Month: June 2025

  • Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

    Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

    Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    O həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

  • Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

    Azərbaycan 2027-ci ildə ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

    Bu barədə Qış İdman Növləri Federasiyasının (AQİNF) Mətbuat xidməti məlumat yayıb.
    AQİNF tərəfindən xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən yarışın “Şahdağ”da keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yarış beynəlxalq federasiyanın təqviminə salınıb.

    Qeyd edək ki, dünya çempionatının 2027-ci il fevralın 28-dən martın 7-nə qədər “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

  • Evlərimizi niyə sığortalaya bilmirik?

    Əmlaka dəyən ziyanla bağlı ən ciddi problemlərdən biri də sığorta məsələsidir. Çox vaxt zərər çəkmiş vətəndaşların evləri və torpaq sahələri sığortalanmadığı üçün baş vermiş dağıntıların fəsadları dövlət və ya fərdi imkanlar hesabına aradan qaldırılmalı olur. Bu isə həm zərərçəkənlər üçün sosial-iqtisadi yük yaradır, həm də dövlətin maliyyə resurslarına əlavə təzyiq göstərir.

    Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlaması zamanı bildirib ki, ötən illərlə müqayisədə yaşayış evləri və mənzillərin icbari sığortalanmasında artım müşahidə edilir:

    “Müşahidələr göstərir ki, ölkədə daşınmaz əmlakın icbari sığortası heç də kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını sığorta etdirməkdən yayınır. Hətta ölkənin regionlarında yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyi itki hesab edir. Düşünürəmki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilməlidir”.

    Millət vəkilinin sözlərinə görə, bu tədbirlər şəhərlərdə də mütəmadi olaraq keçirilməli və əsasən əhaliyə sığortanın əhəmiyyəti, önəmi barədə ətraflı məlumat verilməlidir:

    “Əgər bu gün daşınmaz əmlakın icbari sığortasına tələbat kifayət qədər deyilsə buna başlıca səbəb insanların məlumatının az olmasıdır. Bu səbəblərdən də biz icbari sığorta sisteminə üstünlük verməliyik. Ümumiyyətlə icbari sığorta sığorta münasibətlərinin inkişafına stimul yaradan bir sığorta növüdür. Vətəndaşlar məcburi və ya icbari olaraq bu sığortadan istifadə edir ki, bu da bütövlükdə sığorta bazarının genişlənməsinə və sığorta imkanlarının artmasına gətirib çıxardır”.

    O həmçinin qeyd edib ki, daşınmaz əmlakın sığortalanması üçün elektron sistem də yaradılmalıdır.

    “Bu yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. İnsanlar bu sistem vasitəsilə sığortalayacağı daşınmaz əmlakın qiymətini də əvvəlcədən öyrənmiş olar,- deyə M.Cəfərov söyləyib”.

  • Bakıda istirahət bahalaşır – Otellərdə qiymətlər

    Yay mövsümünün başlanması ilə birlikdə Bakıda otel qiymətləri ciddi şəkildə artıb. Paytaxtda yerləşən otellərdə bir gün gecələmə qiymətləri 15 manatdan başlayaraq 1000 manata qədər yüksəlir. Qiymətlər otelin kateqoriyasından, yerləşdiyi ərazidən və təqdim olunan xidmət səviyyəsindən asılı olaraq dəyişir. Hazırda həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında 5 ulduzlu otellər üstünlük təşkil edir. Lakin orta və aşağı büdcəli turistlər üçün də seçimlər mövcuddur.

    Sfera.az adi hostellərdən tutmuş, ən bahalı, 5 ulduzlu, lüks otellərin qiymətini araşdırıb.

    Ən yüksək qiymətə malik otellər sırasında “JW Marriott Absheron Baku” liderlik edir. Burada gecəlik qiymət təxminən 750 AZN-ə çatır.

    “Fairmont Baku” (Flame Towers) isə hazırda 450 AZN civarında qiymətlə xidmət göstərir.

    Son məlumatlara əsasən, “Hilton Baku” otelində isə 1 gecəlik qalma qiymətləri belədir:

    – “King Room” (səhər yeməksiz) – 207 AZN;
    – “Double Room”- 262 AZN;
    – “Deluxe Room”-  302 AZN;

    Qiymətlər mövsümə və tədbirlərə uyğun dəyişə bilir. Yay və tədbir dövrlərində, xüsusilə “Formula 1”, “COP29” və beynəlxalq konfranslar zamanı qiymətlər 2–4 dəfə artaraq 1000 AZN-ə qədər yüksəlir.

    Lüks xidmət axtaranlar üçün “Port Baku Residence” və “Port Baku Hotel Apartments” artıq otel sektorunun özəl seqmentinə çevrilib. Rəsmi olaraq otel olmasa da, təklif etdiyi xidmətlər və komfort səviyyəsi ilə bəzən 5 ulduzlu otelləri belə geridə qoyur.

