Category: Şou Biznes

  • “Oskar” qaydaları dəyişir

    Amerika Kino Akademiyası “Oskar” mükafatları ilə bağlı qaydalarda bir sıra fundamental yeniliklər qəbul edib.

    Yeni normalar 2027-ci ildə keçiriləcək 99-cu mərasimdən etibarən qüvvəyə minəcək və həm səsvermə mexanizminə, həm də nominasiyaların müəyyənləşdirilməsi prosesinə ciddi təsir göstərəcək.

    Yenilənmiş qaydalara əsasən, eyni aktyor bir kateqoriya üzrə birdən çox nominasiyaya layiq görülə biləcək. Bunun üçün həmin ifaların səsvermənin yekun nəticələrinə əsasən ən yaxşı beşliyə düşməsi tələb olunur. Bu addım əvvəlki illərdə geniş yayılmış “kateqoriya manipulyasiyası” praktikasının qarşısını almağa yönəlib.

    Bundan əlavə, yalnız filmin rəsmi titrlərində qeyd olunan və aktyorun razılığı ilə ifa edilən rollar qiymətləndirməyə qəbul ediləcək.

    “Ən yaxşı ssenari” nominasiyasında yalnız insan müəllifliyinə malik mətnlər nəzərdən keçiriləcək. Akademiya süni intellektdən istifadə hallarını ayrıca izləmək və zərurət yarandıqda müəlliflik payı ilə bağlı əlavə məlumat tələb etmək hüququnu saxlayır. Bu yanaşma yaradıcı prosesdə insan faktorunun qorunmasına xidmət edir.

    Yeni qaydalara görə, artıq bir ölkəni birdən çox film təmsil edə biləcək. Eyni zamanda, nüfuzlu beynəlxalq festivallarda baş mükafatı qazanan filmlər avtomatik şəkildə nominasiya siyahısına daxil ediləcək. Bunlara Kann Film Festivalı (“Qızıl palma budağı”), Venesiya Film Festivalı (“Qızıl şir”), Berlin Film Festivalı (“Qızıl ayı”), Sundance Film Festivalı (Dünya kinosu üzrə Qran-pri), Toronto Beynəlxalq Film Festivalı (“Platforma” mükafatı) və Busan Beynəlxalq Film Festivalı (Ən yaxşı film mükafatı) daxildir.

    Bu kateqoriyada artıq ölkə deyil, birbaşa film namizəd kimi təqdim olunacaq və mükafatı yaradıcı heyət adından rejissor qəbul edəcək.

    Qeyd olunur ki, bu dəyişikliklər Akademiyanın qiymətləndirmə prosesini daha şəffaf, inklüziv və müasir texnoloji reallıqlara uyğun hala gətirmək məqsədi daşıyır.

  • “Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik”

    “Həyat yoldaşımla sevgimizi sosial mediada da izləyicilərimizə göstərmək istəyirik. O videolar spontan olaraq çəkilir”.

    Median.Az
    xəbər verir ki, bu sözləri Xalq artisti Miri Yusif şəhər restoranlarının birində baş tutan konsertindən öncə jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, yay mövsümündə paytaxt sakinləri və şəhərimizin qonaqları üçün xüsusi proqram hazırlayır. Miri Yusif qeyd edib ki, konsert proqramı 3 gün davam edəcək və açıq havada, paytaxtın ən sevilən məkanlarından biri olan Yaşıl Teatr səhnəsində baş tutacaq.

    “İyulun 3-4-5-i tarixlərində nəzərdə tutulub. Səhnədə tamaşaçıya həm keyfiyyətli ifa, həm də vizual zövq təqdim etməyə çalışıram. Buna görə də səslə yanaşı, görünüşə və səhnə tərtibatına da xüsusi diqqət yetirirəm. Mənim tamaşaçım musiqiyə, sənətə görə konsertə gəlir. Mənim şoum onlarla ünsiyyətdir”.

    O həyat yoldaşı ilə birlikdə sosial mediada paylaşdığı videolardan da danışıb:

    “Videolar spontan alınır. Biz istəyirik aramızdakı və ailəmizdəki sevgini insanlarla paylaşaq. Göstərək ki, əsl sevgi və gözəl ailə budur”.

