Category: İqtisadiyyat

  • Lirə manata nisbətdə də ucuzlaşır – MƏZƏNNƏ

    Azərbaycan Mərkəzi Bankı 25 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, mayın 1-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

    Manata nəzərən avronun məzənnəsi 1,9906 manatdır.

    1 türk lirəsi 0,3585 manat (bir gün əvvəl – 0,3716 manat), 1 rus rublu 0,0276 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6848 manatdan realizə olunur.

    Qeyd edək ki, son günlərdə Türkiyə lirəsi dollara nisbətdə kəskin ucuzlaşıb.

    Lirənin ucuzlaşmasına səbəb kimi Fitch Ratings şirkətinin Türkiyənin azad pul siyasətinin ölkənin reytinqinə təsir edəcəyi barədə bəyanatı göstərilir.

    Türkiyə lirəsi ilin əvvəlindən dollara nisbətdə 20,27 faiz ucuzlaşıb.

  • Ölkəyə banan idxalı artıb – SƏBƏB

    Bu ilin birinci rübündə Azərbaycana 8,8 min ton banan idxal edilib.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu məşhur tropik meyvənin idxalı 23,6% artıb.

    Bu il Ekvador (8771,7 ton), Kosta Rika (41,9 ton) və Çindən (1,4 ton) banan idxal edilib.

    Bir kiloqram meyvə 0,72 dollara, 2017-ci ilin birinci rübündəkindən 5 sent ucuz bəyan edilib.

    Azərbaycana banan idxalı, əsasən, “Asadov Kapital Azerbaycan” şirkəti tərəfindən həyata keçirilir. 2017-ci ildə Azərbaycana 25.7 min ton banan idxal edilib.

    İqtisadçı-ekspert Qubad İbadoglu hesab edir ki, ölkədə banan istehlakının artımı onun qeydiyyatsız idxalının azalması ilə izah oluna bilər.

  • Azərbaycan qazı Bolqarıstana 2020-ci ildə çatacaq

    Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana 2020-ci ildə çatacaq.

    Median.Az Bolqarıstan KİV-ə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə görüşündə danışıb.

    O, qazın Bolqarıstana çatdırılacağı Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) layihəsi üzrə işlərin intensivləşdiyini deyib.

    “Şahdəniz” konsorsiumunun nümayəndələri isə nazirə məlumat verib ki, “Şahdəniz-2” yatağından təbii qaz hasilatı üzrə işlər sürətlənir.

    Qeyd edək ki, Bolqarıstan IGB interkonnektoru ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq.

    2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə bir milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbirini ödəyəcək.

    IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq.

    185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən üç milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik beş milyard kubmetrə çatdırılması imkanı var.

  • Avtomobillərin gömrük nəzarəti qaydaları dəyişib

    Nazirlər Kabineti “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilərdi.

    Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş məlumatlar təqdim edilməlidir.

    Artıq mütləq qaydada təqdim edilməli olan məlumatlar isə aşağıdakılardır:

    – nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
    – nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
    – nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
    – təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
    -. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
    – nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

    Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.

    Gömrük Məcəlləsinə edilən həmin dəyişiklikdə də yuxarıda qeyd olunan məlumatların mütləq gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim olunması əksini tapıb.

  • Azərbaycan nefti 81 dolları keçdi

    Mayın 18-də Azərbaycan nefti 2 dollardan çox bahalaşıb.

    “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 2,21 dollar və ya 2,8% artaraq 81,03 dollar təşkil edib.

  • Evsizlərə ŞAD XƏBƏR – Sosial evlərlə bağlı YENİ QƏRAR

    Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində ilk 260 mənzilin satışına 07.05.2018-ci il tarixində başlanılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, satışa çıxarılan mənzillərin seçimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalında (e-gov.az) yaradılan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir.

