Month: April 2025

  • Bişkekdə ənənəvi Azərbaycan əl işlərinin sərgisi keçiriləcək

    Aprelin 21-də Bişkekdəki Təsviri İncəsənət Muzeyində “Azərbaycan incəsənət incilərində yaşayan milli irs” adlı sərgi açılacaq.

    Sərgi Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil olunacaq.

    Sərgidə ənənəvi sənətkarlıq nümunələri, yəni Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından olan əsərlər və 19-cu əsr Azərbaycan ornamental rəssamı və portret rəssamı Mirzə Qədim İrəvaninin əsərləri nümayiş olunacaq.

    Sərgidə həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından olan ənənəvi xalçaçılıq və qurama tikmə sənəti nümayiş etdiriləcək./report

  • ChatGPT yaddaş funksiyasını işə salır – Axtarışlar fərdiləşəcək

    “OpenAI” şirkəti tərəfindən yaradılan süni intellekt əsaslı “ChatGPT” aləti yaddaş funksiyasına yeni bir imkan əlavə edib.

    Valyuta.az xəbər verir ki, artıq bu funksiya aktiv olduqda, “ChatGPT” istifadəçi ilə əvvəlki söhbətlərdən öyrəndiklərini veb axtarışlarında da tətbiq edə biləcək.

    “OpenAI” bildirir ki, yaddaş funksiyası açıq olduğu zaman “ChatGPT” internetdə axtarış apararkən əvvəlki dialoqlarda əldə etdiyi məlumatları xatırlayır və bu bilgilərə əsaslanaraq axtarışı istifadəçiyə uyğunlaşdırır. Beləliklə, sistem yalnız verilmiş əmrləri sözbəsöz deyil, istifadəçini tanımaqla yanaşı, onun ehtiyaclarını da nəzərə alaraq cavablandırır.

    Bildirilir ki, əgər bir istifadəçi əvvəlki söhbətlərdə vegan olduğunu və San-Fransiskoda yaşadığını bildiribdirsə, “yaxınımda mənim zövqümə uyğun restoranlar hansılardır?” kimi bir sorğu zamanı “ChatGPT” bu ifadəni avtomatik olaraq “San-Fransiskoda yaxşı vegan restoranlar” kimi tərcümə edərək axtarış motoruna yönəldəcək. “OpenAI” qeyd edir ki, bu xüsusiyyət nəticələrin istifadəçi seçimlərinə daha uyğun olmasına şərait yaradacaq.

  • Binadakı qarajlardan istifadə üçün ödəniş tələb olunması qanunidir?

    Binadakı qarajlardan istifadə üçün ödəniş edilməsi ilə bağlı qanun nə deyir?

    Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının hissələrinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissələrinə aid olmayan və binada birdən çox sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər mülkiyyətçilərə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan belə qarajlardan istifadə üçün əlavə ödəniş tələb oluna bilməz.

    Mənbə: Aktual Hüquq.

  • Antivirus proqramları zərərli faylları necə aşkar edir?

    Rəqəmsal təhlükəsizlik bu günlərdə həyatımız üçün vazkeçilməz əhəmiyyət daşıyır. Kompüterlər, smartfonlar və planşetlər gündəlik fəaliyyətlərimizin mərkəzinə çevrilib. Bu isə həm fərdi, həm də korporativ istifadəçilər üçün təhlükəsizlik risklərini artırır. Sadə bir diqqətsizlik nəticəsində şəxsi məlumatlarımız kibercinayətkarların əlinə keçə bilər. Bu təhlükələrə qarşı ən effektiv vasitələrdən biri antivirus proqramlarıdır. Bəs bu proqramlar zərərli faylları necə tanıyır?

    Valyuta.az antivirus proqramlarının necə işlədiyini təqdim edir: 

    Əsasən bütün antivirus proqramları eyni prinsiplə işləyir cihazda mövcud olan və ya yenicə daxil edilən faylları təhlil edir və onların zərərli olub-olmadığını müəyyənləşdirir. Bunun üçün isə müxtəlif texnikalardan istifadə olunur. Ən müasir antivirus proqramları bəzi üsullarla zərərli proqramları aşkar edir.

