Quba rayonunun Digah kənd sakinləri gecə-gündüz faciə ilə üzləşəcəklərindən qorxurlar
Quba rayonunun Digah kənd sakinləri gecə-gündüz qorxu içindədirlər. Buna səbəb elektrik dirəklərinin və naqillərinin yararsız vəziyyətdə olmasıdır. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər. Kənd sakini Aqil Ağasiyev onları gözləyən təhlükədən danışıb: “25 il əvvəl ata evimdən ayrılıb, burada ev tikdim. Yeni evimə elektrik xəttinin çəkilməsi üçün aidiyyatı quruma müraciət etdim. Onlar isə elektrik naqillərini dirəklərə yox yaxınlıqdakı ağaclara bərkidərək evimə elektrik xətti çəkdilər. O gündən də problemlər başladı. Küləkli və yağışlı havada həyatımız təhlükədə olur. Tez-tez naqillər qırılır və bu da uşaqlarımızın həyatı üçün təhlükəlidir”.
Onun sözlərinə görə, təxminən iki il öncə kimsəsiz bir uşaq belə bədbəxt hadisənin qurbanı olub. O, bilmədən qırılmış naqilə toxunub və həyatını itirib. Ağasıyev deyir ki, bu problem təkcə onun evi ilə bağlı deyil, kəndin bir neçə küçəsinin elektrik naqilləri bu vəziyyətdədir.
Kənd sakini qeyd edib ki, elektrik dirəklərinin olmaması, naqillərin yer səviyyəsinə çox yaxın olması, həyati təhlükə ilə yanaşı digər problemlər də yaradır. Bu problemlərdən biri də yay mövsümündə ot bağlamalarının daşınmasında olur. Elektrik naqillərinin yer səviyyəsinə çox yaxın olması yük maşınları vasitəsilə hər hansı yükün daşınmasına imkan vermir. Kəndlilər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almayıblar.
“Necə olur ki, hər ay elektrik istifadəsinə görə bizdən pul tələb edirlər, ödənişi gecikdirəndə evlərimizi işıqsız qoyurlar, amma bu problemləri görməzdən gəlirlər. Mütləq bədbəxt hadisələr təkrar-təkrara baş verməlidir ki, axırda bu problemi həll eləsinlər?! Tezliklə cavabdeh şəxslərin kənddə növbəti faciəvi hadisə baş vermədən problemi həll edəcəklərinə ümid edirik” – deyə Ağasıyev bildirib.
Digər kənd sakinləri də bu vəziyyətdən narahat olduqlarını, hər gün hansısa bədbəxt hadisənin baş verəcəyindən qorxduqlarını bildiriblər.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tnrıverdi Mustafayevlə əlaqə saxladıq. O, bu kənddəki vəziyyətdən xəbərsiz olduqlarını və tezliklə məsələnin həllini tapmasına köməklik göstərəcəklərini bildirdi.
//sputnik.az
Leave a Reply