Bakıda 14 yaşlı yeniyetmənin XALASI tərəfindən ZORAKILIĞA məruz qaldığı iddia edilir – Video

Bakıda valideynlərini itirən uşağın qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı barədə iddialar var.

Bu barədə Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, 14 yaşlı oğlan xalası tərəfindən ağır işgəncələrə məruz qalıb:

“Oğlan atasını və anasını itirib. Xalası onu saxlayırmış. Qəyyumdur, ya yox – bilmirik. Elə uşağa da işgəncəni o verib. Hazırda polis əməkdaşları işi nəzarətə götürüblər. Uşaq bizdə deyil, polis əməkdaşları onun götürülməsi üçün işə başlayıblar. 14 yaşında olduğu üçün bizim sığınacağa yerləşdirilməyəcək”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirilib ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb:

“Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırmanın gedişatında bəlli olacaq”.