Almaniya Azərbaycan və Türkmənistandan qaz nəqlində maraqlıdır

Berlin “Cənub qaz dəhlizi”nin inkişafında maraqlıdır.

Belə bəyanatla Almaniya kansleri Angela Merkelin Gürcüstan, Ermənistan və Azərbaycana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi çıxış edib.

O bildirib ki, Almaniya hökuməti Türkiyə üzərindən Avropaya alternativ qaz kəmərlərinin çəkilməsini dəstəkləyir.

“Cənub qaz dəhlizi” üç qaz kəmərindən ibarətdir: Cənub Qafqaz (Bakı – Tbilisi – Ərzurum), Transanadolu (TANAP) və Transadriatik (TAP).

Azərbaycanın “Şah-Dəniz -2” yatağından hasil olunan qazın Türkiyəyə ötürülməsi, daha sonra isə onun bir hissəsinin TAP vasitəsi ilə İtaliya sahillərinə nəql olunacağı nəzərdə tutulub.

Azərbaycan qazının Avropaya satışı 2020-ci il üçün nəzərdə tutulub.

“Avropada qazın yalnız Rusiyadan deyil, digər regionlardan da alınması – bu, AB-nin diversifikasiya siyasətinin tərkib hissəsidir”, – Almaniya hökumətinin nümayəndəsi deyib.

O, Azərbaycanı strateji əhəmiyyətli ölkə adlandırıb və gələcəkdə Türkmənistan, İran və İraqdan da qazın Avropaya nəqlinin mümkünlüyünü vurğulayıb.