dərhal istifadəyə son verib həkimə müraciət etməlisiniz”.

    “Təbii məhsullara üstünlük verin”

    Yerlikaya sintetik ətirlərin astma və KOAH kimi xəstəliklərə birbaşa səbəb olub-olmadığını dəqiq deməyin çətin olduğunu, lakin bu xəstəliklərdə genetik və ekoloji faktorların da rol oynadığını bildirib:
    “Gündəlik istifadə etdiyiniz kosmetik və qoxu verici məhsulların tərkibinə diqqət yetirin. Təkcə xoş qoxuya aldanmayın; sağlamlığınızı və ətrafınızı qorumaq üçün daha təbii və hipoallergen məhsullara üstünlük verin”.
    O, xüsusilə ev şəraitində bəzi kimyəvi maddələrin qarışdırılmasının daha şiddətli qıcıqlanmaya və iltihaba səbəb olduğunu bildirib:
    “Hətta astma xəstəliyi olmayan insanlarda belə astma simptomlarına bənzər əlamətlər yarana bilər. Bu reaksiyalar sürətlə inkişaf edərək insanları təcili yardıma müraciət etməyə məcbur edə bilər”.

  • İş adamı Qurban Piriyev yarım milyon İTİRDİ: Məsələdə adı hallanan qadın ÖZÜNÜ ÖLDÜRDÜ

    Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, onunla birgə ittiham olunan sayt rəhbəri Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəmə araşdırması davam edir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Qurban Piriyev ifadə verib.

    Bu iş üzrə zərərçəkən Piriyev iş adamıdır. O, əvvəllər dövlət qurumlarında da işləyib. Təqsirləndirilən şəxslərlə onu istintaqın əvvəlində intihar edən həmyerlisi Hürü Əmiraslanova tanış edib.

    Zərərçəkmiş hakim qarşısında da təsdiq edib ki, o, Bakıdaxili rayonlardan birinə icra başçısı düzəlməsi üçün pul verib. Amma təklif ondan deyil, qarşı tərəfdən gəlib:

    “Hürü dedi ki, mənim yüksək vəzifələrdə əlim çatan adamlar var. Vəzifəli şəxslərin adını çəkirdilər. Sonradan gördüm ki, hamısı qurama imiş… Açığı, mən heç icra başçısı olmaq istəmirdim. Çünki səhhətim buna imkan vermirdi.

    Bütün bu işlərin başında duran Qoşqardır. Məni o yola gətirdi. Onun göstərişi ilə Rasimə pul vermişəm”.

    Piriyev icra başçısı düzəlmək üçün R.İldırımın adamlarına ümumilikdə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib:

    “544 min manatlıq ziyanın bu günə kimi bir hissəsini geri qaytarıblar. Şikayətçiyəm, qalan hissənin də tam ödənilməsini tələb edirəm”.

    Proses martın 18-i davam edəcək.

    Qeyd edək ki, bu işə görə təqsirləndirilən şəxslər üçü də əvvəl həbs olunublar, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.

  • Президент Ильхам Алиев поделился публикацией в связи с 33-й годовщиной Ходжалинской трагедии

    Президент Азербайджанской Республики Ильхам Алиев поделился на своей странице в социальной сети X (ранее Twitter) публикацией в связи с 33-й годовщиной Ходжалинской трагедии.