Month: Noyabr 2025

  • Bakıda binalar ard-arda niyə yanır?

    Son vaxtlar yenitikililərdə elektrik xətlərindəki nasazlıqlardan qaynaqlanan yanğınlar artır. Qısaqapanma və digər səbəblərdən yanğın hadisələri baş verir. Hələlik tam təsdiq olunmasa da, Yasamaldakı yanğının da elektrik xətlərindən başladığı barədə məlumat var. Əvvəllər də yenitikililərdə bu cür böyük yanğınlar yaşanıb. Bunlar belə bir sual yaradır: yenitikililərdə elektrik xətlərinin keyfiyyətinə nəzarət edilirmi?

    Median.Az “Kaspi” qəzetinə istinadən xəbər verir ki, Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Azərbaycanda inşaat normativləri mövcuddur. Sadəcə, tikinti şirkətləri çalışırlar ki, tikinti zamanı maliyyəyə qənaət etsinlər: “İnşaat materialları nə qədər standartlara cavab versə də, bəzi xüsusiyyətlərinə görə qüsurlu ola bilər. Nəzərə almalıyıq ki, ölkəmizə keyfiyyəti aşağı məhsullar da ixrac olunur. Hansı ki, bu məhsullar müəyyən müddət istifadə olunduqdan sonra qüsurları üzə çıxır. Nəticədə problemlər yaranır. Ölkəmizdə dəfələrlə yenitikili binalarda kabel şaxtalarında, yaxud texniki avadanlıqların olduğu otaqlarda yanğın hadisəsi baş verib. Səbəblər müxtəlifdir. Materiallar qüsurlu olmasa belə, düzgün istismar edilmədikdə bu kimi hadisələr baş verir. Fikrimcə, boşluq çoxmənzilli binaların idarə olunmasındadır”.

    E.Azadov bildirib ki, naqillər nə qədər dözümlü olsa da, kənar müdaxilə zamanı qəza qaçılmazdır: “Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin, yaxud MTK-nın səlahiyyətindədir. Bizdə isə bu ərazilər tikinti şirkətinə məxsus olur. Onlar həmin əraziləri icarəyə verir, satırlar. Bu zaman layihədə nəzərdə tutmayan şəkildə fəaliyyət təşkil olunur, bina və texniki avadanlıqlar normadan artıq yüklənir. Texniki yüklənmələr nəticəsində də müxtəlif qəzalar baş verir. Nəzarət mexanizmi üçün binaların idarə edilməsi ilə bağlı qanunların təkmilləşməsi lazımdır. Yerli icra qurumları yerində reydlər keçirməlidir”.

    Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə qeyd edib ki, elektrik təsərrüfatı, naqillər üzrə yoxlamalar obyektlər üçün məcburidir, lakin fərdi yaşayış binaları üçün nəzarət məcburi deyil: “Fövqəladə Hallar Nazirliyi elektrik təsərrüfatlarına baxış keçirir. Yanğın risklərinin müəyyən edilməsi üçün obyektlərdən bunu tələb edirlər. Müqavimətə davamlılıq, izolyasiya və s. hər biri yoxlanılır. Lakin mənzillərə dair belə yoxlamalar yoxdur. Fərdi yaşayış müəssisələri də ildə bir dəfə ixtisaslaşmış müəssisəni dəvət edərək elektrik təsərrüfatına baxış keçirə bilər. Hər hansı nasazlıq varsa, elektrik şəbəkəsi normadan artıq yüklənirsə, bu da elektrik təsərrüfatının qızmasına, qısaqapanma, alışma və yanğına gətirib çıxarır. Çünki hazırda mənzillərdə elektriklə işləyən avadanlıqların sayı çoxdur. Daha əvvəl tikilən binalarda bu kimi hallar nəzərə alınmadıqda yüklənmə baş verə bilir. Elektrik naqilləri çəkilərkən binanın həcmi, tutumu, kvadratı, mərtəbə sayı, mənzillərdə nə qədər paylayıcı olması və digər nüanslar nəzərə alınmalıdır. Bütün binalarda standartlar eyni deyil”.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, onlar yanğından mühafizə ilə bağlı yoxlamalar həyata keçirirlər. Lakin bu yoxlamalar sadəcə elektrik naqilləri ilə bağlı olmur. Elektrik xətlərinə aid normalara onlar nəzarət etmirlər.

