Category: İqtisadiyyat

  • Mərkəzi Bank sədri manatın taleyindən danışdı

    Mərkəzi Bank valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir.

    Bunu Mərkəzi Bank sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Məlum olub ki, AZN/USD məzənnəsinin uzun müddətdir 1,7001 səviyyəsində qalması “üzən məzənnə” rejimindən imtina edilməsi demək deyil:

    “Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir.

    Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcədə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”.

  • Pensiyaların neçə faiz artırıldığı açıqlandı

    Azərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artırılacaq.

    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

    Nazir qeyd edib ki, 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib və pensiyalar da buna uyğun 5,7 faiz artırılacaq.

    Səlim Müslümov əlavə edib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 000 nəfərinə və ya 94 faizinə şamil olunacaq.

  • Bakıda ərzaq və içki bahalaşıb

    Ötən il paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 19613,5 milyon manat olub.

    Bakı Şəhər Statistika İdarəsindən oxu.az-a verilən xəbərə görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9583,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10029,7 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

    Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 45,0 milyon manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb.

    Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,1 faizi hüquqi şəxslərdən, 1,9 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə, əsasən, qeyri-ərzaq məhsulları realizə olunub.

  • Paytaxtda ən yüksək və aşağı əməkhaqqı verən müəssisələr

    Ötən ilin 11 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6,5 faiz artaraq 782,0 manat olub.

    Sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilər ən yüksək orta aylıq əməkhaqqı alıb.

    Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.//oxu.az

  • Deputat: Əlillərin pensiya və müavinətləri artırılmalıdır

    Millət vəkili Araz Əlizadə əlillərə verilən pensiyalardan və müavinətlərdən narazıdır.

    Millət vəkili mətbuata açıqlamasında bildirib ki, o, parlamentin həm plenar, həm də üzvü olduğu Əmək və sosial siyasət komitəsinin iclaslarında dəfələrlə bu məsələni qaldırıb:

    “Bu qənaətdəyəm ki, əlillərimizə verilən pensiyaların və müavinətlərin məbləği çox azdır. Bu pensiya ilə onlar nə edə bilər?

    Əlillər arasında – dərəcə fərqlərini istisana etməklə – fərq, ayrıseçkilik qoyulması düzgün deyil. Bu fərq aradan qaldırılmalıdır. Xüsusilə, 20 Yanvar hadisələrinin, Qarabağ müharibəsinin iştirakçısı olmuş və əlil düşmüş şəxslərə daha həsssalıqla və diqqətlə yanaşılmalıdır.

    Hesab edirəm ki, ümumən əlillərin pensiyaları və müavinətləri artırılmalıdır”./oxu.az

  • Qazaxıstan və Azərbaycan avtomobil daşımalarında razılığa gəldi

    Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanla Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşmanı təsdiqləyib.

    Bununla bağlı Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

    Bildirilir ki, Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşma dövlət başçısı tərəfindən imzalanıb.

    Daha əvvəl Qazaxıstanın baş nazirinin sərmayələr və inkişaf üzrə birinci müavini Roman Sklyar bildirib ki, razılaşmanın təsdiqi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın həcmini artırmağa imkan verəcək.

    Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə daşınan əsas yüklər qara və əlvan metallar, avadanlıqlardır.

  • Azərbaycanın peyklərdən əldə etdiyi gəlir 91 milyon dollara çatdı

    “Azərkosmos” ASC-nin “Azerspace-1” və “Azersky” peyklərin kommersiya istismarından əldə etdiyi ümumi gəlir 91 milyon dollara çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, “Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon, “Azersky” peyki isə 19 milyon dollar məbləğində gəlir gətirib.

    2013-cü ilin fevral ayının 7-də orbitə buraxılan Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1″in dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var.

    Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir.

  • Yeyinti məhsullarına dövlət nəzarəti üç nazirlikdən və bir komitədən alındı

    Azərbaycanda yeyinti məhsullarına dövlət nəzarəti həyata keçirən orqanların siyahısında dəyişiklik edilib.

    Median.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, əvvəllər yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dörd nazirlik və iki komitə dövlət nəzarətini həyata keçirirdi.

    Dəyişikliyə əsasən, “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü və 8-ci hissələrində ismin müvafiq hallarında verilən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilib.

    Beləliklə, bundan sonra yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətini Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

  • Yeni binalarla bağlı inqilabi yenilik

    Cari ilin iyulun 1-dən mənzil tikintisində bir sıra problemlərin həllini nəzərdə tutan Mülki Məcəlləyə dəyişikliklər qüvvəyə minir. 

    Sənəd Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqları, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün yeni mexanizmi nəzərdə tutur.

    Tikinti şirkətinin işi binanı tikib təhvil vermək olacaq 

    Hüquqşünas Əkrəm Həsənov bildirir ki, tikinti sektorunda iki əsas problem mövcuddur: 

    Birincisi, tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satır.

    İkincisi, tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikinti başa çatdırılmır, yaxud proses çox uzanır.

    Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq. Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq (“kupça”, yəni çıxarış veriləcək).

    Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. 

    Beləliklə, bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq”.

    Ekspert bildirir ki, tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq.

    Yeni tikililərdə ödəniş qaydaları

    “Yəni onun işi sırf binanı tikib təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən, müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər.

    Torpaq-qazma işlərinin başlanılmasından sonra – müqavilə məbləğinin 30 faizi; tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra – müqavilə məbləğinin 10 faizi; dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 8 faizi; istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; su xətlərinin çəkilməsi başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi; daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 6 faizi; birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra – müqavilə məbləğinin 3 faizi; fasad işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi; su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra – müqavilə məbləğinin 9 faizi; bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi ödəbiləcək”.

    Tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcəklər 

    Ə.Həsənov deyir ki,  Azərbaycanda, nəhayət, tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcəklər:

    “Bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də yavaş-yavaş “vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir”.//oxu.az

  • Vergilər Nazirliyi yeni iş prinsipini açıqlayacaq

    Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.

    Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

    Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və digər məsələlərlə bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.