Month: January 2026

  • Qaradağdakı günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti uzadılıb

    Bərpaolunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti uzadılıb.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, “Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2023-cü il 25 dekabr tarixli 470 nömrəli Qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə alınmasının müddəti “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə uyğun olaraq bir il müddətinə uzadılıb.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 1-ci hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
    //oxu.az

  • Bakı parkinq probleminin öhdəsindən necə gələcək? – Avtomobil sayı sürətlə artır

    Avtomobillərin sayının sürətlə artdığı bir dövrdə parklanma məsələsi şəhər həyatının ən aktual problemlərindən birinə çevrilib.

    Mövcud parkinq siyasəti gələcək tələbatı qarşılaya biləcəkmi və bu sahədə hansı dəyişikliklərə ehtiyac var?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırkı parklanma sistemi ümumilikdə qənaətbəxş hesab oluna bilər.

    Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu sahədə müəyyən nizam-intizamın formalaşdığı açıq şəkildə görünür.

    “Baxmayaraq ki, parklanma ilə bağlı müəyyən çatışmazlıqlar mövcuddur, vətəndaşlardan avtomobillərin saxlanılması, cərimələr, yol xətlənməsi və nişanlanma ilə bağlı şikayətlər daxil olur, buna baxmayaraq mövcud sistem müsbət qiymətləndirilə bilər”.

    Eldəniz Cəfərovun sözlərinə görə, parklanma ödənişlərinin qeyri-nağd formada həyata keçirilməsi hesabatlılığın və şəffaflığın artmasına səbəb olur.

    “Bu yanaşma eyni zamanda parklanma nəzarətçilərinin sosial təminatının yaxşılaşdırılmasına xidmət edir”.

    Ekspert əlavə edib ki, parklanma üzrə toplanan vəsait birbaşa müvafiq büdcəyə yönləndirilir və sonradan yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xərclənir. Bu isə uzunmüddətli perspektivdə şəhər nəqliyyatının daha səmərəli və dayanıqlı şəkildə idarə olunmasına imkan yaradır.

  • “Aİ-92” ilə “Aİ-95″i qarışdırmaq olar? – Baha başa gələn …

    “Aİ-92” və “Aİ-95” markalı benzinləri qarışdırmaq avtomobil sürücüləri arasında ən çox müzakirə olunan mövzulardan biridir.

    Fərqli oktanlı yanacaqların bir-birinə qatılması texniki cəhətdən mümkün olsa da, lakin bunun daimi vərdişə çevirmək olmaz. Hər bir avtomobilin mühərriki zavod tərəfindən konkret bir benzin növü üçün hazırlanır. Bu iki yanacağı qarışdırdıqda mühərrik dayanmır və maşın hərəkət edir, lakin yanacağın keyfiyyəti dəyişir.

    Əgər avtomobilinizin kitabçasında “yalnız 95 tökün” yazılıbsa, onu “92” ilə qarışdırmaq mühərrikin gücünü azaldır və daxildə kiçik partlayışlara (detonasiyaya) səbəb olur. Bu isə zamanla mühərrikin detallarını sıradan çıxarır. Amma köhnə model maşınlara yüksək keyfiyyətli benzin qatmağın heç bir qorxusu yoxdur, sadəcə bu, sürücü üçün əlavə xərc deməkdir. Vurğulanır ki, yolda qaldığınız fərqli vəziyyətlərdə və ya çarəsiz qaldıqda bu iki benzini qarışdırmaq olar, bununla maşın xarab olmaz.

    Lakin mühərrikin uzunömürlü olması üçün zavodun tələb etdiyi yanacaqdan istifadə etmək ən təhlükəsiz yoldur. Çünki müntəzəm olaraq fərqli benzinləri qarışdırmaq yanacaq sisteminin təmizliyini pozur və gələcəkdə baha başa gələn təmirlərə yol açır.
    Qeyd edək ki, sürücülərə hər zaman eyni yanacaq növündən və etibarlı yanacaqdoldurma məntəqələrindən istifadə etmək tövsiyə olunur. (Milli.az)

  • Sərxoş kişi polisə yalan məlumat verdi, 8 sutka həbs olundu

    Gəncə şəhərində polisə yalan məlumat verən şəxs saxlanılıb.

    Hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib.

    Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran İsayev (ad və soyad şərtidir) yanvarın 1-i saat 3 radələrində Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub. O, evində döyüldüyünü bildirib.

    Hadisə yerinə gələn polis əməkdaşları K.İsayevin döyülmədiyini, sərxoş vəziyyətdə olduğunu aşkarlayıblar. Polis onu spirtli içki müayinəsinə dəvət edərkən Kamran bundan imtina edib və nalayiq ifadələr işlədib, səs-küy salıb.

    Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirib, barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndəriblər.

    Gəncə Şəhər Məhkəməsinin qərarı ilə K.İsayev 8 sutka həbs edilib (Oxu.az).

  • 2026-cı ildə səyahət daha da bahalaşacaq

    2026-cı ildə bir sıra istiqamətlər üzrə səyahət xərcləri artacaq. Bunun əsas səbəbləri sırasında geosiyasi gərginlik, izolyasionist siyasətlər və aviasiya sektorundakı dəyişikliklər göstərilir.

    Turizm portalı Fodors ekspertlərinin proqnozuna əsasən, bəzi regionlarda kommersiya aviasiyası üçün hava məkanının məhdudlaşdırılması mümkündür. Bu isə daha uzun uçuş marşrutları və nəticə etibarilə yanacaq xərclərinin artması deməkdir.

    Eyni zamanda, aşağıbüdcəli aviaşirkətlər də çətinliklərlə üzləşir. İşçi qüvvəsi çatışmazlığı fonunda əməkhaqlarının yüksəlməsi, eləcə də hava limanı rüsumlarının artması bu şirkətlərin xərclərini artırır və biletlərin bahalaşmasına səbəb olur.

    Bundan əlavə, bir çox məşhur turizm istiqamətləri turist axınını nəzarətdə saxlamaq üçün qonaqlar üçün vergiləri artırmaqda davam edir.

    Belə ki, Venesiya şəhərinə giriş üçün ödəniş 2026-cı ildə yenidən tətbiq olunacaq. Edinburq isə iyul ayından etibarən yaşayış üçün 5 faizə qədər turist vergisi tətbiq edəcək. Norveçdə bəzi bələdiyyələr kruiz gəmilərinin sərnişinlərindən və gecələyən turistlərdən 3 faizlik rüsum almağı planlaşdırır.

    Yunanıstanın bəzi limanlarında da kruiz sərnişinləri üçün əlavə ödənişlər nəzərdə tutulur. Mövsümdən asılı olaraq Santorini və Mikonos adalarında bu rüsum 20 avroya qədər çata bilər.

    Bundan başqa, Sinqapur 2026-cı ildən etibarən sərnişinlərdən ekoloji təmiz aviasiya yanacağı üçün 32 ABŞ dolları məbləğində ödəniş alacaq. Yaponiya isə Kioto şəhərində yaşayış vergisinin mərhələli şəkildə 900 faizə qədər artırılmasını təsdiqləyib. Bu dəyişiklik mart ayından qüvvəyə minəcək.

    2026-cı ildə səyahət edərkən necə qənaət etmək olar?

    Faye Travel Insurance şirkəti turistlərə səyahət planlaşdırarkən daha çevik olmağı tövsiyə edir. Məsələn, konkret ölkə yerinə istirahət növünü – xizək, çimərlik və ya şəhər turizmini seçərək büdcəyə uyğun istiqamət tapmaq mümkündür.

    Bundan əlavə, imkan daxilində dost və ya qohum yanında qalmaq, mövsümdənkənar dövrlərdə səyahət etmək, yeməyi qalınan məkanda hazırlamaq və əlavə baqaj rüsumlarından yayınmaq üçün az əşya götürmək tövsiyə olunur.

    Qeyd edək ki, daha əvvəl ABTA tərəfindən hazırlanan Travel Trends report for 2026 hesabatında 2026-cı ildə səyahət üçün ən əlverişli ayın sentyabr olduğu bildirilmişdi. GetYourGuide platformasının ekspertləri isə gələn il üstünlük təşkil edəcək altı əsas turizm trendini müəyyən ediblər.

  • Saatlıda qulaqları eşitməyən ər arvadını döydü, həbs olunmamış amnistiyaya düşdü

    Saatlıda qulaqları zəif eşidən kişi arvadını döyüb.

    Hadisə Qara Nuru kəndində qeydə alınıb.

    Qrip olduğu üçün qulaqları tutulan 32 yaşlı Amin Cəfərov (ad və soyad şərtidir) arvadının dediyi sözləri eşitməyib. Qadın ikinci dəfə sözləri təkrar etsə də, Amin yenə eşitməyib və arvadını yumruqla vuraraq, yerə yıxıb. Sonra saçından tutaraq, çarpayının yanına sürükləyib və başını taxtaya çırpıb.

    Bu əməlinə görə, Amin Cəfərov saxlanılıb və barəsində cinayət işi açılıb.

    Məhkəmə istintaqı zamanı törətdiyi əməlin yüngüllük dərəcəsinə görə Aminin amnistiya aktına düşdüyü müəyyən edilib.

    Saatlı rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.

  • Azərbaycan-İran sərhədindəki sıxlığın SƏBƏBİ

    Son günlər Azərbaycan-İran dövlət sərhədinin buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının yaranması barədə məlumatlar yayılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Azərbaycanla İran arasında dövlət sərhədindən buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin müşahidə olunan sıxlığının müzakirə olunması məqsədilə İran İslam Respublikası Azərbaycan tərəfinə müraciət edib.

    Müraciətdən sonra hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri “Astara” dövlət sərhədi buraxılış məntəqəsində olaraq, mövcud vəziyyəti təhlil ediblər.

    Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sıxlıq, əsasən, İran İslam Respublikası tərəfində müşahidə olunur, ləngimələrə səbəb isə qarşı tərəfdə iş rejimindəki fasilələr və sərhədkeçmə proseslərində yaranan texniki məsələlərlə əlaqədardır.

    Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrində (Astara, Cənub-Astara, Biləsuvar) nəqliyyat vasitələrinin keçidi isə intensiv şəkildə təmin edilir, heç bir sıxlıq müşahidə olunmur.

    Yeni istifadəyə verilmiş “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsi isə İran tərəfində təmir-tikinti işləri və texniki məsələlər yekunlaşmadığından tam gücü ilə fəaliyyət göstərə bilmir.

  • Azərbaycan manatı bir ildə türk lirəsinə qarşı görün necə bahalaşıb

    Azərbaycan manatı türk lirəsi qarşısında əhəmiyyətli dərəcədə bahalaşıb.

    2025-ci ilin əvvəlində 20,790 səviyyəsində olan Azərbaycan manatı 2026-cı ilin ilk günlərində 25,300 həddini aşaraq türk lirəsi qarşısında nəzərəçarpacaq dərəcədə möhkəmlənib.

    Məlumata görə, 2025-ci ilin ilk aylarında Azərbaycan manatı/türk lirəsi məzənnəsi 20,790 səviyyəsində idi. İl ərzində mərhələli artım göstərən məzənnə 2026-cı ilin əvvəlində 25,300 səviyyəsini keçərək təxminən 4,5 lirəlik yüksəliş göstərib.
    //lent.az

  • KİV: İranda ərəb əsilli siyasi məhkum edam olunacaq

    İranın Əhvaz həbsxanasında saxlanılan ərəb əsilli siyasi məhbus Məhəmməd Musaviyə məhkəmə tərəfindən ölüm hökmü verilib.

    Bu barədə İran mediası məlumat yayıb.

    Edam qərarına səbəb ona qarşı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) tərkibinə daxil olan Bəsic komandanlarından birinin qətlində iştirak ittihamının irəli sürülməsidir.

    Belə ki, Məhəmməd Musavinin silahlı hücum edənlər arasında olduğu iddia edilir.

  • Azərbaycanda kərə yağı ehtiyatı 200 dəfəyə yaxın artıb

    Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır.

    Dekabrın 1-nə ölkədə 179,6 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 199,6 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.