Month: April 2026

  • Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq

    Azərbaycanda aprel ayının birinci ongünlüyündə hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumjat yayıb.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

    Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

  • 530 manatlıq analizə görə pasienti klinikadan qovdular – “Funda” hospitaldan şikayət

    Azərbaycanda özəl klinikalarda tanınmış həkimlərin pasiyentə məhz işlədiyi klinikada analizlərdən keçirməsi və digər heç bir laboratoriyanın cavablarını qəbul etməməsi halları uzun illərdir var.

    “Medicina” xəbər verir ki, eyni vəziyyətlə “Funda” hospitalda üzləşən pasiyent bu yanaşmanın mahiyyətini anlamadığını bildirib. Ayaz Səmədzadə şikayətində ətrafının tövsiyəsi ilə seçdiyi həkimin qəbulundan məhz analiz məsələsinə görə imtina alıb:

    “Xahiş edirəm məni başa salın, bəlkə mənim bu məsələdə anlamadığım nəsə var. Dünən “Funda” hospitalda qaraciyərimi yoxlatmaq üçün Fərrux Nağıyevin qəbuluna yazıldım. Heç bir ciddi problemim yox idi, sadəcə ailəmizdə şəkər xəstələri var deyə, mən də yoxlanmaq istədim. Qəbula 50 manat ödədim, həkim məni dinlədi, kağıza 5-6 analiz yazdı ki, bunları verin. Reseption isə ümumi klinikanın yox, elə həkimin öz şöbəsinin qəbul şöbəsi idi.

    Ordakı xanım ümumi 528 manat ödəməli olduğumu deyəndə buna gücüm çatmadığımı anladım və təklif etdim ki, kağızı verin, özüm Referansda, ya daha münasib yerdə verim, cavablarla gəlim. Razı olmadılar, pulumu da qaytarıb dedilər, xoş getdin. Yəni mədəni şəkildə qovuldum. Hələ də heç nə anlamıram. Dostum da həkimdir, zəng edib ona danışdım. Dedi yaxşı qurtarmısan, səni əməliyyat masasına uzatmayıblar”.

    Sayt məsələ ilə bağlı Fərrux Nağıyevin fikrini almaq üçün köməkçisi ilə əlaqə saxlayıb. Əsas sorğu həkim üçün məhz çalışdığı klinikada pasiyentin analiz verməsinin səbəblərini öyrənmək olsa da, həkim şikayətin harda yayımlandığını öyrənəndən sonra açıqlama verməkdən imtina verib:

    “Həkim öz mövqeyini hüquq mühafizə orqanlarına bildirib. Bu məsələ ilə bağlı böhtana görə polis orqanlarına müraciət olunub. Məsələ mübahisələndirilsə, məhkəməyə müraciət olunacaq”.

  • Xəzər sahilində qara təhlükə: Lənkəranda sahilə mazut parçaları çıxır

    Xəzər dənizinin Lənkəran sahilində son günlər müşahidə olunan qara mazut parçaları yerli sakinlər və balıqçılar arasında narahatlığa səbəb olub.

    Median.Az Teleqraf-a xəbər verir ki, dalğalar vasitəsilə sahilə çıxan xırda neft qalıqları kilometrlərlə uzanan sahilboyu ərazilərdə yayılıb.

    Balıqçıların sözlərinə görə, küləkli hava şəraitində bu cür çirklənmə daha da artır və mazut qalıqları torlara yapışaraq ov prosesini çətinləşdirir, hətta bəzi hallarda qayıqlara zərər vurur.

    Mütəxəssislər qeyd edirlər ki, sahilə çıxan maddələr karbohidrogen tərkibli neft qalıqlarıdır. Hazırda Xəzərin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu halın daha çox təbii proseslər nəticəsində – dəniz dibindəki layların hərəkəti və dalğaların təsiri ilə baş verdiyi ehtimal olunur.

    Ekoloqlar problemin aradan qaldırılması üçün sahilboyu ərazilərdə təmizləmə işlərinin aparılmasını, mütəmadi monitorinqin gücləndirilməsini və çirklənmənin mənbəyinin dəqiq müəyyənləşdirilməsini vacib hesab edirlər.

  • Azad olumuş ərazilərdə hansı sahələrdə iş var? (SİYAHI)

    İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2025-ci ildə yaradılan yeni iş yerlərinin fəaliyyət növləri məlum olub.

    Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Qarabağ iqtisadi rayonunda yeni açılan iş yerlərinin sayı 2024-cü ildə 2266 olduğu halda, 2025-ci ildə 2275-ə yüksəlib. İllər ərzində sahələr üzrə ciddi dəyişikliklər diqqət çəkir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində iş yerləri 227-dən 459-a çataraq iki dəfəyə yaxın artıb. Təhsil sahəsində isə daha kəskin dinamika müşahidə olunur. Belə ki, bu sahədə iş yerlərinin sayı 228-dən 679-a yüksələrək sosial infrastrukturun genişləndiyini göstərir.

