Category: İqtisadiyyat

  • Yüksək rütbəli şəxslərin əmək pensiyalarına əlavələr yenidən hesablanacaq

    “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilib.

    Median.Az xəbər verir ki, dövlət başçısının fərmanı ilə təsdiqlənən qaydalarda sabiq baş nazir və müavinlərinin, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbər müavinlərinin, yerli icra hakimiyyəti orqanının rəhbərinin (başçısı), Milli Televiziya və Radio Şurasının üzvlərinin, sabiq hakimlər, prokurorluq orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin, fövqəladə hallar orqanlarının işçilərinin əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablama qaydası müəyyən olunub.

    Beləliklə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq hakimlər, xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla, prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla), əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla), əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri, xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya I qrup əlil olmuş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla), xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya I qrup əlil olmuş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla), xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya I qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürüləcək.

    Sənəddə qeyd olunur ki, bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur.

    Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.

  • Xaricilərin maliyyə əməliyyatları haqqında məlumatlarda yenilik

    “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” yeni redaksiyada təsdiqlənib.

    Median.Az xəbər verir ki, bu barədə sənəd baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

    Sənəddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)”, – deyə bildirilir.

  • Rusiya Azərbaycanla sərbəst avtomobil tranzit müqaviləsinə qayıdır

    Rusiya və Azərbaycan ölkələr arasında sərbəst avtomobil tranzit müqaviləsinə qayıdacaq.

    Bunu Dövlət Duması Nəqliyyat və Tikinti Komitəsinin rəhbəri Yevgeni Moskviçev bildirib:

    “Keçirdiyimi görüşlər zamanı biz Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşınmaları ilə bağlı müqaviləyə qayıtmaq və əsas problemlərdən birinin həll edilməsi barədə razılaşdıq. Rusiya və Azərbaycana tranzit azad olmalı və icazə sistemi olmadan icra edilməlidir”.

    Onun sözlərinə görə, bu, İran, Azərbaycan və Rusiya arasında yükdaşımanın həcminin artırılmasına imkan verəcək.

    Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyyəti 24-25 iyun tarixlərində Azərbaycanda rəsmi səfərdədir.

  • “Sınıq Körpü”dən ticarət mallarının keçirilməsi asanlaşacaq

    Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük postunun yaxınlığında tikilən “Ticarətin Asanlaşdırılması Mərkəzi”nin inşası tezliklə yekunlaşacaq.

    Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov deyib.

    O qeyd edib ki, mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində inşa edilir:

    “Bununla da “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində mal və nəqliyyat vasitələrinin sürətli keçidinə, ticarətin asanlaşdırılmasına şərait yaranacaq”./oxu.az

  • Büdcə təşkilatlarında çalışanların maaşları artırılsın – TƏKLİF

    Büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil.

    Bunu Milli Məclisin (MM) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Əli Məsimli deyib.

    Millət vəkili deyib ki, bu, hardasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir:

    “Çünki bu nəticə etibarilə korrupsiyanın baş verməsinə şərait yaradır”.

    Millət vəkili dövlət zəmanəti ilə götürülən vəsaitlərin, kreditlərin taleyi məsələsinə toxunub.

    “Bu məsələdə çox ciddi problemlər var. Çünki bir çox qurumlar bu məsələdə şəffaflığa əməl etmirlər, həmin vəsaitləri təyinatı üzrə sərf etmirlər. Ona görə də bu məsələnin ciddi təhlili lazımdır”.

    Ə. Məsimli dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılmasını təklif edib:

    “Bu il bir dəfə bu istiqamətdə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın əməkhaqları çox azdır”.

  • Rumıniya mətbuatı SOCAR-dan yazır

    Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti “Ziarul Financiar” (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum S.A.”nın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən 309 milyon manat) təşkil edib.

    Rumıniyada 39 yanacaqdoldurma məntəqəsinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqəsində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatıb.

    Bu, 2016-cı illə müqayisədə 10 faiz artım deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi, “OMV Petrom”, “Rompetrol”, MOL və “Lukoil” şirkətləridir.

  • Azərbaycan nefti bahalaşmaqda davam edir

    Azərbaycan nefti bahalaşmaqda davam edir.

    “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,31 dollar və ya 0,41% artaraq, 75,78 dollar təşkil edib.

  • Bu şəxslərin pensiyaları yenidən hesablanacaq

    Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində əhatə olunan digər kateqoriyalardan olan şəxslərin (MM-in deputatları, MSK-nın üzvləri və b.) pensiyaları yaxın günlərdə yenidən hesablanmaqla ödənişi təmin olunacaq.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov “APA-Economics”in sorğusuna cavab olaraq deyib.

    F.Talıbov bildirib ki, qeyd olunan şəxslərin əmək pensiyalarının artımı onların çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə bağlıdır. Onun sözlərinə görə, cari ilin 1 mart tarixindən, bəzi dövlət qurumlarında isə 1 may tarixindən etibarən müvafiq kateqoriyadan olan şəxslərin vəzifə maaşı növbəti dəfə artırılıb. F.Talıblı qeyd edib ki, bununla əlaqədar həmin şəxslərin pensiyalarının yenidən hesablanaraq artırılması üçün zəruri işlər görülüb və müvafiq qaydaların layihəsi razılaşdırılır.

    “Bu işlər yaxın günlərdə yekunlaşacaq və onların əmək haqlarının artırıldığı gündən sonra keçən ayların artım məbləği toplam halda hesablarına köçürüləcək”, – deyə F.Talıbov bildirib.

  • Baş nazirin müavini qeyri-rəsmi məşğulluqdan danışıb

    Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə edilib.

    Bunu baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.

    O bildirib ki, bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43 min 434 əmək müqaviləsi təşkil edib ki, bunlardan 9 min 560-ı Naxçıvan Muxtar Respublikasındadır:

    “Keçən ilin eyni dövründə isə bu göstərici 21 min 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artım tempinin müsbət saldosunun iki dəfədən çox artması müşahidə olunub”.

    Baş nazirin müavini qeyd edib ki, bu il yanvarın 1-i vəziyyətinə 1 milyon 310 mindən çox, iyunun 1-dək isə 1 milyon 354 min müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də, tikinti sahələrində olub.

    Bu il mayın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə çatıb.

  • Azərbaycanda bu şəxslərin maaşı artıb

    Azərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı artıb.

    Median.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2018-ci ilin yanvar-aprel ayları ərzində 1 551,8 manat təşkil edib. Beləliklə, bu sektorda çalışanların əməkhaqlaqında aylıq müqayisədə 135,4 manat və ya 9,6% artım qeydə alınıb.

    Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 389,4 manat olub, özəl sektorda isə bu göstərici 1 589,4 manat təşkil edib.

    Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5% artaraq 538,8 manata yüksəlib. Əmək haqqı neft sektorunda 3 226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.