Month: February 2026

  • Bakının bu ərazisində qaz olmayacaq

    Paytaxtın bir sıra ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    “Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 25-də saat 10:00-dan etibarən M.Hadi küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq”, – məlumatda qeyd olunub.

  • Qızlara söz atan məktəblini döydü, həbs olundu

    Sabirabadda yeniyetməni döyən kişi həbs olunub.

    Median.Az xəbər verir ki, hadisə şəhərin M. Mirağaoğlu küçəsində qeydə alınıb.

    İttiham aktına görə, 47 yaşlı Sahib Kələntərov (ad və soyad şərtidir) küçədə dayandıqları zaman 15 yaşlı Murad Əliyev (ad və soyad şərtidir) qarşıda gedən qızlara söz atıb. Bundan hirslənən Sahib əvvəlcə Murada sillə, daha sonra təpiklə qasıq nahiyəsinə zərbə vurub. Zərərçəkən ağrılarının şiddətindən xəstəxanaya aparılıb.

    Bu əməlinə görə Sahib saxlanılıb və barəsində cinayət işi açılıb.

    Sahib ifadəsində bildirib ki, hadisədən sonra zərərçəkənin evinə gedərək ondan üzr istəyib. Lakin zərərçəkən yeniyetmə isə təqsirləndirilən şəxsi bağışlamadığını və onunla barışmadığını deyərək Sahibin azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

    Məhkəmənin qərarı ilə Sahib Kələntərov 7 ay müddətinə həbs edilib.//lent.az

  • Azərbaycanda iş saatları AZALDILIR?

    Azərbaycanda iş saatlarının dəyişdirilməsi və ya azaldılması, eləcə də evdən işləmə imkanının tətbiqi məsələsi yenidən gündəmə gəlib. Əmək bazarında çevik iş rejiminə keçidin mümkün nəticələri müzakirə olunur. Bu dəyişikliklərin həm işəgötürənlər, həm də işçilər üçün hansı hüquqi və maliyyə təsirlər yaradacağı sual doğurur. Xüsusilə iş vaxtının azaldılması fonunda əməkhaqlarının aşağı düşüb-düşməyəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, əməkhaqqı səviyyəsi bir sıra parametrlər və amillərin təsiri altında formalaşır və iş saatı, eləcə də əmək münasibətlərinin forması bu məqamda nəzərə alınan faktorlardan biridir:

    “Eyni zamanda bazarda tələb və təklif səviyyəsi, həmçinin əmək məhsuldarlığı mühüm rol oynayır. Əgər iş saatlarının azaldılması və ya məsafədən işləmə imkanlarının yaradılması əmək məhsuldarlığının artması ilə nəticələnərsə, bu halda əməkhaqqının azaldılmasına ehtiyac yoxdur. Əksinə, təcrübə göstərir ki, əməkhaqqı məhsuldarlığı təşviq edən əsas vasitələrdən biridir və onun artırılması daha yaxşı nəticələrə gətirib çıxara bilər. Lakin yeni iş formatları məhsuldarlığa mənfi təsir edərsə, gün ərzində bir işçiyə düşən istehsal həcmi və görülən işlərin miqdarı azalarsa, bu, əməkhaqqının aşağı salınması istiqamətində təzyiqlər yarada bilər. Burada əsas məsələ dəyişikliklərin hansı formada tətbiq olunmasıdır”.

    Ekspert deyib ki, bu iş saatlarının azaldılması kütləvi şəkildə həyata keçirilərsə, məsələn, gündəlik iş vaxtı 8 saatdan 6 saata endirilərsə və bu dəyişiklik məhsuldarlığın azalmasına səbəb olmazsa, əməkhaqqının azaldılması zəruri sayılmaya bilər:

    “Əksinə, məhsuldarlıq azalarsa və bu, müəssisənin gəlirlərinə mənfi təsir göstərərsə, əməkhaqqı fondu ilə bağlı qərarlara yenidən baxılması gündəmə gələ bilər. Məsafədən işləmənin isə hər iki tərəf üçün müəyyən üstünlükləri var. İşəgötürən ofis xərclərinə qənaət edə, resurslardan daha səmərəli istifadə edə bilər. İşçi isə nəqliyyat və digər gündəlik xərclərini azaldaraq vaxtını daha effektiv idarə etmək imkanı qazanır. Bu üstünlüklər müəyyən hallarda əməkhaqqı məsələsinin qarşılıqlı razılaşma əsasında müzakirəsinə səbəb ola bilər”.

