Category: İqtisadiyyat

  • Sosial təminat müəssisələrində çalışanların maaşı qaldırılıb

    Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

    Dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Yumurta və pendir bahalaşıb

    Bu ilin yanvar ayında Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin dekabr ayına nisbətdə olduğu kimi qalıb.

    Median.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2% bahalaşıb, xidmətlər üzrə qiymətlər 0,6% ucuzlaşıb.

    2017-ci ilin yanvar ayı ilə müqayisədə 2018-ci ilin müvafiq dövründə ərzaq məhsulları, içki və tütünün qiyməti 7,7 faiz bahalaşıb.

    2018-ci ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən istehlak bazarında “Süd məhsulları, pendir və yumurta” qrupu 0,8 faiz, “Meyvələr” qrupu 2,8 faiz,“Tərəvəzlər” qrupu 1,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,3 faiz, “Qəhvə, çay, kakao” qrupu 0,5 faiz bahalaşıb.

  • Evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək

    Dövlət başçısının fərmanı ilə sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilib.

    Bu addım ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq məqsədilə atılıb.

    Fərmana əsasən, sahibkarlar tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına və məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçılar tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı ödəyəcək.

    Belə ki, texniki şərtlərin və layihə-smeta sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə mərkəzlərdəki Texniki Şuraya müraciət edəcəklər.

    Sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması aşağıda göstərilən üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin ediləcək:

    1. sifarişçinin mərkəzlərə müraciəti, texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi (göndərilməsi);

    2. layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulma;

    3. tikinti obyektinə elektrik enerjisinin verilməsi.

    Bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır.
    Eləcə də texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.

    Sənədə görə, texniki şərtlər 1 (bir) il müddətinə verilir. Bu müddətdə şifarişçi ilə ETM arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmadıqda verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.

    Həmçinin layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1 (bir) kVt gücə görə ƏDV daxil olmaqla 2,5 manat (iki manat əlli qəpik) vəsait ödənilir.

    Qeyd edək ki, qoşulma haqqı enerji təchizatı müəssisəsi (ETM) tərəfindən layihə sənədlərinin hazırlanmasına, enerji təchizatı şəbəkəsinin (ETŞ) gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Nazirlər Kabinetinin müəyyən etdiyi vahid məbləğ olacaq.

    Qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Nazirlər Kabineti müəyyən ediləcək./oxu.az

  • Yanvarda paytaxtda içki və ərzaq bahalaşıb

    2018-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar ayı ilə müqayisədə 3,0 faiz artaraq 1490,3 milyon manat olub.

    Bakının ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 694,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 faiz artaraq 795,4 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 21,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

    Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,2 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz az istehlak məhsulları satılıb.//oxu.az

  • Tikinti bazarında son vəziyyət – Qiymətlər (VİDEO)

    Havaların isinməsi tikinti sektorunu canlandırıb. Xüsusən bu aylarda mənzil təmir etdirənlərin sayı çoxalır. Bu isə təmir zamanı istifadə olunan tikinti mallarının qiymətlərini gündəmə gətirir. Bazarlarda qiymətlər necədir?

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, təmir zamanı istifadə olunan malların qiymətləri isə müxtəlifdir.

    Boyalara gəldikdə isə qiymətlər kiloqramından və litrindən asılı olaraq 30 manatdan 110 manata arasında dəyişir

    Bu aylar xüsusən divar kağızlarına olan təlabat da artır. Bazarda hazırda əsas tələb ipək tərkibli maye divar kağızlarınadır. Onlar isə əsasən rusiyadan gətirilir

    Kafel-metlax qiymətləri isə istehsal olunduğu ölkəyə və keyfiyyətinə görə dəyişir. Satışda yerli istehsalla yanaşı, İran Türkiyə və Avropa istehsalları kafel-metlaxlar da var.

    Santexnika mallarının qiymətləri də müxtəlifdir.

    Elektirik kabellərinin satış qiyməti 30-80 qəpik, otaq qapılarının 1 ədədinin qiyməti isə keyfiyyətinə görə, 120-300 manata arasında dəyişir.

  • 23,1 min nəfərin Prezident təqaüdünün məbləği artırılıb – RƏQƏMLƏR

    Azərbaycan Respublikası prezidentinin 20 fevral 2018-ci il tarixli Fərman və Sərəncamları ilə müvafiq kateqoriyalardan olan daha 23,1 min nəfərə ödənilən Prezident təqaüdünün məbləği artırılıb.

    Median.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 fevral 2018-ci il tarixli Fərmanı Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilməsini nəzərdə tutur.

    Fərmana əsasən, müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 360 min manat əlavə vəsait ayrılacaq.

    Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamı 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 29,5 min manat əlavə vəsaitin ayrılması təmin ediləcək.

    “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamın şamil olunacağı şəxslərin sayı isə 22,6 min nəfər təşkil edir. Onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 1,5 milyon manat əlavə vəsait ayrılacaq.

    Azərbaycan Respublikası Prezidentinin “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamı isə 61 nəfərə şamil olunacaq. Sərəncamla müvafiq artımın edilməsi məqsədilə dövlət büdcəsindən ilin sonunadək 12,2 min manat əlavə vəsaitin ayrılması təmin olunacaq.

    Qeyd olunan Fərman və Sərəncamlar ümumilikdə 01 yanvar 2018-ci il tarixə olan göstəricilər nəzərə alınmaqla 23082 nəfər şəxsə şamil olunacaq və onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 1,9 milyon manat təşkil edəcək.

    Həmin sənədlərin icrasının vaxtında və tam şəkildə təmin olunması istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər görüləcəkdir.

  • Sığorta borcları necə silinəcək? – DETALLAR

    Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə edilib

    Azərbaycan prezidenti İlham Əliyev tərəfindən MM-ə göndərilən qanun layihəsində əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edilir.

    Yəni, qanun layihəsi qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

    Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

    Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

    – sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

    – sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

    – sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

    Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.//oxu.az

  • Deputatların pensiyaları artırılır

    Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklərin detalları məlum olub.

    “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qeyd olunan şəxslərin qulluq stajı əsasında onların əmək pensiyalarına yeni şərtlərlə əlavələr təyin ediləcək.

    Layihələrə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.

    Qeyd edək ki, adıçəlikən layihələr Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə fevralın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq./oxu.az

  • Vergilər Nazirliyindən vergi ödəyicilərinə CİDDİ XƏBƏRDARLIQ

    Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.

    Nazirliyin Media və Kommunikasiya Mərkəzindən apa-ya verilən məlumata görə, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir.

    “Şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda vergi ödəyicilərinin də öz öhdəliklərinə düzgün yanaşmasını əhatə etməlidir. Vergilərini tam həcmdə və vaxtında ödəyən hər bir intizamlı ödəyici vergi orqanlarının etibarlı tərəfdaşı olacaq və belə ödəyicilər daim dəstəklənəcək”, – deyə məlumatda vurğulanıb.

    Nazirlikdən bildirilib ki, vergi hesabatına bilərəkdən saxta məlumatları daxil edənlər və vergidən yayınmağa cəhd göstərənlər isə qanun qarşısında cavab verəcək: “Onlarla sərt, lakin qanunun müəyyən etdiyi çərçivədə davranılacaq. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır”.

    Məlumatda o da qeyd olunub ki, sahibkarların öz vergi öhdəliklərini rahat şəkildə yerinə yetirməsi üçün mövcud sistem, vergi ödəyicilərinə göstərilən xidmətlər ödəyicilərin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdiriləcək.

    Nazirlikdən qeyd ediblər ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçü götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı tədbirlərə də başlanılıb: “Vergilər Nazirliyi ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edir, onları eşitməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazırdır. Vergi ödəyicilərindən isə intizamlı olmaq və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmək tələb olunur”.

  • Bakı metrosu yeni qatarlar alır

    Rusiyanın “Metrovaqonmaş” MMC şirkəti “81-765/766” modelli iki beşvaqonlu qatarın Bakıya tədarükü ilə bağlı müqavilə imzalayıb.

    Oxu.Az xəbər verir ki, bu barədə şirkətin daxil olduğu “Transmaşholdinq” (TMH) bildiriblər.

    “Hər qatarda iki baş və üç mühərrikli aralıq vaqon var. Vaqonların hesablanmış xidmət müddəti 31 il təşkil edir”, – deyə, məlumatda bildirilir. İlk qatarların mart ayında Bakıya gətiriləcəyi gözlənilir, müqavilə 2018-ci il ərzində icra olunmalıdır.

    Qeyd edək ki, bu qatarlar əvvəlki modellərlə müqayisədə birbaşa qapı keçidlərinə, həmçinin qapıların bağlanılması və açılması üçün yeni işıq bildiriş sisteminə, səsboğucu qurğularla təchiz edilmiş təkərlərə, kondisioner, ventilyasiya və havanın zərərsizləşdirilməsi sisteminə malikdir.

    Sonuncu dəfə Azərbaycana yeni metro qatarları 2015-ci ildə gətirilib. Həmin vaxt “Metrovaqonmaş” Fransanın Alstom şikrəti ilə birlikdə birbaşa keçidli vaqonlara malik üç qatarı Bakı metrosuna təqdim etmişdi.