Month: March 2026

  • İrandan İsrail və ABŞ bazalarına 87-ci zərbə dalğası

    İran İsrailə, habelə Bəhreyn, İraq və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbələr endirib.

    Median.Az-ın CNN telekanalına istinadən xəbərinə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətindən məlumat verilib.

    “Əsl vəd – 4” əməliyyatının 87-ci dalğası zamanı müxtəlif ərazilərdə komanda mərkəzləri, silah anbarları, PUA-ların, ABŞ-İsrail pilotlarının sığınacaq yerləri, o cümlədən bölgədə 5 ABŞ bazası, xüsusən də Hayfa körfəzində, Kiryat-Şmonada, Təl-Əvivdə, Beer-Şevada, Dimonada (bazalar), Əl-Xərcdə (Səudiyyə Ərəbistanında), Əl-Cufeyrdə (Bəhreyn), Viktoriyada (Bağdad yaxınlığında) hərbi obyektlər “Emad”, “Qiam” və “Xorrəmşəhr – 4″ ballistik raketlərindən, eləcə də hücum PUA-larından istifadə etməklə uğurla vurulub”, – deyə bəyanatda bildirilib.

  • Bu xəstəxanaya baş həkim təyin edildi

    Səhiyyə Nazirliyinin nəzdində olan Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.

    O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında həkim olub.

    Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı.

  • Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Oğul anasını balta ilə qətlə yetirdi, özü də öldü

    Şəmkir rayonunda oğul anasını qətlə yetirib.

    Hadisə martın 30-da günorta saatlarında rayonun Qaracəmirli kəndində baş verib.

    Kənd sakini 1993-cü il təvəllüdlü Anar Allahverdiyev anası, 1959-cu il təvəllüdlü Çiçək Sərdarovaya hücum edib.

    O, anasını balta ilə qətlə yetirib. Qətldən sonra A.Allahverdiyev üzərinə tezalışan maddə tökərək özünü yandırıb. Hadisə zamanı o da ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Ucarda yol qəzası olub, xəsarət alan var

    Ucarda yol qəzası olub, xəsarət alan var.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.
    “BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

    Fakt araşdırılır.

  • “Hizbullah”ın rəhbərlərindən biri öldürüldü

    İsrail Hərbi Hava Qüvvələrinin Beyruta PUA ilə hücumu zamanı “Hizbullah” təşkilatının rəhbərlərindən biri öldürülüb.

    Bu barədə “Əl-Hadath” telekanalı məlumat verib.

    Məlumata görə, zərbə “Hizbullah”ın Dahiyanın cənub hissəsindəki qərargah ofisinə endirilib.

  • Günəşdə güclü partlayış baş verib

    Bazar ertəsi səhər saatlarında Günəşdə ən yüksək ” X” sinfinə aid partlayış qeydə alınıb. Bu, fevralın əvvəlindən bəri müşahidə olunan belə kateqoriyalı ilk alışmadır.

    Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    Martın 30-da Bakı vaxtı ilə saat 07:19-da 4405 (S25E45) ləkələr qrupunda rentgen diapazonunda 49 dəqiqə davam edən X1.5 sinifli partlayış qeydə alınıb.

    Sonuncu dəfə belə güclü partlayış (X4.2) fevralın 4-də 4366 nömrəli aktiv regionda baş vermişdi. Həmin sahə sonradan Günəşdə M və X sinifli alışmaların sayına görə XXI əsrin rekordunu yeniləmişdi.

    Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Kosmik plazma fizikası şöbəsinin Günəş astronomiyası və heliofiziki cihazqayırma laboratoriyasının müdiri Sergey Boqaçov daha əvvəl TASS-a bildirmişdi ki, ilin sonunadək ən yüksək sinfə aid daha 5-10 partlayışın baş vermə ehtimalı var.

    Rentgen şüalanmasının gücündən asılı olaraq, Günəşdəki partlayışlar beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçdikdə bu güc 10 dəfə artır. Bir qayda olaraq, alışmalar günəş plazmasının atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

  • Azərbaycanın Syerra Leone ilə oyunu hansı kanalda yayımlanacaq?

    Bu axşam dünya futbol arenalarında maraqlı qarşılaşmalar baş tutacaq.

    Azərbaycan millisinin əsas komandası da bu gün yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

    Azarkeşlər Azərbaycan – Syerra Leone oyununu 19:00-dan etibarən “CBC Sport” TV-də izləyə biləcəklər.

