Sumqayıtda 16 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Sumqayıt şəhərində yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 1-i, saat 13:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsin (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 4-də, saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb.

“Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, ağır kəllə-beyin travması, baş-beynin əzilməsi, ikitərəfli pnevmotoraks və dalağın cırılması diaqnozları təyin olunan pasiyent üzərində splenektomiya (dalağın götürülməsi) əməliyyatı icra olunmuşdu”, – deyə məlumatda qeyd edilib.