    “Güzəştli mənzil” elektron sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin edir. Satışın bu sistem vasitəsilə təşkilinin əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılma zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

    Bu günə qədər “Güzəştli mənzil” sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib.

    07.05.2018-ci il tarixində başlanmış ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb.

    Eyni zamanda, “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib. Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub.

    Mənzillərin seçimi mərhələsində baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə MİDA-da müvafiq Komissiya yaradılıb. Bununla yanaşı, sözügedən elektron sistemləri yoxlayaraq, güzəştli mənzillərin seçimi zamanı baş vermiş nasazlıqlar və nöqsanlar haqqında ətraflı rəy verməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət olunub. Eyni zamanda, elektron sistemin dayanıqlı fəaliyyətinin təmin edilməsinə məsul olan aidiyyəti qurum və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib və hesabatlar dinlənilib.

    Komissiya tərəfindən aparılan araşdırma nəticəsində, habelə təqdim olunan rəy və hesabatlara əsasən müəyyən olunub ki, “Elektron hökumət” portalının kütləvi trafik axını qarşısında müvəqqəti əlçatmaz olması və “Güzəştli mənzil” sistemində texniki səhvlərin mövcudluğu ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib-çıxarıb.

    Yuxarıda qeyd edilən texniki nasazlıqlar nəticəsində “Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyi bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, 07.05.2018-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.

    Agentliyin sərəncamında olan mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçimi yenidən təşkil olunacaq. Mənzil seçiminin yenidən təşkil olunacağı tarix barədə əlavə məlumat veriləcək. Hazırda Mənzil İnşaatı Dövlət Agentliyi aidiyəti təşkilatlarla birlikdə “Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və sistemin hər bir istifadəçisinə bərabər seçim şəraitinin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

  • Vergilər Nazirliyində kadr dəyişikliyi

    Nazir Mikayıl Cabbarov Nazim Səmədovu aparat rəhbəri təyin edib.

    O, indiyə qədər mədəniyyət nazirinin müavini olub və yeni vəzifəsində Nigar Alimovanı əvəz edib. Keçmiş aparat rəhbərinin isə nazirlikdə yeni yaradılmış Sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması (katiblik) Departamentinə rəhbər təyin edildiyi bildirilir.

    Xatırladaq ki, N. Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

  • Vergi ödəyənlər üçün 400 min manatlıq artım – nə yeniliklər edilə bilər?

    “Vergilər Nazirliyi “Vergi Məcəlləsinə” yeni dəyişikliklər hazırlayır. Son illər vergi dərəcələrinin optimallaşdırılması və daha dəqiqi aşağı salınması dəfələrlə gündəmə gətirilsə də təəssüf ki, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib. Aydındır ki, vergi yükünün azaldılması və eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir”.

    Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var.

    Vergi sistemində nələrin edilməsinə ehtiyac var?

    “Əvvəlla, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var. 2015-ci ildən bəri manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasına baxmayaraq sahibkarlar üçün sadələşdirilmiş dövriyyənin məbləği dəyişdirilməyib. Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan 400 min manatadək artırılması və buna uyğun olaraq müəssisələrin təsnifatının dəyişdirilməsi vacibdir. İkincisi, vəsaitin nağdılaşdırılması zaman tətbiq edilən 1 faizlik verginin ləğv edilməsinə ehtiyac var. Bu “qəribə vergi” xalis mənfəətdən ayırmadir ki, bu da həm vergi fəlsəfəsinə, həm də mövcud qanunvericiliyə ziddir. Sahibkar bütün vergiləri ödədikdən sonra yenidən vergi öhdəliyinə məcbur edilə bilməz. Nə qədər qəribə olsa da vəsait nağdlaşdırılan zaman həm bank faizi tutulur, həm də sözügedən vergi tətbiq edilir”.