    Günün digər maraqlı qarşılaşmasında isə Almaniya millisi Qana yığması ilə üz-üzə gələcək. Bu qarşılaşma da saat 22:45-dən başlayaraq “CBC Sport” TV-də canlı yayımlanacaq.

  • Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanıldı

    Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Eyni zamanda, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

  • Banklarda yeni qayda qüvvəyə mindi

    Məsafədən hesabların açılması qaydası təsdiqlənib.

    Median.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun 15 dekabr 2025-ci ildə imzaladığı müvafiq qərar 2026-cı il martın 30-dan qüvvəyə minib.

    Belə ki, bu Qayda kredit təşkilatlarında, investisiya şirkətlərində, poçt rabitəsinin milli operatorunda, ödəniş təşkilatlarında (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla), habelə elektron pul təşkilatlarında (bundan sonra – nəzarət subyektləri) məsafədən hesabların açılması qaydasını müəyyən edir.

    İki və ya daha çox şəxsə məsafədən birgə hesab açıldıqda bu Qaydanın tələbləri həmin şəxslərin hər birinə ayrı-ayrılıqda tətbiq edilir.

    Əsas anlayışlar

    Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

    məsafədən hesabların açılması- nəzarət subyekti əməkdaşının və məsafədən hesabın açılması üçün müraciət edən şəxsin (bundan sonra – müştəri) eyni zamanda birgə fiziki iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə hesabların açılması;
    hesab – bank və digər ödəniş hesabı, müştəri hesabı (depo hesabı və marja hesabı);
    şəxsin eyniləşdirilməsi – şəkil çəkilişi, videoçəkiliş və ya videozəng vasitəsilə müştərinin eyniləşdirilməsi və verifikasiyası;
    videozəng – nəzarət subyekti əməkdaşının və müştərinin iştirakı ilə real vaxtda informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi;
    şəkil çəkilişi – nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə fotoqeydiyyat formasında həyata keçirilən şəxsin eyniləşdirilməsi;
    videoçəkiliş – nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi.

    Bu Qaydada istifadə edilən “gücləndirilmiş elektron imza” anlayışı “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş mənaları ifadə edir.

    Bu Qaydada istifadə olunan digər anlayışlar digər normativ hüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənaları ifadə edir.

    Hesabların məsafədən açılması

    Məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya sistemi, proqram təminatı “Fərdi məlumatlar haqqında” Qanun və digər hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.

    Fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab açılmasına yol verilmir.

    Nəzarət subyekti məsafədən açılan hesablar ilə bağlı limitlər müəyyən etdikdə, bu barədə müştəriyə məlumat verilməli və hesab açılarkən həmin limitlərə riayət olunmalıdır.

    Nəzarət subyekti xidmət göstərdiyi şəxsin yazılı müraciəti ilə ona məsafədən hesab açılmasını məhdudlaşdırmaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət yalnız həmin şəxsin nəzarət subyektində fiziki iştirakı ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.

    Müraciətin edilməsi

    Məsafədən hesab açılması üçün müştəri tərəfindən nəzarət subyektinə elektron qaydada müraciət edilir.

    Aşağıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla müştərinin müraciəti əsasında nəzarət subyekti tərəfindən hesabın açılması üçün qanunvericiliklə tələb edilən məlumat və sənədlər nəzarət subyektinə təqdim olunmalıdır. Məlumat və sənədlər elektron formada təqdim edildikdə məlumatlar müştərinin, sənədlər onları tərtib etmiş şəxslərin gücləndirilmiş elektron imzası ilə təsdiqlənmiş formada, kağız daşıyıcıda təqdim edildikdə isə əsli və ya surəti qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş formada olmalıdır.

    Aşağıdakı hallarda müştəridən məlumat və sənədlərin nəzarət subyektinə təqdim edilməsi tələb olunmur:

    nəzarət subyektində daha öncə hesabın açılması zamanı əldə edilmiş müvafiq məlumat və sənədlər mövcud olduqda və bu məlumat və sənədlər müştəri uyğunluğu tədbirlərinin davamlı olaraq tətbiq edilməsi nəticəsində yenilənmiş olduqda;
    nəzarət subyekti “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna müvafiq olaraq qəbul edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”a (bundan sonra – MUT Qaydaları) uyğun olaraq tələb edilən məlumat və sənədləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna müvafiq olaraq üçüncü şəxslərə güvənərək əldə etdikdə;
    dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda nəzarət subyekti tərəfindən müvafiq məlumat və sənədlər həmin informasiya sistemlərindən əldə edildikdə.

    Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən MUT Qaydalarına uyğun olaraq verifikasiya tədbirləri görülür, nəzarət subyektinin daxili qaydalarına uyğun olaraq risk qiymətləndirilməsi həyata keçirilir. Risk qiymətləndirilməsi nəticələrindən asılı olaraq prosesə xitam verilməsi halları nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilir.

    Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən müştərinin fəaliyyət qabiliyyəti, səlahiyyəti və gücləndirilmiş elektron imzası qanunvericiliyə uyğun olaraq yoxlanılır.

    Şəxsin eyniləşdirilməsi

    Bu Qayda ilə müəyyən edilmiş şəxsin eyniləşdirilməsinə dair tələblərin tətbiqi üzrə biznes proseslərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasından öncə nəzarət subyekti tərəfindən əməliyyat və komplayens risklərinin təhlili və onların effektiv idarə edilməsi məqsədilə tədbirlər, o cümlədən müvafiq təhlükəsizlik tədbirləri görülür.

    Şəxsin eyniləşdirilməsindən əvvəl nəzarət subyekti tərəfindən müştəri eyniləşdirilmənin keçirilməsi ilə bağlı qaydalarla və müəyyən edilmiş şərtlərlə tanış edilir, habelə hesabın açılması üçün qanuna uyğun olaraq tələb olunan fərdi məlumatların “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq alınır.

    Bu Qaydanın “Müraciətin edilməsi” hissəsinə uyğun olaraq, müvafiq prosedurlardan keçən şəxsə münasibətdə şəxsin eyniləşdirilməsi prosesinə başlanılır.

    Şəxsin eyniləşdirilməsi risk əsaslı yanaşma nəzərə alınmaqla, nəzarət subyekti tərəfindən təsdiq edilmiş daxili qaydalar əsasında aşağıdakı üsullardan biri və ya bir neçəsinin tətbiqi yolu ilə həyata keçirilir:

    şəkil çəkilişi vasitəsilə eyniləşdirmə;
    videoçəkiliş vasitəsilə eyniləşdirmə;
    videozəng vasitəsilə eyniləşdirmə.

    Nəzarət subyekti tərəfindən şəkil çəkilişi, videoçəkiliş və ya videozəng nəticəsində müvafiq görüntülər əldə edilməlidir. Görüntülər aşağıdakı tələblərə uyğun olmalıdır:

    görüntü və səs keyfiyyəti azı sinxronizasiya olunmuş şəkildə bütün proses zamanı şəxsin eyniləşdirilməsinə və verifikasiyasına imkan verməlidir;
    görüntü rəngli olmalıdır;
    görüntüdə şəxsin üz təsviri aydın görünməli, üz təsviri açıq olmalı və üzərinə kölgə düşməməli, üz təsvirini örtən hər hansı əşya, o cümlədən eynək və ya üzüörtən hər hansı bir vasitə olmamalıdır;
    görüntüdə şəxsdən başqa üçüncü şəxslər iştirak etməməli, o cümlədən üçüncü şəxslərin köməyindən istifadə olunmamalıdır.

    Videozəng real vaxtda və fasiləsiz olaraq həyata keçirilir.

    Şəxsin eyniləşdirilməsi prosesində fiziki şəxsin canlılığını aşkarlayan üsullar istifadə edilməlidir. Canlılığın yoxlanılması proqram təminatı vasitəsilə həyata keçirilməlidir. Şəxsin canlı insan olduğundan əmin olmaq üçün ondan təsadüfi sıra ilə minimum 3 hərəkətin edilməsi tələb olunur. Proqram təminatı vasitəsilə şəxsin reaksiyalarının verilmiş tapşırıqlara uyğunluğu, şəxsin üz təsvirinin canlı dinamikası, o cümlədən onun şüurlu idarə edə bilmədiyi təbii fizioloji reaksiyaları təhlil edilir.

    Şəxsin eyniləşdirilməsi zamanı şəxsin üz təsviri onun dövlət informasiya sistemindəki fotoşəkili ilə proqram təminatı vasitəsilə üzləşdirilir.

    Nəzarət subyektində hesabı mövcud olan müştərilər tərəfindən həmin nəzarət subyektində məsafədən yeni hesabın açılması zamanı şəxsin eyniləşdirilməsinin həyata keçirilməsi tələb olunmur. Nəzarət subyekti bu qaydada hesabın açılmasını riskli hesab edərsə, yuxarıda nəzərdə tutulan üsullardan birini və ya bir neçəsini tətbiq edə bilər.