    Burada da otaq qiymətləri bu cür dəyişir:

    – 1 otaqlı  300–400 AZN;
    – 2 otaqlı  450–600 AZN;
    – 3 otaqlı  700–1000 AZN;

    “Port Baku Hotel Apartments”da isə qiymətlər aşağıdakı kimidir:

    – “Studio” 280–350 AZN;
    – “1 Bedroom” 400–500 AZN;
    – “2 Bedroom” 600–800 AZN;

    Qiymətləri daha münasib olan otellər də turistlərin diqqətindədir.

    Məsələn, otel nömrələri “Holiday Inn Baku”da 140–225 AZN, “Radisson Hotel Baku”da 155–185 AZN, “Mövenpick Winter Park Baku”da isə 170–205 AZN aralığındadır.

    Bu otellər həm işgüzar səfərlərdə, həm də ailəvi istirahət üçün geniş istifadə olunur.

    Büdcəsi az olanlar üçün isə paytaxtda aşağıdakı qiymətlərə uyğun məkanlar mövcuddur:

    – “Travel Inn Hostel” 15–17 AZN;
    – “Altus Hotel Baku” 24–30 AZN;
    – “Grand Inn Baku” 70 AZN;
    – “Sahil Hotel” 80–100 AZN;

    Bu kateqoriyadakı otellər əsasən gənclər və səyahət edən turistlər üçün əlverişlidir.

    Bəs qiymətləri dəyişən əsas faktorlar nələrdir?

    İlk faktor mövsümdür, yayda qiymətlər artır, qışda enir. İkinci məsələ isə tədbirlərdir. Beynəlxalq tədbirlər zamanı qiymətlər yüksəlir. Rezervasiya vaxtı da qiymətlərə təsir edən nüanslardandır. Erkən sifariş zamanı daha aşağı qiymətlərlə xidmət əldə etmək mümkündür. 

    Eləcə də həftəsonu qiymətləri adi günlərlə müqayisədə daha yüksək olur.

    Bakıda qiymətlərə görə otel seçimi genişdir. Hər bir şəxs öz imkanlarına və məqsədilə uyğun olaraq otel və nömrələr seçə bilər.

  • Alimlər yuxusuzluqla 24 saat ərzində mübarizə üsulu tapdı

    Sadəcə bir qida dəyişikliyi sayəsində artıq növbəti gecədən daha yaxşı yuxu almaq mümkündür. Alimlər göstəriblər ki, gündəlik qidalanma vərdişlərindəki kiçik dəyişiklik yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

    Qaynarinfo xəbər verir ki, pis yuxu yalnız yorğunluğa deyil, həm də ürək xəstəliklərinə, yaddaş zəifləməsinə, öyrənmə çətinliklərinə və əhval pozğunluğuna səbəb ola bilər. Lakin “Sleep Health” jurnalında dərc olunan yeni tədqiqat göstərir ki, gündəlik meyvə və tərəvəz istehlakını artırmaqla yuxu keyfiyyətində nəzərəçarpacaq dəyişiklik əldə etmək mümkündür – özü də cəmi bir gün ərzində.

    Tədqiqatın həmmüəllifi, yuxu mütəxəssisi Esra Tasalinin sözlərinə görə, böyük təsiri cəmi 24 saat ərzində müşahidə etmək mümkün olub.

    Tədqiqatda sağlam, gənc insanlar iştirak edib. Onlar gündəlik yedikləri qidaları mobil tətbiq vasitəsilə qeydə alıb və biləklərində yuxu monitoru daşıyıblar. Alimlər bu cihazların köməyi ilə “yuxunun parçalanma səviyyəsini” – yəni, gecə ərzində nə qədər tez-tez oyanma və ya dərin yuxudan yüngül yuxuya keçmə hallarını ölçüblər.

    Məlum olub ki, gün ərzində daha çox meyvə və tərəvəz yeyən insanların gecə yuxusu daha dərin və fasiləsiz olub. Eyni zamanda, tam taxıllar kimi faydalı karbohidratlardan istifadə edən şəxslərin də yuxu keyfiyyəti yüksək olub.

    Araşdırmaya görə, gündə tövsiyə olunan beş kasa (təxminən 400–500 qram) meyvə və tərəvəz istehlak edən insanlar, bu qidaları ümumiyyətlə qəbul etməyənlərə nisbətən 16% daha keyfiyyətli yuxu alıblar.

  • Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

    Yel Universitetinin alimləri müəyyən ediblər ki, spirtli içki istifadəsi qadınların beyin immun sisteminə kişilərə nisbətən daha ağır təsir göstərir.

