Naxçıvanda bu qurum ləğv edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, bu Qərarın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Qərara uyğunlaşdırılmasını təmin edib bu barədə dörd ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, qərar aprelin 29-dan qüvvəyə minib.