Month: August 2025

  • Azad olunan ərazilərdə tullantılarla bağlı idarəetmə təkmilləşdirilir

    Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınmasını Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti həyata keçirəcək.

    “Təmiz şəhər” ASC-nin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı adı çəkilən publik hüquqi şəxslərin balansına verilir.

    Nazirlər Kabineti fərmanda göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün növbəti illərin dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

  • Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verildi

    Özbəkistan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Burxonova Gulnoza Raxmatullaevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Özbəkistanda dələduzluq və rəsmi sənədləri saxtalaşdırma cinayətlərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş G.R.Burxonova Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

  • Məhkəmə tərəfindən “Miray” ləqəbli Tiktoker 4 aylıq həbs edildi

    Sumqayıt polisinin keçirdiyi əməliyyatla saxlanılan TikTokda “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayevanın məhkəməsi keçirilib.

    Median.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə xanım tiktokerin vəkilləri Orxan Kəngərli və Elçin Əhmədov müvəkkilinin həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məhkəmədən xahiş ediblər.

    Miray ləqəbli xanım tiktoker də ona qarşı irəli sürülən ittihamla razılaşmayıb.

    Daha sonra Aysel Mustafayeva barəsində qərar elan edilib.

    Qərara əsasən, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Eyni zamanda, ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayeva Tiktokda sosial şəbəkəsində söyüş və təhqir dolu yayınlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb. O, postlarıda dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.

    Orxan Rasifoğlu

  • Lənkəranda 32 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək tanınmış mağazalar şəbəkəsindən onların adına kredit yolu ilə götürülmüş məişət avadanlıqlarını dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, müəyyən edilib ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Cavid Abdullayev səkkiz nəfərin adına kreditlə alınmış məişət avadanlıqlarını sonradan başqa şəxslərə sataraq pulunu ələ keçirib.

    Onun bu yolla zərərçəkmişlərə ümumilikdə 32 min manat ziyan vurduğu müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, C.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, sözügedən şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

  • Prezidentin töhmət verdiyi icra başçısı kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib.

    Şiddətli töhmət alan icra başçısı 2024-cü il noyabrın 1-də bu vəzifəyə təyin edilib.

    42 yaşlı O.Hüseynzadə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

    2023-cü ildən York (İngiltərə) və Strasburq (Fransa) universitetlərində EMBA proqramı üzrə təhsilini davam etdirib.

    2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində, 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.

    2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında, 2018-ci ildən 1 noyabr 2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

  • İsrail ordusu Qəzzaya hücumun hazırlıqlarına başladı

    İsrail Müdafiə Qüvvələri (IDF – SAXAL) Qəzza şəhərinə hücumun hazırlıqlarına başlayıb, hazırda onun ətraflarında intensiv döyüşlər gedir.

    Bu barədə SAXAL-ın nümayəndəsi Avixay Edri özünün “X” hesabında məlumat verib.

    “Biz Qəzzada hücum üçün hazırlıqlara başlamışıq və artıq onun ilk mərhələlərinə keçid edirik. Hazırda şəhərin kənarında intensiv döyüşlər gedir”, – deyə o yazıb.

  • İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

    2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

  • Hazırda həbsdə olan erməni oliqarxın yaratdığı partiya parlament seçkisində iştirak edəcək

    Hazırda həbsdə olan erməni iş adamı Samvel Karapetyanın yaratdığı partiya Ermənistanda parlament seçkisində iştirak edəcək.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qardaşı oğlu Narek Karapetyan “Mer dzevov” (“Öz yolumuzla”) könüllülər hərəkatının təqdimat mərasimində məlumat verib.

    Məlumata görə hərəkatın koordinasiya şurasının sədri, iş adamının qardaşı oğlu Narek Karapetyan bildirib ki, bu hərəkat qeyri-siyasi olacaq və ölkəyə, cəmiyyətə xidmət etməyə hazır olan insanları bir araya gətirəcək. Hərəkat müxtəlif peşə və təbəqələrdən olan insanları birləşdirəcək.

    Onun sözlərinə görə, hərəkatın yaradılması ilk mərhələdir.

    “İkinci mərhələdə isə siyasi partiya yaradılacaq və bu partiya qarşıdan gələn parlament seçkisində iştirak edəcək”, – deyə Karapetyan bildirib.

    Koordinasiya şurasının rəhbəri, həmçinin hakimiyyət nümayəndələrini dövlət xadimlərinə çevrilmək əvəzinə “sarı mətbuat jurnalistləri” olaraq qaldıqlarını vurğulayıb.

