Month: April 2026

  • Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (Video)

    Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (Video)

    Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir. Sakinlərin sözlərinə görə, ərazidə aparılan işlər onların gündəlik hərəkətinə ciddi maneə yaradır.

    “Qanunsuz olaraq gəlib yolları zəbt edirlər. Məktəbə uşaqları apara bilmirik. Hər iki məktəbin yolu bağlanır, metroya gedən yollar da tutulur. Bütün qurumlara müraciət etmişik, amma heç kim gəlmir. Deyir ki, 16 mərtəbəli bina tikəcək. Hətta bildirir ki, “şükür edin ki, sizə iki metr yol verirəm”, deyə sakinlərdən biri bildirib.

    Digər şikayətçi isə məsələ ilə bağlı ziddiyyətli açıqlamalara diqqət çəkib.

    “İcra hakimiyyətindən gələn nümayəndə deyib ki, biz icazə verməmişik. Amma axı ilkin sənədlər icra hakimiyyətindən alınır. Necə olur ki, icazə verilməyib, amma tikinti aparılır? Deyirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti icazə verib. Bəs həmin qurum gəlib baxmalı deyilmi ki, bu tikinti maneə yaradır, ya yox? Uşaqları səhər məktəbə aparmaqda çətinlik çəkirik”, deyə o qeyd edib.

    Özünü ərazidə fəaliyyət göstərən “İnam 2019” MMC-nin iş icraçısı kimi təqdim edən Ramil Məcidov bildirib ki, sözügedən ərazidə yeni bina tikintisi deyil, köhnə kafenin bərpası nəzərdə tutulub. Onun sözlərinə görə, aparılan işlər çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mühafizə zolağı yaradılır.

    Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən bildirilib ki, tikintiyə icazə verən qurum onlar deyil. Qeyd olunub ki, torpaq üzərində hər hansı tikinti aparmaq üçün müvafiq qurumların razılığı tələb olunur və torpağın çıxarışı olsa belə, tikinti mütləq şəkildə razılaşdırılmalıdır.

    Xətai Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, sözügedən ərazi özəl mülkiyyətdir və icra hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyəti yoxdur.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Bildirilib ki, həmin ünvanda yalnız ərazinin hasarlanmasına cəhd olunub. Sakinlərin narazılığı əsasında yerli icra hakimiyyəti tərəfindən hasarlama işlərinin qarşısı alınıb. Hazırda ərazidə hər hansı tikinti-quraşdırma işləri aparılmır.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xətai Rayon Polis İdarəsinə vətəndaşların şikayətləri daxil olub.

    Qeyd olunub ki, müraciət üzrə aidiyyəti qurumlarla birgə araşdırma aparılır.

  • İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq

    İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq

    Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib. Bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur.

    Bu ilin ilk rübündə ət idxalının həm həcm, həm də dəyər baxımından artmasını necə izah oluna bilər? Artım daxili bazarda qiymətlərə necə təsir edir?

    Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, ət idxalının həcm baxımından 3.4, dəyər baxımından 15.3 faiz artması ölkənin idxaldan asılılığının artdığını göstərir:

    “Bu göstəricilər insanların artım tempi ilə mütənasib deyil. Bundan başqa, əhalinin istehlak vərdişləri dəyişə bilər, daha çox ət yeyə bilər. Amma əhali bu qədər qısa müddətdə çox ət yeyə bilməz, bu daha uzunmüddətli dövürdə baş verir. Ona görə də bu rəqəmlər daha çox idxaldan asılılığın artdığını göstərir”.

    İqtisadçının sözlərinə görə, hazırda dünyada da ət qiymətləri bahalaşır. Bundan başqa, dəyər ifadəsində artmağı manatın məzənnəsi ilə bağlı məsələdir:

    “Nəzərə alsaq ki, manatın məzənnəsi dollara bağlıdır, dollar da son bir ildə ucuzlaşıb. Dollar digər valyutalara qarşı ucuzlaşanda manat da avtomatik ucuzlaşır”.