    V.Bayramov deyir ki, əlavə dəyər vergisinin differensial tətbiqinin həyata keçirilməsinə ehtiyac var: “Mövcud qanunvericiliyə əsasən, elm ilə məşğul olan da, ticarətdə işləyən də eyni dərəcdə 18 faiz vergi ödəyir. Halbuki, sektorlardan asılı olaraq vergi dərəcələrinin fərqləndirilməsinə ehtiyac var. Prioritet sektorlarda daha aşağı dərəcəli ƏDV-nin tətbiq edilməsi lazımdır. Dördüncüsü, mənfəət vergisi daxil olmaqla digər vergi dərəcələrinin azaldılması çox vacibdir. Xüsusən də, fiziki şəxslərin gəlir vergisinin də azaldılması vacibdir. Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflərimizi hökumətə təqdim etdiyimiz üçün bütün qeydlərimizə bir statusda toxunmaq mümkün olmasa da xüsusilə qeyd etmək lazımdır ki, vergiyığmada şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafının sürətləndirilməsi üçün vergi yükünün azaldılması qaçılmazdır”./bakuws

  • İnam Kərimov kadr islahatlarından danışdı

    Kənd Təsərrüfatı Nazirliyi sistemində kifayət qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Lakin bu, daim yenilənən bir sahədir.

    Bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında nazirlikdə kadr dəyişikliyinin olacağı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

    Nazir qeyd edib ki, bu vaxta qədər nazirlikdə heç kim işindən azad edilməyib:

    “Bu vaxta qədər Kənd Təsərrüfatı Nazirliyində heç kim işindən azad edilməyib. Sadəcə, yerdəyişmələr olub, bu formada da davam edir”.

    Nazirlikdə yeni kadrlara daha çox imkan yaradılması ilə bağlı fikirlərə münasibət bildirən nazir müasir düşüncəli kadrlara önəm verildiyini deyib:

    “Bizim leksikonumuzda gənc yox, müasir düşüncəli kadrlar var. O kadr həm gənc, həm də orta yaşlı ola bilər. Çalışırıq ki, innovativ və müasir düşüncəli kadrlar olsun”.

    İ.Kərimov nazir təyin ediləndən sonra fermer və aidiyyəti qurumlarla keçirdiyi görüşlərdən sonra aşkarlanan problemlərdən də danışıb:

    “Prosesin içərisindəyik, məqsədimiz problemləri eşitməkdir. Cənab prezident tərəfindən qarşımıza qoyulan əsas fəaliyyət istiqaməti fermer,kəndlilərə yaxın olmaq, onların qayğısını dinləmək, problemləri yerində dinləməkdir. Nazirlik olaraq həmin problemlərin həllinə çalışmaq bizim əsas işimizdir”.

  • Qoşqar Təhməzli: Türkiyədən təhlükəli məhsullar gətirilməyib

    Bu gün Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi birlikdə 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro-2018” sərgisinin açılışını həyata keçirdi.

    Bunu Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli bildirib.

    O qeyd edib ki, sərgidə iştirak edən şirkətlərin 70 faizinin xarici şirkətlər olması sevindirici haldır:

    “İştirakçıların sayı hər il artır. Bunun da səbəbi münbit rəqabət mühitidir. Budəfəki sərginin əhatəsi ötənilkindən 12 faiz artıb”.

    Ölkədə qida istehsal edən subyektlərin sayının getdikcə artdığını vurğulayan Q.Təhməzli qeyd edib ki, sərgilər kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində şirkətlərin fəaliyyətinin inkişafına səbəb olacaq.

    Agentlik sədri Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi tərəfindən təhlükəli elan edilən məhsulların Azərbaycan bazarına gətirilib-gətirilməməsi yönündə suala cavabında dedi:

    “Bu məhsulların satışı yoxdur. Biz müvafiq qurumlarla əlaqə saxladıq, məlum oldu ki, həmin məhsulların Azərbaycana idxalı aparılmayıb. Ticarət şəbəkələrində də monitorinq apardıq, həmin məhsullara rast gəlmədik”.