Meşədə itkin düşən 55 yaşlı kişinin meyiti tapıldı

Lənkəran rayonunda ötən gündən itkin düşən kişinin meyiti dərədə tapılıb.

Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədən tapılıb. Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi araşdırılır.

* * * *

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.