    Konsert boyu Miri Yusifin sevilən hit mahnıları səslənib, tamaşaçılar musiqi və duyğularla zəngin, unudulmaz bir gecə yaşayıblar.

  • Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

    Türkiyəli məşhur müğənni Bülent Ərsoy nəhəng bir onlayn alış-veriş platforması ilə apardığı əməkdaşlıqla diqqət çəkib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun bir reklam kampaniyası üçün 135 milyon TL (təxminən 5 milyon manat) qazandığı bildirilib.

    Bu ödəniş sosial mediada geniş müzakirə yaradıb və Türkiyənin reklam tarixində nadir hallarda rast gəlinən bir rekord kimi qiymətləndirilir.

    Sözügedən müqavilə B.Ərsoyu tək bir reklam üçün ən yüksək qonorar alan müğənni edib və reklam sənayesində indiyəqədərki ən böyükbüdcəli əməkdaşlıqlardan biri kimi tarixə düşüb.

  • Filipp Kirkorov Alla Puqaçovanın saxta evliliklə bağlı fikirlərinə cavab verib

    Məşhur ifaçı Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanın onların nikahının saxta olması barədə səsləndirdiyi fikirlərə etiraz edib.

    Bu barədə “radio1.ru” saytı məlumat yayıb.

    Sənətçi qeyd edib ki, Prima Donnanın sentyabrda yayımlanan müsahibəsinə baxıb və orada nikahlarının “saxta” adlandırılmasının şahidi olub. Kirkorov bu fikirlə qətiyyən razılaşmır, çünki onlar kilsədə dini nikah bağlayıblar və keçmiş həyat yoldaşı pravoslav inancına hər zaman ciddi yanaşıb.

    “Siz kilsədə sadəcə nikah kəsdirib məhəbbət sözləri demirsiniz; orada Tanrı hüzurunda sonadək bir yerdə qalmağa əbədi and içirsiniz”, – deyə sənətçi vurğulayıb.

    Buna baxmayaraq, müğənni Puqaçovaya birgə yaşadıqları 10 illik həyata, xüsusilə də nikahlarının ilk üç ilinə görə minnətdarlığını ifadə edib:

    “Mən ona hədsiz dərəcədə təşəkkür edirəm və hər zaman minnətdar olacağam. Çünki həmin vaxtlar, özəlliklə də ilk üç il, möhtəşəm idi. O 10 il bir atəşfəşanlığa bənzəyirdi”, – deyə Filipp etiraf edib.

    Xatırladaq ki, Kirkorov və Alla Borisovna 2005-ci ildə rəsmən boşanıblar. Puqaçova daha sonra Maksim Qalkinlə ailə həyatı qurub. Kirkorovun fikrincə, teleaparıcı hər zaman ona bənzəməyə çalışır.

  • Türkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu – FOTO

    Bir müddətdir ayrılıq xəbərləri ilə gündəmdə olan məşhur türkiyəli aktrisa Pelin Karahan və həyat yoldaşı Bedri Güntay 12 illik evliliklərinə son qoyublar.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, 2014-cü ildə nikah masasına əyləşən cütlüyün Ali Demir və Eyüp Can adlı iki övladı var. Pelin Karahan və Bedri Güntay anlaşmalı şəkildə boşanıblar.

    Bununla bağlı onların yaydığı açıqlamada

    “Bu gündən etibarən qarşılıqlı sevgi və hörmət çərçivəsində evliliyimizi anlaşmalı şəkildə bitirdik. Bundan sonrakı dövrdə də iki övladımızın valideynləri olaraq ortaq məsuliyyətimiz və bir-birimizə olan hörmətimiz davam edəcək. Uşaqlarımızın maraqlarının ən yaxşı şəkildə qorunması və inkişafının mənfi təsirə məruz qalmaması üçün mətbuat nümayəndələrindən və ictimaiyyətdən ailə həyatımızın məxfiliyinə həssaslıq göstərmələrini xahiş edirik. Bu, məsələ ilə bağlı verəcəyimiz ilk və son açıqlamadır”.