    İmza əsaslı aşkarlama

    Analiz aşkarlama

    Davranış əsaslı aşkarlama

    Bulud əsaslı aşkarlama

    Faylsız aşkarlama

    İmza əsaslı aşkarlama – Bu metod antivirus proqramlarının ənənəvi və ən geniş yayılmış aşkarlama üsuludur. Burada “imza” dedikdə, daha əvvəl tanınmış zərərli proqramların kod parçaları nəzərdə tutulur. Antivirus proqramı analiz etdiyi fayllardakı kodları virus imzaları ilə müqayisə edir. Əgər oxşarlıq aşkar olunarsa, həmin fayl zərərli kimi tanınaraq karantinə alınır.

    Analiz aşkarlama – Bu üsul daha mürəkkəbdir və proqramın davranışlarını “öncədən hiss etməyə” əsaslanır. Faylın strukturu, əmrləri və əlavə kodlar təhlil edilir. Əgər sistemdə normaldan kənar fəaliyyətlər müşahidə olunarsa, fayl potensial təhlükəli kimi qiymətləndirilir. Bu üsul daha çox əvvəllər tanınmamış virusların aşkarlanmasında effektivdir.

    Davranış əsaslı aşkarlama – Bu metod faylların konkret fəaliyyətlərini müşahidə edir. Məsələn, əgər bir proqram faylları şifrələyir, sistem fayllarını dəyişdirir və ya klaviatura əmrlərini izləyirsə, bu proqramın zərərli olması ehtimalı yüksəkdir. Bu yanaşma xüsusilə “ransomware” tipli yeni və aqressiv zərərli proqramların qarşısını almaqda əhəmiyyətlidir.

    Bulud əsaslı aşkarlama – İnternetin geniş vüsət alması ilə antivirus proqramları bulud texnologiyasını da tətbiq etməyə başlayıb. Bu texnika ilə bütün istifadəçilərin cihazları bir məlumat mənbəyinə çevrilir və ortaq bir verilənlər bazasında məlumat mübadiləsi aparılır. Şübhəli fayllar real vaxt rejimində bu məlumat bazası ilə müqayisə olunur və təhlükəli olub-olmadığı müəyyən edilir.

    Faylsız aşkarlama – Son dövrlərdə daha da aktuallaşan bu texnika fayl səviyyəsində deyil, sistem daxilində icra olunan əmrləri (məsələn, PowerShell skriptləri) təhlil edir. Xüsusilə administrator səlahiyyətlərindən sui-istifadə edən zərərli proqramların aşkarlanması üçün önəmlidir.

    Çoxsaylı texnikaların birlikdə istifadəsi – Günümüzdə antivirus proqramları adətən tək bir aşkarlama texnikası ilə kifayətlənmir. Çünki kibercinayətkarlar artıq öncədən məlum olmayan boşluqlardan istifadə edərək daha çevik hücumlar həyata keçirirlər. Bu səbəbdən antivirus proqramları çoxsəviyyəli və kombinə olunmuş yanaşmalarla işləməyə üstünlük verirlər.

    Məlumatlarınızın təhlükəsizliyi üçün düzgün antivirus proqramı seçmək hər zamankindən daha önəmlidir.

  • Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

    Əvvəlki aylarla müqayisədə tikinti materialları bazarında qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə xaricdən gətirilən məhsullarda daha qabarıq hiss edilir.

    Median.Az ATV-yə istinadən xəbər verir ki, son iki həftədə bazarda qiymətlərin artdığı daha çox taxta, sement və mişar daşı kimi əsas tikinti materiallarında nəzərə çarpır. Məsələn, bir neçə ay öncə kubu 320 manata satılan taxta hazırda 340 manata təklif olunur. Sementin bir kisəsində 50 qəpik, mişar daşında isə 10 qəpik artım qeydə alınıb. Qiymət artımı digər tikinti materiallarında da özünü göstərir.

    Alıcılar bahalaşmadan narazıdırlar. Satıcılar isə bunu həm istehsal xərclərinin, həm də idxal qiymətlərinin artması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, dam örtükləri, sement, xırdavat məhsulları və digər materialların satış qiymətlərində də yüksəliş var.