    Yoxlamalar barədə qurumdan bildirilib ki, yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilir. Belə ki, yoxlamalar əvvəlcədən növbəti il üçün planlaşdırılır və növbəti il ərzində müəyyən olunmuş dövriliklə yoxlamaların icrası təmin olunur: “Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi Qaydaları”nın (01-2001) 6.1-ci yarımbəndinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq Qaydalara və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməsi tələb olunur. Sözügedən tələbin həyata keçirilməsinə nəzarət tədbirləri çərçivəsində bu işlərin normalara uyğun olub-olmaması ilə bağlı müvafiq sənədlər istehlakçıdan, yəni yoxlamaya cəlb olunmuş sahibkarlardan tələb olunur. Bu tələblər təqdim olunmadıqda Dövlət yanğın nəzarəti inspektoru tərəfindən cavabdeh şəxs barəsində İnzibati Xəta haqqında Protokol tərtib olunur, eyni zamanda bu pozuntunun aradan qaldırılması üçün müvafiq məzmunlu tələbnamə ona təqdim edilir”.

    “Azərişıq” ASC-dən isə bildirilib ki, elektrik xəttini hər bir obyekt, yaxud bina özü çəkir. Onlar yalnız sayğac quraşdırır və xətləri şəbəkəyə, yarımstansiyalara birləşdirirlər. Yenitikililərdə elektrik naqillərinin çəkilməsi və bu işə nəzarət edilməsi onların səlahiyyətində deyil.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, qurum yalnız tikinti ilə bağlı normativləri müəyyən edir.

    “Yaşayış binaları. Layihələndirmə normaları”na görə yaşayış binalarının elektrik şəbəkələri avtomatik mühafizə sistemləri – qısaqapanma, artıq yüklənmə və sızma cərəyanından qoruma cihazları ilə təchiz olunmalıdır. Bu sistemlər yanğın riskinin qarşısını alan əsas mexanizmlərdir. Elektrik şitləri və kabel avadanlıqlarının yerləşdirilməsi üçün xüsusi qaydalar mövcuddur: onlar vanna otağı, sanitar qovşağı kimi nəmləşmə olan sahələrin altında quraşdırıla bilməz. Eyni zamanda, elektrik lövhələrinə giriş ya birbaşa küçədən, ya da mənzillərdənkənar dəhlizlərdən təmin edilməlidir ki, fövqəladə hallarda müdaxilə imkanları məhdudlaşmasın. Kabel şaxtaları və mühəndis kommunikasiya kanalları yanğına davamlı materiallardan hazırlanmalı və odadavamlılıq tələblərinə uyğun olmalıdır.

    “Elektrik təhlükəsizliyi standartı”na əsasən, təhlükəsizlik baxımından elektrik qurğularında cərəyanaparan hissələr mütləq izolyasiya olunmalı, torpaqlama sistemi tətbiq edilməli və avtomatik söndürmə mexanizmləri nəzərdə tutulmalıdır. İstifadə olunacaq xətlərin növləri də normativ sənədlərlə müəyyən edilir. Mis kabellər yaşayış və ictimai binalarda əsas seçimdir, çünki yüksək keçiricilik və yanğın təhlükəsizliyi baxımından etibarlıdır. Alüminium kabellər daha çox sənaye obyektlərində və yüksək gərginlikli xətlərdə istifadə olunur, yaşayış binalarında isə yalnız xüsusi şərtlərlə tətbiq edilir. İzolyasiyalı kabellər (PVC, XLPE) yanmayan və çətin yanan materiallardan olmalı, BCH (STN) 59-88 standartının tələblərinə cavab verməlidir.

  • ABŞ-də Trampın adına brend araq simvolik qiymətə təklif olunur

    ABŞ Prezidenti Donald Trampın oğlu Erik “Trump” adlı brend arağın ilkin sifarişinə qəbulun başladığını elan edib.