    Şəxsin eyniləşdirilməsi zamanı nəzarət subyekti ilə müştəri arasındakı rabitənin bütövlüyü və məxfiliyi, o cümlədən məlumatların ötürülməsi kanallarının tam şifrələnməsi təmin edilir.

    Müqavilələrin bağlanması

    Bu Qaydanın tələblərinə riayət olunduqda və məsafədən hesab açılmasından imtina edilmədikdə müştəri ilə nəzarət subyekti arasında hesabın açılmasına dair müvafiq müqavilə bağlanılır.

    Nəzarət subyekti tərəfindən müvafiq müqavilənin layihəsi aydın və oxunaqlı formada davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) müştəriyə təqdim edilir.

    Müştəri ona təqdim olunmuş müqavilə layihəsi ilə tanış olur və şərtləri ilə razı olduqda müqaviləni və digər əlaqəli sənədləri gücləndirilmiş elektron imza ilə təsdiq edir.

    Nəzarət subyekti həmin müqaviləni gücləndirilmiş elektron imza ilə təsdiq edir və müştəriyə davamlı daşıyıcıda təqdim edir. Nəzarət subyekti müştərinin tələbi ilə məsafədən bağlanmış müqavilənin surətini müştərinin seçdiyi formada (kağızda və ya digər davamlı daşıyıcıda) əlçatan etməlidir.

    Aşağıdakı hallarda məsafədən hesab açılmasından imtina edilir:

    bu Qaydanın 1.3-cü bəndində göstərilən hüquqi aktlarda nəzərdə tutulmuş hallar mövcud olduqda;
    bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq aparılan yoxlama nəticəsində məsafədən hesabın açılması mümkün olmadıqda;
    bu Qaydanın 5-ci hissəsinin tələblərinə uyğun olaraq şəxsin eyniləşdirilməsi mümkün olmadıqda.

    Nəzarət subyekti tərəfindən hesabın məsafədən açılmasından imtina edildikdə bu barədə müştəriyə onun təqdim etdiyi müvafiq əlaqə vasitələri ilə (SMS məlumatlandırma, elektron poçt ünvanı və s.) bildiriş göndərilir və bildirişdə imtinanın səbəbləri göstərilir.

    Yekun müddəalar

    Məsafədən hesab açılması xidmətini göstərən nəzarət subyektinin müşahidə (direktorlar) şurası (belə orqan olmadıqda nəzarət subyektinin icra orqanı) tərəfindən bu xidmətlərə dair daxili qaydalar təsdiq edilir. Şəxsin eyniləşdirilməsi prosesinin adekvatlığının yoxlanılması ildə bir dəfədən az olmayaraq nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilmiş dövriliklə həyata keçirilir.

    Təhlükəsizlik pozuntularının aşkarlanması və ya baş verməsi, aidiyyəti hüquqi aktlarda dəyişikliklərin edilməsi, nəzarət subyektinin mümkün fırıldaqçılıq və ya digər hüquq pozuntusu hallarından xəbərdar olması və şəxsin eyniləşdirilməsi ilə bağlı çatışmazlıqların aşkarlanması hallarında texnoloji inkişaf və prosesin tətbiqində qazanılan təcrübə də nəzərə alınmaqla məsafədən hesab açılması proseslərinə yenidən baxılır, zərurət olduqda daxili qaydalarda müvafiq dəyişikliklər edilir.

    Məsafədən hesab açılması zamanı əldə olunmuş bütün məlumat və sənədlər, o cümlədən şəxsin eyniləşdirilməsi zamanı yaradılmış video və audio fayllar, şəkillər, loqlar qanunvericiliyə uyğun qaydada və müddətlərdə saxlanılır.
    /Trend.Az

  • Yol polisi tətildən qayıdan sürücülərə müraciət edib

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək qayıdış zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyi xahiş edir. Bununla yanaşı, sürücülərə yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq, yol və hava şəraitini düzgün qiymətləndirmək, hərəkət zamanı sürət həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini qorumaq, ötmə və digər manevrlər zamanı xüsusilə diqqətli olmaq vacibdir”.

    Eyni zamanda, sürücülərin uzun məsafəli səfərlər zamanı fasilələrlə istirahət etmələri, diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadə hallarına yol verməmələri, bu kimi davranışlardan uzaq durmaları tələb olunur.

    “BDYPİ hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa və qaydalara ciddi əməl etməyə çağırır”,- deyə müraciətdə bildirilib.