Category: İqtisadiyyat

  • Bakının inkişafına xərclənən vəsait açıqlandı

    Bu ilin yanvar-mart aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2061,4 milyon manat məbləğində vəsait yönəldilib.

    Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 75,0 faiz təşkil edib.

    Ümumi vəsaitin 69,5 faizi qeyri-dövlət sektorunun, 30,5 faizi isə dövlət sektorunun payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 65,3 faizi tikinti-quraşdırma işlərinə sərf olunub.

    2018-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,9 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 20,5 faizini isə sair tikinti işləri təşkil edib.

    Ümumi inşaat işlərinin 84,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

  • Nazir: Gəlin, gizlən-qaç əvəzinə başqa oyun oynayaq

    Bu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi beş mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.

    O, bu barədə sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisinə (ƏDV) də cəlb olunması ilə bağlı müəyyən edilmiş dövriyyə limitinin 200 min manatdan 500 min manata çatdırılması barədə təklifə münasibət bildirərkən danışıb.

    “Əgər siz təklif etdiyiniz kimi, limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarına xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir”, – nazir qeyd edib.

    M.Cabbarovun sözlərinə görə, sadələşdirilmiş vergi sistemi bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün alətə çevrilib:

    “Çox təəssüf ki, sadələşdirilmiş vergi sistemi son illər məhz dövriyyəni azaltmaq və özünü kiçik biznesmen adlandırmaq üçün bir alət olub”.

    Bundan başqa, nazir bildirib ki, bir sıra dükanlarda kassa aparatlarına müdaxilə olunur və dövriyyə göstəricisi azaldılır:

    “Onlar bizə göstərir ki, dövriyyələri 180 min manatdır və bizim 4%-lik vergi öhdəliyimiz var. Mən də deyirəm ki, bu, anormaldır, biz bu yolla getməməliyik. Bu, inkişaf yolu deyil. Biz bir şeyi anlamalıyıq ki, vergi dövriyyəsini azaltmaq prinsip etibarilə vergi cinayətidir. Gəlin, gizlən-qaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq”.

  • Azərbaycanda bu siqaretlər bahalaşdı – 15 faiz

    Dünən axşamdan Azərbaycanda əksər siqaretlərin qiyməti yenidən bahalaşıb. Ümumilikdə, siqaretlərin qiymətində 10-15 faiz artım müşahidə olunur.

    Median.Az inikal.org-a istinadən əldə etdiyi məlumata görə, “Kent”, “Winiston” və “Senator” markalı siqaretlərin qiyməti qalxıb.

    Siqaretlərin yeni və əvvəlki qiymətlərini əks etdirən siyahını təqdim edirik.

    — Winston — 2.50 AZN (əvvəlki qiyməti 2.30 AZN)
    — Kent (nazik) — 2.70 AZN (əvvəlki qiyməti 2.50 AZN)
    — Kent (nazik) — 2.70 AZN (əvvəlki qiyməti 2.50 AZN)
    — Kent (kompakt) — 2.70 AZN (əvvəlki qiyməti 2.50 AZN)
    — Senator — 1.80 AZN (əvvəlki qiyməti 1.50 AZN)

    Satış mərkəzlərindən apardığımız araşdırmaya görə, bəziləri sözügedən siqaretləri yeni, bəziləri isə köhnə qiymətlərlə satışlarını həyata keçirirlər. Sözügedən siqaretlərin köhnə qiymətlə satılmasına səbəb isə, anbarda əvvəlki məhsulların qalmasıdır.

  • Vergilər Nazirliyində yeni təyinat

    Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.

    Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib.

    O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

    Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.

  • Azərbaycanda deputatların və hakimlərin maaşları 10 faiz artırılır

    Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyinə 4 məsələ əlavə edilib.

    APA-nın məlumatına görə, bununla gündəlikdəki məsələrin sayı 23 olub. Əlavə olunan məsələlər Ombudsmanın, Konstitutsiya məhkəməsi hakimlərinin, məhkəmə hakimlərinin fəaliyyəti və deputatların statusu ilə bağlı qanunlara dəyişikliklərdir.