    Bunun əksinə olaraq, tikinti-təmir sahələrində eniş müşahidə olunur. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində ötən il açılan iş yerlərinin sayı isə 29-dur.

    Eyni zamanda su təchizatı və tullantıların təmizlənməsi sahəsində 164, dövlət idarəetməsi və sosial təminatda 74 yeni iş yeri açılıb.

    Şərqi Zəngəzur iqtisadi rayonunda isə ümumi dinamika fərqli istiqamətdə inkişaf edib. 2024-cü ildə 953 olan yeni iş yerlərinin sayı 2025-ci ildə 854 olub. Lakin burada da struktur dəyişiklikləri diqqət çəkir. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 91-dən 226-ya yüksəlib. Eyni zamanda ötən il nəqliyyat və anbar təsərrüfatında iş yerləri 39, peşə, elmi və texniki fəaliyyətlərdə isə 37 yeni iş yeri yaradılıb.

    Digər tərəfdən, tikinti sahəsində 127, inzibati və yardımçı xidmətlərdə 19, kənd təsərrüfatında 27 yeni iş yeri yaradılıb.

    Statistikalar göstərir ki, işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın yeni mərhələyə keçib. Belə ki, ilkin bərpa və quruculuq işlərindən sonra iqtisadi fəaliyyət daha çox sosial infrastruktur, xidmət və dayanıqlı inkişaf sahələrinə yönəlir.

  • 54 ildən sonra aya ilk uçuş gerçəkləşdi

    ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) dörd astronavtını daşıyan insanlı “Orion” kosmik gəmisi ilə “Space Launch System” (SLS) raket daşıyıcı Aya uçub.

    “Report”un məlumatına görə, yarım əsrdən çox müddətdə Yer kürəsinin təbii peykinə ilk insanlı ekspedisiyanın canlı yayımı NASA-nın rəsmi saytındadır.

    Buraxılış Con Kennedi Kosmik Mərkəzinin buraxılış meydançasından yerli vaxtla saat 18:35-də (Bakı vaxtı ilə saat 02:35) baş tutub. Missiya planına əsasən, NASA astronavtları Rid Vaysman, Kristina Kuk və Viktor Qlover Kanada Kosmik Agentliyinin nümayəndəsi Ceremi Hansen ilə birlikdə eniş etmədən Ayın səthində uçacaq və sonra Yerə qayıdacaqlar. Ekspedisiyanın ümumi müddəti 10 gün planlaşdırılır.

    Buraxılışdan təxminən bir saat yarım əvvəl mütəxəssislər uzaqdan idarəetmə sistemində nasazlıq aşkarlasalar da, problem tez bir zamanda həll edilib.

    Aya əvvəlki insanlı uçuş 1972-ci ilin dekabrında, Amerikanın “Apollon 17” Ay ekspedisiyası zamanı baş tutub.

  • Yüksək səslə qulaqlıq istifadəsi: Eşitmə itkisinə səbəb ola bilər

    Gündəlik həyatın ayrılmaz vərdişlərindən birinə çevrilən qulaqlıq istifadəsi fərq edilmədən eşitmə sağlamlığını təhdid edə bilər. Mütəxəssislərə görə xüsusilə yüksək səslə qulaqlıqdan istifadə və səs-küylü mühitlərdə uzun müddət qalmaq zamanla eşitmə itkisinə zəmin yaradır.

    Qaynarifno xəbər verir ki, Türkiyə Bilecik Təhsil və Araşdırma Xəstəxanasının qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi, dosent Dr. Halil İbrahim Altıner eşitmənin həyat keyfiyyətinə birbaşa təsir edən əsas hisslərdən biri olduğunu vurğulayaraq mühüm xəbərdarlıqlar edib.

    Eşitmə yalnız səsləri duymaqla məhdud deyil. İnsanların ünsiyyət qurmasına, ətrafdakı təhlükələri hiss etməsinə, sosial həyatda aktiv qalmasına və gündəlik həyatını sağlam şəkildə davam etdirməsinə imkan verən əsas duyulardan biridir. Bu səbəbdən eşitmə itkisi insanın həyat keyfiyyətini düşündüyündən daha çox təsir edə bilir. Halil İbrahim Altıner eşitmə itkisinin bütün yaş qruplarında görülə biləcəyini bildirərək, yaşlanma, qulaq infeksiyaları, bəzi dərmanlar və uzunmüddətli səs-küyə məruz qalmanın ən yayılmış səbəblər arasında olduğunu qeyd edib.

