Month: January 2026

  • Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq – MƏHKƏMƏ (FOTO)

    Masallı rayonunun Boradigah qəsəbəsində səkkizinci sinif şagirdi özündən iki sinif yuxarı oxuyan tanışını xüsusi amansızlıqla öldürməyə cəhd edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə bir neçə ay əvvəl Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin həyətində baş verən hadisə ilə bağlı açılmış cinayət işi üzrə hökm verib.

    İstintaq materiallarında qeyd olunub ki, İnqilab Məmmədov adına 2 saylı tam orta məktəbdə təhsil alan Fuad Babayevlə (yeniyetmələrin ad-soyadları şərtidir – red.) eyni qəsəbədə yerləşən 1 saylı məktəbin 10-cu sinfində oxuyan Loğman Səmədli arasında mübahisə yaranıb. Fuad dostundan eşidib ki, Loğmanın onun qohumu olan qızdan xoşu gəlir və dərsdən sonra onun arxasıyca düşür.

    F.Babayev məsələni aydınlaşdırmaq üçün Loğmanla söhbət edərək ondan bu davranışları dayandırmağı tələb edib. Eyni məsələ ilə bağlı sonrakı görüşlərin birində isə tərəflər bir-birlərinə söyüşlər işlədiblər. Söhbətin artıq böyüdüyünü düşünən Fuadla Loğman aralarındakı məsələni birdəfəlik yekunlaşdırmaq üçün sonuncunun təhsil aldığı məktəbin həyətindəki futbol meydançasında əlbəyaxa dava ediblər. Bu vaxt Fuad cibində gətirdiyi mətbəx bıçağı ilə Loğmana bir neçə dəfə zərbə vurub.

    Prokurorluq cinayətin xüsusi amansızlıqla törədildiyi qənaətinə gələrkən zərərçəkmişin yaralı vəziyyətdə onu öldürməməsi üçün aman diləməsini də əsas gətirib. Səs-küyə gələn məktəb direktorunun və digərlərinin müdaxiləsi nəticəsində faciəli ölümün reallaşmasının qarşısı alınıb. Cinayət törədən şagird isə qorxub hadisə yerindən qaçsa da, polis əməkdaşları qısa müddətdə onu tutub istintaqa təhvil veriblər.

    Sinif otağından məhkəmə zalına keçid edən məktəbli təqsirini etiraf edib, amma əməlinin xüsusi amansızlıq kimi qeydə alınması ilə razılaşmayıb. Müdafiə tərəfi ittihamın sanksiya həddi daha yüngül olan qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.

    Zərərçəkmiş şəxsin sözlərinə görə, Fuadın onu bıçaqlamasına səbəb söyüşlərdən sonra aralarında yaranmış anlaşılmazlıq olub. Amma bıçaqla vurmaqda məqsədinin onu öldürmək olub-olmadığını bilmir. O, əlavə olaraq təqsirləndirilən şəxs və ailəsi ilə barışdıqlarını, hazırda heç bir şikayət və tələblərinin olmadığını bəyan edib.

    Fotoda: Direktor Emil Vahabov

    Hakimlər məktəbin direktoru Emil Vahabovu və hadisə şahidi olan digər şagirdləri də məhkəmə zalında bir-bir dindiriblər. Direktor ifadəsində şagirdini vuran oğlanı tanımadığını, niyə belə etdiyini soruşduqda isə qaçıb getdiyini deyib.

    Məhkəmə kollegiyası yekunda hadisənin sadə bir dava deyil, xüsusi amansızlıqla törədilən cinayət olduğunu təsdiq edib.

    Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslərə ən ağır şəkildə cinayət törətsə belə, 10 ildən artıq cəza təyin edilə bilməz. Bu tələb nəzərə alınmaqla, təqsirli bilinən məktəbliyə beş il səkkiz ay 15 gün azadlıqdan məhrumetmə cəzası verilib.

  • Leonardo DiKaprionun filmi real oldu

    Keçmiş Kanadalı stüardessa 33 yaşlı Dallas Pokornikin Torontoda yerləşən bir aviaşirkətdə işləyərkən pilotlara və kabin heyətinə verilən biletləri əldə etmək üçün saxta şəxsiyyət vəsiqələrindən istifadə edib. 
     