  • Prezident “Qarabağ” futbol klubuna 5 milyon manat ayırıb

    UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Azərbaycan təmsilçisi Türkiyə nəhənglərini kölgədə qoydu

    Azərbaycan futbolunun flaqmanına çevrilən “Qarabağ” bu mövsüm də Avropada möhtəşəm addımlarla irəliləyərək bir daha sübut etdi ki, futbol büdcə ilə ölçülmür. Dəyərləri yüzmilyonlarla avro olan Türkiyə nəhənglərinin məğlub olduğu yerdə, heyətinin dəyəri “Samsunspor”dan belə iki dəfə az olan “Qarabağ” mərdliklə, mübarizə ilə, sistem və peşəkarlıqla zirvəyə doğru irəliləyir.

    Gəlin bu mövzunu əsaslandırmaq üçün Türkiyə futboluna baxaq:

    “Fənərbağça” – illik büdcəsi 300 milyon avroya yaxın. Hər yay dünya ulduzlarını transfer edib “mövsüm bizimdir” deyirlər. Amma nəticə? Avropada növbəti fiasko. Pul çoxdur, amma futbol fəlsəfəsi yoxdur. Transfer bazarında çılğın pullar xərcləyən klub, sadə intizam və kollektiv oyun anlayışını unudub. Hətta Joze Mourinyo belə karyerası ərzində 10 klubda baş məşqçi olaraq çalışıb, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının qalibi olub. Yalnız uğursuzluğu “Fənərbağça” ilə yaşayan təcrübəli çalışdırıcı belə bu klubu dirildə bilmədi.

    “Beşiktaş” – 200 milyon avro heyət dəyərinə sahibdir. Amma meydanda nə qədər zəif, qeyri-sabit olduğunu hər kəs görür. Bu klubun tarixi, böyük azarkeş ordusu var, amma idarəçilik bərbaddır. Pul xərcləmək onları nə Avropada, nə də daxildə zirvəyə aparmır. Əksinə, “Qarabağ” kimi sistemli komandalarla müqayisədə nə qədər boş bir layihə olduqları ortaya çıxır.

    “Başakşəhər” – Türkiyənin “modern layihəsi”. Dövlət dəstəyi, böyük imkanlar, 61 milyon avroluq heyət. Amma Avropada bir “Qarabağ” qədər işıqları yanmır. Çünki layihənin içində ruh yoxdur, futbolçuların üzərində sistemli məşqçi izi yoxdur. Bu komanda kağız üzərində var, amma real gücü göstərməyə gələndə darmadağın olur.

    “Samsunspor” – 50 milyon avroluq heyəti ilə Türkiyənin ortabab komandalarından biri. Amma məhz onlar da “Qarabağ” qarşısında dərsini aldılar. Burada məsələ yalnız oyun gücündə deyil, mentalitetdədir. “Qarabağ” meydana yalnız 11 futbolçu ilə yox, həm də bir fəlsəfə, bir ideya ilə çıxır. Türkiyə klubları isə ideyasız, ruhsuz oyunçular yığını kimi görünürlər.

    Bütün bunların fonunda “Qarabağ”ın uğuru daha da parlaqdır. Çünki bu komanda illərdir sistem üzərində qurulub. Qurban Qurbanovun liderliyi ilə komanda yalnız futbol oynamır, həm də Azərbaycan futbolunu Avropa səhnəsində təmsil edən bir simvola çevrilib. Heyətinin dəyəri az olsa da, intizamı, oyun nizamı və kollektiv gücü ilə Türkiyə nəhənglərinə böyük dərs verir.

    İndi isə “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Çelsi”, “Liverpul”, “Napoli”, “Benfika”, “Ayntraxt Frankfurt”, “Atletik Bilbao” və “Kopenhagen” kimi Avropanın ən güclü klubları ilə qarşılaşacaq. Bu, sadəcə Azərbaycan futbolu üçün uğur deyil, həm də Türkiyə futbolunun hansı vəziyyətdə olduğunu göstərən acı bir reallıqdır. Çünki nəhəng büdcələrə sahib olan Türkiyə klubları kənarda qalıb, daha kiçik büdcəli “Qarabağ” isə Avropanın ən prestijli turnirində yer alır.

    Sonda açıq bir həqiqət qalır: “Qarabağ” pul futbolu ilə yox, peşəkarlıq və zəhmətlə qazanır. Türkiyə klubları isə pullarının gücü ilə yalnız öz azarkeşlərinə boş xəyallar satır.
    //oxu.az