Month: January 2026

  • Prezident Gülüstan sarayında açılışda iştirak edir – FOTOLAR

    Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

    Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey, “ACWA Power” şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər.

    Daha sonra “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “ACWA Power” şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını işə saldılar.

    Sonda birgə foto çəkdirildi.

    * * * * *

    Bu gün Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir.

    Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.















  • Füzuli-Horadiz ərazisində güclü yanğın: Tüstüdən zəhərlənən var

    Füzuli-Horadiz ərazisində baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, yanvarın 8-də 01:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli-Horadiz ərazisində yanğın baş verməsi səbəbilə çağırış daxil olub:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası bir nəfərə (kişi) zəruri tibbi xidmət göstərib, tüstüdən zəhərlənmə diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

  • Nazirliyin vəzifəli əməkdaşına cinayət işi açıldı – Fırıldaqla 395 min ələ keçirib

    Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında dələduzluq etməkdə təqsirləndirilən vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.
    Bildirilib ki, sabiq vergi müfəttişinin qanunsuz əməllərinə dair cinayət işinin ibtidai istintaq tamamlanıb:
    “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi Maqsud Nəsirovun qanunsuz əməllərinə dair ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
    İbtidai istintaqla Maqsud Nəsirovun qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2024-cü illər ərzində şəxslərin müvafiq işlə təmin edilməsi, xarici ölkələrin ali təhsil müəssisələrinə tələbə qəbulu, guya işlədiyi qurum tərəfindən müsadirə olunmuş əmlakların aşağı qiymətə satılmasının təşkil edilməsi və digər bu kimi məsələlərin “həlli” ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxslərdən 395 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə keçirməsinə və rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
    Toplanmış sübutlar əsasında Maqsud Nəsirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. İstintaq dövründə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

  • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşdü

    Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən azərbaycanlı itkin düşüb.

    Bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.
    O bildirib ki, Hüseynov Zirəddin Tələt oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qoşulub və Luqansk istiqamətində itkin düşüb.
    Bloqer qeyd edib ki, onun adı Rostovda ölənlər siyahısında olsa da, nəşi tapılmır.

  • Yollarda görünüş məsafəsi 700 metrədək məhdudlaşıb

    Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır.
    Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

  • 524 milyard dollar uğrunda mübarizə: Ukraynanı kim bərpa edəcək?

    Bərpa olunan enerji infrastrukturu quran şirkətlər Ukraynada atəşkəsdən ilk faydalananlar arasında ola bilər.

    Bu barədə “Reuters” yazıb.

    Mütəxəssislərin fikrincə, müharibədən sonra Ukrayna mümkün yeni təcavüzə daha effektiv müqavimət göstərmək üçün enerji sistemini daha dayanıqlı etməyə çalışacaq. Buna görə də Kiyev mərkəzləşdirilməmiş bərpa olunan texnologiyalara daha çox diqqət yetirəcək.

    “Heidelberg Materials” və ya “Holcim” kimi bir çox Avropa sement şirkətləri, eləcə də “Siemens Energy” də daxil olmaqla külək və günəş enerjisi avadanlıqları istehsalçıları Almaniyanın infrastruktur xərcləri planları səbəbindən 2025-ci ildə artım əldə ediblər. Bu o deməkdir ki, onların imkanları artıq artıb və onlar Ukraynanın yenidən qurulmasında iştirak edə bilərlər.

    Digər Avropa şirkətlərinin də ölkəmizin yenidən qurulması ilə bağlı imkanlardan yararlanmaq üçün yaxşı şansları var. Məsələn, Avstriyanın “Wienerberger” şirkətinin (kərpicdən su borularına qədər geniş çeşiddə məhsullar istehsal edən) Ukrayna yaxınlığında, Polşa və Macarıstanda fabrikləri var. Bu, logistika imkanlarını artırır.

    Mütəxəssislərin fikrincə, şirkət yalnız su infrastrukturu üçün deyil, həm də Ukraynanın şərqində mənzillərin yenidən qurulması üçün əsas təchizatçıya çevrilə bilər.

    Avstriyanın ən böyük tikinti şirkəti “Strabag” da əlverişli mövqedədir. Onun əsas ixtisaslaşması yolların, körpülərin və dəmir yollarının tikintisidir. 2018-ci ilə qədər o, artıq Ukraynada fəaliyyət göstərirdi. Şirkət Rusiya kimi təsnif edildiyi üçün bazardan çəkilməyə məcbur olub – oliqarx Oleq Deripaskanın əlində 25% pay olduğu nəzərə alınmaqla. 2018-ci ildən bəri şirkət payını azaltmaq üçün addımlar atıb və Ukraynaya qayıtmağa hazırdır.

