Sumqayıtda dəm qazından zəhərlənən uşaqdan sonuncusu EVƏ BURAXILIB

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

“Vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, azyaşlı 04.04.2026-cı il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub. 2018-ci il təvəllüdlü (qadın cinsli) pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 azyaşlı üzvü hamamda dəm qazından zəhərlənib. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.