Dəm qazından zəhərlənən uşaqlardan ikisi xəstəxanadan evə buraxıldı

Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən iki uşaq ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xatırladaq ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan onların hamısı evə buraxılsa da, uşaqlardan biri – iki yaşlı qız dünyasını dəyişib. Daha bir gün sonra Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 4 uşaq geri qaytarılıb: onlardan iki nəfərin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil olub.

TƏBİB-dən bildirilib ki, vəziyyəti ağır olan uşaqlardan biri Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub və ona meninqoensofalit diaqnozu təyin edilib.