Month: Sentyabr 2025

  • Rusiyada əmək miqrantları ilə bağlı yeni eksperimentə başlanılır

    Sentyabrın 1-dən Moskvada və Moskva vilayətində Rusiyaya işləmək üçün gələn əcnəbilərin yaşadığı yerin “Amina” tətbiqi vasitəsilə uçotu üzrə eksperiment başlayır, məqsəd mövcud miqrasiya uçotu qaydasının dəyişdirilməsidir.

    Bu barədə “Report” Moskvanın Çoxfunksiyalı Miqrasiya Mərkəzinə (ÇMM) istinadən məlumat verir.

    “Moskva və Moskva vilayətinə işləmək üçün gələn Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşları xüsusi “Amina” mobil tətbiqini mütləq şəkildə quraşdırmalıdırlar”, – məlumatda qeyd olunur.

    Tətbiq xarici vətəndaşların qeydiyyata alınması prosesini sadələşdirməlidir. “Amina” Çoxfunksiyalı Miqrasiya Mərkəzinin ünvanı üzrə qeydiyyatdan keçməyə və tətbiq vasitəsilə daxili işlər orqanlarına yaşayış yeri və onun dəyişdirilməsi barədə məsafədən məlumat verməyə imkan verəcək.

    Xarici vətəndaşlar tətbiqi özləri quraşdırmalıdırlar, avtorizasiya üçün xarici vətəndaş kartı qüvvədə olmalıdır. Kart itirildikdə, avtorizasiyanı pasport məlumatları əsasında mümkündür.

    Mobil tətbiq vasitəsilə geolokasiya məlumatları Rusiya DİN-ə ötürüləcək. “Əgər tətbiq bir neçə gün ərzində məlumatların ötürülmədiyini qeydə alarsa, xarici vətəndaşa yaşadığı ünvanı təsdiqləmək və ya DİN-i onun dəyişdirilməsi barədə məlumatlandırmaq zərurəti barədə bildiriş daxil olacaq”, – mərkəzdə qeyd olunub.

    Son monitorinq tarixindən etibarən üç iş günündən artıq müddətdə geolokasiya məlumatları daxil olmadığı təqdirdə, xarici vətəndaş ÇMM ünvanı üzrə uçotdan çıxarılır.

    Xarici vətəndaş eksperimentin aparıldığı regiondan kənarda miqrasiya uçotuna alındığı və ya ölkədən çıxdığı halda ÇMM-in uçotundan çıxarılır.

  • Bakı dünyanı qəbul etməyə hazırdır: Qran-Pri öncəsi turizm mənzərəsi – ARAŞDIRMA

    2025-ci ilin ilk yarısı Azərbaycan turizmi üçün çətin keçib. Regionda davam edən gərginliklər və müharibə şəraiti nəticəsində ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunub. Rəsmi statistika göstəricilərinə əsasən, sektor üzrə təxminən 2 %-lik geriləmə qeydə alınıb. Xüsusilə Bakıda hotellərin doluluq səviyyəsi 40 %-ə qədər enib. Mütəxəssislərin fikrincə, yaxın günlərdə keçiriləcək “Formula 1 Azərbaycan Qran-Prisi” turizm sektoruna yeni nəfəs gətirə, hotellərin doluluğunu artıra və qonaqlama xidmətlərini canlandıra biləcək əsas hadisə olacaq. 19-21 sentyabr tarixlərində baş tutacaq yarışın minlərlə xarici turist cəlb edəcəyi gözlənilir.

    “Report” “Formula 1 Azərbaycan Qran-Prisi”nin ölkə turizminə mümkün təsirlərini araşdırıb.

    Qlobal kontekstdə “Formula 1” yarışı

    2025-ci ilin ilk yarısı “Formula 1” üçün rekordlarla yadda qalıb. Dünyanın 14 müxtəlif trasında keçirilən yarışları ümumilikdə 3,9 milyon azarkeş tribunadan izləyib – bu, idmanın tarixində ən yüksək göstəricidir. Qlobal fan bazası isə artıq 827 milyona çatıb. Onların 43 %-ni 35 yaşdan aşağı gənclər, 42 %-ni isə qadınlar təşkil edir.

    “Formula 1″in sosial media izləyicilərinin sayı 107 milyonu ötüb. Xüsusilə “TikTok” və “Instagram”da müşahidə olunan sürətli artım Bakı Qran-Prisinin də daha geniş auditoriyaya təqdim olunmasına imkan yaradır. Yarış həftəsinə dair sosial media kontenti gənc turistlərin marağını stimullaşdıran əsas faktorlardan biri hesab olunur.

