Category: Siyasət

  • Prezident Amaliya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzaladı

    Prezident İlham Əliyev xalq artisti Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

    Nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi qeyd olunur:

    “Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat edib.

    Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb.

    Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

    Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

    Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

    Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amalya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

    İlham Əliyev

    Mehriban Əliyeva

    Novruz Məmmədov

    Oqtay Əsədov

    Ramiz Mehdiyev

    Əli Əhmədov

    Fərəh Əliyeva

    Əbülfəs Qarayev

    Ceyhun Bayramov

    Anar Rzayev

    Eldar Quliyev

    Azər Paşa Nemətov

    Rasim Balayev

    Şəfiqə Məmmədova

    Hacı İsmayılov

    Nurəddin Quliyev

    Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaq (Füzuli meydanı, 1)”.

  • Prezident Bakı Metropoliteni əməkdaşlarını təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü veriləcək.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Prezidentin digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Abdusəmədov Qurban Əli oğlu

    Əmrahov Rasim Zeyqəm oğlu

    Mehtiyev Rafail Mehti oğlu

    Mirzəliyev Əbülfəz Bağman oğlu

    Tahirov Xaləddin Şərif oğlu.

    Bundan başqa, dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib.

  • Başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərə ev veriləcək – RƏSMİ

    Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərlə bağlı bir sıra məsələlərə toxunub. O cümlədən, mənzillərin verilməsində neqativ halların aradan qaldırılması, şəffaflığın və ədalətliliyin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

    Vətəndaşları düşündürən məsələlərdən biri də paytaxtda və digər rayonlarda başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni evlərlə təmin olunub-olunmayacağıdır. Bu haqda saytımıza çoxsaylı müraciətlər daxil olub.

    Median.Az xəbər verir ki, Qaçqın və Məcburi Köçkünləri İşləri Üzrə Dövlət Komitəsindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə bağlı məsələ Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daima nəzarətindədir və müvafiq qurumlar qarşısında qaldırılır:

    “Belə ki, Bakı və Sumqayıt şəhərlərində başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı icra hakimiyyətlərinə müraciət edilib, onların sayı, ailə tərkibi ilə bağlı məlumat əldə olunub və ümumiləşdirmələr aparılıb. Eyni zamanda Ədliyyə Nazirliyinə müraciət edilərək başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı verilmiş məhkəmə qətnamələri toplanıb. Əldə edilmiş məlumatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə müzakirələr aparılıb və təkliflər hazırlanıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulub.

    Dövlət proqramının müvafiq bəndi müəyyən səbəblərdən hələ tam icra olunmasa da, yaxın gələcəkdə bu məqsədlə yeni yaşayış evlərinin tikintisi, yaxud hazır mənzil alınaraq məcburi köçkünlərin ora köçürülməsi nəzərdə tutulub.

    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən işğal olunmuş rayonlar işğaldan azad edilənə qədər məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq 1992-98-ci illərdə məksunlaşdıqları mənzillərdən çıxarılması dayandırılır. Lakin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 1999- cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının tələblərinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla köçürülə bilər”.

  • İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

    Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

  • İlham Əliyev yeni səfir təyin etdi

    Prezident İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Fərid Şamil oğlu Abdinbəyov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

  • Mehriban Əliyeva: “Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir”

    Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı deyib.

    Mehriban Əliyeva qeyd edib: “Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar”.

    Birinci xanım bildirib ki, muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir:

    “Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun”.

  • İlham Əliyev: Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil

    Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdə çıxışı zamanı deyib.

    “Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir.

    Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır”, – deyə o vurğulayıb.

    Dövlət başçısı Ağdam Muğam Mərkəzinin açılışını rayonun tarixində çox əlamətdar bir gün adlandırıb:

    “Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər.

    Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində – bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür.

    Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.

    Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir”.

    Prezident son illər ərzində Ağdam rayonunun inkişafına böyük diqqət göstərildiyini vurğulayıb:

    “Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görülüb. Bu gün biz gözəl Muğam Mərkəzinin açılışını qeyd edirik. Eyni zamanda, bu gün Ağdam rayonunda xalça fabrikinin açılışı gözlənilir, iki yol layihəsinin açılışını qeyd etdik. Bu yolların uzunluğu 66 kilometrdir. Ümumiyyətlə, deyə bilərəm ki, Ağdam rayonunun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir.

    İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün mən 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında Sərəncam imzalamışam. Növbəti Sərəncam imzalanacaq və əlavə 35 subartezian quyusunun qazılması, eyni zamanda, yeni məktəbin tikintisi təmin ediləcəkdir. Əvvəlki illərdə Ağdam rayonunda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb.

    Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır”.

  • Qəzənfər Paşayevə fəxri ad verildi

    Azərbaycan prezidenti İlham Əliyev Qəzənfər Paşayevə fəxri adın verilməsi barədə sərəncam imzalayıb.

    Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə “Əməkdar elm xadimi” fəxri adı verilib.

  • İlham Əliyev qərb zonasında – YENİLƏNİB

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Əsmər Hüseynovaya məxsus dörd hektar pay torpağında əkilmiş pambıq sahəsi ilə tanış olublar.

    Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və fermer Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat veriblər.

    Bildirilib ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pambıqçılarla görüşüb söhbət ediblər.

    Qeyd edək ki, dövlətimizin başçısının ölkədə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq, son illər bu sahənin dirçəldilməsi üçün mühüm addımlar atılıb. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda da torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır.