  • “Space TV”nin daha bir məşhur verilişi bağlandı

    “Space” telekanalında yaşanan qeyri-müəyyən vəziyyətlə bağlı bəzi verilişlərin yayımı dayandırılıb.

    Telekanalın ən uzunömürlü verilişlərindən olan “Banu” verilişinin də çəkilişləri dayandırılıb.

    Mövzu ilə bağlı  azxeber.com-a açıqlama verən verilişin aparıcısı Aysel Nazimqızı xəbəri təsdiqləyib:

    “Hələ ki, çəkdiyimiz verilişlər yayımlanır. Amma müvəqqəti olaraq verilişin çəkilişlərini dayandırmışıq. Ümid edirik ki, hər şey düzələcək, yenidən çəkilişlərimizə davam edəcəyik. Amma bununla bağlı dəqiq tarix və məlumat bəlli deyil”.

  • Türkiyəli məşhur aşpaz Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum oldu

    Türkiyənin narkotik əməliyyatı çərçivəsində barəsində saxlanılma qərarı çıxan məşhur aşpaz, “MasterChef” müsabiqəsinin münsifi Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum olub.

    Bu barədə Median.Az “TGRT Haber” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, istintaq çərçivəsində dindirilən Somer Sivrioğlunun narkotik testinin nəticəsi mənfi çıxıb. Aşpazın qanından və saqqalından götürülən nümunələrdə qadağan olunmuş maddə aşkarlanmayıb.

    Xatırladaq ki, Somer Sivrioğlu məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində barəsində saxlanılma qərarı çıxan 14 məşhur şəxs arasında idi. Avstraliyada olan aşpaz Türkiyəyə qayıdaraq ifadə verəcəyini bildirmişdi.

    Somer Sivrioğlu ilə yanaşı, Hafsanur Sancaktutan, Emir Can İğrek, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre (Fel) Öztürk, Ender Eroğlu və Enes Güler barəsində də saxlanılma qərarı çıxarılmışdı.

  • Zaur Kamal yenidən efirə qayıdır – Özü paylaşım etdi

    Tanınmış teleparıcı Zaur Kamal paylaşımı ilə diqqət çəkib.

    Median.Az xəbər verir ki, teleaparıcı studiyadan paylaşım edib və yazıb:

    “Gözünüz aydın olsun, mayın 4-ü”

    Aparıcı yeni layihəsinin anonsunu verib.

    Onun yeni layihəsi may ayından etibarən efirdə olacaq.//azxeber

  • Məşhur reper faşist adlandırıldı – Konsertləri ləğv edilir

    Polşanın xarici işlər naziri Radoslav Sikorski amerikalı reper Kanye Uesti faşist adlandırıb və onun ölkəyə girişini qadağan edib.

    Onun sözlərini “Onet” nəşri sitat gətirib.

    “Kanye Uest Polşaya gəlməyəcək. Faşistlərin yeri həbsxanadır”, – nəşr nazirə istinadən yayıb.

    Qeyd olunur ki, reperin konsertləri onun antisemit açıqlamalarına görə ləğv edilir.

  • Məşhur Hollivud aktyoru vəfat etdi

    Amerikalı aktyor Patrik Maldun 57 yaşında dünyasını dəyişib.

    Bu barədə “Deadline” məlumat yayıb.

    Məlumata görə, aktyorun ölümünə səbəb ürək çatışmazlığı olub.

    Patrik Maldun 27 sentyabr 1968-ci ildə Los-Ancelesdə anadan olub. O, “Days of Our Lives” serialındakı rolu ilə məşhurlaşıb. 1997-ci ildə isə “Ulduz desantı” filmində leytenant Zander Barkalou rolunu canlandırıb. Film kult status qazanaraq onun yaradıcılığında mühüm yer tutub.

    Karyerası ərzində Maldun dram, melodrama, fantastika və döyüş janrlarını əhatə edən 50-dən çox filmdə çəkilib.