Month: March 2025

  • Bakıda 10 min manatlıq “təqaüd dələduzluğu”

    “Təqaüd dələduzluğu” ilə bağlı daha bir cinayət işinin məhkəmə istintaqı başa çatıb.

    Dələduzluq hadisəsi Binəqədi rayonunda baş verib.

    Bəxtiyar adlı şəxs Tural Qasımlı adlı şəxsin hərbi xidmətdə ayağından zədə alan oğluna təqaüd düzəldəcəyini, həmçinin zədələndiyinə görə 12 000 manat kompensasiya alacağını vəd edərək bunun müqabilində ondan 15 000 manat istəyib.

    Tərəflər 10 000 manata razılaşıb. Tural Qasımlı əvvəlcə Bəxtiyara 5 500 manat, daha sonra 500, bir neçə gün sonra isə 4000 manat verib.

    Bəxtiyar pulu alsa da, vədini yerinə yetirməyib. Qarşı tərəf polisə şikayət edib. Bəxtiyar saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində hakim Rəşid Rzayevin sədrliyi aparılıb.

    Bəxtiyar verilmiş ittiham üzrə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
    //qaynar.az

  • 42 yaşlı qadın dəm qazından öldü

    Tovuzda qadın dəm qazından boğulub.

    Hadisə rayonun Xatınlı kəndində baş verib.

    1983-cü il təvəllüdlü K.Əmrahova dəm qazından boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

  • Sabah 20 dərəcə isti olacaq

    Ölkə ərazisində martın 27-də 15-20 dərəcə isti müşahidə olunacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

  • Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir

    Dünyada ən çətin şəraitdə sağ qala bilən canlılar mövcuddur. Onlardan biri də “Konan bakteriyası” adlandırılan Deinococcus radioduransdır.

    Rutgers Universitetinin təkamül bioloqu Skott Trevers “Forbes” nəşrində dərc olunan məqaləsində bu bakteriyanın fövqəladə xüsusiyyətlərindən bəhs edib.

    O qeyd edir ki, Deinococcus radiodurans təkcə sağ qalmaqla kifayətlənmir, eyni zamanda demək olar bütün digər canlıları məhv edəcək ekstremal mühitlərdə inkişaf edə bilir. O, hətta güclü qamma şüalanmasına və kosmik vakuuma dözmək qabiliyyətinə malikdir.

    Mütəxəssisin sözlərinə görə, bu bakteriya insan üçün ölümcül olan radiasiya dozalarından minlərlə dəfə yüksək səviyyələrə tab gətirə bilir. “Konan bakteriyası” 15.000 Qreyd (Gy) radiasiya dozasına məruz qalaraq 37% sağ qalma ehtimalına malikdir.

    Bundan əlavə, Deinococcus radiodurans aqressiv kimyəvi maddələrə, ekstremal soyuğa, turşulara və hətta uzun müddət susuz qalmağa qarşı yüksək dayanıqlıdır.

    Trevers xatırladıb ki, 2020-ci ildə bu bakteriya Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Aparılan təcrübələr nəticəsində müəyyən olunub ki, o, üç il ərzində kosmosun sərt vakuumuna və radiasiyasına tab gətirə bilər.

    Alimin sözlərinə görə, Deinococcus radiodurans təsadüf nəticəsində kəşf edilib. 1956-cı ildə Oregon Kənd Təsərrüfatı Eksperimental Stansiyasının mikrobioloqu Artur Anderson qamma şüalanmasından istifadə edərək ət konservlərini sterilizasiya etməyə çalışırdı. O, bütün məlum mikrobları məhv edəcək qədər yüksək radiasiya dozası tətbiq etsə də, bəzi konservlər hələ də xarab olurdu. Sonrakı araşdırmalar göstərdi ki, Deinococcus radiodurans bu radiasiyaya tab gətirib və hətta çoxalmağa davam edib.

    2022-ci ildə “Astrobiology” jurnalında dərc olunan tədqiqat isə bu bakteriyanın Mars şəraitində yaşama potensialını ortaya qoyub. Məlum olub ki, Deinococcus radiodurans orta hesabla -63°C temperatur, sərt quraqlıq və kosmik radiasiyaya dözə bilir.

    Alimlər bildiriblər ki, bu bakteriya Mars səthinin 10 metr dərinliyində 280 milyon il sağ qala bilər. Tədqiqatçılar hesab edirlər ki, qırmızı planetdə bu cür ekstremal şəraitə uyğunlaşmış digər mikroorqanizmlər də mövcud ola bilər.

    Bioloqun sözlərinə görə, Deinococcus radiodurans-ın fövqəladə dözümlülüyü onun genetik və biokimyəvi xüsusiyyətlərində gizlidir. Bu bakteriya hər hüceyrəsində 10-a qədər genom nüsxəsini saxlayır. Güclü radiasiya nəticəsində DNT zədələnsə belə, bu ehtiyat genomlar orijinal DNT-ni sürətlə və dəqiq şəkildə bərpa etməyə imkan verir.

    Trevers qeyd edir ki, bu bakteriya digər orqanizmlərdən fərqli olaraq, DNT parçalarını xüsusi toroid (halqa şəkilli) strukturlar şəklində təşkil edir. Bu, hüceyrənin genetik materialı tez bir zamanda bərpa etməsinə şərait yaradır.

