ABŞ-nin NASA tərəfindən həyata keçirilən Artemis II missiyasında iştirak edən Orion kosmik gəmisinin heyəti Yerə uğurla qayıdıb.
Astronavtların eniş anı qurumun rəsmi YouTube platformasında canlı yayımlanıb.
Eniş Bakı vaxtı ilə saat 04:07-də baş tutub – ekipaj paraşüt sisteminin köməyi ilə San Diego sahilləri yaxınlığında Sakit okeana düşərək missiyanı təhlükəsiz şəkildə tamamlayıb.
Bildirilir ki, kapsul tam şəkildə xilasetmə qrupuna təhvil verilməzdən öncə mütəxəssislər tərəfindən əlavə texniki yoxlamalar aparılıb. Daha sonra aparat ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS John P. Murtha gəmisinə götürülüb.
Qeyd edək ki, missiyada Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen yer alıblar.
Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.
Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd edilib ki, kollektor üzərində aparılan işlərlə bağlı ətrafda təklükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub.
Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub. Kollektorun qəzalı hissəsi yenisi ilə əvəzlənəcək.
Tikinti-bərpa işlərinin səmərəli icrasına nail olmaq məqsədilə yaradılan qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir.
Xatırladaq ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuqun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.
Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib.
AFFA Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.
Bu barədə qurumun saytı məlumat yayıb.
Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.
Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.
Türkiyənin tanınmış müğənnisi Işın Karaca Yunanıstandan deportasiya edilib.
Bu barədə sənətçi özünün sosial şəbəkə hesabında paylaşım edib:
“Mənim Afinaya girişimə icazə verilmədi. Çünki 2024-cü ildə Gümülcinedə “Nə mutlu türküm deyənə” və “İzmirin dağlarında çiçəklər açar” marşlarını oxumuşdum. Təsəvvür edin, qızım və həyat yoldaşımın Afinaya girişinə icazə verildi. Amma mənə rədd cavabı verildi. Milli məsələ imiş mənimki. Həyatımda görmədiyim kobud rəftarla qarşılaşdım. Sağ olsunlar. Heç kim bir stəkan su belə təklif etmədi”.
Müğənni daha sonra təyyarə bileti tapa bilmədiyini deyərək ölkəsinə qayıtmaq istədiyini vurğulayıb.
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb.
Səhər saatlarından kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yağan yağıların fəsadlarının tam şəkildə aradan qaldırılması və Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini verib.
Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarət olacaq.
Median.Az Trend-ə istinadən xəbər verir ki, bəzi şəxslər müsabiqənin imtahan mərhələsindən azad ediləcəklər.
Belə ki, prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan və əvvəllər hakim işləmiş şəxslər imtahan mərhələsindən azad ediləcəklər.
İmtahan informasiya texnologiyalarından istifadə etməklə elektron formada keçiriləcək.
Saatlı rayopnunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb.
Saatlı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər – İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.
Müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib.
Bundan əlavə, Saatlı rayonunda polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.
Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.
Median.Az ATV-yə istinadən xəbər verir ki, kadrlarda danışan şəxsin məhsulu “zəhər” adlandırması və zarafatla “çiyələyin ürəyi tutub” deməsi istehlakçılar arasında ciddi narahatlıq yaradıb.
Cəlilabad rayonunun Privolnoye kəndində çəkilən görüntülərlə bağlı fermer Natiq Bədirov danışıb. O, videonun sadəcə dost-tanış arasında zarafat məqsədilə çəkildiyini iddia edib:
“Məqsədim sırf gülmək olub. Orada istifadə olunan dərmanlar gəmiricilərə və həşəratlara qarşıdır, insana heç bir ziyanı qoxdur”.
Digər təsərrüfat sahibləri də istifadə olunan maddələrin bioloji preparatlar olduğunu və insan orqanizmi üçün təhlükə yaratmadığını bildiriblər.
Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov bildirib ki, çiyələyin mövsümdən əvvəl yetişdirilməsi müəyyən risklər daşıyır. Onun sözlərinə görə, həddindən artıq gübrə istifadəsi və ya dozanın düzgün tənzimlənməməsi məhsulda hormonal təsirlər yarada bilər. Ekspert, xüsusilə uşaqların və hamilə qadınların mövsümdənkənar çiyələyi normadan artıq istehlak etməməsini tövsiyə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, sözügedən görüntülər dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Natiq Bədirova məxsus təsərrüfatda monitorinq keçiriblər:
“Təsərrüfatda istifadə olunan preparatlardan və yetişdirilən çiyələkdən nümunələr götürülərək laboratoriya sınaqlarına cəlb olunub. Həmçinin təsərrüfat sahibi ilə maarifləndirici söhbətlər aparılıb”.
Laborator analizlərin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda bazarlarda çiyələyin kiloqramı 4-8 manat arasında dəyişir və satışda olan məhsullar əsasən Şəmkir, Cəlilabad və Lənkərandakı istixanalardan gətirilir.