    Bütün bunlar göstərir ki, “Formula 1” artıq yalnız ənənəvi idman həvəskarlarını deyil, həm də gənc nəsil və qadın izləyiciləri cəlb edən güclü qlobal brendə çevrilib. Azərbaycan da bu böyük tamaşaçı kütləsinin diqqətini çəkən ölkələr sırasında yer alır.

    Bakı Qran-Prisi azarkeş marağının yüksəkliyi ilə müşahidə olunur

    Yarışı izləmək üçün nəzərdə tutulmuş 12 tribunadan 9-nun biletləri artıq satılıb. Bu il tamaşaçılar üçün 20 mindən çox oturacaq yeri ayrılıb və əlavə olaraq 2 yeni tribuna inşa edilib. İlk bilet Avstraliyadan alınıb, indiyədək isə 100-dən çox ölkədən fanatlar Bakı Qran-Prisinə bilet əldə ediblər.

    Yarış çərçivəsində əyləncə proqramı da olduqca zəngindir. Sentyabrın 19-da italyan-amerikalı DJ Anyma elektron musiqi və vizual şou ilə çıxış edəcək. Sentyabrın 20-də isə dünyaca məşhur DJ Martin Garrix dinamik ritmləri ilə tribunaları coşduracaq. Həmin gün Britaniyanın qlobal musiqi fenomeni Glass Animals da səhnəyə çıxaraq tədbiri zirvəyə daşıyacaq. Yarışa hazırlıq çərçivəsində bütün tikinti işləri, demək olar ki, yekunlaşıb.

    Formula 1 artıq Bakının qlobal imicinin bir parçasıdır

    Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndinin sözlərinə görə, Bakı Qran-Prisi son illərdə paytaxtın turizm sektorunun inkişafında mühüm rol oynayıb:

    “Bu tədbir artıq ölkənin qlobal imicini gücləndirən beynəlxalq brendə çevrilib. Yarış həftəsində Bakıya on minlərlə xarici turist gəlir. Hotellərin doluluq göstəricisi 90-100 %-ə çatır, qısamüddətli kirayə mənzillərə maraq kəskin artır. Restoranlar, ictimai iaşə və əyləncə sektorunda dövriyyə yüksəlir. Turistlərin xərcləri yalnız qonaqlama ilə məhdudlaşmır, həm də alış-veriş və nəqliyyat xidmətlərinə yayılır ki, bu da şəhər iqtisadiyyatına birbaşa əlavə gəlir gətirir”.

    Ekspertin fikrincə, yarış günlərində Bakı təkcə idmanın deyil, həm də musiqi, texnologiya və əyləncənin mərkəzinə çevrilir:

    “F1 zonası avtomobil yarışları ilə yanaşı, zəngin off-track tədbirlər, interaktiv zonalar və elit xidmət paketləri ilə də turistlərə geniş seçim imkanı yaradır. Bu, həm turizm sektorunu canlandırır, həm də şəhərin beynəlmiləllik səviyyəsini artırır. Yarışın qlobal yayımları isə milyonlarla tamaşaçıya Azərbaycanı tanıdır, Bakının müasir simasını və Xəzəryanı turizm infrastrukturunu nümayiş etdirir”.

    S. Dübəndi həmçinin yarış həftəsində hotellərin qiymət siyasətində də ciddi fərqlərin olacağını qeyd edib:

    “Xüsusən mərkəzi ərazilərdə yerləşən beşulduzlu hotellərdə qiymətlər adi dövrlə müqayisədə 2-3 dəfə artır. Normal günlərdə 500-600 manata başa gələn otaqlar yarış həftəsində 1 500-2 000 manata qədər yüksəlir”.

    Rezervasiyalarda aktivlik hiss olunur

    Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov bildirir ki, ilin əvvəlində müşahidə olunan geriləməyə baxmayaraq, “Formula 1” yarışları artıq turizm göstəricilərinə müsbət təsir etməyə başlayıb:

    “Formula 1″ yarışlarının bilet satışları müxtəlif ölkələrdən tamaşaçı cəlb edir və bu ərəfədə rezervasiyalarda ciddi aktivlik hiss olunur. Xüsusən də Bakının mərkəzində, yarış trasına yaxın hotellərdə doluluq səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb”.