    O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

    Bildirilib ki, bir butulka arağın (0.75 l) qiyməti 47.45 dollar (təxminən 80 manat – red.) təşkil edir. Ehtimal olunur ki, bu qiymət Trampın hazırda ABŞ-nin 47-ci prezidenti olmasına, bundan əvvəl isə ölkənin 45-ci başçısı olmasına işarədir.

    Qeyd edək ki, Donald Tramp 2005-ci ildən 2011-ci ilədək “Trump” adlı brend araq istehsal edib.

  • Arıqlama iynələrini dayandırdıqdan sonra nə baş verir? – Cavab çox da ümidverici deyil

    Zəhmətsiz arıqlamağın ən qısa yolu kimi təqdim edilən arıqlama iynələri qısa zamanda arzulanan bədən quruluşuna çatmaq vədi ilə milyonlarla insanı cəlb edir. Lakin əsas sual budur: İynə dayandırıldıqda nə baş verir?

    Qaynarinfo xəbər verir ki, yeni araşdırmalar bu sualın cavabının o qədər də ümidverici olmadığını göstərir. Bu tapıntılar arıqlama iynələrindən istifadə qərarına yenidən baxmağınıza səbəb ola bilər.

    Əlbəttə, sağlam arıqlamanın ən düzgün yolu balanslaşdırılmış qidalanma və aktiv həyat tərzidir. Lakin bir çox insan çəki itirmək üçün çay, qəhvə, həblər və ya iynə kimi sürətli həll yollarına üz tutur. Bir zamanların arıqlama dərmanlarının yerini son illərdə arıqlama iynələri tutub. Əslində bu iynələr arıqlamaq üçün deyil, tip 2 diabetin müalicəsi üçün hazırlanıb. Lakin kilo itkisinə təsiri aşkarlandıqca, köklüyün müalicəsində də geniş yayılmağa başlayıb.

    GLP-1 qrupuna aid olan və təsirli maddələri semaglutid (“Ozempic”) və tirzepatid (“Mounjaro”) olan bu dərmanlar hazırda yalnız tip 2 diabet müalicəsində Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənir.

    Bədən əvvəlki rejiminə qayıdır

    “Mounjaro” kimi GLP-1 reseptor aqonistləri iştahanı azaldaraq və toxluq hissini artıraraq çəki itkisinə kömək edir. Lakin dərman dayandırıldıqda, bədən əvvəlki qida vərdişlərinə və metabolik rejiminə qayıda bilir. Bu isə verilmiş çəkinin böyük hissəsinin geri alınması ilə nəticələnir.

    Yeni tədqiqat göstərib ki, arıqlama iynəsini dayandıranların böyük qismi əhəmiyyətli dərəcədə çəki toplayır.

    Hər 5 nəfərdən 4-ü verdiyi çəkinin ən azı 25 faizini geri alır

    36 həftəlik beynəlxalq klinik araşdırmada “Mounjaro” istifadə edən şəxslərin iynəni dayandırdıqdan sonra bir il ərzində verdikləri çəkinin ən azı 25 faizini geri aldıqları müəyyən edilib.

    Texas Universitetinin tədqiqatçıları tərəfindən həyata keçirilən və dərmanın istehsalçısı “Eli Lilly” tərəfindən maliyyələşdirilən bu araşdırmada 308 nəfər iştirak edib. Onlar 36 həftə tirzepatid istifadə etdikdən sonra bir il plasebo dərmanı qəbul ediblər və bu müddətdə çəki dəyişiklikləri izlənilib.

    İştirakçılara eyni zamanda aşağı kalorili pəhriz və fiziki aktivlik artımı tövsiyə olunub. “JAMA Internal Medicine” jurnalında dərc olunan araşdırmada göstərilib ki, tirzepatid qəbul olunan dövrdə həm çəki itkisi, həm də sağlamlıq göstəricilərində yaxşılaşma müşahidə olunub.