    Median.Az
    ABŞ hakimiyyəti Pokornikin bu yolla yüzlərlə pulsuz uçuş etdiyi barədə məlumat paylaşıb.
     
    O, təyyarələrdə pilot kimi səyahət edib.
     
    Dallas Pokornik oktyabr ayında Havaydakı federal məhkəmədə elektron fırıldaqçılıqda ittiham olunub və Panamada həbs edilib. ABŞ-a ekstradisiyasından sonra çərşənbə axşamı hakim qarşısına çıxan Pokornik bütün ittihamları rədd edib. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə qədər həbsdə saxlanılması barədə qərar verib.
     
    Məhkəmə sənədlərinə görə, Pokornik hətta işdən kənar pilotlar üçün ayrılmış “tullanan oturacaq” üçün də müraciət edib. Lakin qeydlərdə onun həqiqətən bu oturacaqda uçub-uçmadığı barədə dəqiq məlumat yoxdur.
     
    Aviaşirkətlərin adları ittihamnamədə açıq şəkildə qeyd olunmasa da, bildirilir ki, baş ofisi Honolulu, Çikaqo və Fort-Uortda (Texas) yerləşən üç ABŞ aviaşirkətləri sənəddə vurğulanır. “Air Canada” da daxil olmaqla, adı çəkilən şirkətlərin heç biri bu məsələ ilə bağlı açıqlama verməyib.
     
    ABŞ prokurorları Pokornikin bu təcrübəni təxminən dörd il davam etdirdiyini açıqlayıblar. Təqsirləndirilən şəxsin vəkili mətbuata şərh verməkdən imtina edib.
     
    Qeyd edək ki, itihamnamədəki detallar Leonardo DiKaprionun rol aldığı və saxta pilot şəxsiyyətindən istifadə edərək aviaşirkətləri aldadan Frank Abagnale haqqında “Catch Me If You Can” filmini xatırladır.

  • Sahibə Qafarova Radmila Şekerinskayla görüşdü – FOTO

    Yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
     
    Median.Az
    xəbər verir ki, görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq, Alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilib. 
     
    Söhbət zamanı, tərəflər arasında mövcud davamlı və məzmunlu siyasi dialoqun əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, NATO-nun sabiq Baş katibi Yens Stoltenberqin 2024-cü ildə Azərbaycana səfəri, aparılan danışıqlar və müntəzəm təmaslar tərəfdaşlığa yeni dinamika gətirib və bu addımlar siyasi dialoqun intensivliyinin göstəricisi kimi qiymətləndirilib. Azərbaycanın NATO üçün etibarlı və öhdəliklərinə sadiq tərəfdaş olduğu qeyd edilərək, ölkəmizin Alyansın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyəti, regional nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyəti vurğulanıb.
     
    Görüşdə daha sonra Azərbaycanın Alyansın enerji təhlükəsizliyinə verdiyi töhfə diqqətə çatdırılaraq, bildirilib ki, ölkəmiz hazırda NATO üzvü olan 10 dövlətə və 2 tərəfdaş ölkəyə təbii qaz tədarük edir ki, bu da enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Spiker həmçinin Azərbaycanın Orta Dəhlizdə mühüm tranzit rolunu vurğulayaraq, bunun regionda sabitliyə və əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib. 
     
    Sahibə Qafarova Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz suverenliyini bərpa edərək, bölgədə yeni reallıqlar yaratdığını bildirib. Qeyd olunub ki, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış edib, Vaşinqton Sammitindən sonra Ermənistanla əməkdaşlığın irəlilədilməsi üzrə ardıcıl və praktik addımlar atıb. 
     
    NATO Baş katibinin müavini Radmila Şekerinska Alyansın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini və tərəflər arasındakı sıx siyasi dialoqu yüksək qiymətləndirdiyini bildirərək, bu münasibətlərin yeni Tərəfdaşlıq Proqramı çərçivəsində daha da dərinləşəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın NATO ilə əməkdaşlığa və Alyansın üzv ölkələrinin enerji təhlükəsizliyinin təminin olunması istiqamətində verdiyi mühüm töhfələrə görə təşəkkürünü çatdırıb və tərəfdaşlığın gələcəkdə də uğurla davam edəcəyini vurğulayıb. 
     
