Month: August 2025

  • İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi – VİDEO

    Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

    Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.
    Daha sonra Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dəvə hədiyyə edib.

    Tədbirdə çıxış edən Qurbanqulu Berdiməhəmmədov dedi:

    Hörmətli cənablar. Əziz dostlar. Əziz dostum.

    Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından bu sertifikatı qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmək istəyirəm. Biz türkmənlərdə deyirlər ki, “At xalqın dayağıdır”. Türkmənlərin dediyi kimi, “At xoşbəxtlik gətirir”. Atın adı “Taus”dur. Bu ad “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.

    Təşəkkür edirəm.

    Prezident İlham Əliyev dedi: Əziz qardaşım Qurbanqulu Məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığını bildirmək istəyirəm. “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir. Bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir. Onu da deməliyəm ki, bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var – “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar. Bir daha təşəkkür edirəm. Burada gözəl at şousunu bizə nümayiş etdirən igidlərimizə də dərin minnətdarlığımı bildirirəm. Afərin olsun sizə.

  • İş masasına həbs qoyulan baş həkim vəzifəsindən gedib – Borc 200 mini ötüb

    Bakıda fəaliyyət göstərən “MedAura”” Klinikasının vergi borcu 200 min manatı keçib.

    Klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 235 min 811,82 manat borcu var.

    Qeyd edək ki, təxminən üç ay əvvəl klinikanın qanuni təmsilçisi dəyişib. Hazırda qanuni təmsilçi İsbiyev Mübariz Qabil oğludur. Ondan əvvəl isə – may ayınadək bu vəzifəni və baş həkimlik funksiyasını Nigar Məhəmmədova icra edib.

    Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən klinikanın bu ilin fevralında 62 min 607,57 manat vergi borcu qeydə alınmışdı. Sözügedən borca görə məhkəmə qərarı ilə klinikanın 39 min 162 manatlıq hesablarına, eləcə də çoxsaylı tibbi avadanlıqlarına, elektron cihazlarına və əşyalarına həbs qoyulub. Həbs qoyulan əşyalar arasında baş həkimin iş masası, divan, televizor və digər inventarlar da var.
    //report

  • Yumurta bahalaşıb, yoxsa ucuzlaşıb? – Fakt və ekspert rəyi

    Azərbaycanda yumurtanın qiyməti qalxıb.

    İri market şəbəkələrində sarı broyler yumurtasının 15 ədədi 2 manat 40 qəpiyə təklif olunur. Sarı rəngli yumurtanın bir ədədi 16 qəpiyə satılır. Bir həftə bundan öncə isə sarı rəngli 15 ədəd yumurta kasetləri 1 manat 90 qəpiyə satılırdı ki, onun da bir ədədinin qiyməti təxminən 13 qəpiyə başa gəlirdi.

    Ağ rəngli 15 ədədlik yumurta alıcılara 2 manat 25 qəpiyə təklif olunur. Onun da bir ədədinin qiyməti 15 qəpikdir.

    “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli isə Qaynarinfo-ya açıqlamasında yumurtanın qiymətinin stabil olduğunu bildirib:

    “Hazırda yumurtanın ölkədəki qiyməti stabildir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta deyərdim ki, ucuzdur. Yay aylarında istehsal bir az azalır. İkincisi, yay aylarında kənd toyuqlarının kütləvi yumurtamasından yumurta bolluğu yaranır. Bu səbəbdən qiymətlər düşür”.

    Sədrin sözlərinə görə, yumurtanın ən ucuz qiyməti elə Azərbaycandadır:

    “Hazırda yumurtanın dünyada qiymətinə nəzər salsaq, ən ucuz qiymət regionda elə Azərbaycandadır. Hindistan, Pakistan və bir neçə ölkədən sonra ən ucuzu bizdədir. Qonşu Gürcüstanda yumurta 20, Türkiyədə 24, Amerikada 1 manat 10 qəpikdir. Biz Amerikaya, yaxın Şərq ölkələrinə də yumurta ixrac edirik”.

