Category: Cəmiyyət

  • Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) uşaqların internet mühitində üzləşə biləcəyi risklərlə bağlı maarifləndirici sosial videoçarx hazırlayıb.

    Median.Az ETX-ya istinadən xəbər verir ki, rəqəmsal mühitdə aktiv olan uşaqlar interneti əksər hallarda yalnız əyləncə vasitəsi kimi qəbul edirlər. Lakin virtual aləmdə qarşı tərəfin kimliyini müəyyən etmək hər zaman mümkün olmur. Tanınmayan profillər, təsadüfi linklər və ya adi görünən ünsiyyət halları belə onların fərdi məlumatlarının risk altına düşməsi ilə nəticələnə bilər. Hazırlanan videoçarxda bu kimi risklərdən bəhs olunur, həm uşaqlara, həm də valideynlərə diqqətli davranmağın vacibliyi xatırladılır.

  • Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? – ARAŞDIRMA

    Bayram mövsümü ərəfəsində sürücülər üçün xərclərə qənaət etməyin effektiv üsulları açıqlanıb.

    Mütəxəssislərin fikrincə, sürətə edilən kiçik dəyişiklik yanacaq sərfiyyatında ciddi fərq yarada bilər. Belə ki, optimal sürət rejiminə riayət etməklə yanacaq xərclərini 15 faizə qədər azaltmaq mümkündür.

    Qarşıdan gələn bayram günləri ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin sayının kəskin artacağı gözlənilir. Bu fonda yanacaq qiymətlərinin yüksəlməsi sürücüləri daha qənaətcil idarəetmə üsullarına yönəldir. Statistik məlumatlara görə, son aylarda “yanacaq qənaəti” ilə bağlı axtarışların əhəmiyyətli dərəcədə artması da bunu təsdiqləyir.
    Avtomobil mütəxəssisləri bildirirlər ki, daxiliyanma mühərrikləri üçün ən səmərəli sürət təxminən 90–100 km/saat intervalında hesab olunur. Sürətin bundan yuxarı qaldırılması, xüsusilə 110–120 km/saat və daha artıq olduqda, aerodinamik müqaviməti artırır və mühərrikin daha çox enerji sərf etməsinə səbəb olur. Nəticədə yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə yüksəlir.

    Araşdırmalar göstərir ki, sürətdə təxminən 15–20 km/saat artım yanacaq sərfiyyatını 10–15 faizədək yüksəldə bilər. Halbuki daha sabit və optimal sürətlə hərəkət etmək səyahət müddətinə ciddi təsir etmədən qənaət etməyə imkan yaradır. Məsələn, uzun məsafələrdə bu fərq vaxt baxımından cəmi bir neçə dəqiqə təşkil etsə də, yanacaq sərfiyyatında hiss olunan üstünlük təmin edir.

    Mütəxəssislər xüsusilə magistral yollarda sabit sürəti qorumaq üçün kruiz-kontrol sistemindən istifadəni tövsiyə edirlər. Bu, həm sürücünün yorğunluğunu azaldır, həm də yanacaq sərfiyyatını optimallaşdırır.

    Qeyd olunur ki, qlobal enerji bazarındakı dəyişikliklər sürücülərin davranışına da təsir edir. Yanacaq xərclərini azaltmaq istəyənlərin sayı artdıqca, alternativ nəqliyyat vasitələrinə, xüsusilə elektrik avtomobillərinə maraq da yüksəlir.

    Ekspertlərin qənaətinə görə, düzgün sürət seçimi və stabil idarəetmə tərzi sadə görünsə də, uzunmüddətli perspektivdə sürücülər üçün həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli üstünlüklər yaradır.
    //avtosfer.az

  • Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?

    2026-cı ilin yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı azalıb.

    Cari ilin ilk 3 ayında xaricə səfər edən işsiz şəxslərin sayı 887 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 nəfər və ya 2,95% azdır. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında bu kateqoriya üzrə xaricə səfər edənlərin sayı 914 nəfər olub.

    İşsiz Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr arasında Gürcüstan və Rusiya ilk sıralarda yer alıb:

    Gürcüstan – 404 nəfər

    Rusiya Federasiyası – 173 nəfər

    Çin – 56 nəfər

    Birləşmiş Ərəb Əmirlikləri – 30 nəfər

    Moldova – 25 nəfər

    Özbəkistan – 23 nəfər

    Belarus – 17 nəfər

    Polşa – 17 nəfər

    İran – 14 nəfər

    Avstriya – 10 nəfər

    Hindistan – 7 nəfər

    İsrail – 3 nəfər

    Niderland – 1 nəfər

  • Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq

    Mayın 7-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.