    Lakin plasebo qəbul etdikləri il ərzində, əhəmiyyətli çəki itkisi olanların 82 faizi verdiyi çəkinin ən azı 25 faizini geri alıb. Çəki artdıqca xolesterin və insulin kimi göstəricilərdə də pisləşmə qeydə alınıb.

    İynəni dayandırandan sonra çəki alanlarda insult riski yüksəlir

    Tədqiqat göstərib ki, iynəni dayandırdıqdan sonra yenidən çəki alan şəxslərdə qan təzyiqi yüksəlir və bu, insult riskinin artmasına səbəb olur.

    Mütəxəssislər bildirir ki, iynənin təsiri bitdikdən sonra, həyat tərzi dəyişikliklərinə baxmayaraq, insanların böyük qismi yenidən çəki alır. Buna görə piylənmənin uzunmüddətli müalicəsində davamlılıq əsas rol oynayır.

    Böyük Britaniyada təxminən 2,5 milyon insanın arıqlama iynəsi istifadə etdiyi güman edilir.

    İnsulin artırır, həzm prosesini yavaşladır

    Bu dərmanlar bədəndə təbii olaraq mövcud olan hormonu təqlid edən GLP-1 agonistləri sinfinə aiddir. “Mounjaro” bədənin ehtiyac duyduqda daha çox insulin istehsal etməsinə, qaraciyərin qlükoza hasilatını azaltmasına və həzmi yavaşlatmasına səbəb olur.

    Böyük Britaniyada artıq ailə həkimləri bədən kütlə indeksi 40-dan yüksək olan və tip 2 diabet, yüksək qan təzyiqi və ya yuxu apnesi kimi piylənmə ilə bağlı ən az dörd sağlamlıq problemi olan xəstələrə bu dərmanı təyin edə bilirlər.

    Arıqlamça iynəsi dayandırıldıqda toxluq siqnalları zəifləyir

    Diyetoloq İrem Berra Çınbaşının sözlərinə görə, iynə dayandırıldıqda aclıq hormonu qrelin yüksəlir, toxluq siqnalları zəifləyir və bədən əvvəlki çəkiyə qayıtmağa meyilli olur. Bu, “set-point” nəzəriyyəsi ilə izah edilir.

    O qeyd edir ki:

    – sürətli çəki itkisi zamanı metabolizma yavaşlayır
    – iştah artır, metabolizma isə hələ də aşağı səviyyədə qalır
    – iynə iştahı azaltdığı üçün insanlar davranış dəyişikliyi etmədən arıqlayır
    – dərman dayandırıldıqda köhnə vərdişlərə dönüş baş verir

    İrem Berra Çınbaşı bildirir ki, iynəni dayandıran şəxslərin çəkiyi qorumaq üçün protein və lifdən zəngin qidalanmaya keçməsi, müqavimət məşqləri etməsi, porsiya nəzarəti və emosional yemə davranışlarını idarə etməsi vacibdir.

    Metabolizmanı köklü və daimi dəyişdirmir

    Mütəxəssis vurğulayır ki, bu dərmanlar metabolizmada daimi dəyişiklik yaratmır. Dərman dayandırıldıqda hormonal sistem əvvəlki vəziyyətinə qayıdır, iştah artır, bazal metabolizma isə sürətlə bərpa olunmur. Buna görə də çəkiyi qorumaq çətinləşir.

    Uzunmüddətli təsirlərlə bağlı məlumatların hələ məhdud olduğu qeyd edilir.

    Yüngül çəkisi olanların iynə istifadə etməsi doğru deyil

    5–10 kilo artıq çəkisi olanların bu dərmanlardan istifadəsi məsləhət görülmür. İrem Berna Çınbaşı bildirir ki, bu dərmanlar piylənmə və metabolik risk daşıyan şəxslər üçün hazırlanıb. Yüngül çəkisi olanlarda iynə istifadəsi:

    – lazımsızdır
    – əzələ itkisinə səbəb ola bilər
    – metabolizmanı daha da zəiflədə bilər
    – dərman dayandırıldıqda sürətli çəki artımına yol aça bilər

    Bu şəxslərin əsas ehtiyacı sağlam qidalanma davranışını formalaşdırmaq, bağırsaq sağlamlığını dəstəkləmək və stress-yuxu idarəsini yaxşılaşdırmaqdır.