  • “Qarabağ” “Sumqayıt”a uduzdu

    Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

    Günün ikinci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

    “Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

    Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.

    “Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə hələ xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.

  • Markov Azərbaycana görə xarici agent elan edilib? – Özü AÇIQLADI

    Bu gün Rusiya Federasiyasındakı xarici agentlər siyahısına daxil edilən rusiyalı politoloq Sergey Markov açıqlama verib.

    Politoloq bu barədə məlumatlı olmadığını və bunun təxribat olduğuna ümid etdiyini bildirib.

    “Hələ heç nə bilmirəm və ya başa düşmürəm, heç kim mənə heç nə deməyib. Ümid edirəm ki, bütün bunlar təxribat və dezinformasiyadır. Əgər belədirsə, qərara etiraz edəcəyəm”, – Markov deyib.

    Politoloq bunun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə baş verə biləcəyini də ehtimal edib. Markov həmçinin bildirib ki, o, prezident Vladimir Putinin siyasətini də açıq şəkildə dəstəkləyir.
    //unikal

  • İranda terror aktı törədildi – Beş polis öldü

    İranın Daman bölgəsində iki polis patrul maşınına terror hücumu edilib.

    Bu barədə İran mətbuatı yazıb.

    Məlumata görə, hadisə nəticəsində 5 polis həlak olub. Yaralananların dəqiq sayı hələlik məlum deyil.

    Polis patrul maşını gündəlik tapşırığını yerinə yetirərkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

    Hücum barədə məlumat alan yerli hakimiyyət orqanları və təhlükəsizlik qüvvələri dərhal əraziyə cəlb edilib və terrorçuların araşdırılması və şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyata başlayıb.
    //unikal

  • 1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb.

    Layihənin əsas məqsədi abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının alınmasıdır.

    Mərhələli şəkildə həyata keçiriləcək layihə çərçivəsində 2025-ci il ərzində Bakı şəhəri və bölgələrdə yerləşən 1200-dən artıq abidəyə məlumat lövhəsinin quraşdırılması planlaşdırılır.

    Lövhələrdə yer alan bütün məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Yeni lövhələrdə hər bir tarixi abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə zəruri məlumatlar öz əksini tapır. Bu da həm yerli sakinlər, həm də ölkəmizi ziyarət edən turistlər üçün abidələrimiz haqqında aydın və etibarlı mənbə rolunu oynayacaq.

    Dövlət Xidməti bir daha bütün vətəndaşları tarix-mədəniyyət abidələrinin qorunmasına dəstək göstərməyə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.

  • Bank kartlarından silsilə oğurluqlar edənlər saxlanıldı

    Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb.

    DİN-dən verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

    Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

    Bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.

  • Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər məhkəmədə ifadə veriblər

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 22-də davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Hakim Zeynal Ağayev prosesdə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Sonra zərərçəkənlərin ifadələri dinlənilib.

    Zərərçəkmiş şəxs Məhbubə Bəbirxanova bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşüb.

    Elmira Həsənova qeyd edib ki, 1993-cü ildə Ağdam rayonundan ailə üzvləri ilə birgə məcburi köçkün düşüb. O, qardaşının 1992-ci il avqustun 28-də Ağdərədə şəhid olduğunu deyib.

    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkmiş şəxs Zənurə Abışova ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ilin iyul ayında Ağdamdan məcburi köçkün düşdüyünü vurğulayıb.

    Zərərçəkmiş şəxs Səadət Həşimova ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda işğal zamanı düşmənin mülki əhaliyə atəş açıldığını diqqətə çatdırıb.

    Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkmiş Arzu Bədəlova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndindən məcburi köçkün düşdüyünü deyib.

    Ağdamın Qiyaslı kəndindən olan zərərçəkmiş şəxs Bəsirə Soltanova ifadəsində Ermənistan silahlı qüvvələrinin 1993-cü il iyulunda kəndə hücum etdiklərini və ailəsi ilə birgə məcburi köçkün düşdüklərini bildirib: “Düşmənin açdığı “Qrad” atəşi nəticəsində kəndimizdə bir ailə məhv oldu. Bizə çox zülm etdilər”.

