Month: April 2026

  • Bazarlarda bu məhsullar UCUZLAŞDI – Video

    Paytaxtın”8-ci kilometr” bazarında mövsümi tərəvəzlərin qiyməti aşağı düşüb. Lobyanın kiloqramı 8 manat, badımcam 1-2.50, təzə kartof 1.50-1.80 , çiyələk 3 manatdan təklif olunur.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, iki həftə əvvəllə müqayisədə bazarda qiymət ucuzlaşsa da alıcı qıtlığı var.

    Bazarda bolluq olsa da alıcı qıtlığı kameramızın obyektivindən də yayınmadı. Meyvələrin qiymətində isə ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvələrin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloqramı 4-5, portağal isə 3-4 manatadır.

    Kənd yumurtasının 1 ədədi 25 qəpik, pomidor 3, xiyar 1.50 -2.50 dək yüksəlir. Kələm 1.50 qəpk, təzə üzüm yarpağı 4 manat, rəngi bibərlərin qiyməti 3 manatdan təklif olunur.

    Satıcılar deyirlər ki, əvvəlki aylara nisbətən qiymətlər tədricən enir. Yaxın günlərdə bir çox məhsulun qiymətində də ucuzlaşma daha çox olacaq.

  • Bu ölkədə qida məhsullarında Çernobıl izləri tapıldı

    Çernobıl fəlakətinin izləri hələ də Yuxarı Avstriya torpağında qalmaqdadır.

    Bu barədə “Krone Zeitung” qəzeti yazır.

    1986-cı ilin aprel ayında Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan sonra radioaktiv yağıntılardan ən çox bu bölgə əziyyət çəkib. Mühlviertel, Mərkəzi və Salzkammergut bölgələrində güclü yağışlar baş verib. Orada torpaqda sezium izotop konsentrasiyası ən yüksək olaraq qalır. 2021-ci ilin aprelindən 2026-cı ilin aprelinə qədər 601 qida nümunəsi təhlil edilib. Bəzi meyvə, tərəvəz və xüsusilə göbələk nümunələrində sezium-137 aşkar edilib.

    İzotop həmçinin dənli bitkilərdə və paxlalılarda da aşkar edilib.

    “Çernobıldan 40 il sonra Avstriyada sezium ov heyvanlarında, süddə və tərəvəzlərdə tapıldı”, – deyə qəzet qeyd edib.

  • 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı

    Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.

    Araşdırmalar davam etdirilir.

  • Bu, dünyanı qida fəlakətinə aparır

    Hörmüz boğazından enerji təchizatında yaranan fasilələr qlobal ərzaq şoku riskini artırır. Yüksək qaz qiymətləri gübrə istehsalını azaldır, digər sənaye sahələri isə əsas resurslar və logistika sahəsində kənd təsərrüfatı istehsalçılarını üstələyərək rəqabət aparır.

    Bu barədə “Financial Times” qəzeti yazır.

    Nəşr qeyd edir ki, dünya neft və mayeləşdirilmiş təbii qaz ixracının təxminən beşdə biri və dəniz gübrə ticarətinin təxminən üçdə biri bu dar su yolundan keçir. Bu, Hörmüz boğazını qida istehsalı üçün vacib bir arteriyaya çevirir.

    Boğazdan mayeləşdirilmiş təbii qaz axınının azalması artıq sənaye istehlakını məhdudlaşdırır. Qaz tələbatının azalmasının təxminən 40%-i zavodların, xüsusən də gübrə istehsalçılarının payına düşür. Təbii qaz ammonyak kimi azot gübrələri üçün əsas xammaldır.

    Gübrələrin mövcudluğunun azalması məhsuldarlığa mənfi təsir göstərəcək və sonrakı mövsümlərdə ərzaq qiymətlərinin artmasına səbəb olacaq.