    Bundan əlavə, Deinococcus radiodurans-ın güclü antioksidant müdafiə sistemi var. Bu sistem margan ionları vasitəsilə işləyir və ionlaşdırıcı radiasiya nəticəsində yaranan sərbəst radikalları zərərsizləşdirir.

    Hazırda elm adamları bu bakteriyanın qoruyucu mexanizmlərindən ilhamlanaraq, astronavtları kosmik radiasiyadan qorumaq üçün sintetik antioksidantlar üzərində işləyirlər. Həmçinin, radiasiya fəlakətləri zamanı xilasetmə işçilərini qorumaq üçün yeni texnologiyalar hazırlanır.

    Daha əvvəl elm adamları Antarktida yaxınlığında, okeanın dibində nəhəng dəniz hörümçəyi aşkar ediblər. Bu hörümçəklərin ölçüləri bəzən insan üzü qədər böyük ola bilər.

    Bundan əlavə, suda yaşayan “tixoqod” adlanan mikroskopik canlıların xüsusi bir proteininin insanları nüvə radiasiyasından qoruma potensialına malik olduğu müəyyən edilib. Alimlər bu mexanizmin gələcəkdə tibbi sahədə tətbiq edilə biləcəyini araşdırırlar.
    //qaynarinfo

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz təchizatında problem YARANDI

    Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.

    Bu barədə “Report”a sakinlər məlumat veriblər.

    Bildirilib ki, artıq 2 saatdır bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.

    Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.

  • 27-ci günün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 27-ci günüdür.

    Qaynarinfo xəbər verir ki, sabah imsak vaxtı saat 05:05, iftar isə 19:14-dədir.

    İmsak duası:

    “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”.

    Tərcüməsi

    “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
    Allah orucunuzu qəbul etsin!

  • Rubinyan: “Ermənistan və Azərbaycan sülh sazişi imzalayana qədər müharibə təhlükəsi qalacaq”

    Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.

    “Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur. Biz sülhə doğru irəliləyirik. Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir”, – o qeyd edib.

  • Kənar Dairəvi yolda yük avtomobili yanıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.

    Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.

  • Naxçıvanda 48 dönərxanada monitorinqlər KEÇİRİLDİ: Nöqsanlar AŞKARLANDI

    Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində bayram günlərində qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə növbəti dövlət nəzarəti tədbirləri həyata keçirilib.

    Muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb.

    Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib. Monitorinqlər zamanı aşağıda adları qeyd olunan dönərxanalarda nöqsanlar aşkar edilib:

    – Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən “Dan Yeri Kafe”;

    – Naxçıvan şəhəri, Nizami küçəsi, Əcəmi seyrangahında fəaliyyət göstərən “Tac Dönər”;

    – Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində fəaliyyət göstərən “Qızılay” restoranı;

    – Naxçıvan şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Sizin Kafe” ;

    – Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, “Cahan” Ticarət Mərkəzində fəaliyyət göstərən Nizami Abbas oğlu Babayevə məxsus dönərxana;

    – Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən Əhməd Məhəddin oğlu Kərimova məxsus dönərxana;

    – Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, “Cahan” Ticarət Mərkəzində fəaliyyət göstərən İlqar Tağı oğlu Abbasova məxsus dönərxana;

    – Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, “Cahan” Ticarət Mərkəzində fəaliyyət göstərən Məmməd Əli oğlu Xəlilova məxsus dönərxana;

    – Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, “Cahan” Ticarət Mərkəzində fəaliyyət göstərən “Tac Dönər”;

    – Naxçıvan şəhəri, Atabəylər küçəsində fəaliyyət göstərən “Real Dönər”;

    – Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Xəyal Əbülfət oğlu Vəliyevə məxsus dönərxana;

    – Naxçıvan şəhəri, Əlincə məhəlləsində fəaliyyət göstərən “Nənəmin Təndiri Dönər”;

    – Şərur şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Ailə Dönər”.

    Aparılmış monitorinqlər zamanı dönərxanalarda əvvəlki tarixdə bişirilmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib.

    Bunun nəticəsi olaraq 21.745 kq bişmiş toyuq əti dönəri, 2.5 kq bişmiş mal əti dönəri, 4.8 kq bibər turşusu, 10.135 kq mayonez məhsulları şübhəli hesab olunduğu üçün, 1 paket göbələk, 13 ədəd “Didi” və 3 ədəd “Sarıkız” markalı alkoqolsuz qazlı içki yararlılıq müddəti bitdiyi üçün toxunulmazlığı təmin edilmiş, 8 halda bişmiş toyuq əti dönəri, 1 halda bişmiş mal əti dönəri, 2 halda mayonez və 2 halda bibər turşusundan nümunələr götürülərək sınaqların aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilib.

    Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcəkdir.

  • “Bakıdan diplomatik kanallarla məlumatlar almışıq” – Paşinyan

    “İrəvan diplomatik kanallar vasitəsilə Bakıdan müəyyən məlumatlar alıb və indi onu araşdırır”.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

    Paşinyan Ermənistan- Azərbaycan sərhəddində atəşkəs rejiminin pozulmasına münasibət bildirib.

    O qeyd edib ki, heç bir tərəf vəziyyəti gərginləşdirmək niyyətində deyil:

    “Bu yanaşma düzgün və sülh gündəminin məntiqinə uyğundur. Biz konkret məlumat olan bütün halları araşdırmağa hazırıq. Vəziyyəti daha dəqiq başa düşmək üçün bütün ciddiliklə araşdırma aparırıq”.