    Estetik məqsədlə təyin olunmamalıdır

    Mütəxəssislərin fikrincə, tibbi göstəriş olmadan arıqlama iynələrinin estetik məqsədlə yazılması həm etik deyil, həm də bəzi ölkələrdə cinayət hesab olunur.

    Yan təsirlər: Pankreas iltihabı və tiroid şişləri riski

    Mütəxəssislər bildirir ki, xəstəliyi olmayan şəxslərin bu dərmanları istifadə etməsi təhlükəlidir və aşağıdakı risklərə səbəb ola bilər:

    – bulantı, qusma, həzmsizlik
    – pankreas iltihabı
    – öd kisəsi problemləri
    – böyrək funksiyasında pozulmalar
    – bəzi tiroid şişləri riski
    – hipoglisemiya
    – əzələ itkisi və qida çatışmazlıqları

    Dərmanların səbəbsiz istifadəsi dayandırıldıqdan sonra daha sürətli çəki artımına gətirib çıxara bilər.

  • Şirin su ehtiyatları tükənir – Alimlər təbil çalır

    Qlobal istiləşmə səbəbindən Avropada su ehtiyatları tükənir və bunun ciddi və genişmiqyaslı nəticələri olacaq.

    London Universitet Kollecinin (UCL) alimləri bu barədə araşdırma aparıblar.

    Tədqiqatçılar bildiriblər ki, iyirmi illik peyk məlumatlarına əsaslanan yeni təhlilə əsasən, Avropanın su ehtiyatlarının böyük əraziləri quruyur, şirin su ehtiyatları cənub və mərkəzi Avropada – İspaniya və İtaliyadan Polşaya və Böyük Britaniyanın bəzi hissələrinə qədər azalır.

    Qeyd olunur ki, hazırda Avropada güclü disbalans müşahidə olunur. İspaniya, İtaliya, Fransa İsveçrə , Almaniya , Rumıniya və Ukraynanın hissələri də daxil olmaqla, cənubun geniş əraziləri quruyur.

  • “Real Madrid” uzun müddətdir maraqlandığı müdafiəçinin transferi fikrindən daşınıb

    “Real Madrid” uzun müddətdir transfer siyahısına daxil etdiyi “Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konatenin oyun performansındakı gerilik səbəbindən onunla müqavilə imzalamaq niyyətindən imtina edib.

    Median.Az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu qərarları barədə “Liverpul” tərəfinə məlumat veriblər.

    Mənbənin məlumatına görə, “Real Madrid”in Konateden imtina etməsi səbəbi ilə futbolçu “Liverpul”da 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzada bilər.

    Qeyd edək ki, fransız müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 18 oyunda iştirak edib və bir qol vurub. Onun transfer dəyəri 55 milyon avro olaraq dəyərləndirilir.

  • UEFA “Qarabağ”ı cərimələdi

    UEFA “Qarabağ” futbol klubunu cəzalandırıb.

    Median.Az bu barədə Britaniyanın “The Sun” nəşrinə istinadən xəbər verir.

    Cəzaya səbən Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçirilən (0:5) UEFA Gənclər Liqasının (U-19) 4-cü tur matçında tribunalarda baş verən xoşagəlməz insident səbəb olub.

    Məlumata görə, klub 5 min avro məbləğində cərimələnib. Bununla yanaşı, U-19 komandası UEFA-nın bayrağı altında bir oyunu azarkeşsiz keçirməli olacaq, lakin bu qərarın icrası həmin qərarın qəbul edildiyi tarixdən etibarən bir il sınaq müddəti ilə dayandırılıb.

