Month: February 2026

  • Zelenski İlham Əliyevə təşəkkür etdi

    Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə görüşünə dair “X” hesabında paylaşım edib.

    Median.Az xəbər verir ki, o, paylaşımında İlham Əliyevə təşəkkür edib.

    “Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm .Ona enerji sistemindəki ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrinin nəticələri barədə məlumat verdim. Son enerji dəstəyi paketinə görə minnətdaram. İkitərəfli münasibətlərin inkişafı və Azərbaycanın maraqlı olduğu enerji sektorunda layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etdik.

    Həmçinin sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə diqqət yetirdik. Ukrayna həmişə ləyaqətli sülhə nail olmağa kömək edə biləcək səyləri konstruktiv şəkildə dəstəkləyir. Müharibənin hələ də davam etməsinin yeganə səbəbi Rusiyanın ona son qoymaq istəməməsidir”, – o qeyd edib.

  • Hikmət Hacıyev: Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir

    Bu gün ölkəmizdə ilk televiziyanın yaranmasından 70 il ötür.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında yazıb.

    Onun sözlərinə görə, 1956-cı ilin 14 fevralında fəaliyyətə başlayan Bakı Televiziya Studiyası qısa zamanda maarifləndirən və məlumatlandıran güclü vasitəyə çevrilərək informasiya məkanımızın formalaşmasında, xalqımızın ictimai, siyasi və mədəni həyatında mühüm rol oynayıb:

    “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir. Məzmun və format baxımından daim yenilənən televiziya kanallarımızın hər uğurlu efirinin arxasında jurnalistlərin, aparıcıların, rejissorların, operatorların və bütövlükdə yaradıcı heyətin böyük zəhməti və fədakar əməyi dayanıb. Bu əlamətdar gün münasibətilə bütün televiziya işçilərini səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. Efiriniz daim işıqlı olsun!”.

  • Azərbaycan Prezidenti Kaya Kallasla görüşdü (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

    Median.Az xəbər verir ki, söhbət zamanı Kaya Kallasın ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı.

    Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirilib.

    Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunulub.

    Ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsi ilə yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

    Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

  • Bakıda hava pisləşəcək – Bu tarixdən

    Bakıda və Abşeron yarımadasında fevralın 15-də günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
    Bildirilib ki, səhər yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

  • Gənc boksçu faciəvi şəkildə ÖLDÜ

    III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.

    Median.Az xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlibmiş və orada  ölüb.

    2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

    Təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, yıxılaraq xəsarət alan gənc boksçu Bakıda dünyasını dəyişib. (Unikal)

  • 20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı

    “Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam”.

    Median.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev deyib.

    O bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb.

  • Prezident erməni nümayəndənin təxribatçı sualına belə cavab verdi – VİDEO

    Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistan konstitusiyası ilə bağlı məsələdə mən təfərrüata çox getmək istəməzdim. Siz burada qeyd etdiniz, müstəqillik haqqında bəyannaməyə gəldikdə, Ermənistanın mətnində Azərbaycana ərazi iddiaları var. Bu, preambulada yazılıb”.

    Median.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə erməni nümayəndənin təxribatçı sualına cavabında bildirib.

    “Konstitusiyada bu var, “Vikipediya”dan yoxlaya bilərik. Görüşümüzü başa çatdırmadan baxa bilərsiniz. Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz. Hüquqşünas deyiləm, amma bunu başa düşürəm. Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması yeganə ilkin şərtdir ki, həll olunmamış qalır. Sülh sazişinin imzalanması üçün…
    Bu gün Ermənistanla Azərbaycan arasında daha çox anlaşma var ki, bununla bağlı hansı addım atılmalıdır. O ki qaldı sülh yolu qovşağına, bilirsiniz, Prezident Tramp qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü. Daha sonra Bayden kimi prezident gəlsə, o sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək”, – İlham Əliyev qeyd edib.

  • Hakimlərin Seçki Komitəsinin məlumatı

    2026-cı il fevral ayının 13-də Hakimlərin Seçki Komitəsinin iclası keçirilmişdir.

