Şəmkirdə ağır QƏZA: Xəsarət alanların son vəziyyətləri məlum oldu

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri məlum olub.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 24-də saat 17:10-da Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (iki kişi, üç qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb.

Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.