Category: Siyasət

  • Rusiyalı deputat: Dağlıq Qarabağ və yeddi rayon Azərbaycana qaytarılmalıdır

    Dağlıq Qarabağ və ətraf yeddi rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır.

    Bu barədə Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyasında deyib.

    Deputat Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırmasının vacibliyini qeyd edib:

    “Dağlıq Qarabağ münaqişəsi haqqında dünyaya obyektiv məlumatların çatdırılması üçün bu vacibdir”.

  • İlham Əliyev rektoru qəbul etdi

    Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşüb.

    Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

    Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirib.

    Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini deyib.

  • İlham Əliyev Bakıda forumda iştirak edir

    Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər.

    “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

    Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyir.

    2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

    VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.

    Açılış çıxışlarından sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirəcək.

  • Prezident yol tikintisinə 13 milyon manat ayırdı

    Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon (on üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • İlham Əliyevin robot “Sofiya” ilə söhbəti – FOTO/VİDEO

    Oktyabrın 23-də prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

    “ASAN Həyat” kompleksində dövlət başçısına robot “Sofiya” təqdim edilib.

    Prezident İlham Əliyev robot “Sofiya” ilə söhbət edib.

    “Sofiya”: Salam cənab Prezident. Azərbaycan dilini yeni öyrənməyə başlamışam, ona görə icazənizlə ingilis dilində davam etmək istəyirəm. Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib.

    Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir.


  • Prezident məktəb tikintisinə bir milyon manat ayırdı

    Prezident İlham Əliyev İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, İmişli rayonunun Qızılkənd kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • STAR zavodunun açılış mərasimi – CANLI YAYIM

    Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilir.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.

    Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

    Dövlət başçılarına STAR neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

    Sonra xatirə şəkli çəkdirilib.

    STAR neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

  • İlham Əliyev Türkiyəyə gedib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

    Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Dövlətimizin başçısı türk əsgərlərini salamlayıb.

  • Prezident Türkmənistanın vitse-premyerini qəbul etdi

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

  • Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet – VİDEO

    Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində 15 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə həsr edilən geniş süjet yayımlanıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “İlham Əliyev ilə 15 il” adlı yeddi dəqiqəlik süjetdə dövlət başçısının hakimiyyətdə olduğu dövrdə mühüm uğurların qazanıldığı qeyd edilib.

    Həmçinin İlham Əliyevin 2003-cü ildə səsvermə günü verdiyi müsahibədə dediyi “Bu seçkilərin Azərbaycanın inkişafı, Azərbaycan xalqının rifahının artması və Azərbaycan dövlətinin güclənməsi yolunda mühüm addım olacağına inanıram” sözləri diqqətə çatdırılıb.

    Süjetdə müstəqilliyin əvvəllərində Azərbaycanın bütün sahələrdə dərin böhran içində olduğu qeyd edilib, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dinamik inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin siyasətinin onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində on illər ərzində əldə edilə biləcək nailiyyətlərin qısa müddətdə qazanıldığı xüsusi vurğulanıb. Bildirilib ki, postsovet ölkələri arasında bazar iqtisadiyyatına sürətlə keçid edən ilk respublika olan Azərbaycan regionun güclü ölkəsinə, dünyada söz və nüfuz sahibinə çevrilib.

    Süjetdə Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərdən geniş söhbət açılıb. Qeyd edilib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 2003-cü ildəki 1,8 milyard dollardan 46 milyard dollara qədər artıb. Bu illərdə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya yatırılıb.

    Diqqətə çatdırılıb ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması Azərbaycanı enerji sahəsində önəmli ölkəyə çevirib. Prezident İlham Əliyevin liderliyi ilə nəhəng enerji və nəqliyyat layihələri reallaşdırılıb. Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri istifadəyə verilib. Dəyəri 40 milyard dollardan çox olan “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi başa çatmaq üzrədir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində dünyanın ən nüfuzlu enerji şirkətləri ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb.

    Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi nailiyyətlər arasında ötən il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyəti süjetdə xüsusi vurğulanaraq, bunun beynəlxalq yükdaşımalarda önəmi diqqətə çatdırılıb.

    Qeyd edilib ki, İlham Əliyevin prezidentliyi dövründə inkişaf etdirilən ən mühüm sahələrdən biri də yüksək texnologiyalar sahəsidir. Ölkədə 2010-cu ildə “Azərkosmos” ASC qurulub. Bundan sonra – 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”, 2014-cü ildə “Azersky”, keçən ay isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.

    Süjetdə Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü ordusu sırasına daxil olduğu qeyd edilib. Azərbaycan Ordusunun 2016-cı ilin aprelində və 2018-ci ilin mayında Ermənistanın növbəti təxribatlarının qarşısını qətiyyətlə alaraq, torpaqlarımızın bir hissəsini işğaldan azad etdiyi qeyd olunub.

    Bildirilib ki, hərbi sahədəki uğurlar diplomatiya sahəsində də davam etdirilib və Azərbaycan Ermənistanı dünyada işğalçı ölkə kimi tanıtmağa nail olub. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi torpaqları boşaltması üçün qərar və qətnamələr qəbul ediblər. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

    Süjetdə qeyd edilib ki, dünyada sabitlik və əmin-amanlıq diyarı kimi tanınan Azərbaycan son illərdə bir sıra mötəbər tədbirlərə və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, dünyada ilk dəfə keçirilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə təşkil olunub. 2016-cı ildən etibarən Bakıda hər il Formula 1 yarışları keçirilir. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının bir neçə oyununa ev sahibliyi edəcək.

    Süjetdə ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə əsası qoyulan Azərbaycan-Türkiyə qardaşlığının Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da inkişaf etdiyi, ölkələrimizin birlikdə nəhəng layihələr həyata keçirdikləri bildirilib. Belə layihələrdən birinin – SOCAR-ın İzmirdə inşa etdiyi STAR neft emalı zavodunun yaxın günlərdə istifadəyə veriləcəyi qeyd olunub.

    Reportajda Azərbaycanın inkişafında Prezident İlham Əliyev ilə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm rolu olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezidentin qızları Leyla və Arzu mədəniyyət və təhsil sahələrində bir çox layihələrin təşəbbüskarlarıdır. Prezident İlham Əliyevin oğlu, babasının adını daşıyan Heydər hazırda həqiqi hərbi xidmətdədir.

    Həmin süjeti aşağıda izləyə bilərsiz: