Month: June 2025

  • Bakıda 54 yaşlı prokuror köməkçisi vəfat etdi

    Bakıda prokuror köməkçisi vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd edilir ki, Xəzər rayon prokurorunun köməkçisi, 1971-ci il təvəllüdlü Mahmudağa Mahmudzadə dünən vəfat edib.

    M.Mahmudzadə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, dünən günorta saatlarında dünyasını dəyişib.
    //oxu.az

  • İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

    Median.Az AZƏRTAC-ın istinadən xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.

    Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib.

    Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda bp şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

    Görüşdə SOCAR ilə bp arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


  • Çindən Azərbaycana idxal edilən 50 minə yaxın baytarlıq preparatı MƏHV EDİLDİ

    Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni tetravit” əmtəə nişanlı baytarlıq preparatından nümunələr götürülərək müayinələrə cəlb edilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26 900 ədəd 100 ml-lik (suspenziya) və 20 400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.

  • Bu gecə Mərdəkan və Şüvəlanda işıq olmayacaq

    Bu gecə Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 459 saylı yarımstansiyada təmir-təftiş işlərinin aparılması ilə əlaqədar iyunun 19-da bəzi ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar olaraq saat 03:00-dan saat 06:00-dək Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Qəbul imtahanının nəticələri elan olundu

    Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib

    Qaynarinfo xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

    Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37 693 abituriyentdən (I qrup üzrə 31 167 nəfər, IV qrup üzrə 6 526 nəfər) 1 551 nəfər (I qrup üzrə 1 379 nəfər, IV qrup üzrə 172 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 7 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 7 986 abituriyentdən 954 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

    Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Mirağa İxtiyar oğlu Əliyev və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu Alı Vəfadar oğlu İsmayılov göstərib. Alı İsmayılov hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

    Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Fidan Ayaz qızı Əliyeva, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Arif Pərviz oğlu Hüseynli, Xaçmaz rayon 8 saylı şəhər orta məktəbinin məzunu Ləman Vasif qızı Əliyeva, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Anar Qurban oğlu Babayev, Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Aylin Rauf qızı Xəlilova göstərib. Aylin Xəlilova hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

    Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 iyun saat 10:00-dan 23 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    – Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

    – Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
    – Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

    Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

  • Naxçıvan Konstitusiyasında nələr dəyişir? – TƏFƏRRÜAT

    Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsinin təfərrüatları məlum olub.

    Modern.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, 5-ci maddə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətlərini nəzərdə tutur.

    Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

    Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

  • Ermənistan Rusiyaya nota verdi

    Ermənistan rusiyalı teleaparıcı Vladimir Solovyovun çıxışına görə Rusiyaya nota verib.

    Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı deyib.

    Nazir bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ictimai xadimlərinin “təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri” səbəbindən Rusiya tərəfinə nota göndərib.

  • Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

    Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub.

    Məhərrəm ayının ilk günü iyunun 26-a təsadüf edir. Aşura günü iyulun 5-nə təsadüf edəcək.

    İyulun 25-i Məhərrəm ayının son günüdür. Daha sonra isə Səfər ayı başlayır.

  • 70 ildən çoxdur istehsal olunur: ABŞ-da ən populyar avtomobil məlum oldu

    ABŞ-da 2025-ci ilin satış statistikasına əsaslanan yeni reytinq Ford F-Series modelinin liderliyini bir daha təsdiqləyib. Eyni zamanda Tesla Model Y geriləyərək yalnız 9-cu yeri tutub.

    Qaynarinfo xəbər verir ki, bu barədə Focus2Move adlı ixtisaslaşmış portal məlumat yayıb.

    Məlumata görə, Ford F-Series bu ilin may ayına olan göstəricilərə əsasən satışlarını 16% artırıb. Reytinqdə ikinci yeri Chevrolet Silverado, üçüncü yeri isə Toyota RAV4 tutur. Maraqlıdır ki, hər iki modelin satışları nisbətən azalıb. İlk onluğun son pilləsində isə Honda Civic qərarlaşıb.
    ABŞ-da ən çox satılan 10 avtomobil (2025, may ayına qədər):

    1. Ford F-Series (+16%)
    2. Chevrolet Silverado (−10,5%)
    3. Toyota RAV4 (−4,4%)
    4. Honda CR-V (+17,6%)
    5. Chevrolet Equinox (+46,4%)
    6. Ram Pick-Up (−7,8%)
    7. GMC Sierra (+36,5%)
    8. Toyota Camry (−0,5%)
    9. Tesla Model Y (−34,5%)
    10. Honda Civic (+0,4%)

    Digər bir araşdırmaya əsasən, Amerikadakı varlıların ən çox üstünlük verdiyi marka Tesla-dır. Reytinqdə Ford da yer alıb. İlk onluğu isə ABŞ-da tanınmış elektrikli avtomobil istehsalçısı Rivian tamamlayır.

    Qeyd: Ford F-Series ilk dəfə 1950-ci illərdə satışa çıxarılıb və bu günə qədər ABŞ-da ən uzunömürlü və stabil satılan pikap seriyası kimi tanınır.

  • Zərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?

    Mən zərgərlik məhsullarının satışı ilə məşğul oluram. Keçən ildən Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə bildirilir ki, zərgərlik məmulatlarının 15 min manatdan artıq olan satışı üzrə ödənişlər yalnız nağdsız olmalıdır. Amma heç bir sanksiya nəzərdə tutulmadığından, hərdən dəyəri 15 min manatdan artıq olan ödənişləri nağd qəbul edirəm. Vergi orqanı bu hala görə sonradan məni cərimələyə bilərmi?

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2023-cü il fevralın 1-dən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.15-ci maddəsinə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alğı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

    2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsində edilmiş dəyişikliyə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.15-ci və 3.4.16-cı maddələrinin tələblərinin pozulmasına görə də məsuliyyət tədbiri müəyyən edilib. Belə ki, bu tələbləri pozmaqla ödənişi nağd qaydada qəbul edən şəxsə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.