    Ekspert əlavə edir ki, “Formula 1” yarış günlərindən əvvəl və sonra da turist axınına səbəb olur:

    “Azarkeşlər adətən yarışdan bir neçə gün öncədən gəlir və bir neçə gün də qalırlar. Onlar yalnız yarışı izləməklə kifayətlənmir, Bakının görməli yerlərini gəzərək, tarixi abidələrlə və şəhərin mədəni həyatı ilə də tanış olurlar. Bu baxımdan “Formula 1″ turizm üçün çox faydalıdır. Oxşar təsir iri tədbirlər, konfranslar, festivallar və beynəlxalq konsertlər zamanı da müşahidə olunur”.

  • “Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb

    “Şamaxı” klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

    “Report” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley qolunun müəllifi Edqar Adilxanov olub.

    O, Misli Premyer Liqasının III turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib.

    “Şamaxı” bu göstəricidə 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqlənib.

    Qeyd edək ki, klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də “ANS-Pivani”nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

  • Azərbaycan idmançılarının sentyabr ayına olan reytinq cədvəli açıqlanıb

    Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 1 sentyabr 2025-ci il tarixinə olan reytinq cədvəlini təqdim edib.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub.

    Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi Kokauri (190 xal), bədii gimnasitka üzrə qrup hərəkətləri komandası (185), güllə atıcısı Ruslan Lunyov (170), idman gimnastı Nikita Simonov (165 xal), yunan-Roma güləşçisi Qurban Qurbanov (160 xal), yunan-Roma güləşçiləri Həsrət Cədərov və Nihat Məmmədli, sərbəst güləşçi Giorgi Meşvildişvili (hamısı 150 xal) yer alıblar.

    Cüdo üzrə olimpiya çempionu, növbəti dəfə “10-luq”dan kənarda qalan Hidayət Heydərov ilin əvvəlində açıqlanmış reytinqdə ikinci idi.

  • Rusiyada miqrantlar üçün yeni rüsumlar tətbiq edilib

    Sentyabrın 1-dən Rusiyada əlavə dövlət rüsumları, o cümlədən qeydiyyat, miqrasiya qeydiyyatı və iş icazəsi ilə bağlı rüsumlar tətbiq edilib.

    Rusiyanın Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib və dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib.

    Beləliklə, miqrasiya nəzarətini gücləndirmək üçün bir sıra əlavə rüsumlar, o cümlədən xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün – 4 200 rubl, iş icazəsinin müddətinin uzadılması üçün – 4 200 rubl tətbiq edilir.

    Həmçinin iş icazəsinin dublikatının verilməsi, miqrantın və ya vətəndaşlığı olmayan şəxsin iş icazəsində, yaxud patentin dublikatında olan məlumatlara dəyişiklik edilməsinə görə də rüsum tətbiq olunub. Onun məbləği 2 100 rubl təşkil edir.

    Bundan əlavə, xarici işçilərin cəlb edilməsi və istifadəsi üçün icazələrin dublikatlarının verilməsi, habelə onlara dəyişiklik edilməsi üçün 2 100 rubl, xarici vətəndaşın Rusiyada müvəqqəti qalma müddətinin uzadılması üçün – 1 000 rubl və yaşayış yerində qeydiyyata alınması üçün – 500 rubl dövlət rüsumu tətbiq edilib.
    //report

  • Alimlər: Atlantik okeanında güclü zəlzələ zonası formalaşıb

    Atlantik okeanının dibində gələcəkdə dağıdıcı zəlzələlərə və sunamilərə səbəb ola biləcək yeni tektonik qırılma qeydə alınıb.

    Bu barədə “Nature Geoscience” jurnalında dərc olunan araşdırmada bildirilir.

    Məqalədə qeyd olunur ki, Atlantika ənənəvi olaraq seysmik cəhətdən sakit region hesab edilsə də, məlum tektonik qırılmalardan uzaqda yerləşən Portuqaliyada artıq güclü təkanlar baş verib. Belə ki, əvvəllər burada belə proseslərin qeydə alınmamasına baxmayaraq 1969-cu il zəlzələsi subduksiya zonaları – litosfer plitələrinin toqquşduğu ərazilər üçün xarakterik əlamətlər göstərib.

