Category: İqtisadiyyat

  • Qazaxıstan və Azərbaycan avtomobil daşımalarında razılığa gəldi

    Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanla Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşmanı təsdiqləyib.

    Bununla bağlı Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

    Bildirilir ki, Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşma dövlət başçısı tərəfindən imzalanıb.

    Daha əvvəl Qazaxıstanın baş nazirinin sərmayələr və inkişaf üzrə birinci müavini Roman Sklyar bildirib ki, razılaşmanın təsdiqi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın həcmini artırmağa imkan verəcək.

    Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə daşınan əsas yüklər qara və əlvan metallar, avadanlıqlardır.

  • Azərbaycanın peyklərdən əldə etdiyi gəlir 91 milyon dollara çatdı

    “Azərkosmos” ASC-nin “Azerspace-1” və “Azersky” peyklərin kommersiya istismarından əldə etdiyi ümumi gəlir 91 milyon dollara çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, “Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon, “Azersky” peyki isə 19 milyon dollar məbləğində gəlir gətirib.

    2013-cü ilin fevral ayının 7-də orbitə buraxılan Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1″in dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var.

    Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir.

  • Yeyinti məhsullarına dövlət nəzarəti üç nazirlikdən və bir komitədən alındı

    Azərbaycanda yeyinti məhsullarına dövlət nəzarəti həyata keçirən orqanların siyahısında dəyişiklik edilib.

    Median.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, əvvəllər yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dörd nazirlik və iki komitə dövlət nəzarətini həyata keçirirdi.

    Dəyişikliyə əsasən, “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü və 8-ci hissələrində ismin müvafiq hallarında verilən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilib.

    Beləliklə, bundan sonra yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətini Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

  • Yeni binalarla bağlı inqilabi yenilik

    Cari ilin iyulun 1-dən mənzil tikintisində bir sıra problemlərin həllini nəzərdə tutan Mülki Məcəlləyə dəyişikliklər qüvvəyə minir. 

    Sənəd Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqları, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün yeni mexanizmi nəzərdə tutur.

    Tikinti şirkətinin işi binanı tikib təhvil vermək olacaq 

    Hüquqşünas Əkrəm Həsənov bildirir ki, tikinti sektorunda iki əsas problem mövcuddur: 

    Birincisi, tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satır.

    İkincisi, tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikinti başa çatdırılmır, yaxud proses çox uzanır.

    Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq. Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq (“kupça”, yəni çıxarış veriləcək).

    Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. 

    Beləliklə, bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq”.

    Ekspert bildirir ki, tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq.

    Yeni tikililərdə ödəniş qaydaları

    “Yəni onun işi sırf binanı tikib təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən, müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər.

    Torpaq-qazma işlərinin başlanılmasından sonra – müqavilə məbləğinin 30 faizi; tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra – müqavilə məbləğinin 10 faizi; dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 8 faizi; istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; su xətlərinin çəkilməsi başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi; daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 6 faizi; birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra – müqavilə məbləğinin 3 faizi; fasad işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi; su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra – müqavilə məbləğinin 9 faizi; bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi ödəbiləcək”.

    Tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcəklər 

    Ə.Həsənov deyir ki,  Azərbaycanda, nəhayət, tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcəklər:

    “Bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də yavaş-yavaş “vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir”.//oxu.az

  • Vergilər Nazirliyi yeni iş prinsipini açıqlayacaq

    Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.

    Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

    Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və digər məsələlərlə bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.

  • Bu müəllim və rəhbər işçilər üçün yeni maaş məbləği müəyyənləşdirildi

    Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin müəlimlərinin və rəhbər işçilərinin yeni maaş sxemi təsdiqlənib.

    Trend xəbər verir ki, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.

    NK bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin, müəllimlərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərini təsdiq edib.

    Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajdan və təhsil pilləsindən asılı olaraq, 320-450 manat müəyyən edilib.

    Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödəniləcək.

    Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşları təhsilin pillələri və pedaqoji stajdan asılı olaraq, 330-400 manat müəyyənləşdirilib.

    Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşları təhsilin pillələri və pedaqoji staja qoyulan tələblərdən asılı olaraq, 300-350 manat müəyyən edilib.