    Baş katibin müavini Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılması üzrə proses ilə bağlı təbriklərini çatdırıb.
     
    Söhbətdə Milli Məclislə NATO Parlament Assambleyası arasında əlaqələrin əhəmiyyəti qeyd olunub, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

  • Milli Məclisin Gənclər və idman komitəsinin ilk iclası keçirildi – FOTO

    Yanvarın 22-də Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı il yaz sessiyasında ilk iclası keçirilib.
     
    Median.Az 
    bildirir ki, iclasda komitə üzvləri ilə yanaşı, Milli Məclisin deputatı Ülvi Quliyev də iştirak edib. Görüş zamanı yaz sessiyası dövründə komitənin fəaliyyəti, gündəlikdə duran məsələlər və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.
     
    Komitə üzvləri gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud layihələr və perspektiv fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
     
    İclasda müvafiq qərarlar qəbul olunub və yaz sessiyası çərçivəsində görüləcək işlər müəyyənləşdirilib.

     

  • Maaşlarda artımla bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR

    “Əmək Məcəlləsinə təklif olunan yeni dəyişikliklər artıq Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Bu o deməkdir ki, yaxın mərhələdə dəyişikliklər parlamentin plenar iclasında müzakirə olunacaq, qəbul ediləcəyi təqdirdə isə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək”.

    Median.Az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

    Deputat əlavə edib ki, əsas dəyişikliklərdən biri minimum əməkhaqqı ilə bağlıdır:

    “Son illərin təcrübəsi göstərir ki, sosial paketlər çərçivəsində minimum əməkhaqqının artırılması daim diqqət mərkəzində olub. İndiyədək icra olunan beş sosial paketdə minimum əməkhaqqının artırılması ilə bağlı qərarlar qəbul edilib. Lakin bu artımlar daha çox siyasi qərarlar və icra mexanizmləri əsasında həyata keçirilirdi.

    Yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, minimum əməkhaqqının artırılması artıq qanunvericilik tələbi kimi müəyyənləşdirilir. Yəni qanunda açıq şəkildə qeyd olunacaq ki, minimum əməkhaqqı ildə ən azı bir dəfə nəzərdən keçirilməli və artırılmalıdır. Bu dövrlülük qanunla təsbit edildiyi üçün artıq əlavə qərar və ya sənədlərə ehtiyac qalmayacaq.

    Bu yanaşma əmək pensiyaları ilə bağlı mövcud mexanizmə bənzəyir. Məsələn, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanunun tələbi olduğuna görə hər il avtomatik şəkildə həyata keçirilir. Minimum əməkhaqqı ilə bağlı dəyişiklik də eyni hüquqi məntiqə əsaslanacaq.

    Dəyişikliklər qəbul edildikdən sonra hər il minimum əməkhaqqının məbləğinə baxılması, onun dəyişdirilməsi və artırılması qanuni öhdəliyə çevriləcək. Bu isə cəmiyyətdə tez-tez səslənən “minimum əməkhaqqı artacaqmı?” və “pensiyalarda artım olacaqmı?” kimi suallara hüquqi baxımdan aydın cavab vermiş olacaq.

    Eyni zamanda minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı bir sıra mühüm meyarlar nəzərə alınacaq. Buraya yaşayış minimumu, inflyasiya səviyyəsi və əhalinin əsas zəruri xərcləri daxildir. Məqsəd ondan ibarətdir ki, minimum əməkhaqqı alan vətəndaşın gəliri onun əsas yaşayış xərclərini qarşılamaq imkanına malik olsun.

    Bu dəyişiklik minimum əməkhaqqı artımlarının davamlılığını təmin edəcək, artan qiymətlər fonunda vətəndaşların xərclərinin kompensasiya olunmasına xidmət edəcək. Nəticə etibarilə, bu yanaşma sosial baxımdan müsbət və vacib bir addım hesab olunur və minimum əməkhaqqının artırılmasının davamlı hüquqi mexanizmini formalaşdıracaq”.

  • Azərbaycanda pensiya alan bu şəxslər üçün VACİB XƏBƏR

    “İşləyən pensiyaçıların pensiya kapitalından istifadə müddətinin 6 ildən 4 ilə endirilməsi məsələsi real və müzakirə olunan təkliflərdən biridir. Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsində baxılan dəyişiklik paketinə daxil edilib və eyni zamanda hökumət və aidiyyəti dövlət qurumları ilə müzakirələrin davam etdirilməsi tövsiyə olunub”.

