Month: November 2025

  • Paytaxtda kişi arvadını baltalayıb öldürdü

    Binəqədidə ər arvadını balta ilə öldürüb.

    Hadisə noyabrın 10-u saat 02 radələrində baş verib.

    Belə ki, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminəni balta ilə öldürüb.

    Rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti KƏSKİN ENDİ – Video

    Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin enib.

    Eləcə də bazara çıxarılan mənzil sayları da artıb. Bu, əsasən Xırdalan, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində eyni hal yaşanır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, satışa çıxarılan sosial evlərin qiyməti aşağı olsa da, onlara da tələbat azdır. Əsas səbəb isə həmin ərazilərdə ictimai nəqliyyat problemidir. Sakinlər mərkəzə gəlmək üçün bir neçə dəfə marşrut dəyişməli olurlar.

    Qeyd edək ki, sözügedən ərazilərdə ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Azərbaycanda şirkətin 40 min manatını mənimsəməkdə ittiham olunan işçiyə HÖKM OXUNDU

    “Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, şirkət ekspeditoru 40 715 manat mənimsəməkdə ittiham edib.

    İddia ərizəsində qeyd olunub ki, H.Məmmədov satışdan əldə etdiyi, ümumilikdə 159 297.37 manat nağd pul vəsaitinin 40 715.95 manatını mənimsəyib.

    Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlıq kimi olan pul vəsaitinin təxminən 2 000 manatını xəzinəyə ödəməyib. O, bunun səbəbini pandemiya dönəmində maddi vəziyyətinin aşağı olması, həmin vaxtlarda şirkət tərəfindən maaşlarının ödənilməməsi ilə izah edib.

    Nərimanov Rayon Məhkəməsi H.Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran H.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

  • Bazar günü 23 dərəcə isti olacaq

    Bakıda noyabrın 9-da 20, rayonlarda isə 23 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.

  • Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb

    ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Azərbaycanın Zəfər Gününün 5-ci il dönümü münasibəti ilə ölkəmizin dövlət bayrağı qaldırılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, üçrəngli bayrağımız Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

    Bayraq qaldırma mərasimi Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

    Bu münasibətlə nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” parkında təşkil olununan mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycan diasporunun fəalları və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr fəal iştirak ediblər.

    Çıxışlarda 8 Noyabr – Zəfər gününün tarixi əhəmiyyətindən danışılıb, artıq beş ildir ki, Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi qələbənin qürur və sevincini yaşadığı qeyd olunub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi. Azərbaycan xalqı öz canları və qanları hesabına böyük qələbəni var edən şəhidləri ilə tarix yazdı. Vətən uğrunda canlarınl fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

    Daha sonra üçrəngli bayrağımız Dövlət Himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

    Mərasim yerli əhali və turistlərin də diqqətini çəkib, onlar bayrağımızın fonunda şəkil çəkdiriblər. Həmvətənlərimiz onlara Azərbaycan haqqında məlumatlar veriblər.

    Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.

  • Arazdəyən-Naxçıvan dəmir yolu xəttinin bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirilib

    Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi Arazdəyən (Yerasx)-Naxçıvan dəmir yolu xəttinin bərpası məsələsini şərh edib. Avtosfer.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Mher Qriqoryanın ofisindən məsələnin müzakirə mərhələsində olduğu vurğulanıb.
    Qeyd edək ki, bundan əvvəl Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur naziri David Xudatyan bəyan etmişdi ki, ölkənin 2026-cı il dövlət büdcəsi layihəsində Arazdəyən qəsəbəsindən Naxçıvan sərhədinədək dəmir yolu xəttinin təmirinə vəsait nəzərdə tutulmayıb.

  • Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər

    ABŞ-ın Belarus hökumətinə qarşı sanksiyaları yumşaltması və münasibətlərin qismən istiləşməsi fonunda Avropa İttifaqı əks istiqamətdə addım ataraq Minskə qarşı tədbirləri sərtləşdirməyə hazırlaşır.

    Qaynarinfo xəbər verir ki, bu barədə “DW” xəbər yayıb.

    Məlumata görə, Aİ Rusiyaya qarşı artıq sayca 20-ci sanksiya paketini hazırlayır. Cümə günü bu məsələ Litvanın maliyyə naziri Kristupas Vaytekunas ilə Avropa Komissiyasının maliyyə xidmətləri üzrə komissarı Mariya Luiş Albuqerke arasında müzakirə olunub.

    Litvalı siyasətçinin sözlərinə görə, Avropa təkcə Kremlə deyil, həm də onun Belarusdakı müttəfiqinə təzyiqi artırmalıdır. Xüsusilə Lukaşenko rejiminin qonşu ölkələrə qarşı həyata keçirdiyi “müntəzəm hibrid hücumlar” fonunda bu addım vacib sayılır.

    Vaytekunas hesab edir ki, Avropa İttifaqı Belarusiyaya tətbiq olunan sanksiyaları Rusiyaya qarşı olanlarla eyni səviyyəyə gətirməlidir. Öz növbəsində komissar Albuqerke bildirib ki, yeni məhdudiyyətlərin hazırlanması hələ ilkin mərhələdədir.

    “Biz üçüncü ölkələrlə işləyirik, çünki onların arasında sanksiyalardan yayınmağa yardım edənlər var”, deyə o əlavə edib.

    Qeyd edək ki, Donald Tramp administrasiyası ilə Alesandr Lukaşenko hökuməti arasında son vaxtlar qarşılıqlı komplimentlər və hədiyyələrlə müşayiət olunan isti münasibətlər yaranıb. ABŞ Dövlət Departamenti Belarusa qarşı bəzi sanksiyaları, xüsusilə Ukraynadakı müharibə ilə əlaqəsi olmayanları ləğv edib. Onların arasında 2021-ci ildə müxalifətçi Roman Protaseviçin təyyarədən endirilərək saxlanılması insidenti ilə bağlı “Belavia” aviaşirkətinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılması da var.

  • Hidayət Heydərov çempion oldu

    Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

    O, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.

    Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Qeyd edək ki, H.Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.

  • Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazdı – FOTO

    Gürcüstanın nüfuzlu 1tv.ge, 24news.ge, aktual.ge, interpress.ge portalları Azərbaycanda Vətən Müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi parad və bayramla bağlı xəbərlər yayıblar.

    Yayılan xəbərlərdə Azərbaycanda Zəfər Gününün təntənəli şəkildə qeyd olunması, Vətən Müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı Bakıda keçirilən Hərbi parad və bu tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin, eləcə də digər rəsmi şəxslərin iştirak etmələrindən, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışından materiallar yayıblar.



  • Ukraynada daha bir azərbaycanlı həlak oldu

    Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

    Rusiya ordusu sıralarında döyüşlərə qatılan Lənkəran rayon Morsa kənd sakini İsmayıl M. aldığı xəsarətlərdən həyatını itirib.

    Onun 44 günlük Vətən müharibəsində iştirak etdiyi və bir müddət əvvəl Rusiya ordusuna qoşulduğu bildirilib.