    Alimlər seysmik stansiyaların məlumatlarını və Portuqaliyanın cənub-qərbində dəniz dibinin kompüter modelləşdirilməsinin nəticələrini müqayisə ediblər. Nəticədə mantiyanın təbəqələşməsinin əlamətlərini aşkarlayıblar. Tədqiqatçıların fikrincə, su milyonlarla ildir ki, süxurlara nüfuz edərək onları zəiflədir və Atlantik okeanında yeni subduksiya zonasının yaranmasına şərait yaradır.

    Gələcəkdə bu zonanın güclü zəlzələlərə və sunamilərə səbəb ola biləcəyi və genişmiqyaslı tektonik sürüşmələrə səbəb ola biləcəyi proqnozlaşdırılır. Alimlər uzunmüddətli perspektivdə hətta Afrika, Avropa və Amerikanın vahid superqitədə birləşməsinə güman edirlər.

  • Sumqayıtda karton istehsalı müəssisəsi yanır – Video

    Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

    Sumqayıtda karton istehsalı müəssisəsində yanğın başlayıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb

    Azərbaycandan göndərilən növbəti yardım karvanı sentyabrın 1-də Ukraynaya çatıb.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, energetik avadanlıqlardan ibarət yardım karvanını 20-ə qədər yük maşını əhatə edib.

    Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev bildirib ki, bu, Ukraynada müharibə səbəbindən yaranan energetik böhranın aradan qaldırılmasına dəstəyi nəzərdə tutan növbəti humanitar yardım karvanıdır:

    “Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən bu karvanın dəyəri 2 milyon ABŞ dollarıdır. Ümumilikdə isə, müharibənin əvvəlindən indiyədək Azərbaycandan Ukraynaya humanitar yardımın dəyəri 44 milyon ABŞ dollarına çatıb. Cənab prezidentin göstərişinə əsasən bundan sonra da Ukraynaya humanitar yardım davam edəcək”.

    Ukraynanın Energetika nazirinin müavini Roman Andaraq isə bildirib ki, Azərbaycanın enerji sektoru üçün yardımının növbəti partiyasını qarşılamaq onlar üçün böyük məmnunluq və böyük fürsətdir:

    “Ümumiyyətlə, Azərbaycan ukraynalılara müharibənin ilk günlərindən yardım əlini uzadır. Bu daha çox enerji sektorunu əhatə edir. Sözün əsl mənasında ilk aylardan bizə avadanlıqlar, transformatorlar, generatorlar Azərbaycandan göndərilir. Çünki zərbələr nəticəsində Ukraynanın enerji sahəsinə ciddi zərər dəyib. Azərbaycan bu çətin anda, bu kritik sahədə Ukrayna xalqına himanist yardımını əsirgəmir. Biz buna görə, Azərbaycan prezidentinə və xalqına çox minnətdarıq. Ukrayna xalqı bu diqqəti unutmayacaq” – deyə, o, əlavə edib.

  • Paşinyan: “Ermənistan Azərbaycanla Vaşinqtonda əldə edilmiş razılaşmalara sadiqdir”

    “Ermənistan Azərbaycanla Vaşinqtonda əldə edilmiş razılaşmalara sadiqdir və onları tez bir zamanda həyata keçirmək əzmindədir”.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş nazir Nikol Paşinyan “ŞƏT+” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

    N.Paşinyan qeyd edib ki, əldə edilən razılaşma region ölkələri üçün logistik imkanlar yaradacaq.

    “Əldə edilən razılaşma nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq əlaqələr açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlər, o cümlədən bizim və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq”, – deyə N.Paşinyan əlavə edilib.

  • Rusiyada sim-kartların üçüncü şəxslərə verilməsini qadağan edən qanun qüvvəyə mindi

    Rusiyada sim-kartların üçüncü şəxslərə verilməsini qadağan edən qanun qüvvəyə minib.

    Median.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu hərəkətlərdə cinayət əlamətləri olmadıqda, müqavilə əsasında ona ayrılmış abunəçi nömrəsinin istifadəçi tərəfindən başqa şəxsə ötürülməsinə görə vətəndaşlar üçün 30 min rubldan 50 min rubla (təxminən 630-1 050 manat) qədər cərimə müəyyən edilir.

    Bundan əlavə, fərdi sahibkarlar 50-100 min rubl (təxminən 1 050-2 100 manat), hüquqi şəxslər 100-200 min rubl (təxminən 2 100-4 200 manat) cərimə ilə üzləşəcəklər.