    Median.Az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

    Deputat əlavə edib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, işləyən pensiyaçıların pensiya məbləği onların pensiyaya çıxana qədər topladıqları pensiya kapitalı əsasında hesablanır:

    “Vətəndaşın pensiyası ilkin mərhələdə 500 manat müəyyənləşdirilir. Lakin pensiya təyin edildikdən sonra şəxs işləməyə davam edərsə, onun pensiya hesabına sosial sığorta ödənişləri yatırılmaqda davam edir və əlavə kapital formalaşır.

    Mövcud mexanizmə görə, bu əlavə yığımlar hər 6 ildən bir yenidən hesablanır və pensiya məbləğinə əlavə olunur. Yəni, pensiyaya çıxdıqdan 6 il sonra ilk artım, 12 il sonra isə ikinci artım həyata keçirilir. Bu mexanizm “Əmək pensiyaları haqqında” qanunda təsbit olunmuş qaydadır.

    Təklif olunan dəyişiklik isə ondan ibarətdir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq bu müddət 6 ildən 4 ilə endirilsin. Yəni, işləyən pensiyaçı 6 il gözləmədən artıq 4 ildən bir pensiya məbləğində artım əldə etsin. Bu halda pensiya məbləğinin yenidən hesablanması iki dəfə deyil, üç dəfə həyata keçirilə bilər.

    Başqa sözlə, vətəndaş pensiyaya çıxdıqdan sonra ilk artımı 4 ildən sonra, ikinci artımı 8 ildən sonra, üçüncü artımı isə 12 ildən sonra görə bilər. Bu yanaşma işləyən pensiyaçıların sosial rifahını daha tez yaxşılaşdırmağa imkan verəcək.

    Təklif qəbul olunacağı təqdirdə, bu dəyişiklik təxminən 190 minə yaxın işləyən pensiyaçıya şamil ediləcək. Bu isə həm sosial ədalətin gücləndirilməsi, həm də əmək fəaliyyətini davam etdirən pensiyaçıların əlavə stimullaşdırılması baxımından müsbət addım kimi qiymətləndirilir”.

  • SOCAR İsveçrə şirkəti ilə sənəd imzalayıb

    İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İsveçrənin “SICPA SA” şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.

    Nazir paylaşımında qeyd edib ki, bu əməkdaşlıq müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcək: “Yeni həllər enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək”.//azxeber.com

  • Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir

    Fransa ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulmaq dəvətini hələlik qəbul etməyəcək. Buna səbəb qurumun nizamnaməsində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd müddəaların yer almasıdır. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavr brifinqdə bildirib.

    Onun sözlərinə görə, Fransa tərəfi “Sülh Şurası”na qoşulmaqla bağlı dəvət aldıqdan sonra sənədin nizamnaməsi ilə tanış olub və bir sıra uyğunsuzluqlar aşkarlanıb.

    “Biz bu ‘Sülh Şurası’na qoşulmaq üçün dəvət alanda onun nizamnaməsini nəzərdən keçirdik və gördük ki, bir tərəfdən, sənəddə yalnız Qəzzaya aid olan mandat qeyd edilmir, digər tərəfdən isə nizamnamənin bəzi bəndləri BMT Nizamnaməsinə ziddir”, – deyə Konfavr vurğulayıb.

    Fransa XİN-in açıqlamasında qeyd olunub ki, mövcud ziddiyyətlər aradan qaldırılmadığı müddətdə Paris bu təşəbbüsdə iştirak etməyi məqsədəuyğun hesab etmir.

  • Zelenski BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb

    Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərində texniki səviyyədə keçiriləcək üçtərəfli görüşdə Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb.

    APA xəbər verir ki, Ukrayn lideri bu barədə Davosda jurnalistlərə danışıb.

    Onun sözlərinə görə, Ukrayna tərəfini danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Aparatının rəhbəri Kirill Budanov, Prezident Aparatı rəhbərinin birinci müavini Sergey Kislitsa, hakim “Xalqın Xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edəcək.

  • Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım edib

    Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

    APA paylaşımı təqdim edir: