Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.12 ABŞ dolları və ya 0.18% azalaraq 66.22 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.34 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda transmilli şirkətlərə yeni tələb qoyuldu

    İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması”nın, “Transmilli şirkətlər qrupuna daxil olan rezident müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”nın, “Üzləşmə aktının forması”nın və “Kredit və ya elektron pul təşkilatları tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə elektron qaydada təqdim olunan məlumat forması”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

    Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.

    Qərara əsasən, Azərbaycanda vergi uçotuna alınmış transmilli şirkətlər qrupunun əvvəlki maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə həmin maliyyə ilinə dair ölkələrarası hesabat təqdim etməli olacaq. İndiyə qədər bu, yalnız Azərbaycanın rezidenti olan müəssisələrə aid edilirdi.

    Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Erkən pensiya hüququ və məbləğdə artım – Prosedur necədir?

    “Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişiklikləri təsdiq edib. Yeni qaydalarla daha tez pensiyaya çıxmaqla bağlı prosedurlar daha da sadələşib və əlçatanlıq artırılıb”.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

    Erkən pensiya hüququ və məbləğdə artım – Prosedur necədir?

    Deputat qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda yer alan incəsənətin xüsusi sahələri, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi beş il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var:

    “Bu hüququn reallaşması üçün isə həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən arayış təqdim edilməsinə ehtiyac vardı.

    Ancaq bəzi hallarda, xüsusən həmin müəssisələrin fəaliyyətlərini dayandırması səbəbindən belə arayışların alınmasında çətinliklər yarandı. Nəticədə, bəzi hallarda vətəndaşlarımız öz pensiya hüquqlarından daha tez istifadədə çətinliklərlə üzləşirdilər. Yeni dəyişikliyə əsasən, qeyd edilən səbəbdən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman, güzəştli sahədə iş stajının hesablanması isə “Əmək və Məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də təyinat mümkün olacaq”.

    “Yeni dəyişikliklər ilə qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. Yəni bu hallarda vətəndaşın gözlənilən pensiya məbləğində artımlar olacaq.

    Daha sadə izah etsək: güzəştli şərtlərlə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayış ala bilmirsə, yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləğ yüksək olarsa, vətəndaşımız daha çox olanı seçmək hüququna malik olacaq. Bu isə pensiya təyinatının asanlaşdırılmasına və bir sıra hallarda pensiya məbləğlərinin artmasına xidmət edəcək”, – V.Bayramov qeyd edib.

  • Vergi ödəyicilərinin NƏZƏRİNƏ: İdxal ediləcək mallarla bağlı yeni qərar İMZALANDI

    İqtisadiyyat Nazirliyinin Kollegiyası “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması”nın təsdiq edilməsi haqqında” 14 mart 2022-ci il tarixli qərarında dəyişiklik edib.

    Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.

    Qərara əsasən, vergi ödəyiciləri idxal ediləcək mallar barədə məlumat formasını nazirlik yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə dolduraraq vergi orqanına təqdim edəcək.

    Bundan başqa, qərarın adı genişləndirilərək “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması və təqdim edilmə qaydası” edilib.

    Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Bu şəxslərin maaşı artırıldı

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının qərarına əsasən, universitetin professor-müəllim heyətinin və digər əməkdaşlarının əməkhaqları artırılıb.

    Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

    Qərara görə, dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15-20%, tyutorların əmək haqqı 33%, laborantların əmək haqqı isə 20% artırılıb.

    Bu artımlardan sonra professor-müəllim heyətinin əməkhaqları belə müəyyən edilib:

    Professor: 2 150 AZN;

    Dosent: 1 700 AZN;

    Baş müəllim: 1 500 AZN;

    Müəllim: 1 350 AZN.

  • Azərbaycan Qazaxıstana pomidor satışını bərpa edib

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 157,2 milyon ABŞ dolları dəyərində 144 029 ton pomidor ixrac edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 23 % çoxdur.

    Hesabat dövründə Azərbaycan Rusiyaya 150 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 % çox) 139 251 ton (+21 %), Belarusa 5,1 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 min 310 ton (+2,1 dəfə), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (+19 dəfə) 1 min 588 ton (+28 dəfə), Polşaya 956 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 642 ton (+2,5 dəfə), Ukraynaya 187 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 167 ton (+5 dəfə) məhsul satıb.

    Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Qazaxıstana pomidor tədarükünü (13,5 min ABŞ dolları dəyərində 16,83 ton) bərpa edib.

    2024-cü ildə Azərbaycandan ixrac edilmiş 145,6 min ton pomidorun 97,4 %-i Rusiyanın payına düşüb.

  • Azərbaycanda kimlər erkən pensiya hüququ qazana biləcək?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişikliklə bağlı izah verib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir.

    Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq.

    Onun güzəştli sahədə iş stajının hesablanması isə “Əmək və Məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən, digər hallarda əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən aparılacaq.

    Həmçinin yeni qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq.

    “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda təkmilləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişikliklər də edilib.

  • Mərkəzi Bankdan 3 manatlıq əsginaslarla bağlı iddiaya RƏSMİ CAVAB

    “Yeni 3 manat nominallı kağız pul nişanının tədavülə buraxılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

    Bu barədə Oxu.Az-ın Mərkəzi Banka göndərdiyi sorğuya verilən cavabda bildirilib.

    Mərkəzi Bankın Mətbuat Xidmətindən qeyd edilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

    “Vətəndaşları bu kimi məsələlərdə dəqiq məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: https://www.cbar.az/page-28/currency-in-circulation

    Eyni zamanda bildiririk ki, Mərkəzi Bank yeni nominalda pul nişanını tədavülə buraxdıqda öncədən rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyəti məlumatlandırır”.

  • Azərbaycanda bu məhsul kəskin BAHALAŞDI – VİDEO

    Kənd yumurtası bahalaşıb…

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, İsmayıllı bazarında hazırda bir ədəd kənd yumurtası 40 qəpiyə satılır. Satıcıların sözlərinə görə, onlar yumurtanı kənd sakinlərindən 35 qəpiyə alırlar və cəmi 5 qəpik qazanc əldə edirlər.

    Kəndlilər qiymət artımını istehsal xərclərinin çoxalması ilə əlaqələndirirlər. Bildirilir ki, toyuqlar üçün alınan arpa və digər yem məhsullarının qiyməti yüksəldiyindən yumurtanın da qiyməti artır. Digər səbəb isə kənd yumurtasının qış aylarında az olmasıdır.

    Alıcılar isə qiymət yüksək olsa da, kənd yumurtasına üstünlük verdiklərini deyirlər.

    Şəkidə isə kənd toyuğu yumurtasının qiyməti iki dəfə artaraq 50 qəpik olub, bununla yanaşı bazarlarda kənd yumurtası tapmaq da olmur.

    Paytaxt bazarlarında da kənd yumurtasını tapmaq müşkülə çevrilib.

    Daha ətraflı videomaterialı təqdim edirik.

  • Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI

    Azərbaycanda un istehsalçılarına məxsus topdansatış məntəqələrində 50 kiloqramlıq un kisələrinin satış qiymətləri açıqlanıb.

    Median.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, müxtəlif bölgələrdə fəaliyyət göstərən müəssisələrdə qiymətlər əsasən 26 manat 10 qəpikdən 28 manat 40 qəpik intervalında dəyişir.

    Ən aşağı qiymət 26.1 manat olmaqla “Dəvəçi-Taxıl” MMC-də, ən yüksək qiymət isə 28.4 manat olmaqla “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də qeydə alınıb.