    Tədqiqatın nəticələri “Biological Psychiatry” (BioPsy) jurnalında dərc olunub.

    Beynin immun sistemini xüsusi hüceyrələr – mikrogliya təşkil edir. Bu hüceyrələr neyronların qorunmasında, iltihabın tənzimlənməsində və idrak funksiyalarının dəstəklənməsində əsas rol oynayır. Alimlər spirtin mikrogliyaya təsirini öyrənmək üçün yüngül və orta dərəcəli alkoqol asılılığı olan qadın və kişilərin beynində pozitron-emissiya tomoqrafiyası (PET) aparıblar. Müqayisə üçün alkoqol qəbul etməyən sağlam könüllülərin məlumatları da nəzərdən keçirilib.

    Araşdırma göstərib ki, sağlam qadınlarda mikrogliya səviyyəsi kişilərlə müqayisədə daha yüksək olub. Bu, qadınlarda ümumilikdə daha güclü immun reaksiyalar və otoimmün xəstəliklərə meyillə əlaqəli ola bilər. Lakin alkoqol asılılığı olan qadınlarda mikrogliya səviyyəsi kəskin şəkildə azalıb. Eyni miqdarda alkoqol istehlak edən kişilərdə bu cür dəyişiklik müşahidə olunmayıb.

    Mikrogliya çatışmazlığı təkcə beyin immun müdafiəsinə deyil, həm də emosional və idrak funksiyalarına mənfi təsir göstərib. Alkoqol asılılığı olan qadınlarda depressiv əlamətlər və yüksək narahatlıq halları daha çox qeydə alınıb. Həmçinin, onlarda planlaşdırma, qərarvermə və özünüidarəetmə kimi icraedici funksiyalar da zəifləyib.

    Mikrogliya çatışmazlığı xüsusilə beyincikdə (mojjeçok) özünü göstərib – bu beyin nahiyəsi təkcə hərəkətlərin koordinasiyasına deyil, həm də emosiyaların və idrak proseslərinin tənzimlənməsinə cavabdehdir.
    //qaynar.az

  • ​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR

    2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir.

    Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

    O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:

    “İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.

    Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq”.

    V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.

    “Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir”.

    Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:

    “Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var”.

    R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.

    “Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur”, – deyə o fikrini tamamlayıb.
    //Trend

  • Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (VİDEO)

    Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib.

    Median.Az Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu İsmayıl Sadiqliyə “Buta Palace”da möhtəşəm toy keçirib.

    S.İsmayıl Nigar adlı xanımla ailə həyatı qurub. Gəlin Rusiyada fəaliyyət göstərən tanınmış biznesmenlərdən birinin qızıdır.

    İş adamı Cəbrayıl Sadiqli toya məşhur türk müğənnisi Rafet El Romanı dəvət edib.

    Mərasimdə Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və tanınmış muğam ifaçısı Mirələm Mirələmov, Nuri Sərinləndirici və başqa məşhurlar iştirak edib. Sənətçilərlə bərabər bir sıra siyasətçilər, məşhur biznesmenlər, ictimai xadimlər məclisdə qonaq olub.

    Qeyd edək ki, Cəbrayıl Sadiqli Azərbaycanda “Dəniz” mebellər şəbəkəsinin və bir sıra biznes obyektlərinin sahibidir.

  • Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

    “Pirelli” şirkətinin yeni layihəsi, ağıllı təkərlərin yol örtüyünün vəziyyətini real vaxtda izləməsinə və yol təmir işlərinə istiqamət verməsinə imkan yaradacaq.

    Qaynarinfo xəbər verir ki, ağıllı təkər texnologiyası yalnız nəqliyyat vasitələrinin təhlükəsizliyi və performansı baxımından deyil, eyni zamanda yol infrastrukturunun davamlılığına dəstək verməyə hazırlaşır.

    Xüsusilə İtaliyanın Apuliya bölgəsində başladılan pilot proqram çərçivəsində “Pirelli” şirkətinin “Cyber Tyre” adını verdiyi ağıllı təkərlərin tətbiqi ilə bölgədəki yol şəbəkəsinin “sağlamlıq xəritəsi” hazırlanacaq. Bu layihə təkərlərdən toplanan məlumatları avtomobillərə quraşdırılmış kameralar vasitəsilə əldə edilən vizual görüntülərlə birləşdirərək, yol vəziyyəti barədə əhatəli analiz təqdim edəcək.

    “Pirelli”nin “Cyber Tyre” sistemi təkərin içərisinə yerləşdirilmiş sensorlar vasitəsilə asfaltın kobudluğu və nizamsızlığı kimi amilləri təhlil edən alqoritmlərlə işləyir. Toplanan məlumatlar bulud sisteminə ötürülərək emal edilir və yerli idarəetmə orqanlarına rəqəmsal panel üzərindən yol vəziyyətini izləməyə imkan yaradır. Beləliklə, yol təmir qrupları problemləri daha tez və səmərəli şəkildə aşkar edərək müdaxilə edə biləcək, bu isə yolların ümumi keyfiyyətini və təhlükəsizliyini artıracaq.