    Xalid Kərimlinin sözlərinə görə, ətin idxal qiymətinin artması daxili bazarda qiymətlərə təsir edir:

    “Ölkəyə kəsilmiş heyvan əti dondurulmuş şəkildə gətirilir ki, keyfiyyətini itirməsin. Sahibkarlar da bazarda dondurulmuş ətin qiymətinə baxırlar. Əgər o qiymətlər onlara sərf edirsə, onlar ölkəyə ət idxal edirlər. Sahibkar fikirləşir ki, ölkəyə gətirdiyi əti baha satıb pul qazana biləcək ya yox. Ona görə idxalın artması qiymətləri aşağı salan faktordur. Bir şey çox olanda onun qiyməti aşağı düşür. Amma burda əhalinin tələbatı da önəmli rol oynayır. Əgər əhalinin tələbatı eyni, idxal da artıbsa, bu yerli istehsalın azlaması deməkdir. Göstərilən statistikadan isə bazarda idxalın yerli istehsalı üstələdiyini güman edə bilərik. Amma istənilən halda məhsul bolluğu qiyməti aşağı salan amildir. Ölkəyə idxal olmasa, ətin qiyməti daha da bahalaşa bilər”.

    “Ət idxalının artması yerli heyvandarlıq sektorunun zəifliyindən xəbər verirmi” sualına iqtisadçı bildirib ki, ət idxalının artması təkcə yerli heyvandarlıq sektorunun zəifliyindən xəbər vermir:

    “Digər statistik məlumatlara baxanda görürük ki, saxlanılan həm iri buynuzlu, həm də xırda buynuzlu heyvanların sayında azalma var. Belə ki, 10 faizdən çox iri buynuzlu, ən az 25 faiz xırda buynuzlu heyvanların sayında azalma var. Məsələn, əhalinin ətə olan tələbatının artması, həm də bu sektorun əhalinin tələbatı ilə nisbətdə zəif böyüməsi təsir edən amildir. Hələ indi-indi qiymətlər artıqca, bu sektor qazanc gətirən sahəyə çevrilir. Əvvəllər bu sahə fermerlərə, sahibkarlara sərf etmirdi. Ümid edirik ki, qiymət artımı bu sektorda investisiyaları artıracaq, sahibkarlar bu sahəyə geri dönəcək”.

  • Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu

    Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu

    Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib.

    Xatırladaq ki, bu il yanvarın 15-də Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Bununla da müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakı ödənişli olub.

    Bu ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

  • Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək

    Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək

    Nazirlər Kabineti “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

    Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına bu hallarda icazə veriləcək: çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda, çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda, çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.

  • MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi

    MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi

    Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat təsdiq edilib.

  • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi

    Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənə ittiham aktı elan edib.

    Hakim İ.Səfərəliyevin ittiham olunduğu maddələrin sübuta yətiriləcəyi təqdirdə onun 14 ilədək azadlıqdan məhrum edilə biləcəyini xatırladıb.

    İntiqam Səfərəliyev özünü elan edilmiş ittihamla təqsirli bilməyib.

    Məhkəmə İntiqam Səfərəliyevə sərbəst ifadə vermək təklif etsə də, təqsirləndirilən şəxs indiki mərhələdə bundan imtina edib.

    Vəsatət təmin olunub. Növbəti proses mayın 15-də davam edəcək.

    Qeyd edək ki, “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

    Onu da qeyd edək ki, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilir.

    Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.

    Onu da qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb.

    Xatırladaq ki, ötən prosesdə İ.Səfərəliyev barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərar verərək o iclas zalından azadlığa buraxılıb.
    //oxu.az

  • Azərbaycan səmasında parlaq izlər görünə bilər

    Azərbaycan səmasında parlaq izlər görünə bilər

    Aprelin sonundan may ayının ortalarına qədər “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək.

    Meteorlar təxminən 66 km/saat sürətlə Yer atmosferinə daxil olur və yüksək sürətləri səbəbindən səma boyunca uzun və parlaq izlər buraxır. Dolça (Aquarius) bürcü istiqamətindən gəlirmiş kimi göründüyünə görə bu meteor yağışı “Eta Aquarid” adlandırılır.

    “Eta Aquarid” meteor yağışının mənbəyi Günəş sisteminin ən məşhur periodik kometalarından biri olan Halley kometası ilə bağlıdır. Halley kometası qədim dövrlərdən müşahidə olunsa da, onun periodik təbiəti ilk dəfə Edmond Halley tərəfindən müəyyən edilib. O, 1682-ci ildə müşahidə etdiyi kometasının 1531 və 1607-ci illərdə qeydə alınmış kometa ilə təxminən 76 illik dövrə malik eyni obyekt olduğunu hesablayıb. 1758-ci ildə kometanın yenidən görünməsi bu hesablamanı təsdiqləyib və kometa onun şərəfinə adlandırılıb. Günəşə yaxınlaşma zamanı kometanın səthindəki buz və toz maddələri sublimasiya edir və orbital trayektoriya boyunca geniş və uzun iz buraxır. Yer bu izlə ildə iki dəfə qarşılaşır və nəticədə may ayında “Eta Aquarid”, oktyabr ayında isə “Orionid” meteor yağışları müşahidə olunur.

