Month: August 2025

  • Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş

    Həbsdə olan müğənni Rəqsanə İsmayılova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

    Bu barədə onun qızı, ifaçı Aysun İsmayılova “Instagram” hesabında məlumat verib.

    O bildirib ki, anası onkoloji xəstəliklə mübarizə aparır.

    Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

    Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü

    Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döyüb.

    Hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Pərviz İmanov (soyadı şərtidir) Bakıda mebel sexində işləyib. O, Aişə adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətlərində olub və birlikdə yaşamağa başlayıb.

    Bir neçə gün öncə işdən yorğun gələn Pərviz yatıb və telefonu qonaq otağında qalıb. Fürsətdən istifadə edən Aişə onun telefonuna baxarkən, sosial şəbəkə hesablarında yarıçılpaq qız şəkillərini bəyəndiyini görüb.

    Səhəri gün axşam evə gələn Pərviz Aişəni əsəbi görüb və səbəbini soruşub. Aişə Pərvizdən sosial şəbəkələrdə yarıçılpaq qız şəkillərini niyə bəyəndiyini soruşub və nəticədə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Aişə Pərvizi vurub və onun dünyasını dəyişmiş anasını söyüb.

    Tərəflər arasında dava başlayıb və hər iki şəxs bir-birinə xəsarət yetirib. Aişənin anası məsələ ilə bağlı polisə məlumat verib və hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanılıb.

    Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə tərəflərə barışıq təklif edilsə də, Aişə Pərvizlə barışmayıb və ona cəza verilməsini istəyib.

    Məhkəmənin hökmü ilə P.İmanov aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla bir il islah işləri cəzasına məhkum edilib.
    //oxu.az

  • Şəkidə 49 yaşlı kişi restoranda öldü

    Şəkidə istirahətə gedən 49 yaşlı kişi restoranda ölüb.

    Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Fədai Əsədov Şəki şəhərində restoranlardan birində olarkən qəfildən halı pisləşib. O, restoranda ürək çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib

    London-Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “NOMAD AVIATION AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

    Bildirilib ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.

    Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.

  • Ağ Ev Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşdı

    Ağ Evin mətbuat katibi Kerolayn Livitt Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin ölkənin aparıcı media orqanlarından biri olan “The Washington Examiner” jurnalına verdiyi geniş müsahibəni “X” sosial şəbəkəsində paylaşıb.

    “Report” xəbər verir ki, bu gün nəşr olunan müsahibə “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı “əsl sülhməramlı” adlandırıb” başlığı ilə yayımlanıb.

    Səfir jurnalist Bredi Noksa verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmada həlledici rol oynadığını bildirib və onu “həqiqi sülh qurucusu” adlandırıb.

    Diplomat 8 avqustda imzalanan tarixi sənəd barədə ətraflı məlumat verib. O qeyd edib ki, artıq xarici işlər nazirləri tərəfindən ilkin təsdiqlənən sənəd gələcəkdə imzalanacaq müqavilənin əsasını qoyur

    Razılaşmaya əsasən, ABŞ nəzarətində yaradılacaq dəhliz həm Ermənistan və Azərbaycan üçün yeni inkişaf imkanları açacaq, həm də Azərbaycanla strateji tərəfdaşı Türkiyə arasında birbaşa ticarət əlaqələrinə yol açacaq.

    X.İbrahim müsahibəsində Tramp administrasiyasının bölgəyə sülh və inkişaf gətirmək əzmində olduğunu xüsusi vurğulayıb: “Prezident Tramp həqiqi liderdir, sülh qurucusudur. Ona görə biz inandıq ki, yalnız bölgəmizdə deyil, bütün dünyada daha çox sülh və tərəqqi olacaq. Nəticəni də gördük”, – səfir qeyd edib

  • 1,6 manatlıq şirkət Cəlilabadda yarım milyonluq tender uddu

    “Tender kralı” kimi tanınan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti daha bir satınalma müsabiqəsinin qalibi seçilib.

    Qaynarinfo xəbər verir ki, şirkət Cəlilababd Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyinin Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə ilə bağlı keçirdiyi tenderdə qalib olub. Yolların təmirinə görə şirkətə 423 594,59 manat ödəniləcək.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

    Açıq mənbələrdə “Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur. Zaur Abıyevin adı isə “MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib.

    “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin hazırda 4 885,85 manat vergi borcu var. Şirkət cari ildə 4 tenderin qalibi seçilib.

    Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, şirkət əsasən cənub bölgəsində yerləşən rayonların yerli icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi seçilib.

    Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O, 2021-ci ildən rayona rəhbərlik edir.

