Month: April 2026

  • Salyanda yaşayış evi yandı

    Salyan rayonunda yaşayış evində yanğın baş verib.

    Lent.az xəbər verir ki, hadisə rayonun Şəkərli kəndində qeydə alınıb. Kənd sakini Təyyar Şahbazova məxsus fərdi yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb.

    Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı – FOTO

    ABŞ Prezidenti Donald Tramp tərəfdarlarını amerikalı rok ifaçısı Bryus Sprinqstinin martın 31-də başlayan ABŞ üzrə konsert turunu boykot etməyə çağırıb.

    Bu barədə siyasətçi “Truth Social” platformasında yazıb.

    “МАGА həərkatı onun həddindən artıq bahalı, bərbad konsertlərini boykot etməlidir. Zəhmətlə qazandığınız pulları qoruyun”, – deyə paylaşımda bildirilir.

    Tramp paylaşımında musiqiçini “luzer”, “Tramp sindromunun ağır formasından əziyyət çəkən”, “seçkidə parlaq qələbə qazanmış prezidentə qarşı nifrət püskürən” şəxs adlandırıb.

    Donald Tramp B.Sprinqstinin yaradıcılığına və xarici görünüşünə də toxunub. O, musiqiçini “pis və çox darıxdırıcı müğənni” kimi adam xarakterizə edib.

    Bryus Sprinqstin hələlik prezidentin çağırışına münasibət bildirməyib.

    “Variety” nəşrinin məlumatına görə, musiqiçinin “Ümid və arzular torpağı” adlı turunun konsert biletlərinin qiyməti 87 dollardan 3 007 dollara qədər dəyişir. Tur mayın 27-də Vaşinqtonda başa çatacaq.
    //oxu.az

  • Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır

    Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

    Median.Az bu barədə İqtisadiyyat.az-a istinadən xəbər verir.

    Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.

    Qeyd edilib ki, su təchizatı şəbəkələri Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək.

    Belə ki, siyahıya Ağstafanın Yenigün, Hacıqabulun I Udullu, Qubalı, II Udullu, l Paşalı, Şorbaçı, ll Paşalı və Tağlı, İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpout, Sabirabadın Cavad, Füzulinin Araz Dilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyər, Göygölün Mollacəlil və İsmayıllının Qəzli kəndləri daxil edilib.

  • ABŞ-da itkin düşən qız 32 il sonra sağ tapıldı

    ABŞ-ın Arizona ştatında 30 ildən çox əvvəl uşaq ikən itkin düşən qadın sağ halda tapılıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

    Söhbət Kristina Mari Plant adlı şəxsdən gedir. O, 1994-cü ildə Finiks şəhərinin şimal-şərqində yerləşən kiçik Star Velli yaşayış məntəqəsi ərazisində yoxa çıxmışdı. İtkin düşdüyü vaxt onun 13 yaşı olub. Hadisədən sonra polis, könüllülər və regional xidmətlər tərəfindən genişmiqyaslı axtarışlar aparılsa da, iş nəticəsiz qalmışdı.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, illər ərzində aparılan dindirilmələr və yoxlamalara baxmayaraq, qızın yerini müəyyənləşdirmək mümkün olmamışdı. İndiyədək iş açıq saxlanılıb və mütəmadi olaraq yenidən araşdırılıb.

    Məlumata əsasən, Kristina Mari Plant milli itkin düşmüş uşaqlar bazasına daxil edilib və onunla bağlı məlumatlar təkcə ştat daxilində deyil, ölkə üzrə də yayılıb.

    İşdə irəliləyiş müasir texnologiyalar və yeni istintaq metodları sayəsində əldə olunub. Müstəntiqlər yeni izlər taparaq qadının yerini müəyyən etməyə müvəffəq olublar. Lakin hadisənin detalları açıqlanmır. “Gila County Sheriff’s Office” nümayəndələri bunu onun şəxsi həyatının qorunması ilə izah ediblər.

  • Azərbaycanın “Avroviziya”da çıxış nömrəsi açıqlandı

    AYB “Avroviziya 2026”nın birinci və ikinci yarımfinalında iştirak edəcək yarımfinalist və finalist ölkələrin səhnəyə çıxış sıralamasını təqdim edib.

    Müsabiqənin açılışını Moldova edərkən, birinci yarımfinalı Serbiya bağlayacaq. İkinci yarımfinalın açılışını Bolqarıstan edərkən, bağlanışını Norveç edəcək.

    Azərbaycan isə ikinci yarımfinalda ikinci sırada çıxış edəcək.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    “Aprelin 3-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi) və Xətai rayonu (kənd Əhmədli yaşayış sahəsi, M.Hadi və Neapol küçələri) üzrə qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq”,- məlumatda qeyd edilib.

  • İran və Rusiya XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə edib

    İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

    Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, tərəflər ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.

    Qeyd olunub ki, danışıqların detalları daha sonra açıqlanacaq.

    /APA

  • Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK

    Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, məqsəd uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviq olunmasıdır.

    Qaydaların hazırlanmasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi may ayına kimi yekunlaşdırmalıdır.

    Bundan başqa, ilin sonuna qədər AQTA və Səhiyyə Nazirliyi dövlət tərəfindən qida ilə təmin edilən uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlamalıdır.

  • Dumanlı hava nə vaxta kimi davam edəcək? – Nazirrlik açıqladı

    Azərbaycan ərazisində müşahidə olunan duman aprelin 4-ü gündüz saatlarından tədricən seyrələcək. Cənub-şərq küləyi isə şimal-qərb küləyi ilə əvəzlənəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

    O bildirib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə müşahidə edilən duman mövsümi-meteoroloji şəraitlə bağlıdır: “Dumanlı hava şəraiti həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalar ilə əlaqələndirilir. Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi müşahidə olunur. Eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına səbəb olur. Bu da dumanın yaranmasına şərait yaradır. Son illərdə müşahidə edilən iqlim dəyişmələri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində dəyişikliklər qeydə alınır. Hazırkı müşahidələr göstərir ki, bu artım atmosfer proseslərinin dəyişkənliyi ilə bağlıdır”.

  • ABŞ-nin Baş prokuroru istefa verdi

    Donald Tramp Pem Bondinin ABŞ Baş prokuroru vəzifəsindən istefa verdiyini elan edib.

    O, sosial media platforması “TruthSocial”da Bondinin “özəl sektorda” işə keçəcəyini bildirib. Baş prokurorun müavini Todd Blanş bu vəzifəni icra edəcək.