    Bakı şəhərindən “Eta Aquarid” meteor yağışının müşahidəsi mümkündür, lakin bəzi məhdudiyyətlər mövcuddur. Şimal yarımkürəsində yerləşdiyinə görə meteorların radiant nöqtəsi üfüqdən çox yüksək qalxmır. Bunun üçün də müşahidə olunan meteorların sayı Cənub yarımkürəsi ilə müqayisədə daha az olur. Buna baxmayaraq, əlverişli hava şəraitində və şəhər işıq çirklənməsindən uzaq ərazilərdə səhərə yaxın saatlarda (saat 02:16-dan 05:01-ə qədər) müşahidə aparmaqla saatda 10-20 meteor görmək mümkündür. Xüsusilə Abşeron yarımadasından kənar, daha qaranlıq səma şəraitinə malik ərazilər müşahidə üçün əlverişli hesab olunur.

    “Eta Aquarid” meteor yağışı yalnız estetik baxımdan deyil, həm də elmi tədqiqatlar üçün mühüm əhəmiyyətə malikdir. Meteorların spektral müşahidələri onların kimyəvi tərkibini müəyyən etməyə imkan verir, bu məlumatlar kometa materialının ilkin xüsusiyyətlərinin öyrənilməsi üçün istifadə olunur. Meteorların Yer atmosferinə daxil olması zamanı baş verən ionlaşma və enerji ötürülməsi prosesləri yüksək enerjili hissəciklərin atmosferlə qarşılıqlı təsir mexanizmlərini araşdırmağa imkan yaradır.

  • Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ

    Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ

    Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən almağı tövsiyə edir.

    Bu barədə AZAL məlumat yayıb.

    Bildirilib ki, bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlara tələbatın artacağı gözlənilir. Qeyd olunan dövrdə sözügedən marşrut üzrə gün ərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsi planlaşdırılır. Artan sərnişin tələbatını qarşılamaq məqsədilə qeyd olunan tarixlərdə gün ərzində 5-10 əlavə reysin (gediş gəliş 10-20 reys) həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, əlavə reyslərin sayı müvafiq günün tələbatına uyğun şəkildə təyin olunur.

    Bununla belə, biletlərin səyahət tarixindən öncə alınması həm sərnişinlər üçün daha rahat planlaşdırma imkanı yaradır, həm də uçuşların daha səmərəli təşkili baxımından məqsədəuyğun hesab olunur.

    Aviabiletləri rəsmi veb-səhifədən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından əldə etmək mümkündür.

  • Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb – Video

    Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb – Video

    Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

    Qeyd edilib ki, videoçarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb.

    Bildirilib ki, Azərbaycan ərazisindəki alban məbədlərinin mirvarisi adlandırılan VI-XIII-XVIII əsrlərdə inşa elmiş Xudavəng monastrı tarixi abidədir. Kəlbəcər rayonunda yerləşən monastrın tarixi və memarlıq xüsusiyyətləri, bölgənin mədəni irsindəki əhəmiyyəti videoçarxda ətraflı şəkildə işıqlandırılır. Layihənin məqsədi – bölgənin çoxəsrlik tarixi və maddi-mənəvi irsinin təbliğ etməkdir.

  • ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib

    ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib

    ANAMA Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində indiyə qədər icra edilən əməliyyatlar zamanı 256 ha ərazini təmizləyib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Qeyd edilib ki, Qazaxda 2024-cü ildən indiyə qədər 1,102 ədəd piyada əleyhinə mina, 125 ədəd tank əleyhinə mina və 62 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.

    ANAMA-nın məlumatına görə, ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyatları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir.

    Xatırladılıb ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub.

    2025-ci ildən etibarən isə Nazirlər Kabineti tərəfindən müəyyən olunan plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir.

    Qurumdan bildirilib ki, məlum olduğu kimi hava şəraiti, mürəkkəb relyef, sıx bitki örtüyü, yay vaxtlarında zəhərli ilanlar və əqrəblər minatəmizləmə əməliyyatlarının gedişatına təsir edən amillərdir. Qeyd edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyəti intensiv şəkildə davam etdirilir.

    ANAMA-nın bildirdiyinə görə, ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 2020-ci ilin noyabr ayından bugünədək icra edilən əməliyyatlar zamanı 265 597 ha ərazi təmizlənib, 41 560 ədəd piyada əleyhinə mina, 23 450 ədəd tank əleyhinə mina və 184 067 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.