    Əlbəttə ki, atəşkəsin əldə olunacağına dair heç bir zəmanət yoxdur və Ukraynada müharibədən sonrakı biznes mühitinin necə olacağı hələ də məlum deyil. Lakin, investorlar getdikcə 2026-cı ildə müharibənin bitməsinə diqqət yetirdikcə, yenidənqurma mövzuları ön plana çıxacaq.

    Ukraynanın yenidənqurma işlərinin növbəti onillikdə təxminən 524 milyard dollara başa gələcəyi və əsasən Avropa İttifaqı və özəl sektor tərəfindən maliyyələşdiriləcəyi gözlənilir.
    //valyuta.az

  • AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı

    Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    İbtidai istintaqla həmin Mərkəzin direktoru Mehman Əliyevin baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaş Mehman Qəribovun köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını faktiki olaraq icra etməyən şəxslərə əmək haqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitinin nağdlaşdırılmasına nail olmaqla onlara etibar edilmiş külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Mehman Əliyev və Hasil Əskərova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə), Namik Qasımova həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4, Mehman Qəribova isə həmin Məcəllənin 32.5, 179.2.1, 32.5, 179.2.3, 32.5, 179.2.4 və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə əsas, Mehman Əliyev və Namik Qasımov barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Şagird dəm qazından boğulub öldü – Anasının vəziyyəti ağırdır

    Yanvarın 5-i Saray qəsəbəsində ana və oğul dəm qazından boğulub.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, Saraydakı H.Axundov adına 3 saylı məktəbin şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu dəm qazından boğlaraq ölüb.

    Anasının isə hazırda ağır vəziyyətdə olduğu və oğlunun vəfatından xəbər tutmadığı qeyd edilib.

  • Dələduzluq etdi, aministiyaya düşdü

    Dələduzluqda ittiham olunan şəxs barəsində cinayət təqibinə amnistiya ilə xitam verilib.

    Hit.az xəbər verir ki, Rəşad Məmmədov (şərti) etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurub.

    İstintaq materiallarına görə, o, 2025-ci ilin avqust ayında telefon danışığı zamanı özünü geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək zərərçəkmişi BP şirkətində sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib. Bu məqsədlə Rəşad Məmmədov zərərçəkmiş şəxsdən ümumilikdə 2.245 manat pul alıb. Pullar müxtəlif tarix və saatlarda mobil tətbiqlər və “eManat” ödəmə terminalı vasitəsilə “LeoBank” və “BirBank”a məxsus bank kartlarına köçürülüb.

    İttihama görə, o, aldığı vəsaiti vəd edilən məqsəd üçün istifadə etməyərək şəxsi ehtiyaclarına sərf edib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 2.245 manat məbləğində maddi ziyan dəyib.

    Fakt üzrə Rəşad Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

    Məhkəmə aministiya aktına əsasən Rəşad Məmmədov barəsindəki cinayət təqibinə və cinayət işinin icraatına xitam verib.

  • Gürcüstanda azərbaycanlı gəncin qətlində ittiham olunan şəxs Türkiyəyə qaçarkən saxlanıldı

    Gürcüstanın Marneuli rayonunda bazarda 27 yaşlı Sahib Bayramovu qətlə yetirməkdə ittiham olunan 2002-ci il təvəllüdlü şəxs Türkiyə ilə sərhəddəki “Kartsaxi” sərhəd sektoru ərazisində saxlanılıb.

    APA xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

    İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bazarındakı zərgərlik mağazasında ata və oğlunu odlu silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri aldığı travmalardan dünyasını dəyişib.
    Aparılmış istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi tez bir zamanda müəyyən edilib və onun barəsində qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Törədilmiş cinayət əməlinə görə 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

    Gürcüstan DİN Türkiyə DİN-nin, həmçinin Gömrük və Xarici Ticarət Xidmətinin nümayəndələrinə operativ əməkdaşlığa görə təşəkkür edib.

    Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu qətli törədən şəxsə qiyabi ittiham irəli sürüb. O, sifarişlə və xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasında ittiham olunur.