Month: Sentyabr 2025

  • Bakıda evli kişi “xərçəng xəstəsiyəm” deyib sevgilisinə qarşı dələduzluq edib

    Bakıda qadına qarşı dələduzluq edilib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, 39 yaşlı Zabil 2 il əvvəl Günel adlı xanımla tanış olub. Tanışlıqdan sonra o, iki uşağı olan, subay Günelə zənglər edərək, ondan xoşu gəldiyini və sevgili olmaq istədiyini deyib.

    Daha sonra yaranan münasibətlər zamanı Zabil qadının Mingəçevirdə yerləşən “ASAN Xidmət” filialında işlədiyini öyrənib və ona elçi göndərəcəyini bildirib. Qadın kişinin sözlərini ciddiyə alaraq, tam inanıb. Belə olduqda, Zabil Günelin pullarını ələ keçirməyə çalışıb və özünün xərçəng xəstəsi olduğu barədə qadını inandırıb. O, Almaniyada əməliyyat olunması adı ilə Güneldən ayrı-ayrı vaxtlarda ümumilikdə 27 min 55 manat pul alıb. Məlumata görə, Günel hətta Zabilə pul verməkdən ötrü bankdan kredit də götürüb.

    Bir müddət sonra qadın kişiyə zəng edərək, verdiyi pulu geri istəməyə başlayıb. Lakin Zabil hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Sonuncu zəng zamanı Zabil əsl kimliyini açıqlayıb. O, evli və övladlarının olduğunu, həmçinin əslində xərçəng xəstəsi olmadığını Günelə deyib. Bunu görən zərərçəkən pullarını bir daha geri istəyib, əks halda polisə şikayət edəcəyini bildirib. Daha sonra isə Günel Z.Mirzəyevi polisə şikayət edib.

    Nəticədə, o saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

    Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə Z.Mirzəyev 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

  • Tanınmış reper Orxan Zeynallı ikinci dəfə evləndi – FOTO

    Aid ləqəbi ilə tanınan reper Orxan Zeynallı evlənib.

    Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

    Sənətçi Nərgiz Salayeva adlı xanımla ailə qurur.

    Qeyd edək ki, bu, reperin ikinci evliliyidir.

  • Çində Ərdoğanla Putin arasında görüş başlayıb

    Çinin Tiencin şəhərində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

    Median.Az bu barədə “Haber Global”a istinadən məlumat yayıb.

    Görüş Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı çərçivəsində keçirilir.

  • Mərkəzi parkda ikiyaşlı uşaq kanalizasiya quyusuna düşdü

    Paytaxtda azyaşlının həyatı təhlükəyə düşüb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən Mərkəzi parkda baş verib.

    Ailə üzvlərinin dediyinə əsasən, ikiyaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1.5-2 metr olduğu bildirilir.

    Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan körpə dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.

    İddiaya görə, kanalizasiya quyusunun lükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.

  • Tiencində Azərbaycan Prezidentinin Pakistanın baş naziri ilə görüşü olub – FOTO

    Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Bakıda 14 yaşlı yeniyetmənin XALASI tərəfindən ZORAKILIĞA məruz qaldığı iddia edilir – Video

    Bakıda valideynlərini itirən uşağın qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı barədə iddialar var.

    Bu barədə Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

    O bildirib ki, 14 yaşlı oğlan xalası tərəfindən ağır işgəncələrə məruz qalıb:

    “Oğlan atasını və anasını itirib. Xalası onu saxlayırmış. Qəyyumdur, ya yox – bilmirik. Elə uşağa da işgəncəni o verib. Hazırda polis əməkdaşları işi nəzarətə götürüblər. Uşaq bizdə deyil, polis əməkdaşları onun götürülməsi üçün işə başlayıblar. 14 yaşında olduğu üçün bizim sığınacağa yerləşdirilməyəcək”.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirilib ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb:

    “Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırmanın gedişatında bəlli olacaq”.

  • İlham Əliyev Tiencində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edilib.

    Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

    Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edilib.


  • İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Şavkat Miromonoviç, əziz qardaşım, Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Bu gün Sizin müəyyən etdiyiniz yeni Özbəkistan strategiyası əsasında ölkənizin sürətli və hərtərəfli inkişafı, bütün sahələrdə tərəqqisi, iqtisadi gücünün artması, qlobal müstəvidə nüfuzu və mövqelərinin möhkəmlənməsinin şahidi olmaqdan qardaş ölkə olaraq sevinc hissi duyuruq. Özbəkistanın əldə etdiyi bütün nailiyyətlər Sizin çoxşaxəli fəaliyyətinizin, uzaqgörən siyasətinizin, Vətənə və xalqa şərəfli xidmətinizin nəticəsidir.

    Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixi, dili, mədəniyyəti paylaşan xalqlarımız arasında formalaşmış qardaşlıq əlaqələrinin xoş ənənələrini özündə bariz şəkildə əks etdirir.

    Dövlətlərarası əlaqələrimizin hazırda yüksələn xətt üzrə dinamik inkişaf etməsində ali səviyyəli qarşılıqlı səfərlər və görüşlər mühüm rol oynayır. İyul ayında Sizin Azərbaycana dövlət səfəriniz ikitərəfli münasibətlərimizin müttəfiqlik xarakterini bir daha təsdiqlədi. İnanıram ki, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz mühüm razılaşmalar, müxtəlif sahələr, xüsusilə də iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üzrə imzalanmış bir sıra sənədlər əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə, müttəfiqlik münasibətlərimizin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfələr verəcəkdir.

    Biz qardaş Özbəkistan ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı, xüsusilə də iqtisadi-ticari, enerji, investisiya, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın, etimad və inamın mövcudluğu bunun üçün əlverişli zəmin yaradır.

    Əminəm ki, Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına xidmət edəcəkdir.

    Hörmətli Şavkat Miromonoviç, belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

  • Bu ərazilərdə qaz olmayacaq

    “Savalan”, “Hacı Seyfəl” və “PMK” orta təzyiqli qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə 01.09.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    “Azəriqaz”dan verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin H.Heybətov, Nizami, A.M.Əbdülkərim, M.Ə.Sabir, A.M.Ələkbər, A.Ş.Hüseyn, Y.Musayev, N.Nərimanov, H.Aslanov küçələrinin, Maştağa Ləhic bağları, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

    Pirəkəşkül və Ağdərədə 1-5 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:
    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.