    1988-ci ildə Ağdamın Kəngərli kəndinə gəlin köçdüyünü söyləyən zərərçəkmiş şəxs Ceyran Muxtarova ifadəsində bildirib ki, həyat yoldaşının işi ilə əlaqədar Bakıda yaşasalar da, tez-tez kənddə qohumlarımına baş çəkiblər. “1992-ci ildən sonra Ağdam rayonuna hücumlar intensivləşmişdi. İşğal zamanı qohumlarımdan şəhid və yaralılar oldu”, – deyə o əlavə edib.

    Zərərçəkmiş şəxs Muxtar Həşimov ifadəsində 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun Cicimli kəndindən məcburi köçkün düşdüyünü bildirib: “Hələ 1989-cu ildə kəndimizdə çoban Mehdi Məhəmmədovu heyvan otardığı zaman qətlə yetirmişdilər. 1992-ci ildə isə kəndimizi ən müasir silahlardan atəşə tuturdular, aramsız mərmi yağdırırdılar. Həmin vaxt mən və körpə qızım ayağımızdan yaralanmışıq”.

    Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında o “Qəbiristanlıqda qəbirlərimizin başdaşları dağıdılıb, ata-babalarımızın qızıl dişləri qarət olunub. Tarixi-dini abidələrimiz talanıb” deyib.

    Laçın rayonundan olan zərərçəkmiş şəxs Fikrət Firidov ifadəsində qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ilin mayında rayonu məcburi tərk etməli olublar. O, həmyerlisi Əhliman Həziyevin düşmən tərəfindən öldürüldüyünü, sonradan onun meyitini ayağı kəsilmiş, gözü çıxarılmış, sinəsinə xaç çəkilmiş halda aldıqlarını söyləyib.

    Zərərçəkmiş şəxs Adil Ələskərov ifadəsində xatırladıb ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ilin avqust ayında Füzuli şəhərindən məcburi köçkün düşüb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabda əmisi oğlu Kərəm Ələskərovun Ağdərədə itkin düşdüyünü deyib. Diqqətə çatdırıb ki, Füzuli şəhəri işğaldan azad olunduqdan sonra oranı ziyarət edərkən, evlərinin viran qoyulduğunu, qəbiristanlığın dağıdıldığını görüb.

    Qubadlı rayonundan olan zərərçəkmiş şəxs Mehman Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü il avqust ayının sonlarında Ermənistan silahlı qüvvələrinin hücumları daha da intensivləşmişdi. Bu səbəbdən rayonu tərk etmək məcburiyyətində qalıb.

    Zərərçəkmiş şəxs Vahid Musayev ifadəsində söyləyib ki, o, Laçın rayonunun Cicimli kəndindəndir. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində kəndlərində həyatını itirən və yaralananlar olub. 1992-ci il mayın 18-də rayondan məcburi köçkün düşüb. V.Musayev bildirib ki, əmisi oğlu Mehdi Məmmədov qoyun otararkən erməni hərbçilər tərəfindən başından vurularaq qətlə yetirilib. “Torpaqlarımız işğaldan azad olunandan sonra gedib evimizi, qəbiristanlığımızı ziyarət etdim. Hamısı dağıdılmış, viran qoyulmuşdu”, – deyə o əlavə edib.

    Zərərçəkmiş şəxs Allahverdi Allahverdiyev ifadəsində 1993-cü ildə Zəngilanın Şəfibəyli kəndindən məcburi köçkün düşdüyünü söyləyib.

    Ağdamın Qiyaslı nümayəndəliyinin Ətyeməzli kəndindən olan zərərçəkmiş şəxs Sərxan Abbasov ifadəsində deyib ki, o, 1992-ci ilin fevralında Xocalı faciəsi zamanı şəhərdən 28 meyit çıxarıb. “Həmin faciədən sonra Ağdam rayonu daha intensiv atəşə tutulmağa başladı və 1993-cü ildə rayondan çıxmağa məcbur olduq”, – deyə o diqqətə çatdırıb.