    Yaxın Şərqdəki müharibənin yaratdığı gəmiçilikdəki fasilələr qlobal logistikaya da təsir göstərir. Asiyalı alıcılar Yaxın Şərqdən tədarük əvəzinə Meksika körfəzindən ABŞ xam neft ixracına üz tutduqca Panama kanalında tıxac daha da pisləşib.

    Bu, taxıl kimi daha aşağı dəyərli yük daşıyan gəmilərin daşınma xərclərini artırır. Neft tankerləri operatorları növbənin önünə çatmaq üçün milyonlarla dollar ödədikləri üçün kanalda gözləmə müddəti 40 günə qədər çata bilər. Bəzi taxıl marşrutlarında yük daşımalarının qiymətləri artıq 50-60% artmışdır.

    Kənd təsərrüfatı ticarətçiləri həmçinin xəbərdarlıq edirlər ki, bazarlar gübrələrin və digər əsas məhsulların tədarükündə uzunmüddətli fasilələr riskini hələ tam qiymətləndirməyiblər. Qısamüddətli münaqişə gözləntiləri investorların potensial təsiri qiymətləndirməməsinə səbəb olub.

  • Sərxoş vəziyyətdə “Ford” sürən şəxs həbs edildi

    Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Ford” markalı, 99-CR-636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şahin Rzayev saxlanılıb.

    Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ş.Rzayevin sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunub.

    Sürücü barəsində törətdiyi əmələ görə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Rzayev 10 sutka inzibati qaydada həbs edilib.

  • “Çəkilmə araq qoxusu var” – Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan 22 apreldə genişləndirilmiş Aparan icmasının Yernjatap qəsəbəsindəki təmir olunmuş Yeğişe Çarents məktəbinə gedib.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın səfəri zamanı maraqlı anlar yaşanıb.

    Belə ki, o, məktəbdə çəkilmə araq qoxusu hiss edib: “Necə də yaxşı dəmlənmiş, evdə hazırlanmış araq qoxusu var!”

    Məktəb direktoru otağı dezinfeksiya etdiklərini deyib. Paşinyan isə cavabında belə deyib: “Bunu başa düşmək olar, amma niyə evdə hazırlanmış spirtlə dezinfeksiya etdiniz? Bu, təəssüf doğurmurmu?”
    //unikal.az

  • Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə aprelin 7-də keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.

    Bu barədə DİM-dən məlumat verilib.

    Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək üçün info@dim.gov.az elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

  • Sabah 25° isti olacaq

    Aprelin 23-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti olacaq.

  • Qarabağ və Şərqi Zəngəzura 386 milyon manat vəsait qoyulub

    Bu ilin I rübündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) yenidən qurulması və bərpası məqsədilə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11 %-i qədər və yaxud 386,2 milyon manat vəsait istifadə olunub.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib.

  • Sosial yardım alanların əmlakı sığortasız qalıb

    Azərbaycanda dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortası faktiki olaraq həyata keçirilməyib.

    Bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir.

    Sənədə əsasən, dövlət büdcəsindən bu məqsədlə mərkəzləşdirilmiş qaydada 2023-cü ildə 24,3 milyon manat, 2024-cü ildə isə 27 milyon manat vəsait istifadə olunub. Bundan əlavə, dövlətə məxsus əmlakın və büdcədən maliyyələşən təşkilatlara aid nəqliyyat vasitələrinin icbari sığortası üzrə bəzi təşkilatların fərdi xərclər smetalarında 2023-cü ildə 18 təşkilat üzrə 17,3 milyon manat, 2024-cü ildə isə 20 təşkilat üzrə 19,1 milyon manat vəsaitin icrası araşdırılıb.

    Təhlil daşınmaz əmlakın icbari sığortası üzrə 117, nəqliyyat vasitələri üzrə isə 178 təşkilatı əhatə edib.

    Palata müəyyən edib ki, 2023-cü ildə sosial yardım alan ailələrə məxsus 19 344, 2024-cü ildə isə 16 925 daşınmaz əmlak mövcud olsa da, bu əmlakların sığortalanması təmin edilməyib. Bu hal sosial həssas təbəqənin əmlak maraqlarının qorunmadığını göstərir.

