Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova tutduğu vəzifədən ayrılıb.
Bu barədə dövlət proqramı iştirakçılarına özü məlumat verib.
/”Teleqraf”

Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən aktyorlara “Teatr fədaisi” mükafatı təqdim olunub. Mükafata layiq görülən sənətçilər arasında əməkdar artist Elman Rəfiyev də yer alıb.
Bu münasibətlə Median.Az aktyoru təbrik edir və onunla müsahibəni təqdim edir:
— Sənətdə fədailik niyə məcburiyyətə çevrilməlidir?
— Mənim fikrimcə, ölkədə teatrların sayı həddindən artıq çoxdur və bu sahəyə daha ciddi nəzarət olmalıdır. Eyni zamanda aktyorların sosial vəziyyəti yaxşılaşdırılmalı, onlara normal maaş verilməlidir.
Xalq artisti Afaq Bəşirqızının cənab Prezidentlə görüşündən sonra aktyorların güzəranı qismən yaxşılaşdı. Lakin iqtisadi çətinliklər davam edir, qiymətlər artır, aktyorların gəliri isə bununla uzlaşa bilmir.
— Tez-tez səslənən bir fikir var ki, sənət adamlarına verilən fəxri adlar ləğv olunmalıdır. Bu barədə nə düşünürsünüz?
— Bu fikri səsləndirənlərin əksəriyyəti artıq həmin adları almış insanlardır. Prezident təqaüdü alan, evlə təmin olunan şəxslər bu cür danışır.
Aktyorun sənət uğrunda çəkdiyi zəhmətin qarşılığı olaraq bu adlar onun üçün mükafatdır. Onu niyə əlindən alaq? Üstəlik, bu gün demək olar ki, yeni fəxri adlar verilmir.
Hesab edirəm ki, Azərbaycan aktyorlarının potensialı bir çox ölkələrin aktyorlarından geri qalmır, hətta bəzi hallarda daha güclüdür. Sadəcə, onlara lazımi qiymət verilmir və nəticədə bu istedadlar itib-batır. Təəssüf ki, bəzən ad almaq üçün başqa ölkənin vətəndaşı olmaq lazım gəlir.
— Bəs başqa ölkələrin sənət adamlarına fəxri adların verilməsini necə qiymətləndirirsiniz?
— Məsələn, Özbəkistanın “Yalla” qrupunun solisti Fərrux Zakirova “Xalq artisti” fəxri adı verildi. Amma öz ölkəmizdə bu sənətə ömrünü həsr edən insanlar layiq olduqları dəyəri görmürlər.
Açıq deyirəm, bunu özümə də aid edirəm. Mən Azərbaycanda Pantomim teatrının yaranmasında iştirak etmişəm. Bu gün mənim adım çəkiləndə pantomima yada düşürsə, deməli, bu sənətə xidmət etmişəm.
Mən artıq 55 yaşındayam və 45 ildir bu sənətdəyəm. 2012-ci ildə “Əməkdar artist” adına layiq görülmüşəm. Bundan bir neçə il sonra mənə “Xalq artisti” adı verilməli idi. Lakin bunun qarşısı kəsildi.
Əgər fəxri adları ləğv etmək istəyiriksə, o zaman bütün sahələr üzrə – “Xalq yazıçısı”, “Xalq rəssamı”, “Əməkdar müəllim” və digərləri də ləğv edilməlidir.
Bununla belə, Teatr Xadimləri İttifaqının təqdim etdiyi “Teatr fədaisi” medalı bizim üçün böyük qiymətdir. Mən bu ada layiq görüldüyüm üçün təşkilata və bu qərarda əməyi olan hər kəsə təşəkkür edirəm.
— Sizcə, bu gün teatr yaşayır, yoxsa sadəcə yaşadılır?
— Əgər teatrın yaşamasını istəyiriksə, ilk növbədə aktyorların sosial vəziyyətini düşünməliyik.
Bu gün gənc aktyorların əksəriyyəti kirayədə yaşayır. Necə ki, yazıçılar və jurnalistlər üçün yaşayış binaları tikilir, eyni addım aktyorlar üçün də atılmalıdır.
Əgər ev hədiyyə olunmursa, heç olmasa, münasib şərtlərlə verilsin – aylıq ödənişlə və müəyyən müddətdən sonra həmin ev aktyorun özünə qalsın.
Çünki bu gün teatrı yaşadan məhz həmin gənclərdir. İncəsənəti qorumaq istəyiriksə, əvvəlcə aktyorları qorumalıyıq.
— Müasir dövrdə sənət sosial şəbəkələrə və süni intellektə uduzur. Bu barədə fikriniz necədir?
— Bəli, bu gün kino və digər sahələr sosial şəbəkələrin təsiri altındadır. Süni intellekt artıq filmlərin çəkilişində, hətta dublajda istifadə olunur.
Belə olan halda sual yaranır: aktyor nəyə lazımdır?
Yaxşı ki, teatr canlı sənətdir və onu süni şəkildə əvəz etmək mümkün deyil. Teatrın gücü də məhz bundadır.
Hazırda mən 14 aydır işsizəm. Yalnız “Əməkdar artist” adına görə aylıq 200 manat təqaüd alıram. Bu məbləğ cuzi də olsa, mənə kömək edir.
İstərdim ki, sənət adamlarına dəyər onların sağlığında verilsin. Gəlin, birlikdə incəsənətimizi və ona xidmət edən insanları qoruyaq.
Söhbətləşdi: Dəniz Pənahova

Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinski Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb onun Gürcüstan hakimiyyətinin siyasətini çox sərt tənqid etməsidir.
Bu barədə məlumat nazirliyin saytında dərc olunub.
“Xarici işlər naziri Maka Boçorişvili səfirlə görüşdə vurğulayıb ki, Brüsselin Gürcüstana qarşı hazırkı siyasəti, rəsmi Tbilisi ilə bağlı atılan addımlar və verilən bəyanatlar tərəflər arasında etimadı sarsıdır və tərəfdaşlığa xələl gətirir”, – deyə açıqlamada qeyd edilib:
“Təəssüf ki, Brüsselin hərəkətləri yalnız Gürcüstan cəmiyyətini daha da qütbləşdirmək və radikal gündəmi təşviq etmək istiqamətində atılan addımlar kimi qəbul edilə bilər”.
Nazir qeyd edib ki, Gürcüstan hökuməti konstruktiv dialoqa hazır olduğunu ardıcıl olaraq ifadə edib və Avropa İttifaqından ədalətli və hörmətli münasibət gözləyir.
Xatırladaq ki, bundan əvvəl Herçinski mətbuat nümayəndələrinə bildirib ki, Avropa İttifaqı gürcü xalqının zorakılığa, vətəndaş müharibəsinə, yoxsulluğa, korrupsiyaya və qaranlıq dövrə qayıtmasına imkan verməməlidir.

Türkiyədə 70 kiloqram qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisi Qəhrəman Şamil oğlu Məmmədov 6 il müddətə azadlıqdan məhrum edilib.
Median.Az “Report”a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Prokuror Q.Məmmədovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Qəhrəman Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.
Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən birinə doğru hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.
Məzahir Pənahov yenidən MSK sədri seçilib. Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə MSK-nın katibi seçiliblər.
Qeyd edək ki, Məzahir Pənahov 26 ildir Komissiyaya rəhbərlik edir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) sakinlərə müraciətində bildirilib.
Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

27 апреля в Габале от имени Президента Азербайджанской Республики Ильхама Алиева был дан официальный ланч в честь премьер-министра Чешской Республики Андрея Бабиша.
Об этом сообщает АЗЕРТАДЖ.