    Layihələrdə Ombudsmanın, qeyd olunan məhkəmə hakimlərinin və deputatların əmək haqlarının 10 faiz artırılması təklif olunur.

  • Ölkəyə gətirilən bəzi materiallar gömrük rüsumundan azad edildi

    Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.
     
    APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında müvafiq dəyişiklik edib.
     
    Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il dekabrın 31-dək qüvvədədir.

  • Azərbaycanlı pomidor istehsalçılarına bəd xəbər

    Rusiya may ayının 1-dən Türkiyə pomidorlarına qoyduğu qadağanı aradan qaldıracaq.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti məlumat yayıb.

    Xatırladaq ki, Rusiya Türkiyə ilə aralarında baş verən təyyarə böhranından sonra pomidor idxalına qadağa qoymuşdu.

    Məhz həmin müddətdə Azərbaycan fermerləri öz məhsullarını Rusiya bazarlarına çıxarıblar.

    Keçən il Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə – 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) çoxalıb. Cari ildə ixracın daha da artırılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Azərbaycan pomidor ixracı üçün subsidiyaların verilməsi imkanını da nəzərdən keçirə bilər.

  • Daşınmaz əmlakın qeydiyyatında yenilik – ÇIXARIŞLAR BİR GÜNƏ VERİLƏCƏK

    Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində mühüm yenilik baş verib. Əmlak çıxarışlarının verilmə müddəti azaldılıb.

    Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala biləcəklər. Bununla bağlı Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib. Dəyişikliyə əsasən, vətəndaşların təqdim etdikləri ərizə onların istəyi əsasında daha sürətlə icra ediləcək. Nəticədə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təsdiqləyən çıxarışları 1 gün, 3 gün və 7 iş günü müddətində ala biləcəklər. Qeydiyyat prosesi zamanı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına ehtiyac yaranarsa, ərizələr 2 gün, 5 gün və 10 iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr isə bir və iki iş günü müddətində icra olunacaq. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən əmsallarla hesablanacaq.

    Qeyd edək ki, əmlak çıxarışlarının bir gün ərzində verilməsi əmlakın qeydiyyatı sahəsində ilk yenilik deyil. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu prosesdə davamlı yeniliklərin tətbiqi, innovasiyalardan geniş istifadə olunması nəticəsində hazırda vətəndaşlar çıxarışlarını elektron şəkildə də ala bilərlər. Bir gündə verilməsinə baxmayaraq çıxarışlar vətəndaşlara onların istəyi əsasında elektron şəkildə də təqdim olunur.

  • Azərbaycanın qızıl-gümüş bazarı ucuzlaşdı

    Aprelin 26-də Azərbaycanda qızıl, gümüş və platin ucuzlaşıb, palladium isə bahalaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, qızılın qiyməti aprelin 25-i ilə müqayisədə 6,528 manat azalaraq 1 troy unsiyası üçün 2250,1625 manat təşkil edib.

    Gümüş 0,2005 manat ucuzlaşaraq 1 unsiya üçün 28,1841 manata bərabər olub.

    Trend-ə görə, platinin qiyməti 25,653 manat azalaraq 1550,2555 manat, palladiumun qiyməti 10,3105 manat artaraq 1660,7555 manat təşkil edib.

  • Meriya rəsmisi: Tikintiyə icazə “Bir Pəncərə” sistemi üzrə verilir

    Aparılan sistemli iqtisadi islahatlar nəticəsində “Tikintilərə icazələrin alınması” indikatoru üzrə biznes mühitinin yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq 10-a endirilib.

    Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), icraçı direktoru Vüsal Qasımlı deyib.

    O bildirib ki, tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb:

    “Ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə bir sorğu vasitəsi ilə “ASAN Kommunal/Xidmət” mərkəzlərində əldə olunur”.

    BŞİH-nin Baş Memarı Akif Allahverdiyev isə bildirir ki, meriyada “Tikintilərə icazələr üzrə Bir Pəncərə”də sənədlər qəbul edilir.

    Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin saytından sahibkarların elektron qaydada tikinti icazələri üçün müraciət etməsinə imkan yaradılıb.