
“Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır, amma mən razılaşmıram, bu evi ancaq ailəm üçün hazırlamışam”
Zaqatala sakini Tərlan Hacımadayevin hazırladığı təkərlər üzərindəki ev hər kəsi heyrətləndirib. Tərlan Hacımadayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, bu işə 2 ay vaxt sərf edib.
Mikroavtobusu lazımi avadanlıqlarla təchiz edən həmsöhbətimiz bununla da çoxdankı arzusunu reallaşdırdığını deyir: “Əvvəllər Rusiyada yaşamışam. Təqaüdə çıxdıqdan sonra belə bir maşın almaq istədim. Əslində, modul tipli maşın istəyirdim. Lakin sənəd məsələsində problem yarandı. Ona görə də bu maşını almaq qərarına gəldim”.
Müsahibimizin hazırladığı səyyar evdə yaşayış üçün hər şərait var. O, bunu ailəsi üçün hazırladığını deyir: “Bu maşında 4 nəfər rahat şəkildə yaşaya bilər. Maşında hamam, tualet, soyuducu, su qızdırıcı, qaz və elektrik qızdırıcısı var. Bundan başqa, çarpayı, masa, soyuducu və Wi-Fi mövcuddur. Bir sözlə, yaşayış üçün nə lazımdırsa, bu maşında cəm olub”.
Qəhrəmanımız sərf olunan 220 volt elektrik enerjisinin maşına yerləşdirilmiş əlavə cihazdan əldə olunduğunu diqqətə çatdırır. Həmçinin, o, mikroavtobusun damına yaxın zamanlarda günəş enerjisi ilə işləyən panellər quraşdıracağını da bildirir.
![]()
Tərlan Hacımadayev əl əməyi ilə hazırladığı səyyar evini, artıq sınaqdan da keçirib: “Bu yaxınlarda Batumiyə getdik. Ailəliklə 10 gün istirahət edib gəldik. Ən böyük arzum Azərbaycanı qarış-qarış gəzməkdir. Ondan sonra dünya turuna çıxmağı planlaşdırıram”.
“Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır. Amma mən razılaşmıram. Bu evi ancaq ailəm üçün hazırlamışam, 2 qızım, yoldaşım və mən” — deyə rayon sakini vurğulayır.//sputnik.az