    O deyib ki, əməkhaqqının real səviyyəsini müəyyən edən əsas amillər yenə də bazarda tələb və təklif nisbəti, eləcə də əmək məhsuldarlığıdır.

    “İş saatlarının azaldılması və ya məsafədən iş forması əmək münasibətlərinin təşkili üsuludur və məhsuldarlığa təsiri həlledici rol oynayır. İşəgötürənlər bu şərtləri əməkhaqqı ilə əlaqələndirərək fərqli yanaşmalar tətbiq edə bilərlər və bu, tərəflər arasında danışıqlar predmetinə çevrilə bilər”.

  • Meteohəssas insanların nəzərinə

    Fevralın 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
     
    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
     
    Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Şəmkirdə ağır QƏZA: Xəsarət alanların son vəziyyətləri məlum oldu

    Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri məlum olub.

    Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 24-də saat 17:10-da Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (iki kişi, üç qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

    Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

    Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb.

    Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.

  • Gəncədə çərşənbə tonqalında bədbəxt hadisə – Gənc yanıq xəsarətləri aldı

    Gəncədə 17 yaşlı gənc yanıq xəsarətləri alıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, 2009-cu il təvəllüdlü T.Şükürov bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun birinci dərəcəli termiki yanıq xəsarətləri aldığı qeyd olunur.

    İlkin məlumata görə, gənc bayram çərşənbəsində yandırılan tonqalda xəsarət alıb. Onun müalicəsi davam etdirilir.

  • Zelenski 4 ildir yaşadığı bunkeri göstərdi – VİDEO

    Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Kiyevin Bankova küçəsindəki bunkerini göstərib.

    Zelenski bildirib ki, 4 ildir bu bunkerdə yaşayır.

    “Burada çox iş görülüb. Biz bu obyekti əvvəllər heç vaxt göstərməmişik”, – deyə Zelenski 2022-ci ilin fevral ayında baş verən hərbi əməliyyatlara toxunaraq bildirib. Videoda həmçinin Zelenskinin münaqişənin əvvəlində digər liderlərlə telefon danışıqları apardığı ofisi, “Ukrayna Prezidentinin Ofisi” və “Nazirlər Kabineti” yazılan lövhələr dədə görünür.
     
    Ukrayna prezidenti əlavə edib ki, döyüşlərin əvvəlində bunkerdə “yüzlərlə insan” olub.
    Zelenski həmçinin bildirib ki, münaqişənin əvvəlində bunkerdəki ofisində o vaxtkı ABŞ Prezidenti Co Bayden də daxil olmaqla müxtəlif ölkələrin liderləri ilə danışıb. Ukrayna liderinin sözlərinə görə, ona dəfələrlə təhlükə barədə xəbərdarlıq edilib və Ukraynadan təxliyəsi söylənilsə də, bununla razılaşmayıb. 

  • Ramazanda xurma istehlakının faydaları nələrdir?

    Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir.

    Bir ədəd quru xurma təxminən 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır.

    Bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər.

    Xurma alarkən onun xarici görünüşünə, eyni zamanda məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Yaxşı yetişmiş xurma səthi hamar, tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı, lakin, parlaq, yapışqan və yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu məhsulun süni üsulla qurudulduğunu göstərir. Belə xurmaların isə istehlakı məsləhət görülmür.

    Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin şəraitdə və ya soyuducuda saxlanmalıdır. Açıq şəkildə satılan məhsullar toz və mikroorqanizmlərlə çirklənə biləcəyi üçün istehlakdan əvvəl mütləq yaxşıca yuyulmalıdır.

  • Rusiyadan azərbaycanlı iş adamı ilə bağlı qərar

    “İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri və iş adamı Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

    “Unikal” Rusiya KİV-ə istinadən xəbər verir ki, iş adamı milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərə görə Rusiya vətəndaşlığından çıxarılıb.

    Xatırladaq ki, ötən il Asif Məmmədov rus dilini bilməməkdə ittiham olunaraq şəhər duması seçkilərindən imtina etmək məcburiyyətində qalmışdı.

  • Obyektlərə yoxlamaya gələnlər kimlərdir? – Nazirlikdən XƏBƏRDARLIQ

    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalarla bağlı əhaliyə müraciət edib.

    Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır:

    “Belə ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

    Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.

    Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur.

    Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur.

    Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırır”.