  • Aptekdə yoxlama – Vaxtı keçmiş dərmanlar satılıb

    Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığı və digər bir sıra nöqsanlar aşkarlanıb.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. Yararlılıq müddəti bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

  • QR kodları nə qədər təhlükəsizdir?

    Gündəlik həyatın bir çox sahəsində rast gəlinən QR kodlar, təklif etdiyi sürətli əməliyyat imkanları ilə yanaşı, müxtəlif kiber riskləri də özü ilə gətirir. Restoran menyularından rəqəmsal ödəniş nöqtələrinə qədər geniş yayılan bu texnologiya kibercinayətkarlar üçün yeni hücum kanalı yaradır.

    ESET kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri istifadəçilərin bu vizual kodları skan edərkən qarşılaşa biləcəyi məxfilik riskləri barədə məlumat veriblər. “Quick Response” (sürətli cavab) ifadəsinin qısaltması olan QR sistemləri əslində ikiölçülü barkod növü kimi fəaliyyət göstərir.

    QR kodlar ənənəvi barkodlarla müqayisədə daha çox məlumat saxlama qabiliyyətinə malikdir. Zədələnsələr belə oxuna bilməsi və istənilən bucaqdan skan edilə bilməsi onları logistika və maliyyə kimi sahələrdə geniş istifadə edilən texnologiyaya çevirib. Lakin bu çeviklik zərərli şəxslərin təhlükəli keçidləri fiziki və rəqəmsal mühitlərə yerləşdirməsini də asanlaşdırır.

    Kibertəhlükəsizlik mütəxəssisləri bildirirlər ki, etibarsız mənbələrdən gələn QR kodlar “Qrishing” adlı fişinq (kimlik oğurluğu) üsuluna çevrilib. Bu üsulda istifadəçilər saxta bank səhifələrinə və ya alış-veriş platformalarına yönləndirilərək giriş məlumatlarını özləri təqdim edirlər. Bəzi kodlar isə skan edilən anda telefonda gizli şəkildə SMS göndərilməsi, zəng edilməsi və ya məkan məlumatlarının paylaşılması kimi icazəsiz əməliyyatları işə sala bilər. Xüsusilə ictimai yerlərdə ödəniş nöqtələrinə yapışdırılan saxta QR stikerləri vətəndaşların ödənişlərinin birbaşa hücumçuların hesabına yönləndirilməsinə səbəb ola bilir.

    Məlumat təhlükəsizliyini qorumaq üçün sadə, lakin effektiv tədbirlər mövcuddur. Mütəxəssislər naməlum mənbələrdən gələn afişa və ya sosial şəbəkə paylaşımlarındakı kodların yoxlanılmadan skan edilməməsini tövsiyə edirlər. Cihazlarda güncəllənmiş təhlükəsizlik proqramlarının olması və iki faktorlu autentifikasiya sistemlərinin aktivləşdirilməsi mümkün məlumat sızmalarının qarşısını alır. Bundan əlavə, məkan icazələrinin məhdudlaşdırılması şəxsi məlumatların üçüncü tərəflərin əlinə keçmə riskini azaldan vacib addımlardan biridir. Texnologiyanın sürətli inkişafı yalnız düzgün təhlükəsizlik tədbirləri ilə birlikdə istifadə olunduqda riskdən daha çox fayda verir.
    //valyuta.az

  • Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı

    “Suraxanı Oil Operation Company S.A.” şirkətinin ərazisində hasarlama işi aparan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Qaynarinfo xəbər verir ki, həmin şəxsə Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ittiham elan edilib.

    Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə baxılıb.

    Məhkəmin hökmü ilə müttəhim 1 il müddətinə azadlığın məhdudlaşdırılıması cəzasına məhkum edilib.

  • İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək

    Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb.

    Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

  • Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib

    Bəzi xəbər saytlarında Bakı şəhərində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə dövlət ittihamını müdafiə edən prokurorun məhkəmədəki çıxışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, yayılan məlumatlarda guya dövlət ittihamını müdafiə edən prokuror tərəfindən təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi istənilib.

    “Bununla bağlı bildiririk ki, qeyd olunan məlumatlar həqiqətə uyğun deyildir. Dövlət ittihamçısı çıxışında Babək İbadovun ittiham olunduğu əməlin ictimai təhlükəlilik dərəcəsi, iş üzrə toplanmış sübutların məcmusu və cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla onun 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib.

    Media nümayəndələri və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, yoxlanılmamış və yanlış məlumatların yayılmamasına çağırırıq”, – deyə məlumatda qeyd olunub.

  • Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah (7 may) saat 10:00-dan etibarən Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatının dayandırılması görüləcək təmir işləri, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədardır.

    Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.