    “Əvvəllər taxtanın kubunu 320 manata alırdıq, indi 330-340 manata qədər qalxıb. Artım var və bu davam edir”, – deyə satıcılardan biri bildirib.

    Dam örtüklərinin qiymətləri qalınlıq və keyfiyyətə görə dəyişir – 3 manat 50 qəpikdən başlayaraq, 30 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, məhsullar yerində bahalaşır, bu isə onların satış qiymətlərinə təsir göstərir.

    Xatırladaq ki, Azərbaycanda tikinti materialları sonuncu dəfə mart ayının əvvəlində bahalaşmışdı.

  • “Sabah” 9 oyundan sonra Premyer Liqada qələbə qazandı

    Misli Premyer Liqasının XXXI turunda “Sabah” “Səbail”ə qalib gəlib.

    “Bank Respublika Arena”da keçirilmiş oyunda “bayquşlar” 3:2 hesablı qələbə qazanıblar.

    Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82, avtoqol) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb. Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Süleyman Alluş (74) dəqiq zərbə müəllifi olublar.

    Turnir cədvəlində “Sabah” 39 xalla beşincidir. “Səbail” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

    Bu, “Sabah”ın Premyer Liqada 9 oyundan sonra ilk qələbəsi olub.

    Xatırladaq ki, turun açılış oyununda “Araz-Naxçıvan” dünən doğma meydanda “Turan Tovuz”la heç-heçəyə (1:1) razılaşıb.

  • Ağ Ev COVID-19-un Çində laboratoriya şəraitində yarandığını iddia edir

    Ağ Evin rəsmi internet saytı koronavirusun “həqiqi mənşəyi” barədə məlumat yayıb.

    Qaynarinfo xəbər verir ki, ABŞ hökumətinin versiyasına əsasən, COVID-19 virusu laboratoriya mənşəlidir. Çin hökuməti isə bu iddianı dəfələrlə rədd edib.

    Amerika tərəfi bu arqumentini “SARS-CoV-2 virusunun ən yaxın mənşəyi” adlı nəşrə istinadla əsaslandırır. Bildirilib ki, bu sənəd daha əvvəl dəfələrlə ABŞ rəsmiləri və media tərəfindən laboratoriya sızması versiyasını gözdən salmaq məqsədilə istifadə edilib. Ağ Ev öz mövqeyini dəstəkləmək üçün beş əsas arqument irəli sürüb:

    * virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olması;
    * COVID-19 yoluxma hallarının hamısının tək bir mənbədən qaynaqlanması, halbuki əvvəlki pandemiyalar virusun insanlara bir neçə dəfə ötürülməsi ilə başlayıb;
    * Uhan şəhərində qeyri-tipik sətəlcəm üzrə ixtisaslaşmış laboratoriyanın yerləşməsi və burada “bioloji təhlükəsizlik standartlarına əməl olunmadan” genetik dəyişikliklərlə bağlı tədqiqatların aparılması təcrübəsinin olması;
    * Uhan Virusologiya İnstitutunun tədqiqatçılarının pandemiyadan bir neçə ay əvvəl, 2019-cu ilin payızında COVID-19-a bənzər simptomlarla xəstələnməsi;

    Ağ Ev hesab edir ki, əgər virusun təbii mənşəyi olsaydı, elmi ölçülərlə buna dair sübutlar artıq əldə olunardı, lakin belə sübutlar yoxdur.

    Qeyd edək ki, yanvar ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) COVID-19-un təbii deyil, süni mənşəli olduğunu iddia edən hesabat dərc etsə də, bu barədə dəqiq sübutlar təqdim olunmayıb. Mart ayında isə ABŞ məhkəməsi Çin hökumətini pandemiyanın əvvəlində koronavirusun yayılması ilə bağlı məlumatları gizlətməkdə günahkar sayıb və Çin Xalq Respublikasından 24 milyard ABŞ dollarından artıq məbləğdə təzminat ödənilməsi qərarını çıxarıb.

  • Messi meksikalı azarkeşlərin düşmənçiliyindən şikayətləndi

    Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi meksikalı azarkeşlərin ona qarşı düşmən münasibətindən narazılığını ifadə edib.