    İclasda qeyd olunub ki, test və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalara uyğun olaraq ilk dəfə müsahibələr keçirilmişdir.

    Müsahibədə namizədlərin hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilmiş, biliklərinin tətbiqi, özünü təqdimetmə bacarıqları, ümumi dünyagörüşü, təmkinliliyi, fikir və rəyini ifadə etmək, analitik düşünmək qabiliyyəti yoxlanılmış, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilərək 34 hakimliyə namizəd müsahibədə müvəffəqiyyət qazanmış, onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşdırma haqqında rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunmuşdur.

    Qanunvericiliyə uyğun olaraq 17 fevral 2026-ci il tarixdə Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaqdır.

    Yeni qaydalara əsasən hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.

    Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin
    SİYAHISI

    Soyadı, adı, atasının adı
    1. Abbaslı Əsgər Əbülfət oğlu
    2. Abbasov Hüseyn Eldar oğlu
    3. Aydəmirov Elməddin Şabəddin oğlu
    4. Babayeva Nərgiz Səftər qızı
    5. Bayramova Cahan Gəray qızı
    6. Camalov Əli Elmar oğlu
    7. Dünyamalılı İradə Şəms qızı
    8. Əhmədova Əfsanə Əlövsət qızı
    9. Əliyev Samir Sahib oğlu
    10. Əliyev Səməd Eyyub oğlu
    11. Göyüşova Günay Vidadi qızı
    12. Qasımov Rüstəm Sabir oğlu
    13. Qayıbov Aqşin Mehman oğlu
    14. Qəniyev Sabir Ramazan oğlu
    15. Qocayev Orxan Ələddin oğlu
    16. Quliyev Emin Əliağa oğlu
    17. Maqsudov İsa Sabir oğlu
    18. Mehdiyeva Aysel İntiqam qızı
    19. Məmişov Yasin Əhməd oğlu
    20. Məmmədli Hacı Əliheydər oğlu
    21. Məmmədova Aygün Fəhrad qızı
    22. Nəsibov Elçin Aftandil oğlu
    23. Raxtari Kamilə Səftər qızı
    24. Rəhimova Aybəniz Məhəmməd qızı
    25. Rzazadə Türkan Əvəz qızı
    26. Salmanov Elnur Nizami oğlu
    27. Salmanova Gülnaz Elçin qızı
    28. Səfərova Aynur Elman qızı
    29. Səmədzadə Firuzə Siyasət qızı
    30. Təhməzli Nigar Natiq qızı
    31. Türkmənli Lamiyə Elman qızı
    32. Vəliyeva Günay Rahim qızı
    33. Vəliyeva Səkinə Nail qızı
    34. Yusifov Elnur Gündüz oğlu

  • “14 fevral milyardlarla dollarlıq dövriyyə yaradır” – İqtisadçı

    “14 fevral iqtisadi baxımdan davranış iqtisadiyyatının klassik labaratoriyasıdır. Həmin gün istehlakçı davranışları emosiyalar üzərindən yönləndirilir və bizneslər bunu çox yaxşı bilir”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, əvvəlcə sosial təzyiq effekti işə salınır və ən güclü mexanizmi olan sosial norma yaradılır:

    “Yəni, insanlar sevgisini göstərmək üçün hədiyyə almağın “gərəkli” olduğuna inandırılır. Əslində isə bu normanı media və reklam formalaşdırır. Bu effekt nəticəsində insanlar planlaşdırmadığı xərcləri edir. Büdcədən artıq pul xərcləyir. Hədiyyəni emosional qərarla seçir. Sonra süni təcili vəziyyət yaradılır. Marketinqdə buna “scarcity və urgency” deyilir. “Son fürsət”, “yalnız bu gün”, “stok bitmək üzrədir” kimi mesajlar beynin rasional hissəsini zəiflədir və impulsiv alış yaradır. Sevgi ən güclü emosiyadır və brendlər bunu satış alətinə çevirir. Buna görə də reklam mesajları “Sevən insan belə edir”, “Sevgini sübut et” və s. kimi qurulur. Bu isə qərarı rasional yox, emosional edir. Nəticədə 14 fevral qlobal səviyyədə milyardlarla dollarlıq dövriyyə yaradır və istehlakın mövsümi pik nöqtələrindən birinə çevrilir.