    Əgər ötən il Ağcabədi rayonu ərazisində 9550 hektarda pambıq əkilmişdisə, bu il 10 min hektar sahədə “ağ qızıl” becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.

    Diqqətə çatdırılıb ki, pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 41 kombayn, 108 traktor, 200-dən artıq qoşqu cəlb edilib. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında olmağı hədəfləyiblər.

    Pambıqçılar ölkəmizdə kənd təsərrüfatının bu sahəsinin inkişafına göstərilən yüksək qayğıya görə minnətdarlığını bildiriblər.

    Sonda xatirə şəkli çəkdirilib.

    * * * * * 

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

    Dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsib.

    Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub.

    Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir.

    Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı və Lənkəranda xalça müəssisələri istifadəyə verilib. Ağdamla bərabər, Ağstafa, Qazax, Qəbələ və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır.

    Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan yunəyirici-boyaq fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir.

    Artıq prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça emalatxanası tikilir.

    Dövlətimizin başçısı bu emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq, 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin Ağdam filialı da bu sırada mühüm yer tutur.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxıblar.

    “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

    Bildirilib ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək.

    Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

    Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

    Qeyd olunub ki, bu kursları məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

    Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşüblər.

    Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsib.

    Sonda xatirə şəkli çəkdirilib.

    * * * * * 

    Noyabrın 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

    Dövlətimizin başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.

    Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət göstərilir.

    Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Bu məsələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdam rayonunda yaradılan Muğam Mərkəzi də böyük rol oynayır. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib.

    Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verib.

    Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.

    Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında “Muğam televiziya müsabiqələri”nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi tarixə düşüb.

    Muğam sənətinin ölməzliyini təmin edən dərin məzmun və fəlsəfi məna onun malik olduğu xalqın özəlliyi ilə bağlıdır. Xalqımızın özü qədər qədim olan muğamın yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən bütün bu layihələr ilk növbədə muğam ustadları, bu sənətlə məşğul olan insanlar üçün əsl hədiyyədir.

    Xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğam ümumilikdə, bəşər mədəniyyətinin nadir inciləri sırasındadır.

    Bildirildib ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb.

    Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

    Qeyd edilib ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək. Muğam Mərkəzinin Ağdamda yaradılması çox böyük rəmzi məna daşıyır. Çünki Qarabağ muğam məktəbinin qədim və zəngin ənənələri var. Qarabağ torpağı Azərbaycanın ən qədim guşələrindən biri olmaqla şeir, sənət ocağı, istedadlar diyarı kimi dünyaya məşhur ustad xanəndələr bəxş edib.

    Ayrı-ayrı sənətkarların ifaçılıq üslubunun yaşadılmasında, muğam ənənələrinin, sənətkarlıq sirlərinin nəsillərə ötürülməsində Qarabağ muğam məktəbinin böyük rolu var. Muğam Azərbaycan musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, xalqımızın mədəniyyətində və tarixində qoyduğu dərin izlə tanınır və sevilir.

    Bu mədəniyyət şedevrinin tarixi köklərinin Azərbaycanda olması isə ilk növbədə onun daşıyıcılarının ölkəmizdə mövcudluğu ilə bağlıdır. Odur ki, muğam hər bir soydaşımızın ana dilidir. Muğamı sevmək, ona bağlanmaq hər birimiz üçün son dərəcə təbii və doğmadır.

    Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.

    Muğam Mərkəzi ilə tanışlıqdan sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.

    Dövlətimizin başçısı görüşdə çıxış edib.

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, tarzən Ramiz Quliyev görüşdə çıxış ediblər.

    Sonda xatirə şəkli çəkdirilib.

    * * * * * 

    Noyabrın 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib.

    Bu yol prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən inşa edilib. Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metrdir. Yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə aiddir. İnşaat işləri çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib, 10 avtobus dayanacağı tikilib.

    Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrində yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan verəcək. Ağdamda 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə bağlı layihənin icrası həm də onu sübut edir ki, təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.

    Prezident İlham Əliyevə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu barədə də məlumat verilib.

    Bildirilib ki, uzun müddət istismar olunmasına baxmayaraq, yolun əsaslı şəkildə təmir edilməməsi torpaq yatağının deformasiyaya uğramasına səbəb olmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri nəticəsində bu problemlər tamamilə aradan qaldırılıb.

    Dördüncü texniki dərəcəyə aid və iki hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metrdir. Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub. Yolboyu avtobus dayanacaqları qoyulub, nişanlar quraşdırılıb. Yeni yol 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.

    Dövlət başçısına Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verilib.

    Bildirilib ki, uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii amillərin təsirindən həmin avtomobil yollarının 37 kilometrlik hissələrində asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi.

    Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolları 3-cü texniki dərəcəyə uyğun yüksək səviyyədə yenidən qurulub. Respublika əhəmiyyətli yolların bəzi hissələrində torpaq yatağı təbii relyeflə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdi. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri də görülüb.

    Respublika əhəmiyyətli Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hindarx, Ağcabədi istiqamətinə gediş-gəlişi asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq.

    Məlumat verilib ki, bu bölgədə icra olunan yol layihələrindən biri də Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi və Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkildə bərpası yolboyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına olduqca müsbət təsir edəcək. Layihəyə uyğun olaraq, bu yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

    Dövlət başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

    * * * * * 

    Noyabrın 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gediblər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

    Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

    Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

  • Prezident Administrasiyasında Mikayıl Müşfiqlə bağlı mühüm toplantı

    Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

    İclasda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev iştirak ediblər.

    İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

    İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.