    Bu pilot proqram göstərir ki, ağıllı təkərlər yalnız fərdi avtomobillərin təhlükəsizliyinə deyil, bütövlükdə yol şəbəkəsinin idarə olunmasına da əsaslı şəkildə təsir edə bilər.

    Gələcəkdə bu kimi texnologiyalar vasitəsilə yol vəziyyəti barədə daimi və dəqiq məlumat əldə etmək daha düzgün infrastruktur qərarlarının verilməsinə, təmir xərclərinin azaldılmasına və sürüş təcrübəsinin yaxşılaşdırılmasına kömək edəcək. Ağıllı təkərlər nəqliyyat vasitələrinin yol ilə qarşılıqlı əlaqəsini optimallaşdıraraq həm yol hərəkəti təhlükəsizliyinə, həm də yanacaq səmərəliliyinə töhfə verəcək.

    Eyni zamanda avtonom idarəetmə texnologiyalarının inkişafı fonunda, nəqliyyat vasitələrinin yolun vəziyyətini analiz edərək uyğun sürüş tədbirləri görməsi üçün təkərlərdə bu cür sensorların olması həyati əhəmiyyət daşıyır.

  • Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir – Bilmədiyimizi bilirlər?

    21-ci əsrdə iOS və ya Android əməliyyat sistemli sensor telefonlar orta statistik insan üçün adi bir qurğuya çevrilib. Düyməli telefonlar isə çoxlarının fikrincə artıq keçmişin əşyasıdır – ya yaşlı insanlar, ya da maddi imkanı zəif olanlar üçün nəzərdə tutulur.

    Ancaq elə uğurlu insanlar da var ki, şəxsi biznesləri və milyonlarla vəsaitləri olsa da, yenə də məhz belə sadə cihazlardan istifadə edirlər. Onlar sensorlu və düyməli telefon arasındakı əsas fərqləri yaxşı bilirlər.

    Smartfonla düyməli telefon arasında fərq nədədir?

    Texniki detallara varmadan belə, hər iki cihazın iş prinsipi ilə tanış olduqda bir məqam aydın olur: smartfon istifadəçiyə daha çox interaktiv imkan təqdim edir. Smartfonlar internetə çıxış, kamera, messencerlər, sosial şəbəkələr və saysız tətbiqlərlə zəngindir.

    Düyməli telefonlarda isə əsas funksiyalar zəng, SMS göndərmək, bəzən zəif keyfiyyətli kamera, səs yazmaq və ya “ilan” oyunudur. İnternetə çıxış isə ya ümumiyyətlə yoxdur, ya da olduqca məhduddur.

    Bəs niyə uğurlu insanlar yenidən düyməli telefonlara qayıdır?

    Əsas səbəb – təhlükəsizlikdir.

    Uğurlu və özəl həyatını qorumağa çalışan insanlar üçün məlumatların toplanması böyük risk hesab olunur. Smartfonlar istifadəçinin demək olar ki, bütün fəaliyyətini izləyir – harada olduğunu, nə aldığını, hansı mövzularda maraqlandığını, hansı videolara baxdığını və sair.

    Bu isə həm texnoloji nəhənglərin informasiya idarəçiliyi baxımından, həm də kiberhücum və fırıldaqçılar baxımından risk yaradır. Əgər smartfon və ya onunla əlaqəli hesablar hack olunarsa, şəxsi məlumatlar, fotoşəkillər, bank məlumatları və s. üçüncü şəxslərin əlinə keçə bilər.

    Düyməli telefonda isə belə bir şey mümkün deyil – o, sadəcə zəng edir, işləyir və heç bir məlumat toplamır. Bu cihazlar sadədir, dayanıqlıdır və batareya ömrü baxımından da üstünlük təşkil edir. Hətta zarafatla deyildiyi kimi: “Düyməli telefon yerə düşsə, döşəmə sınar, özü yox”.

    Nəticə

    Hansı cihazın sizin üçün daha yaxşı olduğuna yalnız siz qərar verə bilərsiniz. Əgər şəxsi təhlükəsizlik və sadəlik sizin üçün prioritetdirsə, düyməli telefona keçid sizin üçün daha uyğun ola bilər. Ancaq gündəlik iş və həyatınız üçün smartfon funksiyaları zəruridirsə və məlumat toplanması sizi narahat etmirsə, müasir cihazdan istifadə etməyə davam edə bilərsiniz.//qaynar.az