  • Şuşa həbsxanasının taleyi necə olacaq? – Açıqlama

    XIX əsrin ortalarında inşa edilmiş Şuşa həbsxanası tarixi əhəmiyyət daşıyan tikililərdən biridir və işgal dövründə erməni silahlı birləşmələri tərəfindən müxtəlif məqsədlərlə istifadə olunub.

    Modern.az Şuşa həbsxanasının gələcəkdə hansı istiqamətdə istifadə olunacağına dair məlumat əldə etmək üçün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə sorğu ünvanlayıb.

    Saytımızın sorğusuna cavab olaraq Şuşa Şəhəri Dövlət Qoruq İdarəsindən bildirilib ki, hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həmin kompleksdə İşğal Muzeyinin yaradılması ilə bağlı layihə hazırlanma mərhələsindədir.

    Əlavə olaraq qeyd edilib ki, layihə çərçivəsində binanın tarixi və memarlıq xüsusiyyətləri nəzərə alınmaqla bərpa edilməsi, müasir muzey formatında qorunaraq gələcək nəsillərə təqdim olunması nəzərdə tutulur.

  • “Go!” içib “Mərkəzi Bazar”a getdilər, 1300 manatlıq siqaret oğurladılar

    Mingəçevirdə fəaliyyət göstərən “Mərkəzi Bazar”da oğurluq hadisəsi baş verib.

    Bazarda tütün məmulatlarının topdan satışını həyata keçirən köşkdən 1300 manat dəyərində müxtəlif markalı siqaretlər, 1 ədəd “Samsung A3” markalı mobil telefon və 25 manat 35 qəpik pul oğurlanıb.

    Köşkün sahibi dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər saxlanılıb. Onlar biri yetkinlik yaşına çatmayıb.

    Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (Oğruluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb.

    Təqsirləndirilən şəxslərin ifadələrindən məlum olub ki, onlar “Go!” içkisi içdikdən sonra “Mərkəzə Bazar”a gediblər. Oğruluq planını orada qurublar.
    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən birinə 1 il 11 ay 26 gün, digərinə isə 11 ay 26 gün müaddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
    //qaynar.az

  • Bu şirkətin anbardarı həbs edilib – 50 minlik yeyinti

    “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax regional anbarının satıcı-anbardarı həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hikmət Fətəliyev şirkətin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir.

    Burada söhbət 50 min manatdan artıq yeyintidən gedir. Satıcı anbardar prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 309 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

    İttihamların ağırlığı da nəzərə alınaraq H.Fətəliyev barəsində həbs qərarı verilib. Təqsiri sübuta yetirilsə və ziyan ödənilməsə, o, 5 ildən 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.

  • Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? – QİYMƏTLƏR

    Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyard 477,8 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı 10% artıb.

    Belə ki, ötən ilin ilk 7 ayında xaricdən ölkəyə 1 milyard 342,6 milyon dollar dəyərində yeyinti məhsulları gətirilib.

    Ən çox idxal olunan məhsullar arasında dəyər baxımından meyvə-tərəvəz, miqdar baxımından isə buğda üstünlük təşkil edib.

    Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycana 248,5 min ton tərəvəz və meyvə idxal edilib, bunun gömrük dəyəri 191,5 milyon dollar olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta qiyməti 1,30 manat təşkil edib.

    Bundan başqa 646,3 min ton buğda ölkəyə gətirilib və dəyəri 140,1 milyon dollar olub. Bu zaman buğdanın 1 kiloqramının gömrük dəyəri 37 qəpiyə bərabər olub.

    Həmçinin 55,1 milyon dollar dəyərinə 25,1 min ton ət idxal olunub. Bunun da 1 kiloqramının orta gömrük dəyəri 3,5 manat olub.

    9,3 min ton süd və qaymaq idxalının dəyəri isə 15,7 milyon dollar olub və 1 kiloqram üçün qiymət 2,9 manat təşkil edib. 16,6 min ton kərə yağının idxalı üçün 113,6 milyon dollar ödənilib və 1 kiloqramın orta gömrük dəyəri 11,5 manat olub.

    Eyni zamanda, 7,8 min ton çay idxalının dəyəri 47,6 milyon dollar (1 kiloqram üçün orta qiymət 11 manat), 35,5 min ton düyü idxalı 33,6 milyon dollar (1 kiloqramın gömrük dəyəri 1,6 manat), 88,6 min ton bitki mənşəli yağların gömrük dəyəri 137,1 milyon dollar (1 kiloqram üçün qiymət 2,6 manat) təşkil edib.