    Xatırladaq ki, görüş zamanı meydan sahiblərindən bir azarkeş, qonaq komandanın futbolçusu Sol Qordanın vurduğu qoldan sonra ona qarşı irqi ayrı-seçkilik nümayiş etdirib. Matçdan sonra “Çelsi” bu hərəkəti qınamış, “Qarabağ” isə hadisəyə görə təəssüf etdiyini bildirərək məsələ ilə bağlı araşdırma aparmağa hazır olduğunu bildirmişdi.

  • Noyabrın son gününün havası açıqlandı

    Azərbaycanda noyabrın 30-da havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-12, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-9, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

  • İctimai nəqliyyat gecələr niyə işləmir? – “Gələn ildən…”

    İctimai nəqliyyatın fəaliyyətinin gecə saat 23:00-24:00-da dayandırılması səhər sakinlərində narazılıq yaradır. Gecə saatlarında evinə dönmək istəyən sakinlər çətin vəziyyətdə qalır. Bəs nəyə görə Azərbaycanda gecə ictimai nəqliyyat fəaliyyət göstərmir?

    Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, şəhərdə gecə növbəsində müntəzəm sərnişindaşıma xidmətinin olmasının tərafdarıdır:

    “Mən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvi kimi keçirilən görüşlərdə bu məsələni qaldırmışam. Həm AYNA, həm də nazirliyin məsələyə münasibəti müsbətdir. Sadəcə, bunların tənzimlənməsi üçün müəyyən mexanizmlərə ehtiyac var”.

    Elməddin Muradlı gələn ildən ictimai nəqliyyatda gecə növbəsinin bəzi istiqamətlər üzrə reallaşaçağına inanır:

    “Artıq dövr dəyişib, insanlar saat 03:00-a kimi şəhərdə olurlar. Ən azından müəyyən xidmət sahələrində işləyən insanlar var ki, axşam 24:00-dan sonra qazandığı 5-10 manatı taksiyə verməyə məcbur olurlar. Bu baxımdan düşünürəm ki, həm metro, həm avtobusların intervalı saat 24:00-dan sonra müəyyən aralıqda davam edə bilər. Məsələn, metro qatarı adi günlərdə 3 dəqiqədən bir gəlirsə, gecə növbəsində yarım saatdan bir hərəkət etsin. Avtobusların özü də yarım satdan bir hərəkət etsə, ona da vətəndaşlar sevinər və razı qalar. Biri var evinə 60 qəpik verib getsin, biri də 10 manat. Ümid edirəm ki, yanvardan sonra bu problem həllini tapar”.

    Elməddin Muradlı gecə nəqliyyatına təlabatın böyük olduğunu bildirib:

    “Mən bunun şahidi olmuşam, axşamlar Kukla Teatrının qarşısından keçəndə adam utanır, yol boyu insanlar düzülüb. İnsanlar gələn maşınlara əl edir, evinə gedə bilməsi üçün ona-buna yalvarır. Adamlar mənzil başına gedə bilmirlər. Bu problem aradan qaldırılmalıdır”.

  • Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanıldı

    Noyabrın 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

    Bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

  • Biləsuvarda toyda mahnı DAVASI: yolun kəsib döydü

    Biləsuvarda kişi toyda mahnıya görə döyülüb.

    Median.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Amankənd kəndində baş verib.

    Sakinlərdən birinin həyətində keçirilən toy axşamı məclisində mahnı sifarişi üstündə mübahisə yaşanıb. Belə ki, qonaqlardan biri bəyin dayısı oğlu 32 yaşlı Mustafa Bədirovun (adı və soyadı şərtidir) sifariş etdiyi mahnını dayandırıb. Bu zaman onların hər ikisi sərxoş olublar. Onun hərəkəti Mustafanın xoşuna gəlməyib. Nəticədə Mustafa əsəbiləşib və onlar arasında mübahisə başlayıb.

    Mahnını dayandıran şəxs isə bəyin qonşusu imiş. O, məclisdən çıxıb evinə gedərkən, Mustafa Bədirov ona yaxınlaşaraq sifətinə yumruq zərbələri vurub. Lakin o. sərxoş olduğundan vurduğu zərbələrin sayını xatırlamayıb.

    Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

    Mustafa Bədirov ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirərək, işə xitam verilməsini istəyib.

    Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.