    Yeni maaş sxemi 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

  • Bu gündən “Dəmirbank” əmanətçilərinə kompensasiya veriləcək

    Bu gündən lisenziyası ləğv olunan “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanacaq.

    Oxu.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.

    Kompensasiyalar “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə veriləcək.

    Qeyd edək ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi – milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 (üç) il müddətində tam sığortalanır.

    Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “Dəmirbank” ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib.

  • Böyük biznes şirkətləri ailə biznesinə dəstək üçün proqrama cəlb edilə bilər

    “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür.

    Bunu prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

    Prezident bildirib ki, bu, fermerlərə, ailə təsərrüfatlarına öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarmağa imkan verir:

    “Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər. Bu günə qədər bu imkanlardan yararlanan fermerlər yaxşı məhsul istehsal edirlər. Bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər istehsal olunur. İndi ölkəmizə gələn turistlərin sayı kəskin şəkildə artır. Ona görə hər bir turist maraqlıdır ki, hansısa bir suvenir alsın. Əfsuslar olsun ki, bizdə bu günə qədər şəhərdə satılan, yəni, şəhərimizi, ölkəmizi əks etdirən bu suvenirlər xaricdə istehsal edilir. Ona görə də bu, böyük bir qüsur, böyük bir boşluq idi. İndi çalışmalıyıq ki, bu suvenirlər Azərbaycanda istehsal olunsun və “ABAD” bu sahədə də öz işini görür. Ümumiyyətlə, mən sahibkarlara da müraciət etmək istəyirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki turistlərin sayı artacaq, suvenirlərə daha da böyük ehtiyac olacaqdır.

    “ABAD”la bağlı bildirməliyəm ki, dövlət, əlbəttə ki, öz üzərinə bu funksiyanı götürüb. Amma hesab edirəm ki, böyük biznes şirkətləri bu sahədə daha fəal olmalıdırlar. Mən həm dövlət, həm özəl şirkətlərə müraciət edərək onları bu işlərə dəvət etmək istəyirəm. Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Dövlət iş adamlarına bu qədər şərait yaradır, həm siyasi dəstək, həm də maliyyə dəstəyi göstərir, iki milyard manatdan çox güzəştli kreditlər verilib. Fermerlərə bu qədər güzəştlər edilir, yanacaq, gübrə, subsidiyalar, texnika dövlət tərəfindən verilir. Fermerlər vergilərdən azaddırlar, təkcə torpaq vergisindən başqa. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər.

    Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir.

    Mən giriş sözümdə sərmayə qoyuluşu ilə bağlı qeyd etdim ki, bu il ən azı keçən ilin səviyyəsində sərmayə nəzərdə tutulur. Eyni zamanda, bölgələrdə sərmayə qoyuluşu, əlbəttə ki, regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi. Mən giriş sözümdə bu məsələyə kifayət qədər geniş toxundum ki, dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir. İndi isə vaxt gəlib çatıb ki, yerli icra orqanları bu işlərdə daha da fəal çalışsınlar və sərmayəni cəlb etsinlər”.

  • “DəmirBank”ın qorunan əmanətçilərindən tələb olunan sənədlər açıqlanıb

    Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

    Fonddan oxu.az-a verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin filiallarında başlanılacaq və həmin tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq.

    Kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edilərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanətçilərdən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və ya əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan ıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

    Qorunan əmanətçilər ərizə formalarını 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, KapitalBank”ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

  • Biznes sektorunda vergi yoxlamaları tamamilə dayandırıldı

    Azərbaycan Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat daxil olub. 

    Qeyd edək ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur. Həmçinin moratorium illik dövriyyəsi 120 min manatdan az olan bir sıra şirkətlərdə aparılan vergi yoxlamalarına aid deyil.

    Bildirilir ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Belə ki, kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına nəzarət nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır. 

    Mənbə bunu yalnız kadr dəyişikliyi ilə deyil, həm də yeni nazirin vergi yoxlamalarının aparılması prosesində müəyyən dəyişikliklər edə bilməsi ilə izah edir.