    Hesabatda qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sığorta haqları yalnız icbari sığorta müqaviləsi bağlandıqdan sonra ödənilir. Bu isə müqavilənin qüvvəyə minməsi üçün əvvəlcədən ödəniş tələb edən ümumi qanunvericilik normaları ilə ziddiyyət təşkil edir.

    Eyni zamanda, dövlətə məxsus əmlakların hamısının sığortalanması təmin olunmayıb, sığortalanma ayrılmış vəsait çərçivəsində həyata keçirilib.

    Təhlilə əsasən, dövlət sifarişlərinin icrasında cəmi 4 sığorta şirkəti iştirak edib və sığorta portfelinin 75 %-i bir şirkətin payına düşüb.

    Bundan başqa, bəzi hallarda eyni əmlak üzrə müxtəlif illərdə fərqli bərpa dəyərləri tətbiq olunub ki, bu da sığorta haqlarında izahsız fərqlərə və xərclərin artmasına səbəb olub. Həmçinin bərpa dəyərləri 64 icra hakimiyyəti üzrə sığorta şirkətləri tərəfindən, 8 icra hakimiyyəti üzrə isə balans dəyəri əsasında müəyyən edilib və bəzi hallarda bu göstəricilər arasında ciddi fərqlər qeydə alınıb.

    Mərkəzi Bankın məlumatına görə, 2023-cü ildə ölkə üzrə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqları 78,2 milyon manat, sığorta ödənişləri isə 5,7 milyon manat təşkil edib. 2024-cü ildə isə sığorta haqları 82,7 milyon manata yüksəlib, ödənişlər isə 3,3 milyon manata düşüb.

    Bəzi hallarda sığorta müqavilələri arasında 1 aydan 6 aya qədər fasilələr yaranıb. Bu isə əmlakın müəyyən dövrlərdə sığortasız qalmasına və risklərin artmasına səbəb olub.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 5 yerli icra hakimiyyəti üzrə 9 daşınmaz əmlakda yanğın hadisəsi baş verib, bunlardan yalnız 1-i sığortalı, 8-i isə sığortasız olub. Digər 12 təşkilat üzrə isə 71 yanğın hadisəsi qeydə alınıb, onların 50-si üzrə ümumilikdə 536 145 manat zərər müəyyən edilib, 21 hadisə üzrə isə zərərin məbləği göstərilməyib.

    Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023–2024-cü illərdə 41 sığorta hadisəsi qeydə alınıb. Onlardan 4-ü 2023-cü ildə, 37-si isə 2024-cü ildə baş verib. Bu hadisələr üzrə 41 əmlakdan 38-i sığortalı, 3-ü isə sığortasız olub.

    Bu hadisələrdən yalnız 6-sı üzrə sığorta ödənişi həyata keçirilib, 21 halda zərər azadolma həddindən aşağı olduğu üçün ödəniş edilməyib, 11 hadisə üzrə isə uzun müddət keçməsinə baxmayaraq ödəniş həyata keçirilməyib.

    Palata həmçinin müəyyən edib ki, bəzi hallarda tarixi və mədəniyyət abidələri ümumiyyətlə sığortalanmayıb. Bu kateqoriyaya aid əmlakların sığortalanmasına dair qanunvericilikdə ayrıca müddəalar yoxdur.

    Bundan əlavə, bəzi obyektlər balansda qeydiyyata alınmadan və mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadan sığortalanıb.

    Təhlil göstərib ki, bəzi hallarda istifadəyə yararsız nəqliyyat vasitələri sığortalandığı halda, istismarda olan nəqliyyat vasitələrinin sığortası təmin edilməyib. Həmçinin bu sahədə xərclər büdcə təsnifatına uyğun icra olunmayıb.Təhlilin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə olunub və müvafiq tədbirlərin görülməsi üçün Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyinə məlumat göndərilməsi barədə qərar qəbul edilib.