Amerika Kino Akademiyası “Oskar” mükafatları ilə bağlı qaydalarda bir sıra fundamental yeniliklər qəbul edib.
Yeni normalar 2027-ci ildə keçiriləcək 99-cu mərasimdən etibarən qüvvəyə minəcək və həm səsvermə mexanizminə, həm də nominasiyaların müəyyənləşdirilməsi prosesinə ciddi təsir göstərəcək.
Yenilənmiş qaydalara əsasən, eyni aktyor bir kateqoriya üzrə birdən çox nominasiyaya layiq görülə biləcək. Bunun üçün həmin ifaların səsvermənin yekun nəticələrinə əsasən ən yaxşı beşliyə düşməsi tələb olunur. Bu addım əvvəlki illərdə geniş yayılmış “kateqoriya manipulyasiyası” praktikasının qarşısını almağa yönəlib.
Bundan əlavə, yalnız filmin rəsmi titrlərində qeyd olunan və aktyorun razılığı ilə ifa edilən rollar qiymətləndirməyə qəbul ediləcək.
“Ən yaxşı ssenari” nominasiyasında yalnız insan müəllifliyinə malik mətnlər nəzərdən keçiriləcək. Akademiya süni intellektdən istifadə hallarını ayrıca izləmək və zərurət yarandıqda müəlliflik payı ilə bağlı əlavə məlumat tələb etmək hüququnu saxlayır. Bu yanaşma yaradıcı prosesdə insan faktorunun qorunmasına xidmət edir.
Yeni qaydalara görə, artıq bir ölkəni birdən çox film təmsil edə biləcək. Eyni zamanda, nüfuzlu beynəlxalq festivallarda baş mükafatı qazanan filmlər avtomatik şəkildə nominasiya siyahısına daxil ediləcək. Bunlara Kann Film Festivalı (“Qızıl palma budağı”), Venesiya Film Festivalı (“Qızıl şir”), Berlin Film Festivalı (“Qızıl ayı”), Sundance Film Festivalı (Dünya kinosu üzrə Qran-pri), Toronto Beynəlxalq Film Festivalı (“Platforma” mükafatı) və Busan Beynəlxalq Film Festivalı (Ən yaxşı film mükafatı) daxildir.
Bu kateqoriyada artıq ölkə deyil, birbaşa film namizəd kimi təqdim olunacaq və mükafatı yaradıcı heyət adından rejissor qəbul edəcək.
Qeyd olunur ki, bu dəyişikliklər Akademiyanın qiymətləndirmə prosesini daha şəffaf, inklüziv və müasir texnoloji reallıqlara uyğun hala gətirmək məqsədi daşıyır.