    Əfsanəvi futbolçu bu barədə “YouTube” platformasında yayımlanan “Simplemente Futbol” kanalına verdiyi müsahibədə danışıb.

    “Onlar (Meksika azarkeşləri) özlərini rəqib yerinə qoyurlar, amma əslində belə bir rəqabət mövcud deyil. Argentina və Meksika yığmaları arasında müqayisə aparmaq mümkün deyil. Mən bilmirəm bu rəqabət hardan qaynaqlanır. Meksikalılarla nə baş verdiyini və bu qəzəbin haradan gəldiyini anlamıram”, deyə o bildirib.

    Messi “Barselona” klubunun yetirməsidir. O, əsas komandada 2003-2021-ci illərdə çıxış edib. Bu müddətdə 835 oyunda meydana çıxaraq 709 qol vurub. Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu adını qazanıb. İki dəfə Amerika Kubokunu əldə edib və səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.

    2021-ci ildə Messi Fransanın PSJ klubuna keçib, 2023-cü ilin yayında isə ABŞ-ın MLS liqasında çıxış edən “İnter Mayami” klubuna transfer olunub.
    //qaynar.az

  • Füzulidə evlərə qənim kəsilən oğru ələ keçdi – Hökm oxundu

    Füzuli rayonunun Kərimbəyli kəndində evlərə qənim kəsilmiş oğru həbs edilib.

    Arif Qulamov (şərti) Kərimbəyli kəndində 5 evdən oğurluq edib. O, girdiyi evlərdən əsasən qızıl-ziynət əşyaları oğurlayıb.

    İş materiallarından məlum olur ki, Arif Qulamov əvvəlcə oğurluq üçün girəcəyi evləri müşahidə altında saxlayıb. Evdə heç kimin olmadığına əmin olduqdan sonra niyyətini həyata keçirib.

    Lakin onun “fəaliyyəti” uzun çəkməyib. Sonuncu “işindən” sonra hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq – təkrar törədildikdə), 177.2.3 (Oğurluq -yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq – külli miqdarda oğurluq) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinin məhkəmə istintaqı Füzuli Rayon Məhkəməsində aparılıb. Məhkəmədə Arif Qulamov verilmiş ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib. Həmçinin əlavə edib ki, zərərçəkmişlərə dəymiş zərər ödənilib və onlarla barışıq əldə edilib.

    Məhkəmə bütün bunları nəzərə alaraq ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Arif Qulamovun 6 ay həbsdə saxlanıldığı müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla ona verilən cəzadan çıxılıb və üzərində qəti olara 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Etna yenidən fəallaşdı: Lava və kül gecəni işıqlandırdı

    İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən hündür aktiv vulkanı olan Etna aprel ayının əvvəlindən bəri müşahidə olunan aktivliyə ötən axşam daha bir partlayış əlavə edib.

    Etna vulkanının 2900 metr hündürlükdə yerləşən cənub-şərq kraterində, axşam yerli vaxtla saat 19:00 radələrində başlayan vulkanik fəaliyyət gecə boyunca davam edib. Kraterdən yüksələn lavalar vulkanın cənub-şərq yamacı boyunca üç istiqamətdə axmağa başlayıb.

    Vulkanik partlayışların yaratdığı güclü səs-küy ətraf kəndlərdə aydın şəkildə hiss olunub. Yerli əhali gecə boyu bu təbii mənzərəni izləyib.

    İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsi Etna yanardağında artan aktivliyi təsdiqləyib. Həmçinin, bölgə üzərindən keçən aviasiya uçuşları üçün “narıncı” xəbərdarlıq kodu elan olunub. Lakin bu ana qədər Kataniya “Fontanarossa” hava limanında uçuşların normal rejimdə davam etdiyi bildirilib.

    Təxminən 3300 metr hündürlüyə malik olan Etna vulkanında baş verən bu son partlayış aprel ayında qeydə alınan dördüncü vulkanik aktivlikdir. Bənzər hərəkətlilik bu ilin fevral ayında da müşahidə olunmuşdu.
    //qaynar