    Ona görə də bu gün çiçək, şokolad, restoran, zərgərlik, parfümeriya sektorları üçün yüksək gəlir dövrüdür. Amma düşünürəm ki, bu manipulyasiya olsa da, heç də tamamilə pis deyil. Bu, bazar iqtisadiyyatının təbii mexanizmidir. Problem yalnız istehlakçı emosional qərarı maliyyə imkanlarını nəzərə almadan verdikdə yaranır. Beləliklə, 14 fevral davranış iqtisadiyyatının real praktik dərsidir. Bu gün bizə bazarın emosiyalar üzərindən necə işlədiyinə dair dərs verilir”.

  • Çoxmənzilli binalarda idarəetmə problemi

    Çoxmənzilli binaların idarə edilməsi üçün Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) köhnə MTK və ya JEK-ləri sürətlə əvəzləyir. Artıq sakinlər könüllü olaraq MMMC-lər yaratmağa üstünlük verirlər. Qanunvericiliyə görə, çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərlərinə götürürlər. MMMC-lərin fəaliyyəti isə əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. Amma MMMC yaradılanda da ortaya müəyyən problemlər çıxır. Məsələn, MMMC-lərlə sakinlər arasında bağlanan müqavilə bəzən narazılıqlara səbəb olur. 

    Bəzi çoxmənzilli binaların sakinlərinin narazılığından çıxış etsək, adı yeni olsa da, MMMC-lərdə JEK və ya MTK-lardakı kimi köhnə idarəçilik qalır və sakin özünü hələ də prosesdən kənarda hiss edir: qərarların ümumi yığıncaqda yox, sədr və İdarə Heyəti tərəfindən verilməsi, xərclərlə bağlı maliyyə hesabatlarının olmaması, tərəflərin öhdəliklərinin təmin edilməməsi, kollektiv idarəetmənin zəifliyi və s. məqamlar problemlər yaradır. Nəticədə bəzi sakinlər müqavilədə yer alan şərtlərlə razılaşmır, mülkiyyətçi hüquqlarının pozulduğunu əsas tutaraq müqavilə bağlamaqdan imtina edirlər. Bir sözlə, MMMC ilə sakinlər arasında “qızıl orta”nı tapmaq problemə çevrilir.

    Evdən-evə, binadan-binaya, ərazidən-əraziyə dəyişə bilər 

    Qanunvericiliyə əsasən, sakinlər şərtlərdən məmnun olmadıqları təqdirdə MMMC ilə müqavilə imzalamamaq hüququna malikdirlər. Çünki sakini müqavilə bağlamağa məcbur etmək qanunla qadağandır.

    Əmlak eksperti Elnur Fərzəliyev də bildirir ki, MMMC ilə sakinlər arasında müqavilə ümumi yığıncağın qərarına əsasən bağlanmalı, azlıq çoxluğa – ümumi yığıncağın qərarına tabe olmalıdır: “Amma müqavilə bağlamasalar belə, sakinlər aylıq ödənişi etməlidirlər. Sənəddə açıq-aydın göstərilməlidir ki, binanın illik xərci nə qədərdir, tarifi necə müəyyənləşdirilir. Sakin də “lift xidmətindən istifadə etmək istəmirəm, məişət tullantısını özüm atacağam” və s. kimi məsələləri qeyd edə bilərlər”. Ekspertin sözlərinə görə, ümumi kriteriyalardan çıxmamaq şərti ilə hər şirkət və ya MMMC müqaviləni fərqli bağlaya bilər: “Müqavilənin mətni evdən-evə, binadan-binaya, ərazidən-əraziyə dəyişə bilər”. 