    Son illərdə xüsusilə qulaqlıqla uzun müddət musiqi dinləmək vərdişi eşitmə sağlamlığı üçün ciddi riskə çevrilib. Altıner yüksək səslə qulaqlıq istifadəsinin qulaqda zamanla qalıcı zədələr yarada biləcəyini bildirib. Təkcə qulaqlıq deyil, iş yerləri, küçə, məktəb və ya sıx əyləncə məkanları kimi səs-küylü mühitlərdə uzun müddət qalmaq da eşitmə sağlamlığına mənfi təsir göstərir. Buna görə səs səviyyəsinə diqqət etmək və qulaqları davamlı yüksək səsə məruz qoymamaq vacibdir.

    Eşitmə itkisi çox vaxt yavaş inkişaf etdiyi üçün ilkin mərhələdə fərq edilməyə bilər. Lakin bəzi əlamətlər erkən xəbərdarlıq siqnalı verir. Televizorun səsini normadan çox artırmaq ehtiyacı, söhbətlərin tez-tez təkrarlanmasını istəmək, xüsusilə səs-küylü mühitlərdə deyilənləri anlamaqda çətinlik çəkmək erkən əlamətlər arasında yer alır. Altıner bu cür şikayətləri olan şəxslərin vaxt itirmədən qulaq-burun-boğaz mütəxəssisinə müraciət etməli və müvafiq eşitmə testlərindən keçməli olduğunu deyib.

    Erkən diaqnoz müalicənin uğuruna birbaşa təsir edir. Mütəxəssislərə görə düzgün məlumatlandırma, əlamətlərin vaxtında aşkarlanması və erkən müdaxilə insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir.

    Eşitmə və qulaq sağlamlığını qorumağın əsas yolu yüksək səsdən və davamlı səs-küydən mümkün qədər uzaq durmaqdır. Qulaqlıq istifadə edərkən səs səviyyəsinə nəzarət etmək vacibdir. Eyni zamanda qulaq gigiyenasına diqqət edilməli, lakin qulağın içinə bilinmədən müdaxilə olunmamalıdır.

    Eşitmə itkisi olan şəxslər üçün müxtəlif müalicə üsulları mövcuddur. Bəzi hallarda dərman müalicəsi, bəzi hallarda cərrahi müdaxilə və ya eşitmə cihazları tətbiq olunur. İrəli dərəcəli eşitmə itkisi olan şəxslərdə isə xalq arasında “bionik qulaq” kimi tanınan koklear implantlar ümidverici nəticələr verir və hətta heç eşitməyən insanların belə yenidən səslə tanış olmasına imkan yarada bilir.

    Eşitmə itkisi çox vaxt yavaş irəlilədiyi üçün gec fərq edilir. Buna görə erkən əlamətləri ciddiyə almaq, mütəmadi yoxlanışlardan keçmək və qulaqları yüksək səsdən qorumaq böyük əhəmiyyət daşıyır.

  • Biləsuvarda sahibsiz it məktəbliyə hücum etdi

    Biləsuvar rayonunda məktəbli sahibsiz itin hücumuna məruz qalıb.

    Hadisə rayon mərkəzində baş verib.

    Məlumata görə, 10 yaşlı Y.Q. məktəbə gedərkən itin hücumu ilə üzləşib.

    Nəticədə uşaq qıç nahiyəsindən xəsarət alıb.

    Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və quduzluğa qarşı vaksin vurulub.
    //unikal.az

  • General Fətəlizadə öldürüldü

    İranda “Fateh” Xüsusi Bölməsinin komandiri öldürülüb.

    “Unikal” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

    Briqada generalı Məhəmməd Əli Fətəlizadə ötən gün həyata keçirilən hücumlarda həlak olub.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Aprelin 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng və 21 ədəd patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Ali təhsil müəssisələrinə sınaq imtahanına qeydiyyat elan edildi

    Dövlət İmtahan Mərkəzi (DİM) mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Bu, DİM tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır.

    DİM-dən bildirilib ki, imtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavadehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.

    Sınaq imtahanına qeydiyyat 22 aprel saat 23:59-dək aparılacaq. Qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

    Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

    I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə DT və ya TC altqruplarından birini seçməlidirlər. Sınaq imtahanında hər iki altqrupu seçməyə icazə verilmir. I qrup üzrə RK altqrupunu seçənlər riyaziyyat, fizika, kimya, Rİ altqrupunu seçənlər riyaziyyat, fizika, informatika, III qrup üzrə DT altqrupunu seçənlər Azərbaycan (rus) dili, tarix və ədəbiyyat, TC altqrupunu seçənlər Azərbaycan (rus) dili, tarix və coğrafiya fənləri üzrə imtahan verirlər.

    İmtahanın müddəti 3 saatdır. Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

    Sınaq imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

    İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.

    Test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2026-cı il aprel ayının sonunadək olan hissəsini əhatə edəcək.