    Laçın rayonunun Cicimli kəndindən olduğunu diqqətə çatdıran zərərçəkmiş şəxs Sədrəddin Məmmədov qeyd edib: “Bizim kənd Gorusun kəndləri ilə həmsərhəd idi. 1988-ci ildən başlayaraq rayonumuz Gorusun kəndlərindən atəşə tutulurdu. Sonrakı illərdə atəş intensivləşmişdi. Kəndimiz dərədə yerləşirdi. Açılan atəşlər nəticəsində kəndimizdə körpə uşaq və bir müəllim yaralanmış, şəhidlərimiz də olmuşdu. 1992-ci ilin mayında rayondan məcburi köçkün düşmüşük”. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zaman zərərçəkmiş şəxs Cicimli işğaldan azad olunandan sonra oraya qayıtdıqda görüb ki, evləri dağıdılıb, əmlaklarına zərər vurulub. Həmçinin bildirib ki, kəndlərində olan tarixi-dini məkanlar da vandalizm aktına məruz qalıb. Belə ki, Məlik Əjdər türbəsinin üst hissəsi, kənd məscidi və qəbiristanlıq, baş daşları dağıdılıb.

    Qubadlının Dəmirçilər kəndindən olan zərərçəkmiş şəxs Ramiz Təhməzov ifadəsində qeyd edib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin aramsız hücumları nəticəsində rayondan məcburi köçkün düşüb. “Kənddən çıxanda bizim maşınları atəşə tutdular. Xoşbəxtlikdən xəsarət almadan xilas olduq. 5-6 altı otaqlı evimiz, mal-qaramız, maşınımız rayonda qaldı”.

    Zərərçəkmiş şəxs Rəhim Cabbarov vurğulayıb ki, o, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Qubadlının Aşağı Mollu kəndindən məcburi köçkün düşüb, qardaşı şəhid olub, özü isə bir gün girovluqda qalıb. “İşğaldan azad olunandan sonra kəndimizə, qəbiristanlığa getmişdim. Gördüm ki, qəbiristanlıqda qəbirləri mərmi ilə partladıblar”, – deyə o əlavə edib.

    Zərərçəkmişlər Fizuli Paşayev və Firad Həsənov ifadələrində 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüklərini diqqətə çatdırıblar.

    Zərərçəkmiş şəxs Eldar Rüstəmov 1992-ci il mayın 7-8-də Şuşaya irimiqyaslı hücum olduğunu, düşmən tərəfindən atəşə tutulduqlarını söyləyib. Bildirib ki, o, başından və belindən yaralanıb.

    1993-cü ilin avqustunda Qubadlıdan məcburi köçkün düşdüyünü söyləyən zərərçəkmiş şəxs Elçin İsgəndərov qohumları Eldəniz, İlham, Şirin, Vidadi, Savalan və digərlərinin şəhid olduqlarını deyib.

    Zərərçəkmiş şəxs Bəxtiyar Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü ildə Füzuli rayonunda Kürdmahmudludan Alxanlıya gedən istiqamətdə yaralanıb.

    1993-cü ilin iyulunda Ağdam rayonunun Yusifcanlı kəndindən məcburi köçkün düşən zərərçəkmiş şəxs Fizuli Nəcəfi ailəsinin dörd şəhid verdiyini söyləyib.

    Zərərçəkmiş şəxslər Ülfət Rəcəbov, Pərviz Həsənov, Rasim Hüseynov, Mehman Rzayev, Əlixamin Əsədov ifadələrində 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun artilleriyadan, digər silah-sursatlardan atəşə tutulduğunu, kəndlərin yandırıldığını və nəticədə məcburi köçkün düşdüklərini vurğulayıblar.

    Qətibə Həziyeva, Xaliq Məmmədov və Elxan İmanov Füzuli rayonundan, Pərvanə Xəlilova və Nadir Səfərov isə Ağdam rayonundan məcburi köçkün düşdüklərini deyiblər. Bildiriblər ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra yurd yerlərini ziyarət edərkən evlərinin tamamilə dağıdıldığını, yaşayış yerlərinin viran qoyulduğunu görüblər.

    Xəyal Məmmədhəsənov, Həbibə Abbasova, Surxay Hüseynov, Əli Nəcəfov və Hafiz Ağakişiyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkdiklərini bildiriblər.

    Zərərçəkmiş şəxs Səxavət Namazov ifadəsində qeyd edib ki, 1993-cü ildə Füzulinin Gorazıllı kəndindən məcburi köçkün düşüb. “Torpaqlarımız işğaldan azad olunandan sonra ora qayıdanda yaxınlarımızın qəbirlərinin dağıdıldığını gördük. Kəndimizdə evlərin daşı-daş üstə qalmayıb”, – deyə o əlavə edib.

    Füzuli rayonunun Cuvarlı kəndindən olan zərərçəkmiş şəxs Əjdər Quliyev ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində oğlu və əmisi oğlu da olmaqla, kəndin 12 sakininin həyatını itirdiyini bildirərək deyib: “Onların ikisi qadın idi. Ermənilər evlərimizi yandırıb, qəbirlərimizi dağıdıblar. 1992-ci ildə Muğam Əliyevi, Novruz Quliyevi girov götürmüşdülər. Ötən illərdə onların meyitlərinin Edilli kəndində basdırıldığı bildirildi və qalıqlarının aşkar olunduğu açıqlandı. Onların nəşlərini oradan çıxararaq dəfn etdik”.

    Zərərçəkmiş şəxs Novruz Novruzov ifadəsində söyləyib ki, 1992-ci ildə Ağdamda qəbiristanlıqda yaxınlarının qəbirlərini ziyarət edəndə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən odlu silahlardan atəş açılıb. O, Xocalı hadisələri zamanı Ağdam məscidinin qarşısına çox sayda meyitin gətirildiyini gördüyünü də vurğulayıb.

    Zərərçəkmiş şəxs Səkinə Xəlilova ifadəsində Xocalı soyqırımının şahidi olduğunu vurğulayaraq qeyd edib: “Bizi şəhərin kənarında girov götürərək tövlə kimi yerdə saxladılar, vəhşicəsinə döydülər. On beş yaşlı qızıma başından xəsarət yetirdilər, indiyədək müalicə olunur. Həmin yerdə qadınlarımıza ağlagəlməz işgəncələr verirdilər. Səlim adında bir nəfərin belini, qolunu qırmışdılar”.

    O deyib ki, böyük oğlu Cəbrayılda Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində 2-ci qrup əlildir, digər oğlu Xocalı faciəsində 22 yaşında qətlə yetirilib.

    Zərərçəkmiş şəxs Anar Səfərov ifadəsində bildirib ki, 1989-cu ildə ermənilər Əsgəran istiqamətində mitinqlər təşkil edirdilər. İki sinif yoldaşı erməni polislər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib. “Sonra 1993-cü ildə Ağdamın Papravənd kəndi işğal olundu. Şəhidlərin nəşləri dəfn edilmişdi. Onların yaxınları Şahbulaq yaxınlığında yas mərasimi keçirərkən düşmən həmin mərasimi raketlə atəşə tutmuşdu. Yas mərasimi keçirilən Talehin atası və əmisi orada həlak oldular”, – deyə o əlavə edib.

    Zərərçəkmişlər məhkəmə iclasında, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar.

    Məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarqsyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni Arutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Neftçala və Tovuzda ağaclar qanunsuz kəsilib, təbiətə 28 min manatdan çox ziyan dəyib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

    Qeyd olunub ki, araşdırma zamanı Neftçala rayonunun Aşağı Surra kəndi və Tovuz rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 28210 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.