    Tərəflər gərək anlaşsın

    Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, MMMC sakinlərin öz iradəsi ilə yaradılır: “Hər bir sakin binada payçı olduğuna görə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Yəni rəhbər seçdikləri şəxs binanın idarəetməsini həyata keçirir. O, rübdə bir dəfədən az olmayaraq hesabat verir. Xərclər mənzillər arasında bölünür. Müqavilə hər bir sakinin iradəsinə uyğun olaraq hazırlanmalıdır. Tərəflər öz şərtlərini irəli sürə bilərlər. Kimsə narazıdırsa, müqaviləni imzalamasa, tərəflər arasında mübahisələr məhkəmə vasitəsilə həll edilə bilər. Xərc bəlli edildikdən sonra toplanan vəsaitin hesabatı mütləq qaydada sakinlərə verilir. Lift idarəetməsi, su anbarlarının idarə olunması, (elektrik xidməti, mühafizə, bağban, təmizlikçi xidməti və binanın idarəetməsinə görə olan əməkhaqqı xərcləri də qeyd olunur”. Ekspert bildirir ki, hər hansı bir tərəf müqavilənin bağlanması ilə razılaşmasa belə xidmət haqqı ödənməlidir: “Sakinlər hamısı gərək intizam çərçivəsində vəsaiti ödəsinlər, yoxsa qonşular onların əvəzinə ödəməli olacaqlar. Belədə büdcədə kəsir yaranır və xərcin ağırlığı digər qonşuların üzərinə düşür”. 

    Azlıq çoxluğa tabe olmalıdır 

    Hüquqşünas Arif Nəzərovun sözlərinə görə, bina sakinləri Mülki Məcəlləyə əsasən, müqavilənin müddəaları ilə tanış olmalıdırlar: “Müqavilə tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanır. Ona görə də MMMC tərəfi müqavilənin mətnini sakinlərə göndərməlidir ki, öncədən tanış olub rəylərini bildirsinlər. Sakinlər narazı olduqları təqdirdə sənəddə dəyişiklik olmalıdır”. Hüquqşünasın sözlərinə görə, çoxmənzilli binalarla bağlı məsələlər bina sakinlərinin ümumi yığıncağında həll olunmalıdır: “Müqavilə forması, tariflər, həyətdən necə istifadə olunması və s. məsələlər səsə qoyulmalıdır. Azlıq çoxluğa tabedir”. A.Nəzərov bildirir ki, müqavilə bağlamaq məcburi deyil, ancaq bu, sakini kommunal xərclərini ödəmək məsuliyyətindən azad etmir: “Müqavilə bağlanması şərt deyil, amma sakinlər ümumi yığıncağın qərarına tabedirlər. Tutaq ki, hər kvadrata 50 qəpik müəyyənləşib. Müqavilə bağlanmırsa belə, qərara əsasən, sakin məbləği ödəməlidir. Müqavilə bağlayan sakinlə, sənədi imzalamayan sakin arasında hüquqi baxımdan heç bir fərq yoxdur. Onların hüquq və vəzifələri eynidir. Xidmətlər və tariflər onsuz da ümumi yığıncaqda təsdiq olunmalıdır. Müqavilənin heç bir halda standart forması yoxdur. Çünki bu sənəd Mülki Məcəlləyə görə tərəflər arasında sərbəst bağlanır. Ona görə də onun içindən standart şərtləri çıxmaqla nə istəsələr yaza bilərlər. Təklif olunan müqaviləni, xüsusən də əsas şərtləri (qiymət, xidmətlərin siyahısı, məsuliyyət) hərtərəfli təhlil etmək lazımdır”.

    Hüquqşünas bildirir ki, sakinlərin narazı qalacaqları təqdirdə MMMC-dən məhkəməyə müraciət etmək hüquqları var. Belə ki sakin narazılığı ilə bağlı iddia ərizəsi yazır, məhkəmə də onun şikayətini araşdırır. MMMC ilə sakinlər arasında “qızıl orta”nın tapılmasına gəlincə, hüquqşünas bildirir ki, bu məsələdə ideal balansın tapılması çox çətindir: “İstənilən halda, müəyyən sakinlər narazı qalır. Mübahisə yarananda sakinlər mülki hüquq prinsiplərinə istinad edərək, hüquqlarına hörmət edilməsini tələb edə və məhkəməyə müraciət edə bilərlər”. (“Kaspi” qəzeti)